Məhkəmə qərarları › İş №2(106)-1620/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1620/2024

24.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1620/2024 24.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Hindarx bələdiyyəsi, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X2 Torpaq müsabiqə və hərrac komissiyası, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı torpaq müsabiqə və hərracın nəticələrinin etibarsız hesab edilməsi, cavabdehə verilmiş torpaq müsabiqə və hərracın nəticələrinə dair şəhadətnamənin, alqısatqı müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, müsabiqə və hərracın yenidən keçirilməsi və xüsusi qərardadın çıxarılması tələbinə dair iddia ərizəsi üzrə İddiaçı tərəfindən mülki işə baxan Ağcabədi Rayon Məhkəməsinin sədrinə edilmiş etiraza Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Hindarx Bələdiyyəsinin sifarişi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X2 Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən təşkil edilmiş və 12 oktyabr 2023-cü il tarixində keçirilmiş və ya müsabiqənin nəticələrinin etibarsız hesab edilməsi Cavabdeh6 verilmiş torpaq hərrac və ya müsabiqənin nəticələrinə dair HTM seriyalı 004478 nömrəli şəhadətnamənin, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 ilə Cavabdeh6 arasında bağlanmış AN-İ nömrəli ******* nömrəli alqı-satqı müqaviləsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi, müsabiqə və hərracın yenidən keçirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsindən işə baxılarkən iddiaçı Abbasov X4 Rayon Məhkəməsində məhkəmə sədrinə etiraz verərək bildirmişdir ki, məhkəmənin sədri kimi Sulduz Ləzimova etiraz edir. Məhkəmə hazırlıq iclasları 10 iyun 2024-cü il tarixə və 22 iyun 2024-cü il tarixlərə təyin edilsə də, cavabdehlər Cavabdeh6 və onun əri, cavabdeh X3 üzrsüz səbəbdən məhkəmə hazırlıq iclaslarında iştirak etməmişlər. Lakin onların iştirakının vacib olmasına baxmayaraq onların iştirakının təmin edilməsi üçün tədbir görülməmişdir. Məhkəmə baxışı zamanı hakim tərəfindən prosessual qanun pozuntularına yol verilərək ona çıxış etmək imkanı verilməmiş və sözləri qəsdən kəsildiyi üçün hesab edir ki, hakim işin nəticəsində maraqlıdır və cavabdehlərin vəkili kimi hərəkət edir. Hakim işin nəticəsində o qədər maraqlıdır ki, dövlət qanuni maraqlarını da ayaq altına alır. Belə ki, məhkəmə baxışı zamanı Cavabdeh6 bir gün də belə əmək fəaliyyəti ilə məşğul olmadan mübahisə predmeti olan bazarı almaq üçün rəsmən 180000 manat pul ödəyib. Həmin pulun mənbəyini müəyyən etmək üçün “Gəlir deklarasiyası haqqında” qanuna əsasən “Gəlir vergisi bəyannaməsi” məhkəməyə təqdim edilməlidir. Bununla bağlı vəsatət vermiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məhkəmə sorğusu göndərilməsini məhkəmədən xahiş etmiş, lakin hakim qəsdən vəsatətini təmin etməmişdir. Ona görə də, bir vətəndaş olaraq etirazının qanuni və əsaslı olduğunu və mülki işə Ağcabədi Rayon Məhkəməsində deyil, digər rayon məhkəməsində baxılması üçün verilmiş etirazın Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edilən etirazla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi insanların pozulmuş hüquq və azadlıqlarının məhkəmə təminatını təsbit edir. “İnsan haqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə məhkəmələrin müstəqilliyi və qərəzsizliyi insanların ədalətli məhkəmə araşdırması hüququnda ehtiva olunan əsas elementlərdən biridir. Müstəqillik və qərəzsizlik hər bir hakimin milli qanuna əsaslanan haqqını və öhdəliyini, onun daxili ucalığını və bitərəfliyini, öz şəxsiyyətinə və tərəflərin qanun qarşısında bərabərlik hüququna hörmət hissini, təhdidlərə və fidyələrə qarşı dəyanətini ifadə edən anlayışlar olmaqla yanaşı hakimin zahiri müstəqilliyini və qərəzsizliyini əks etdirən mühüm dəyərlərdir. Müəyyən hallarda hakimin prosesin gedişindəki zahiri davranışı belə, məhkəmənin qərəzsizliyini şübhə altına alan hal kimi Avropa Məhkəməsinin araşdırma predmeti və istinad nöqtəsi olur. Hakimin bir tərəfin müraciətlərinə təbəssümlə yanaşması, digər tərəflə fərqli rəftar, bir tərəflə mülayim davranıb, digər tərəfə aqressivlik göstərməsi belə Avropa dəyərləri baxımından hakimin qərəzsizliyini şübhə altında qoyan ciddi faktlar sayılır. “Kraska İsveçrəyə qarşı” işdə (19 aprel 1993-cü il) Avropa Məhkəməsi 6-cı maddənin 1-ci bəndinin pozulması barədə nəticəyə gəlməyə çox yaxın idi. Həmin işdə hakimlərdən biri prosesin gedişində öz davranışı ilə tərəflərdən birinə əks mövqedə dayandığını açqaydın büruzə verirdi. Yalnız işə 5 nəfər hakimdən ibarət tərkibdə baxılması və bu zaman digər 4 hakimin tərəfsizliyi bu işdə İsveçrə məhkəməsini qərəzli hesab edilməkdən qurtardı. Məhkəmənin müstəqilliyi və qərəzsizliyi çox həssas məsələdir və hətta hakimin gündəlik iş şəraitinin necə təşkil və təmin olunmasından da asılı ola bilər. Bəzən sadəcə zahiri əlamətlərə görə bu dəyərlər şübhə altına alına bilər. Avropa Məhkəməsinin “müstəqil və qərəzsiz məhkəmə” anlayışının həmin aspektləri haqqında təsəvvürləri “Lanqborqer İsveçə qarşı” işdə (22 iyun 1989-cu il) öz ifadəsini tapmışdır. Həmin işdə məhkəmə qeyd etmişdir ki, “hətta konkret şəxslərin müvafiq işə baxmaq üçün kifayət qədər ixtisası olduqda və onların düzgünlüyünə şübhə etmək üçün heç bir subyektiv əsas olmadıqda belə, vacibdir ki, obyektivlik, qərəzsizlik və müstəqillik zahiri cəhətdən də qorunub saxlanılsın”. Beləliklə, kollegiya göstərilənləri iddiaçının ədalətli məhkəmə araşdırmasına olan inamının sarsılması kimi qiymətləndirir və iş üzrə mahiyyəti üzrə qərar qəbul edilməmişdən öncədən bu pozuntunun qarşısını almaq istəyir. İş üzrə çıxarılacaq yekun nəticədə hakimin, elecə də bütün məhkəmə tərkibinin müstəqil, qərəzsiz, obyektiv olmaqla əsaslı, qanunauyğun, hərtərəfli yekun akt qəbul etmələrinə və ya qəbul edilə biləcək məhkəmə aktına iddiaçıda şübhə yaradacağından hazırkı etiraz təmin edilməli, iş cavabdehlərin qeydiyyatda olduğu rayon məhkəməsinin yox, işdə iştirak edən şəxslərin iştirakının asanlaşdırılması baxımından coğrafi cəhətdən yaxın olan (hakimin iş yükü də nəzərə alınmaqla) digər rayon (şəhər) məhkəməsinə göndərilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir. Həmin qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsinin məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan, bütün prosessual tələblərin yerinə yetirilməsinə imkan verən, hakimlərin öz iradəsini ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 19.1.7-ci maddəsinə əsasən şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa, hakimin işə baxmasına yol verilmir. MPM-in 21.1-ci maddəsinə görə bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özüözünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli 3 nömrəli “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum qərarının 1-ci maddəsində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, mülki və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır. MPM-in 22.5 və 22.6-cı maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. MPM-in 23.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası mülki işin tam, hərtərəfli araşdırılması, tərəflərin mülki iş üzrə ədalətli məhkəmə araşdırmasının təmin edilməsi və iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün hesab edir ki, tərəflərin gələcəkdə qəbul olunacaq qətnamənin qanuniliyi və əsaslılığına şübhə yaranmaması üçün İddiaçı cavabdehlər Hindarx bələdiyyəsi, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X2 Torpaq müsabiqə və hərrac komissiyası, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı torpaq müsabiqə və hərracın nəticələrinin etibarsız hesab edilməsi, cavabdehə verilmiş torpaq müsabiqə və hərracın nəticələrinə dair şəhadətnamənin, alqı-satqı müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, müsabiqə və hərracın yenidən keçirilməsi və xüsusi qərardadın çıxarılması tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən edilmiş etiraz təmin olunmalı, mülki iş baxılması üçün başqa birinci instansiya məhkəməsinə - Xocavənd Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 19-22, 263-264-cü-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı cavabdehlər Hindarx bələdiyyəsi, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X2 Torpaq müsabiqə və hərrac komissiyası, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı torpaq müsabiqə və hərracın nəticələrinin etibarsız hesab edilməsi, cavabdehə verilmiş torpaq müsabiqə və hərracın nəticələrinə dair şəhadətnamənin, alqısatqı müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, müsabiqə və hərracın yenidən keçirilməsi və xüsusi qərardadın çıxarılması tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən edilmiş etiraz təmin olunsun və hazırkı mülki iş baxılması üçün Xocavənd Rayon Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar