Məhkəmə qərarları › İş №2(106)-1611/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1611/2025

20.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1611/2025 20.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli 2(049)-356/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə baxıb MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran rayonunun Separadi kəndində yerləşən 0,13 ha torpaq sahəsinin azad olunaraq ona təhvil verilməsi və torpaq sahəsinin üzərində olan dəmir darvazanın, yarımçıq tikilinin və mişar daşı hasarının sökülməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli 2(049)-356/2025 saylı qətnaməsi ilə xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Lənkəran rayonu Separadi kəndind yerləşən İddiaçı tam mülkiyyətinə verilmiş 0,13 ha torpaq sahəsinin 0.12 ha hissəsinin Cavabdeh Malik oğlunun qanunsuz sahibliyindən azad edilərək İddiaçı təhvil verilməsi, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Lənkəran rayonu Separadi kəndində yerləşən İddiaçı tam mülkiyyətinə verilmiş 0,13 ha torpaq sahəsinin 0.12 ha hissəsində Cavabdeh Malik oğlu tərəfindən quraşdırılmış dəmir darvaza və daş hasarın sökülməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyi üçün ödənilmiş 95 manatın Cavabdeh Malik oğlundan alınaraq İddiaçı verilməsi, məhkəmə tikinti-texniki ekspertizsının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pulun Cavabdeh Malik oğlundan tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi vəkil Nümayəndə tərəfindən qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilmişdir. Lənkəran Rayon Məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılması üçün iş materialları Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, Lənkəran Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli 2(049)-356/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi vəkil Nümayəndə tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə baxılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialları Lənkəran Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. MPM-in 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Məhkəmə tərkibi diqqətə çatdırır ki, MPM-in 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-in 133-cü maddəsinin tələblərinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır; Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Bundan əlavə, nəzərə alınmalıdır ki, adıçəkilən maddənin imperativ göstərişinə görə buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. MPM-in 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Qeyd edilməlidir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Cavabdeh nümayəndəsi vəkil Nümayəndə tərəfindən Lənkəran Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli 2(049)-356/2025 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa edilməsinə dair ərizə - vəsatətə (iş materialları, səh.: 101) işin müəyyən edilmiş hallarına uyğun olaraq heç bir hüquqi qiymət verməmişdir. Belə olan halda, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə prosessual müddətin bərpasına dair ərizə – vəsatətə hüquqi qiymət verilmədən işin apellyasiya instansiyasına göndərilməsi MPM-in 133.4-cü maddəsinin tələblərinə ziddir. Qanuna əsasən prosessual müddətin bərpası məsələsi birinci instansiya məhkəməsi tərəfindən həll edilməli, bu barədə qətnamədə, qərardadda və ya qərarda müvafiq qeyd aparılmalıdır. Lakin hazırkı halda məhkəmə bu prosessual tələbi nəzərə almadan və vəsatət üzrə mövqeyini bildirmədən işi apellyasiya instansiyasına təqdim etmişdir ki, bu da prosessual normaların pozulması kimi qiymətləndirilməli və məhkəmə icraatının düzgün aparılmasına maneə yaradan ciddi hüquqi pozuntu hesab edilməlidir. Bununla yanaşı, qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin forma və məzmununa, habelə müddətlə bağlı tələblərinə əməl edilib-edilməməsi eyni anda yoxlanılmamışdır. Belə ki, MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunan halları nəzərə almaqla, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə cavab verib-vermədiyi məsələsi müəyyən edilməli olduğu halda, düzgün olmayaraq baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə tərkibi işin müəyyən edilmiş hallarına MPM-in tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi şikayətə apellyasiya qaydasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsinə dair yanlış qənaətə gəlmişdir. Məhkəmə tərkibi qeyd edilənlərlə yanaşı diqqətə çatdırır ki, hər kəsin qanunla qorunan öz hüquq və azadlıqlarını qorumaq və təmin etmək məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək hüququna hörmət baxımından mübahisələndirilən qərardadla əldə edilən qənaət mülki məhkəmə icraatının vəzifələrinin imperativ göstərişlərinə uyğun deyildir və mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. MPM-in 402.2-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 263, 264, 397.2, 398, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutub QƏRARVERDİ: Apellyasiya qeyri-mümkün hesab edilsin. Lənkəran Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli 2(049)-356/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi vəkil Nümayəndə tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə baxılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialları Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar