Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1617/2025 18.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Əsədov (sədrlik edən və məruzəçi), X13 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər - X14, X7, X8, X4, X9 nümayəndəsi Qaçayeva Veronikanın iştirakı ilə, Kürdəmir Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı “mirasın qəbul edilməsi faktının və payların müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mərhum X12nun atası X31 və anası X1 qalmış mirası faktiki qəbul etməsi faktının müəyyən edilməsi, X10 miras qalmış Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin ər-arvadın ümumi birgə əmlakı olmasının müəyyən edilməsi və həmin fərdi yaşayış evinə ½ hissədə payının müəyyən edilməsi, X10 miras qalmış Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin X21 məxsus olan ½ hissəsinin 1/8 hissəsinə payının müəyyən edilməsi, X10 miras qalmış Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin 1/8 hissəsinə payının müəyyən edilməsi, X11 mirasın qalmış Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən 0,5556 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/8 hissəsinə payının müəyyən edilməsi, X31 və X1 miras qalmış Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən 1,1112 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/8 hissəsinə payının müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək X15 atası X31 və anası X1 qalmış mirası faktiki qəbul etməsi faktının müəyyən edilməsi, X10 miras qalmış Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin ər-arvadın ümumi birgə əmlakı olmasının müəyyən edilməsi və həmin fərdi yaşayış evinə 1/2 hissədə payının müəyyən edilməsi, X10 miras qalmış Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin X21 məxsus olan 1/2 hissəsinin 1/2 hissəsinə (ümumi payın 1/4 hissəsinə) payının müəyyən edilməsi, X10 miras qalmış Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə payının müəyyən edilməsi, Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən 3,89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X11 mirasın qalmış 1/7 hissəsinin (0,55571 ha) 1/2 hissəsinə payının müəyyən edilməsi, barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 15 yanvar 2015-ci il tarixində X32 ilə nikaha daxil olmuşdur. Nikahda olduqları müddətdə onlar Moldova Respublikasında yaşamışlar. Moldova Respublikasında işlədikləri üçün orada yaşamaq və işləmək icazəsi almaq üçün zəruri olan sənədləşmə işəri ilə əlaqədar 2018-ci ilin iyul ayında nikahlarını formal olaraq pozmuş və elə həmin ayda da yenidən nikaha daxil olmuşlar. Ərinin anası X5 qayınatasından bir neçə il əvvəl ölmüşdür. Ərinin atası, yəni qaynatası X31 isə 17 noyabr 2013-cü il tarixində ölmüşdür. Onun ölümündən sonra X12 anası və atasından qalmış mirası faktiki olaraq qəbul etmişdir. X16 Kürdəmir rayonunun Sığırlı kəndində 0,20 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində köhnə bir fərdi yaşayış evi miras qalmışdı. Onlar nikahda olduqları müddət ərzində 2019-cu ilin sonlarında həmin torpaq sahəsində olan köhnə fərdi yaşayış evini sökdürmüşlər. 2019-cu ilin sonlarından başlayaraq 2023-cü ilin sonlarına qədər hissə-hissə olmaqla öz vəsaitləri hesabına həmin torpaq sahəsində yeni fərdi yaşayış evi tikmişlər. X12 atası X31 və anası X1 qalmış mirası rəsmi qaydada qəbul etmədən və tikdirdikləri fərdi yaşayış evini sənədləşdirmədən 09 iyun 2024-cü il tarixində ölmüşdür. Onun ölümündən sonra iddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh müxtəlif əsaslar gətirərək ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsində Kürdəmir regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X27, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X22, X17, X23, X18, X33, X28 iştirak etmədiyindən maraqlı şəxslərin mövqeləri bəlli olmamışdır. Kürdəmir Rayon Məhkəməsinin (hakim R.Mehdiyev) 15 may 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən mərhum X10 miras qalmış 0,20 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlaka qanun üzrə vərəsələr X23, X22, X33, Mürşüdova (Qaçayeva) Gülarə Hacı qızı, Aslanova (Qaçayeva) Zenfira Hacı qızı və X19 hər birinin 1/6 6hissədə paylarının müəyyən edilməsi, Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən mərhum X10 miras qalmış 0,20 ha həyətyanı torpaq sahəsinin X24 müəyyən edilmiş 1/6 hissədə miras əmlaka qanun üzrə vərəsəsi İddiaçı 1/2 hissədə payının müəyyən edilməsi, iddia tələblərinin digər hissələrdə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində İddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətdə göstərilir ki, mərhum ərinin adının “Əyyub” olmasına baxmayaraq məhkəmə qətnamədə onun adını səhv olaraq “Eyyub” kimi göstərmişdir. Bu isə qətnamənin gələcəkdə icrası ilə bağlı əlavə problem deməkdir. Məhkəmə iddia tələbinin birinci hissəsinə, yəni X15 atası X31 və anası X1 qalmış mirası faktiki qəbul etməsi faktının müəyyən edilməsinə qiymət vermədən birbaşa payın müəyyən edilməsinə keçmişdir. Bununla da mirasın faktiki olaraq kim tərəfindən qəbul edilməsi məsələsi aydınlaşdırılmamışdır. Məhkəmə qətnamədə digər vərəsələrin də miras əmlakı faktiki qəbul edərək istifadə etmələrinə istinad etmişdir. Lakin məhkəmə bu faktı nəyə əsasən müəyyən etdiyini göstərməmiş və bu faktı təsdiq edəcək heç bir sübuta istinad etməmişdir. Bunun da nəticəsində məhkəmə səhv qənaətə gəlmiş və payların düzgün bölməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı mərhum X10 miras qalmış 0,20 ha həyətyanı torpaq sahəsində mövcud olmuş evin məhz X32 və onun hesabına sökülərək bir neçə il ərzində yenisinin tikilməsi şahid ifadələri və digər sübutlarla öz təsdiqini tapmışdır. Lakin buna baxmayaraq həmin torpaq sahəsində tikilmiş evin X20 ölümündən sonra tikilməsinə və hər hansı bir sənədinin olmamasına istinad edərək iddianı həmin hissədə rədd etmişdir. Məhkəmə onun iddia ərizəsindəki tələblərinə ümumiyyətlə əhəmiyyət verməmişdir. Belə ki, o iddia ərizəsində həmin torpaq sahəsində inşa edilmiş evin mərhum X10 miras qalmasına istinad edərək həmin əmlakdan miras kimi pay tələb etməmişdir. Onun tələbi həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin ər-arvadın ümumi birgə əmlakı olmasının müəyyən edilməsi və həmin fərdi yaşayış evinə 1/2 hissədə payının müəyyən edilməsi, həmçinin həmin fərdi yaşayış evinin X21 məxsus olan 1/2 hissəsinin 1/2 hissəsinə (ümumi payın 1/4 hissəsinə) payının müəyyən edilməsindən ibarətdir. Lakin belə görünür ki, məhkəmə onun iddia tələbinə ümumiyətlə heç bir əhəmiyyət verməmişdir. Məhkəmənin qənaəti ilə onun tələblərin bu hissədə bir-biri ilə uyğun gəlmir. Həmçinin məhkəmə onun tələblərinə əhəmiyyət vermədən onu rədd etməklə həmin əmlakın hüquqi statusunu qeyri-müəyyən vəziyyətə salır. Belə ki, məhkəmənin gəldiyi qənaət baxımından hər hansı bir şəxsin qeyd edilən əmlaka iddia etmək hüququ yaranır. Həmçinin məhkəmənin qənaəti nəticəsində həmin əmlakın kimə məxsus olması qeyri-müəyyən qaldığından onun sənədləşdirilməsi də qeyri-mümkün olur. Belə ki, əmlakı sənədləşdirmək istəyərkən müvafiq dövlət orqanının əmlakın kimə məxsus olması ilə bağlı sualı açıqda qalacaq. Halbuki onun iddiasının məqsədi də məhz bu qeyrimüəyyənliyi aradan qaldırmaq və qeyd edilən fərdi yaşayış evinə olan payı müəyyən edəndən sonra onu sənədləşdirməkdir. Lakin məhkəmə yuxarıda qeyd edilən halların heç birini nəzərə almadığı üçün tamamilə əsassız və qeyri-qanuni qətnamə çıxarmışdır. Məhkəmə qətnamədə mirasın X23, X22, X33, Mürşüdova (Qaçayeva) Gülarə Hacı qızı və Aslanova (Qaçayeva) Zenfira Hacı qızı tərəfindən faktiki qəbul və istifadə edilməsinə istinad edərək həmin şəxslər üçün payın müəyyən edilməsini qət etmişdir. Lakin məhkəmə həmin faktı necə və hansı sübutlara əsasən müəyyən etməsi haqqında hər hansı bir sübuta əsaslanmamış və istinad etməmişdir. Halbuki həmin şəxslər cavabdeh olduqları başqa bir məhkəmə prossesi zamanı verdikləri ifadələrində mərhum ata və anaları X31 və X3 ölümündən sonra qalmış mirası faktiki olaraq yalnız qardaşları X15 qəbul etdiyini bildirmişlər. Lakin məhkəmə bu sübuta da heç bir əhəmiyyət vermədən həmin şəxslərin mirası faktiki qəbul və istifadə etmələrinə istinad edərək onlar üçün də pay müəyyən etmişdir. Apellyasiya baxışında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmiş və izahatında bildirdi ki, o hesab edir ki, bütün miras əmlak tərəflər arasında bərabər şəkildə bölünməli idi. Ancaq birinci instansiya məhkəməsi bunları nəzərə almamış, onların iştirakı olmadan qərar qəbul etmişdir. O özünə aid olan hissəni qardaşı oğlu Qaçayev Eldara verilməsinə etiraz etmədiyini bildirdi. Digər müstəqil tələb irəli sürməyən üçüncü şəxslər də X4 izahatına uyğun izahat vermişlər. X9 nümayəndəsi Qaçayeva Veronika apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmiş və izahatında bildirmişdir ki, 1996-cı ildən Eldarla birlikdə yaşamışlar. 4 ildən sonra bilmişdir ki, Eldarın başqa xanımla nikahı var. 18 il birlikdə yaşayandan sonra Gülnarın əri ilə nikahda olduğundan məlumatı olmuşdur. Eyyub onunla nikahda olduğu halda iddiaçı ilə də nikaha daxil olmuşdur. Oğlu Eldar hazırda hərbi xidmətdə olduğu üçün vərəsəliklə bağlı iddia qaldıra bilməmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə göndərərək, o xx.xx.2025-ci il tarixinə saat 11:00-da Şəki Apellyasiya Məhkəməsində və 14:30-da Zaqatala rayon məhkəməsində olan məhkəmə prosseslərində iştirak etdiyinə görə, xx.xx.2025-ci il tarixinə saat 10:15-ə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İddiaçı, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə məlumat verilmiş, lakin gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, iş üzrə materialları araşdıraraq hesab edir ki, prosessual hüquq normalarının pozulması ilə qəbul edidiyindən qətnamə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı mirasın qəbul edilməsi faktının və payların müəyyən edilməsi barədə tələblə məhkəməyə müraciət etmiş, məhkəmə MPM-in 216-220, 307-311-ci maddələrinin tələblərinə əsasən (Xüsusi icraat qaydasında) işə baxmışdır. İşin faktiki hallarından görünür ki, miras əmlaka dair payların müəyyən edilməsi üzrə başqa məhkəmə mübahisəsi də olmuşdur. Belə ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(041)-135/2025 saylı qətnaməsindən görünür ki, xx.xx.1999-cu il tarixli, JN-864 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında mərhum X31 və onun ailə üzvlərinə verilmiş Kürdəmir rayonu, Sığırlı kəndi ərazisində yerləşən 3.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X31 və X2 miras qalan 2/7 hissədən ibarət miras əmlaka qanun üzrə vərəsələr X23, X22, X33, Mürşüdova (Qaçayeva) Gülarə Hacı qızı, Aslanova (Qaçayeva) Zenfira Hacı qızı və X19 hər birinin 1/6 hissədə payları müəyyən edilmiş, xx.xx.1999-cu il tarixli, JN-864 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında mərhum X31 və onun ailə üzvlərinə verilmiş Kürdəmir rayonu, Sığırlı kəndi ərazisində yerləşən 3.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X31 və X2 miras qalan 2/7 hissəsindən ibarət miras əmlakın X24 müəyyən edilmiş 1/6 hissədə payından ibarət miras əmlaka qanun üzrə vərəsələri X29 və İddiaçı hər birinin 1/2 hissədə payları müəyyən edilmişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən hazırki iddia baxılmamış saxlanılmalıdır. MPM-in 149.2.3-cü maddəsinin tələbinə görə, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Bundan başqa, MPM-in 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Müəyyən edilir ki, iddiaçı MPM-in 149.2.3-cü maddəsinin tələblərinə əməl etməmiş, birinci instansiya məhkəməsi də bu hala qiymət verməmişdir. İddiaçının tələbi qeyri-müəyyəndir, belə ki, iddiaçının tələbinin kimə qarşı yönəldiyi bəlli deyil. İddiaçı cavabdeh qismində fiziki şəxs olaraq notariusu göstərmişdir. Halbuki, iddiaçı notariusun hərəkətlərindən şikayət deyil, mirasın özü tərəfindən qəbul edilməsinin tanınmasını tələb etmişdir. Miras paya iddialı olan başqa vərəsələr olduğu halda iddiaçı digər vərəsələri cavabdeh qismində göstərməmişdir. Məhkəmə isə prosessual pozuntuya yol verərək digər vərəsələrin miras payda hüquqlarının olub-olmadığını, o cümlədən onların miras payda iddialı olduqlarını nəzərə almamış, onlara müvafiq hüquqlarını izah etməmişdir. Halbuki, Qanunun tələbinə görə, məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməli idi. Azərbaycan Respublikasının MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Bundan başqa, məhkəmə MPM-in 307-311-ci maddələrinə istinad etməklə işə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi kimi baxmışdır. Azərbaycan Respublikası MPM-in 307.2.9-ci maddəsinə əsasən məhkəmələr hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxa bilər. Apellyasiya baxışında iş üzrə müstəqil tələb irəli sürməyən X14, X7, X8, X4, X9 nümayəndəsi Qaçayeva Veronikanın izahatlarından bəlli olur ki, onların birinci instansiya məhkəməsinin iclasında iştirakı təmin edilməmiş, onlara müvafiq hüquqları izah edilməmişdir. Halbuki, 3-cü şəxslərin izahatlarından qətnamənin onların hüquq və maraqlarına toxunduğu müəyyən olunur. Belə ki, onlar izahatlarında mübahisəli miras əmlaka onların da hüquqlarının olduğunu, hazırki qətnamənin onların mənafeyinə toxunduğunu bildirmişlər. Beləliklə, müəyyən edilir ki, hazırki iş üzrə ərizəçi və üçüncü şəxslər arasında hüquq haqqında mübahisə vardır. Onların nəticə etibarı ilə hüquqi marağı miras əmlakın faktiki qəbul edilməsinin və miras əmlakda payın müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinin tələbinə görə, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Hazırkı halda da hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barəsində ərizəyə baxarkən məhkəmə miras paya hüquqlarının olduğunu iddia edən digər vərəsələrin maraqlarının olduğuna qiymət verməmiş, onları yalnız müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində tanımış, onların məhkəmə mübahisəsində iştirakını təmin etməmişdir. MPM-in 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. MPM-in 384.0.5-ci maddəsinə əsasən apellyasiya məhkəməsi, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər. Beləliklə, prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. Bununla yanaşı, Kollegiya izah edir ki, hazırki qətnamənin ləğv edilməsi maraqlı şəxsin ümumi əsaslarla iddia vermək hüququnu istisna etmir. Göstərilənlərə əsasən və MPM-in 365, 259.0.10, 391-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli, 2(041)-595/2025 saylı qətnaməsi ləğv edilsin. İddiaçı “mirasın qəbul edilməsi faktının və payların müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kasssasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1617/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1617/2025
18.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver