Məhkəmə qərarları › İş №2(106)-1636/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1636/2024

26.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1636/2024 26.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X15 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1, cavabdehlər Cavabdeh1 qızının və Cavabdeh2, eyni zamanda mütəxəssis X2 iştirakları ilə, İddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qarşı zəbt olunmuş ümumi istifadədə olan yolun açılması tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 2(048)-156/2024 saylı, 20 iyun 2024-cü il tarixli (hakim Atabəy Kiçibəyov) qətnaməsindən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lerik rayonunun Əvilə kənd orta məktəbinin yuxarı hissəsində kənd sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş avtomobil yolunun cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 zəbtindən azad edilməsi, ümumi istifadədə olan yolun kənd sakinlərinin istifadəsinə verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun xeyirlərinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, onlar Lerik rayonun Əvilə kəndində doğulmaqla həmin kəndə yaşayırlar, kəndləri ucqar kənddir, kənddə yeni tipli məktəb inşa edilmiş və kənd sakinlərinin istifadəsinə verilmişdir. Məktəb tikilərkən məktəbin yuxarı hissəsində olan kənd sakinlərinin ümumi istifadəsində olan avtomobil yolu qəzalı vəziyyətə düşmüş.Yol sürüşməyə məruz qaldığından, kənd sakinlərinın və ağsaqalların razılığı ilə məktəbin yuxarı hissəsində yaşayan kənd sakini Cavabdeh1 istifadəsində olan torpaq sahəsinin üç sotunu tikinti işləri aparan şirkət tərəfindən 2000 manat pul ödənilməklə razılığa gəlmişlər ki, kənd sakinlərinin avtomobil yolu məktəb ərazisinə verildiyindən Cavabdeh1 istifadəsində olan torpaq sahəsi avtomobil yolu kimi təmir edilərək kənd sakinlərinin istifadəsinə verilsin. Bu barədə akt tərtib edilmişdir. Qeyd olunlar tərtib olunmuş aktda öz əksini tapmışdır, lakin cavbdehlər həmin yoldan istifadə etməyə imkan vermir, ərazini tikanlı məftillə çəpərə alaraq yolu bağlamışlar. Bu səbəbdən Lerik Rayon İcra Hakimiyyətinə müraciət etmişlər. İcra hakimiyyətinin nümayəndələri əraziyə gəlmiş, onlara heç bir köməklik göstərilməmiş və məsələnin məhkəmə qaydasında həll edilməsi tövsiyyə edilmişdir. Yolun zəbtdən azad olunması və pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 tərəfindən Lerik rayon Əvilə kəndində kənd orta məktəbinin yuxarı hissəsində kənd camaatının ümumi istifadəsi üçün nəzərdə tutulmuş avtomobil yolunun kənarında yol boyu tikanlı məftillə çəkilmiş şəpərin sökülərək, çəpərin günbatan tərəfə iki metr çəkilməklə yolun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1,İddiaçı2, X11 və İddiaçı5 məhkəmə iclasında izahat verərək iddianı müdafiə etdiklərini, Lerik rayonunun Əvilə kənd orta məktəbinin yuxarı hissəsində kənd sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş avtomobil yolunun cavabdehlər X7 və Cavabdeh2 Veysel qızının zəbtindən azad edilməsi, umumi istifadədə olan yolun kənd sakinlərinin istifadə verilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdehlər iştirak etmədiklərindən onların mövqeyi bəlli olmamışdır. Lerik Rayon Məhkəməsinin 2(048)-156/2024 saylı, 20 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 tərəfindən Lerik Rayon Əvilə kəndində yerləşən Əvilə kənd orta məktəbin yuxarı hissəsində kənd sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş avtomobil yolunun kənarında yol boyu tikanlı məftillə çəkilmiş çəpər sökülərək, çəpər iki metr günbatan tərəfə çəkilməklə avtomobil yolunun cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 zəbtindən azad edilməsi, əlavə olaraq tikanlı məftillərin yol boyu 2 metr gün batan tərəfə çəkilməsi işlərinin cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 üzərinə qoyulması, iddiaçılar tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və DƏDRX-nin Lənkəran ərazi İdarəsinə ödənilmiş 170 manat rüsumun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçılara verilməsi, əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 müştərək qaydada tutularaq məhkəmə ekspertiza mərkəzinə köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən ilkin iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iş materiallarından görünür ki, məhkəmə iddia tələbini təmin edərkən 29 iyul 2017-ci il tarixli Akta əsaslanmış və qətnamədə həmin Aktda cavabdeh olaraq onların kənd sakinləri üçün nəzərdə tutulmuş avtomobil yolunun məktəb ərazisinə verilməsinə və həmin yolun əvəzində özlərinə məxsus torpaq sahəsinin kənd sakinlərinin ümümi istifadəsinə verilməsinə razılıq verdikləri qeyd olunmuşdur. Hesab etmişdir ki, məhkəmə aşağıda qeyd olunmuş faktiki əsasları nəzərə almamışdır: Birincisi, əgər mübahisəli torpaq sahəsi kənd sakinləri üçün nəzərdə tutulmuş avtomobil yoluna aiddirsə, o halda həmin sahənin məktəb ərazisinə verilməsi üçün hansı səbəbdən onlara müraciət olunmuş və ondan razılıq alınmışdır? İkincisi, hansı səbəbdən onlar məktəb ərazisinə verilmiş yolun əvəzində özlərinə məxsus torpaq sahəsinin kənd sakinlərinin ümumi istifadəsinə verməlidirlər? Çünki onların bununla bağlı üzərlərinə heç bir öhdəlik götürməmişlər. Üçüncüsü, 29 iyul 2017-ci il tarixli Aktda onların kənd sakinləri üçün nəzərdə tutulmuş avtomobil yolunun məktəb ərazisinə verilməsinə və həmin yolun əvəzində özlərinə məxsus torpaq sahəsinin kənd sakinlərinin ümumi istifadəsinə verilməsinə razılıq verdikləri qeyd olunmamışdır. Lakin həmin Aktda yolun çəkilməsi ilə bağlı deyil, yalnız mülkiyyətlərində olan 0,03 ha. torpaq sahəsinin məktəb tikintisi üçün verəcəkləri qeyd olunmuşdur ki, həmin torpaq sahəsi də tərəflərindən verilmişdir. (Akt ərizəyə əlavə olunmuşdur) Dördüncüsü, mübahisəli yolla bağlı həqiqət ondan ibarətdir ki, həmin yol tikinti işləri aparmış şirkətin əməkdaşlarının aparmış olduqları dağıntı və qazma işləri nəticəsində dağılmışdır. Həmin işlər nəticəsində hətta onlara məxsus ev də tamamilə uçularaq yararsız hala düşmüşdür. (bununla bağlı fotoşəkillər şikayətə əlavə olunur) Beşincisi, məhkəmə mübahisəli torpaq sahəsinin onların mülkiyyətində olması faktını da nəzərə almamış və bununla da, əsaslı olmamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın əvvəlki iclasında iştirak etmiş cavabdehlərin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etmiş və göstərmişdir ki, işdə olan mütəxəssiz rəyindən görünür ki, mövcud baza məlumatlarına əsasən mübahisəli ərazidə avtomobil yolunun olması nəzərdə tutulmamışdır. Bundan başqa hazırda iddiaçıların tələb etdiyi avtomobil yolu cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinin üzərindən keçir ki, bu da mülkiyyətə müdaxilə edilməklə cavabdehin mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. Apellyasiya baxışında iştirak edən cavabdehlər Cavabdeh1 qızın və Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişlər. Cavabdehlər əlavə olaraq göstərmişdir ki, iddiaçıların iddia etdiyi yol onun mülkiyyətində olan torpaq sahəsinin üzərindən keçir. Bununla razılaşmış və vaxtı ilə məktəbin ərazisi üçün yer vermişlər. Hazırda mövcud olan yolun özü belə onun mülkiyyətinə müdaxilə etmişdir. Lakin onun çəkdiyi çəpər yol üçün güzəşt edilməklə daha arxadan çəkilmişdir. Əslində qeyd edilən mübahisəli yol faktiki olaraq mövcuddur. Belə ki, işə əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin ərzidə yolun eni 4-5 metr, bəzi yerlərdə isə 5-6 metrə çatır. Həmçinin bildirmişdir ki, onlar mülkiyyətində olan torpağın hər hansı bir hissəsini iddiaçılara satmamışlar. Lakin iddiaçılar ondan yol üçün daha çox ərazi istəyirlər. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz hesab etmişlər. Kollegiyanın iclasında iştirak edən iddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 apellyasiya şikayətini əsassız hesab etmişlər. Hesab etmişlər ki, qeyd olunan ərzidə mövcud olan yol darısqaldır, gediş gəliş üçün əlverişli deyil. Həmçinin bildirmişlər ki, oradan avtomobillərin qarşılıqlı olaraq hərəkət etməsi mümkün deyil. Ona görə də hesab edirlər ki, mübahisəli yol cavabdehin torpaq sahəsi hesabına daha da artırılmalıdır. Belə ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsi təxminən 25 sot olduğu halda o 47 sot torpaq sahəsindən istifadə edir. Buna görə də apellyasiya şikayətini təmin etmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Kollegiyanın iclasına dəvət edilmiş Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisi X8 bildirmişdir ki, 22 yanvar 2024-cü il tarixli 3-21-3- 43/2-118/2024 saylı mütəxəssis rəyini digər əməkdaşları ilə birlikdə hazırlamışlar. Qeyd etmişdir ki, elektron baza məlumatlarında həmin ərazidə yol mövcud deyil. Lakin iddiaçıların iddia etdiyi yol cavabdehə məxsus torpaq sahəsinin üzərindən keçir. Yəni hazırda da cavabdehlərin mülkiyyətinə müdaxilə mövcuddur. Həmin hissə mütəxəssis rəyində 0.0138 ha olaraq göstərilmişdir. Həmin mütəxəssis rəyində göstərilən 0.0138 ha və həmin hissədə (göy cizgi aralığında olan hissə) olan cavabdehə məxsus torpaq sahəsi hazırda cavabdeh tərəfindən yola güzəşt edilən hissədir. Bildirmişdir ki, həmin ərazidə mövcud olan yolun eni 4-5 metr, bəzi yerlərdə isə 5-6 metrə çatır. Sadəcə fotoşəkillərdə də əks olunan yol hamar deyil, yəni yol maili formadadır. Bu da yoldan istifadə edənlər üçün çətinlik yaradır. Sadəcə həmin yolun mailliyini endirib, hamarlaşdırmaq lazımdır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən, əsaslılığı cavabdehlərə münasibətdə tam yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin 1 -ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçıların və cavabdehlərin izahatını, məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: İş materiallarına əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti Başçısısnın Livədirqə Kənd Ərazi İcra Nümayəndəliyi tərəfindən Cavabdeh1 qızına verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X3, X10 və X4 həqiqətən də Lerik Rayon Əvilə kənd sakini Cavabdeh1 qızı ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş 29 iyul 2017-ci il tarixli Lerik Rayon əvilə kəndində tətrib edilmiş Aktın surətindən görünür ki, Livədirgə inzibati ərazi dairəsi üzrə nümayəndəsi D.M.Manafov, Livədirgə bələdiyyəsinin sədri N.A.Zardov, Əvilə kənd ümumi-orta məktəbinin direktoru F.G.Qəniyev, XİM ekspertizasinin MMC-nin nümayəndəsi baş mühəndisi A.İ.Şirəliyev və yer və ev sahib Əvilə kənd sakini X5, Əvilə kənd sakini X3 və onun həyat yoldaşı X6 iştirakı ilə akt tərtib edilmişdir. Aktda XİM ekspertizasının MMC-nin nümayəndəsi baş mühəndisi A.İ.Şirəliyev və yer sahibi Əvilə kənd sakini X9 arasında razilaşma ilə Əvilə kənd məktəbinin ərazisi üçün 0.03 ha torpaq sahəsini 2000 manat məbləğində satın alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 22 yanvar 2024-cü il tarixli 3-21-3- 43/2-118/2024 saylı məhkəməyə ünvanlanmış mütəxəssis rəyindən görünür ki; 1) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********61-10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2016-cı il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən cavabdehler Cavabdeh1 qızı və qeyrisinin mülkiyyətlərində olan Lerik rayonu, Əvilə kəndi ərazisində yerləşən 0,259914 ha torpaq sahəsinin sərhədləri müəyyənləşdirilmişdir. Sözügedən torpaq sahəsinin faktiki vəziyyətdə ölçüsünün 0,47 ha olması müəyyən olunmuşdur. 2) Lerik rayonu, Əvilə kənd orta məktəbinin cənub istiqamətində kənd sakinlərinin ümumi istifadəsində olan avtomobil yolunun faktiki olaraq mövcud olması müəyyən olunmuşdur. Baxış zaman həmin avtomobil yolunun məktəbin hasarı ilə sərhəd hissəsi hərəkət üçün əlverişsiz olduğundan kənd sakinlərinin və avtomobillərin gediş-gəlişində çətinliklərin olması müşahidə edilmişdir. "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanına uyğun olaraq, Lerik rayonu ərazisində mövcud olan mülkiyyətçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmiş və Lerik rayonu, Əvilə kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində torpaq sahələri faktiki istifadə vəziyyətinə uyğun təsvir edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı iddiaçılar İddiaçı5 və qeyriləri tərəfindən avtomobil yolu kimi iddia edilən yerdə yol olması müəyyən edilməmişdir. 3) Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı iddiaçılar İddiaçı5 və qeyriləri tərəfindən avtomobil yolu kimi iddia edilən torpaq sahəsinin çox hissəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016cı il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********61-10301 reyestr nömrəli "Texniki Pasporta əsasən cavabdehler X7 və qeyrisinin mülkiyyətlərində olan 0,259914 ha torpaq sahəsinin üzərinə düşməsi müəyyən olunmuşdur. Həmçinin avtomobil yolu kimi iddia edilən torpaq sahəsinin bir hissəsinin cavabdehlər Cavabdeh1 qızı və qeyrisinin faktiki istifadəsində olan bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin üzərinə düşməsi müəyyən olunmuşdur. Həmçinin göstərilmişdir ki, araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********61-10301 reyestr nömrəli "Texniki Pasporta əsasən cavabdehler X7 və qeyrisinin mülkiyyətlərində olan 0,259914 ha torpaq sahəsinin 0.0138 ha hissəsinin faktiki mövcud olan avtomobil yolunun (iddia edilən torpaq sahəsinin şimal istiqamətində) üzərinə düşməsi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş 12 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, xidməti tapşırığa əsasən, Azərbaycan Respublikası Lerik Rayon Məhkəməsinin 2(048)- 300/2023 saylı iş üzrə mübahisəli torpaq sahəsinə mütəxəssis rəyinin verilməsinə dair olan ümumi smeta dəyəri 170 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş 09 aprel 2024-cü il tarixli 3-16-16/2- 10/1142 saylı ekspert rəyindən görünür ki; Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin 22.01 2024-cü il tarixli, 3- 21-3-43/2-118/2024 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət restrindən xx.xx.2016-ci il tarixli ********* qeydiyyat nömrəli Çıxarış və **********61-10301 reyestr nömrəli Texniki Paporta (xx.xx.2016-ci il tarixli vəziyyətə əsasən tərtib olunmuş) əsasən cavabdehlər Cavabdeh1 qızı və qeyrisinin mülkiyyətlərində olan Lerik rayonu, Əvilə kəndi ərazisində yerləşən 0.259914 ha torpaq sahəsinin sərhədləri müəyyənləşdirilmişdir. Sözügedən Torpaq sahəsinin faktiki vəziyyətdə ölçüsünün 0.47 ha olması müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə nəticəsindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2- 118/2024 N№-li mütəxəssis rəyinə əsasən, Lerik rayonu, Əvilə kənd orta məktəbinin cənub istiqamətində kənd sakinlərinin ümumi istifadəsində olan avtomobil yolunun faktiki olaraq mövcud olması müəyyən olunmuşdur. Həmin avtomobil yolunun məktəbin hasarı ilə sərhəd hissəsi hərəkət üçün əlverişsiz olduğundan kənd sakinlərinin və avtomobillərin gediş-gəlişində çətinliklərin olması müşahidə edilmişdir. Qərardadın üçüncü sualları üzrə nəticəsindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2- 118/2024 N№-li mütəxəssis rəyinə əsasən, Lerik rayonu, Əvilə kənd orta məktəbinin cənub istiqamətində kənd sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş avtomobil yolunun cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş ki, 09 aprel 2024-cü il tarixli 3-16-16/2-10/1142 nömrəli bildirişdən görünür ki, ekspertizanın tədqiqatının dəyəri 50 manat təşkil edir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Bundan narazı qalan cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmişlər. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, qətnamə ilə açılması tələb edilən yol onun mülkiyyətinə müdaxilə edir və bununla da onun toxunulmaz mülkiyyət hüququ pozulur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmamışdır. Belə ki, işdə olan mütəxəssis rəyi ilə müəyyən olunur ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı iddiaçılar İddiaçı5 və qeyriləri tərəfindən avtomobil yolu kimi iddia edilən yerdə yol olması müəyyən edilməmişdir. Həmçinin mütəxəssis rəyi ilə müəyyən edilir (xəritədə) ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsinin yolun keçən 0.0138 ha hissəsi və həmin yerdə yolla göy cizgi arasında olan hissə (səh. 55-ki xəritəyə bax) hazırda iddiaçılar tərəfindən yol kimi istifadə olunur. Qısası hazırda cavabdehə məxsus olan torpaq sahəsinin təxminən 0.03 ha hissəsi yol kimi istifadə olunur. Yəni hazırda da cavabdehin mülkiyyətinə müdaxilə var. Lakin cavabdeh vaxtilə bununla razılaşmış və çəpərini şəkildə görsənən kimi daha geridən çəkmişdir. Lakin cavabdehlər bununla razılaşmamış və cavabdehin mülkiyyətində olan torpaq sahəsi hesabına yolun daha da genişləndirilməsini tələb edirlər. Göründüyü kimi iddiaçıların iddiası qanuni və əsaslı deyil, buna görə də onların iddiası təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış məhkəmə araşdırmasının nəticəsi olaraq apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapdığından, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Lerik Rayon Məhkəməsinin 2(048)-156/2024 saylı, 20 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qarşı zəbt olunmuş ümumi istifadədə olan yolun açılması tələbinə dair iddiaları təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı5, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 müştərək qaydada tutularaq Cavabdeh1 qızına və Cavabdeh2 ödənilməlidir. Həmçinin mütəxəssis rəyinin alınması ilə əlaqədar olaraq 170 (bir yüz yetmiş) manat məbləğində pul vəsaiti İddiaçı5, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 müştərək qaydada tutularaq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin hesabına ödənilməli, ekspertizanın keçirilməsi ilə əlaqədar olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti də İddiaçı5, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lerik Rayon Məhkəməsinin 2(048)-156/2024 saylı, 20 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qarşı zəbt olunmuş ümumi istifadədə olan yolun açılması tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı5, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 müştərək qaydada tutularaq Cavabdeh1 qızına və Cavabdeh2 ödənilsin. Mütəxəssis rəyinin alınması ilə əlaqədar olaraq 170 (bir yüz yetmiş) manat məbləğində pul vəsaiti İddiaçı5, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 müştərək qaydada tutularaq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin hesabına ödənilsin. Ekspertizanın keçirilməsi ilə əlaqədar olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı5, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar