Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1618/2023 26.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçılar İddiaçı və X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)- 704/2023 saylı, 20 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(018)-704/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Mübariz Məmmədov) iddia təmin edilərək, iddiaçılar İddiaçı və X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları, mərhum X3 məxsus olan, Astara rayonu, Ərcivan qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri, mülki iş üzrə ödənilmiş dövlət rüsumuna görə 51 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçılar İddiaçı və X4 verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birlikdə apellyasiya şikayəti vermişlər. Astara Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(018)-704/2023 saylı qərardadı ilə Astara Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(018)-704/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra, 06 sentyabr 2023-cü il tarixində elektron imza vasitəsilə Cavabdeh2 tərəfindən imzalanmaqla yenidən apellyasiya şikayəti verilmiş, bununla yanaşı, həmin imzalanmış sənədə Astara Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(018)- 704/2023 saylı qərardadı ilə geri qaytarılmış cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da apellyasiya şikayəti skan edilərək əlavə edilmişdir. Astara Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli məktubu ilə mülki iş Astara Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(018)-704/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Məhkəmə ilk öncə skan olunaraq elektron sistemə yerləşdirilən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı bildirir ki, həmin apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilən elektron sənəd hesab edilmir. Belə ki, Astara Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(018)-704/2023 saylı qərardadı ilə geri qaytarılmış apellyasiya şikayətinin skan edilərək yenidən elektron sistemə yerləşdirilməsi həmin şikayətin elektron sənəd formasında elektron kabinet vasitəsilə verilməsi hesab edilə bilməz. MPM-in 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Göründüyü kimi, qanunverici “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olmasını imperativ qayda kimi müəyyən etmişdir. MPM-in 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Cavabdeh2 tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş apellyasiya şikayəti ilə bağlı isə məhkəmə kollegiyası bildirir ki, həmin apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsində apellyasiya şikayətinin məzmunu ilə bağlı nəzərdə tutulmuş tələblərə uyğun deyil. Belə ki, Cavabdeh2 həmin apellyasiya şikayətində yaşayış yeri və ya olduğu yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasını istədiyi digər ünvanı, işdəki prosessual vəziyyətini ümumiyyətlə göstərməmişdir. Halbuki, MPM-in 361.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti göstərilməlidir. Bundan başqa, hər iki apellyasiya şikayətində mübahisə olunan Astara Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(018)-704/2023 saylı qətnaməsinin alınma tarixi kimi 31 iyul 2023-cü il qeyd edilmişdir. Hazırda mümkünlüyü yoxlanılan apellyasiya şikayətləri isə 06 sentyabr 2023-cü il tarixində elektron imza vasitəsilə imzalanmaqla verilmişdir. Göründüyü kimi, apellyasiya şikayətləri məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilməmiş, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət cavabdehlər tərəfindən ötürülmüş, apellyasiya şikayətləri müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdir. MPM-in 363.1.1-1-ci və 363.1.3-cü maddələrinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, eləcə də, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Astara Rayon Məhkəməsinin 2(018)-704/2023 saylı, 20 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətlərinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Astara Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1618/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1618/2023
26.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver