Məhkəmə qərarları › İş №2(106)-1633/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1633/2025

03.11.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1633/2025 03.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh, üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətin müdafiəsi, mülkiyyətçi tərəfindən özgənin qanunsuz sahibliyindən şəxsi əmlakın geri tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-87/2025 saylı, 21 avqust 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 noyabr 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı mülkiyyətin müdafiəsi, mülkiyyətçi tərəfindən özgənin qanunsuz sahibliyindən şəxsi əmlakının geri tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciıət etmişdir. Məhkəmədə İddiaçı iddiasını müdafiə edərək, iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Astara rayon Siyakü kəndində ailə üzvlərinin sayına uyğun 0.1475 ha torpaq sahəsi verilməklə torpaq üzərində mülkiyyət hüquqları adlarına yazılmış xx.xx.2022-ci il tarixli ********** nömrəli mülkiyyətə verilməsinə dair çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahəsinin adlarına rəsmiləşməsinə baxmayaraq Astara rayonun Siyakü kəndində yaşayan cavabdeh tərəfindən özbaşnalıq yolu ilə xüsusi mülkiyyətlərində olan torpaq sahəsini zəbt edərək həmin ərazidə tikililər tikməklə torpaq üzərində mülkiyyət hüquqlarını pozmuşdur. İllərlə həmin torpaq sahəsindən qanunsuz istifadə etdiyinə görə onlara 5000 manat miqdarda ziyan vurmuşdur. Torpaq sahəsinin zəbti ilə əlaqədar müvafiq səlahiyyətli dövlət orqanlarına çoxsaylı şikayətlərinə əlaqədar son dövrlərdə səlahiyyətli Dövlət orqanları tərəfindən tələblərilə bağlı xüsusi mülkiyyətlərinə verilən 0.1475 ha torpaq sahəsinin Astara rayon Siyakü kəndində yerləşməklə ona naturada göstərildiyinə baxmayaraq yuxarıda qeyd edildiyi kimi cavabdeh tərəfindən zəbt edilmiş könüllü qaydada qanuni sahibliyinə və istifadələrinə verilməsindən imtina edildiyindən pozulmuş əmlak hüquqlarının müdafiə və təmin olunmasından ötrü məhkəmə müdafiəsi zəruri olduğundan hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək məhkəmədən mülkiyyətlərində olan 0.1475 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınıb qanuni sahibliyi və istifadələrinə verilməsi, torpaq sahəsində tikilmiş qanunsuz tikililərin sökülməsi, onlara dəymiş 5000 manat maddi və mənəvi ziyanın ödənilməsi və cavabdeh şəxsdən özbaşnalıq hərəkətlərinə son qolyulmasına məhkəmə vasitəsi ilə tələb edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin 2(018)-87/2025 saylı, 21 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakim İlqar Məmmədov), iddianın qismən təmin olunması, Cavabdeh İddiaçı məxsus olan Astara rayonu, Siyakü kəndində yerləşən 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, İddiaçı məxsus olan Astara rayonu, Siyakü kəndində yerləşən 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, saray və sanitar qovşağın sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 50 (əlli) manat məbləğdə ekspertiza xərcinin tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, mübahisəli torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin cavabdehə məxsus olmağı sübutlarla təsdiq olunmur və ailəsi ilə birlikdə yaşadığı fərdi yaşayış evi cavabdehin arvadının qohumlarının torpaq sahəsində yerləşir və həmin ev cavabdeh və ailəsinə müəyyən müddətə yaşamaq üçün verilmişdir. Fərdi yaşayış evi cavabdehin arvadının qohumlarının mülkiyyətdə olan torpaq sahəsində yerləşir. Bunlara əsasən cavabdehə qarşı iddia qaldırılması əsaslı deyil. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh Astara Rayon Məhkəməsinin 2(018)-87/2025 saylı, 21 avqust 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı cavabdehin apelyasiya şikayətinin dəlillərinə qarşı etiraz göndərərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək izahatında Astara Rayon Məhkəməsinin 2(018)-87/2025 saylı, 21 avqust 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, Astara Rayon Məhkəməsinin 2(018)-87/2025 saylı, 21 avqust 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxs X3 apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddiası qismən təmin edilmiş, İddiaçı iddiasının təmin edilməyən hissəsini mübahisənədirməmiş, yalnız cavabdeh iddianın təmin edilən hissəsini mümübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Astara Rayon Məhkəməsinin 2(018)-87/2025 saylı, 21 avqust 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən isə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 12.1-ci maddəsinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. 13.1-ci maddəsinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. 13.2-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması bu Məcəllənin 13-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 13-1.1-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla) 1 faizindən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla bilər. Həmin tikililərin inşa edilməsinə və quraşdırılmasına torpaq sahəsinin mülkiyyətçisinin (onun yazılı razılığı ilə istifadəçisinin və ya icarəçisinin) müraciəti əsasında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq icazə verilir. Bu məqsədlər üçün torpaq sahəsinin kateqoriyasının və məqsədli təyinatının dəyişdirilməsi tələb olunmur. 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəlləsinin 111-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Astara Rayon Məhkəməsinin 2(018)-87/2025 saylı, 21 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İşə əlavə edilmiş Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı əsasında JN-330 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"ından məlum olur ki, Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X7, X4, X8 və X5 xüsusi mülkiyyətindədir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 02 iyul 2025-ci il tarixli, 3-16-16/2-10/3887 saylı rəyindən məlum olur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1600/2025 saylı mütəxəssis rəyinə əsasən, Araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daçınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-914 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və xx.xx.2022-ci il tarixli, **********09 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” nə əsasən İddiaçı və digərlərinin ümumi birgə mülkiyyətində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,1475 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan naturaya uyğun gəlməyən torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi müəyyən olunmuşdur. Araşdırma zamanı sözügedən 0,1475 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarına əsasən məhkəmə predmeti olan mübahisəli ərazi çerçivəsində yerləşməsi, lakin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının böyük həcmdə faktiki vəziyyətdə natura ilə eləcə də iddiçı tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3- 43/2-1600/2025 saylı mütəxəssis rəyinə əsasən, sözügedən 0,1475 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti olmadığından Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki istifadə vəziyyətinə uyğun olmayaraq 0,08 ha ölçüdə öz əksini tapması müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapan həmin 0,08 ha torpaq sahəsinin faktiki vəziyyətdə Cavabdeh istifadəsində olması müəyyən olunmuşdur. Araşdırma zamanı İddiaçı və ailə üzvlərinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki istifadələrində olan torpaq sahəsi kimi öz əksini tapan və faktiki vəziyyətdə Cavabdeh faktiki istifadəsində olan mübahisəli 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sistemində düzgün olmayaraq (2016-cı il 7 mart tarixli 818 nömrəli Fərman ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarf’nda pay torpaqların faktiki istifadə vəziyyətinin əsas götürülməsinə rəğmən) Cavabdeh faktiki istifadəsində olan torpaq sahasının koordinatları ilə üst-üstə işlənilməsi müəyyən olunmuşdur. Araşdırma zamanı sözügedən 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh məxsus fərdi yaşayış evinin və köməkçi tikililərin (saray sanitar qovşağın) mövcud olması müəyyən olunmuşdur. İşə əlavə edilmiş AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı tələbdən görünür ki, cavabdeh iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt edərək, həmin hissədə fərdi yaşayış evi, saray və sanitar qovşaq inşa etmişdir. Bu səbəbdən də iddiaçı torpağın zəbtdən azad olunaraq özgəsinin qanunsuz sahibliyindən geri tələbini və inşa edilmiş yuxarıda qeyd edilən qanunsuz tikililərin sökülməsini tələb edir. Tələbinin hüquqi əsası kimi isə Azərbaycan Respublikasının Konstitusiyasının; 13, 29-cu maddələri, Mülki Məcəllənin 157.2 və Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinad edir. İddiaçının iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, Astara rayon Siyakü kəndində ailə üzvlərinin sayına uyğun 0.1475 ha torpaq sahəsi verilməklə torpaq üzərində mülkiyyət hüquqları adlarına yazılmış xx.xx.2022-ci il tarixli ********** nömrəli mülkiyyətə verilməsinə dair çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahəsinin adlarına rəsmiləşməsinə baxmayaraq Astara rayonun Siyakü kəndində yaşayan cavabdeh tərəfindən özbaşnalıq yolu ilə xüsusi mülkiyyətlərində olan torpaq sahəsini zəbt edərək həmin ərazidə tikililər tikməklə torpaq üzərində mülkiyyət hüquqlarını pozmuşdur. İllərlə həmin torpaq sahəsindən qanunsuz istifadə etdiyinə görə onlara 5000 manat miqdarda ziyan vurmuşdur. Torpaq sahəsinin zəbti ilə əlaqədar müvafiq səlahiyyətli dövlət orqanlarına çoxsaylı şikayətlərinə əlaqədar son dövrlərdə səlahiyyətli Dövlət orqanları tərəfindən tələblərilə bağlı xüsusi mülkiyyətlərinə verilən 0.1475 ha torpaq sahəsinin Astara rayon Siyakü kəndində yerləşməklə ona naturada göstərildiyinə baxmayaraq yuxarıda qeyd edildiyi kimi cavabdeh tərəfindən zəbt edilmiş könüllü qaydada qanuni sahibliyinə və istifadələrinə verilməsindən imtina edildiyindən pozulmuş əmlak hüquqlarının müdafiə və təmin olunmasından ötrü məhkəmə müdafiəsi zəruri olduğundan hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək məhkəmədən mülkiyyətlərində olan 0.1475 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınıb qanuni sahibliyi və istifadələrinə verilməsi, torpaq sahəsində tikilmiş qanunsuz tikililərin sökülməsi, onlara dəymiş 5000 manat maddi və mənəvi ziyanın ödənilməsi və cavabdeh şəxsdən özbaşnalıq hərəkətlərinə son qolyulmasına məhkəmə vasitəsi ilə tələb edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdi. Cavabdeh apelyasiya şikayətinin dəlillərindən müəyyən edilir ki, mübahisəli torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin cavabdehə məxsus olmağı sübutlarla təsdiq olunmur və ailəsi ilə birlikdə yaşadığı fərdi yaşayış evi cavabdehin arvadının qohumlarının torpaq sahəsində yerləşir və həmin ev cavabdeh və ailəsinə müəyyən müddətə yaşamaq üçün verilmişdir. Fərdi yaşayış evi cavabdehin arvadının qohumlarının mülkiyyətdə olan torpaq sahəsində yerləşir. Bunlara əsasən ona qarşı iddia qaldırılması əsaslı deyil. İddia tələbi iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi barədədir. Bu iddia mülkiyyətin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Baxılan işdə də birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə torpaq islahatı aparılanda AİK-nin qərarı əsasında verilmişdir. Mülki Məcəllənin 14.2.2-ci maddəsində dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının mülkiyyətinə torpaq sahəsinin verilməsi barədə qərar, torpaq sahəsi üzərində hüququn yaranması üçün Mülki Məcəllənin 14.2.2-ci maddəsində nəzərdə tutulan hüquqi əsasdır. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının torpaq sahəsində və ya onun bir hissəsində cavabdeh tərəfindən tikili inşa edilib edilməməsinin müəyyən edilməsindən ibarətdir. İşə baxmış birinci instansiya məhkəməsi bu halın müəyyən olunması üçün ekspertiza aparmaq yolu ilə müəyyən etmişdir ki, Cavabdeh faktiki istifadəsində olan mübahisəli 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sistemində düzgün olmayaraq (2016-cı il 7 mart tarixli 818 nömrəli Fərman ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarf’nda pay torpaqların faktiki istifadə vəziyyətinin əsas götürülməsinə rəğmən) Cavabdeh faktiki istifadəsində olan torpaq sahasının koordinatları ilə üst-üstə işlənilməsi müəyyən olunmuşdur. Araşdırma zamanı sözügedən 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh məxsus fərdi yaşayış evinin və köməkçi tikililərin (saray sanitar qovşağın) mövcuddur. Bu halda iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit edilmiş mülkiyyətində olan əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, Mülki Məcəllənin 157.2-ci maddəsində müəyyən edilmiş özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək, habelə 180ci maddəsində nəzərdə tutulmuş özbaşına inşa edilmiş tilinin sökülməsi üçün müraciət etmə hüquqlarından çıxış etməklə cavabdehin onun torpaq sahəsində inşa etdiyi tikilinin sökülməsini tələb etmək hüququ üçün əsaslar da yaranmışdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmçinin Mülki Məcəllənin 152.6-cı maddəsində deyilir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən etmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-914 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və xx.xx.2022-ci il tarixli, **********09 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” nə əsasən Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,1475 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsi İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yuxarıda qeyd edilən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini, həmin torpaq sahəsində qanunsuz tikililərin (fərdi yaşayış evi, saray və sanitar qovşaq) tikildiyini, beləliklə cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını və tikililərin sökülməsini tələb etmişdir. Cavabdeh isə iddiaçının torpaq sahəsini zəbt etmədiyini, həmin tikililərin onun arvadına məxsus torpaq sahəsində inşa edildiyini göstərmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikintitexniki ekspertizasının 02 iyul 2025-ci il tarixli, 3-16-16/2-10/3887 saylı rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh faktiki istifadəsində olan mübahisəli 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sistemində düzgün olmayaraq (2016-cı il 7 mart tarixli 818 nömrəli Fərman ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarf’nda pay torpaqların faktiki istifadə vəziyyətinin əsas götürülməsinə rəğmən) Cavabdeh faktiki istifadəsində olan torpaq sahasının koordinatları ilə üst-üstə işlənilməsi müəyyən olunmuşdur. Araşdırma zamanı sözügedən 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh məxsus fərdi yaşayış evinin və köməkçi tikililərin (saray sanitar qovşağın) mövcud olması müəyyən olunmuşdur. Kollegiya qeyd edir ki, əşyanın geri qaytarılması və ya pozuntuya son qoyulması barədə iddialar aşağıdakı növlərdə ola bilər: a) hüquq haqqında mübahisələr – vindikasiya iddiası (MM, m.157.2), neqator iddia (MM, m.157.4) və sair; b) sahibliyin özbaşınalıqdan müdafiəsinə dair iddialar – geriqaytarma tələbi (MM, m.164.2) və pozuntuya son qoyulması tələbi (MM, m. 165.1). Bu iddia növləri mahiyyəti və təyinatı etibarilə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Hüquq haqqında mübahisələrdə iddiaçı mübahisənin obyektinə münasibətdə özünün mülki hüquqlarını - mülkiyyət haqqını, qanundan və ya müqavilədən irəli gələn əmlak hüquqlarını sübuta yetirməyə borcludur. Bu səbəbdən vindikasiya iddiasını irəli sürən şəxs MM-in 157.2-ci maddəsinə əsasən ilk növbədə özünün mülkiyyətçi olduğunu, yaxud MM-in 288.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanı özgəsinin qanunsuz sahibliyindən, o cümlədən girov qoyanın sahibliyindən tələb edən girov saxlayan özünün girov hüququnu sübut etməlidir. Əks halda həmin normalara söykənən tələblər təmin edilə bilməz. Kollegiya Cavabdeh yuxarıda qeyd olunan apellyasiya şikayətinin dəlilini əsaslı saymır. Belə ki, iddiaçının mübahisələndirdiyi və cavabdehin zəbtindən azad edilməsini tələb etdiyi torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Digər tərəfdən kollegiya onu da qeyd edir ki, cavabdehin zəbt etdiyi və tikililər inşa etdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13.1-ci maddəsinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilməsi və həmin torpaq sahəsində tikililər inşa etməsi iddiaçının kənd təsərrüfatı istehsalı ilə məşğul olmaq hüququnun pozulması deməkdir. Belə ki, Kənd təsərrüfatı torpağı-təbii məhsuldarlığa malik bir resursdur. İddiaçının bu torpaqdan əkin aparmaq, məhsul yetişdirmək, torpaqdan gəlir (məsələn, məhsul satışı) əldə etmək imkanı əlindən alınır. Yəni cavabdeh iddiaçının torpağın məhsuldarlığından və gəlirindən istifadə hüququnu da pozmuş olur. Göründüyü kimi İddiaçının xüsusi mülkiyyətində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,1475 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsinin 0,08 ha hissəsi bütövlüklə Cavabdeh tərəfindən qanunsuz istifadə edilməklə, həmin hissədə qanunsuz tikililər tikmiş, bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Apellyasiya icraatı zamanı tərəflərin məhkəməyə bildirdiklərindən həmçinin o, da müəyyən edilmişdir ki, tərəflər ilk öncə mübahisənin öz aralarında həll etmək istəmiş, cavabdeh tərəfindən iddiaçıya zəbt etdiyi torpaq sahəsinin başqa torpaq sahəsi ilə əvəz etməklə mübahisənin öz aralarında həll etmək barədə razılaşma əldə etsələr də, sonradan cavabdeh tərəfindən bu razılaşma pozulmuş, cavabdeh vədinə əməl etməmiş, iddiaçı isə mülkiyyət hüquqlarının pozulmasının başqa yolla aradan qaldırılmasının mümkün olmadığını görüb, hazırki iddia ilə məkəməyə müraciət etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin “Beləliklə iddianın qismən təmin olunması, Cavabdeh İddiaçı məxsus olan Astara rayonu, Siyakü kəndində yerləşən 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, İddiaçı məxsus olan Astara rayonu, Siyakü kəndində yerləşən 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, saray və sanitar qovşağın sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 50 (əlli) manat məbləğdə ekspertiza xərcinin tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi” mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiq olunmayan formal mülahizələrdən ibarət olmuşdur Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Astara Rayon Məhkəməsinin 2(018)-87/2025 saylı, 21 avqust 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,; QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 2(018)-87/2025 saylı, 21 avqust 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar