Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1648/2023 18.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, Cavabdeh, cavabdehin nümayəndəsi Vəkil2, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin girişindəki maneənin aradan qaldırılması, qanunsuz zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə geri qaytarılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-213/2023 saylı, 01 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının istifadə və sahibliyində olan Beyləqan şəhərində yerləşən 9,9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məcburi olaraq çıxarılması, həmin torpaq sahəsinə girişdəki maneənin aradan qaldırılması, qanunsuz zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Beyləqan şəhərində yerləşən 9,9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində istifadə və sahiblik hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən “X8 Təsərrüfatı” MMC-yə məxsus olmuşdur. Daha sonra, İddiaçı ilə “X8 Təsərrüfatı” MMC arasında (MMC adından X4) Bakı şəhəri 19 saylı Notariat kontorunda təsdiqlənmiş 3M-1059 saylı, xx.xx.2022-ci il tarixli sözügedən torpaq sahəsinin istifadə hüququnun alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd edilən torpaq sahəsinin istifadə hüququnun alqı-satqı müqaviləsinə əsasən Beyləqan şəhərində yerləşən 9,9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində istifadə və sahiblik hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla iddiaçının adına qeydə alınmışdır. Torpaq sahəsinin planı və ölçüsü də tərtib edilmiş və təsdiqlənmişdir. İddiaçı üzərində sahiblik və istifadə hüququnun olduğu torpaq sahəsini təyinatı üzrə istifadə etmək və ondan fayda götürmək istəsə də, cavabdeh tərəfindən maneə və hüquq pozuntusu ilə qarşılaşmışdır. Məlum olmuşdur ki, cavabdeh qeyd edilən torpaq sahəsinə yerləşərək, oraya müxtəlif şəxsləri işçi qismində cəlb etmiş, həmin torpaq sahəsində maldarlıq və əkinlə məşğul olmuşdur. Həmçinin, cavabdeh orada özbaşına tikinti işləri aparmış, tam və yarım tikililər inşa etmiş, yaşı çox olan bəzi ağacları kəsmişdir. İddiaçı qeyd edilən torpaq sahəsinə daxil olmaq istəyərkən maneə ilə rastlaşmışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə girişinin qarşısını almaq üçün girişdə şlaqbaun və süni maneələr yaradılmışdır. Bütün bu qeyd edilən faktlar həyata keçirilmiş foto və video çəkilişlərlə təsdiq olunur. Bütün qeyd olunanlar iddiaçının öz əmlakına münasibətdə sahiblik və istifadə hüquqlarından məhrum edilməsi ilə nəticələnmişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Beyləqan Rayon Məhkəməsinin 2(020)-213/2023 saylı, 01 avqust 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ramiz Nurullayev) iddia qismən təmin edilmiş, cavabdehin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********04 olan xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı istifadəsinə verilmiş 9,9997 hektar torpaq sahəsinin 3,53 ha hissəsindən çıxarılması, həmin torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılmaqla iddiaçının həmin torpaq sahəsinə girişinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pulun 25 manatının cavabdehdən, 25 manatının iddiaçıdan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması, mütəxəssis rəyinin dəyərini təşkil edən iddiaçı tərəfindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MMC-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB**********377********) hesabına ödənilmiş 185 manat məbləğində pulun 85 manatının cavabdehdən alınıb İddiaçı verilməsi, pulun qalan hissəsinin iddiaçının özünə aid edilməsi, dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun 50 manatının cavabdehdən alınıb İddiaçı ödənilməsi, qalan 50 manatın iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin 2(020)-213/2023 saylı, 01 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli qətnaməsi qəbul edilərkən mübahisəli torpaq sahəsinin mülkiyyətçisi “X3 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh arasında bağlanılmış müqaviləyə əsasən 8 ha torpaq sahəsinə dair Birgə fəaliyyət haqqında xx.xx.2023-cü il tarixli müqavilənin olmasına heç bir əhəmiyyət verilməmişdir. Bu isə o deməkdir ki, torpağın mülkiyyətçisi iddiaçı deyil, torpağın mülkiyyətçisi “X3 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bu hala məhkəmə tərəfindən heç bir əhəmiyyət verilməmişdir. Qətnamə qəbul edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə əməl olunmamışdır. Belə ki, iddiaçının cavabdehə qarşı “torpaq sahəsindən məcburi olaraq çıxarılması və maneənin aradan qaldırılması tələbinə dair” təmin olunmuş iddiası ilə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən “X3 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətçi kimi öz əmlakına sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqları kobudcasına pozulmuşdur. Qətnamə qəbul edilərkən Azərbaycan Respublikasında mülkiyyətin toxunulmaz olması və dövlət tərəfindən müdafiə olunması məsələsi nəzərə alınmamışdır. Belə ki, iddiaçının cavabdehə qarşı “torpaq sahəsindən məcburi olaraq çıxarılması və maneənin aradan qaldırılması tələbinə dair” iddiası üzrə mübahisələndirilən torpaq sahəsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən “X3 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan torpaq sahəsidir. “X3 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin isə iştirakı olmadan onun balansında olan torpaq sahəsindən cavabdehin çıxarılması barədə məsələnin həll olunması tamamilə qanusuzdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Birinci instansiya məhkəməsi tərəfindən ədalət mühakiməsi faktlar əsasında həyata keçirilməmişdir. Çünki cavabdehin çıxarılması tələbinin qoyulduğu və iddia edilən torpaq sahəsinin mülkiyyətçisi olan “X3 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətidir. “X3 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti isə məhkəmə prosesinə cəlb olunmamışdır. Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımı şərait yaradır. Məhkəmə tam və obyektiv araşdırma aparmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, çıxarılma tələbinin qoyulduğu və iddia edilən torpaq sahəsinin mülkiyyətçisi olan “X3 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh arasında bağlanılmış birgə fəaliyyət haqqında xx.xx.2023-cü il tarixli müqavilənin olmasına heç bir əhəmiyyət verilməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qətnamə qəbul edilərkən iddia edilən torpaq sahəsinin mülkiyyətçisinin “X3 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti olmasına heç bir əhəmiyyət verilməmişdir. Qətnamə qəbul edilərkən mübahisəli torpaq sahəsinin Beyləqan rayon Aqrar İslahat Komissiyasının 12 avqust 2002-ci tarixli, 123 saylı qərarı ilə “Dostluq Qoyunçuluq üzrə DDKİİ müəssisəsinə qoyunçuluğun inkişaf etdirilməsi üçün verilmiş 6179,20 ha torpaq sahəsinin tərkib hissəsi olması, Beyləqan Rayon İcra hakimiyyətinin Günay kəndli (fermer) təsərrüfatına “Dostluq Qoyunçuluq üzrə DDKİİ müəssisəsinə qoyunçuluğun inkişaf etdirilməsi üçün verilmiş 6179,20 ha torpaq sahəsindən 9,9997 ha torpaq sahəsinin icarəyə vermək səlahiyyətində olub-olmaması məsələsi, Beyləqan şəhəri ərazisində yerləşən 9,9997 ha torpaq sahəsindən istifadə hüququnun verilməsi məsələsinin Bakı şəhərində hansı səbəbdən verilməsi məsələsi, bu hüquqların həyata keçirilməsi məsələsinin şəhid statusunun olmadığı halda həyata keçirilməsində istifadə olunması məsələləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv olaraq araşdırılmamışdır. Qətnamə qəbul edilərkən “Günay kəndli (fermer) təsərrüfatının” ümumiyyətlə fəaliyyət göstərmədiyi nəzərə alınmamışdır. “Günay kəndli (fermer) təsərrüfatına” verilmiş torpaq sahəsinə dair şəhid statusundan istifadə olunaraq yalnız saxta sənədləşdirmə işləri aparılmışdır. Qətnamə qəbul edilərkən Beyləqan Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Şəhid statusundan istifadə olunaraq əvvəl “Dostluq” Qoyunçuluq üzrə DDKİİ müəssisəsinə qoyunçuluğun inkişaf etdirilməsi üçün verilmiş, hazırda isə “X3 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan və Beyləqan şəhəri ərazisində yerləşən 9,9997 ha torpaq sahəsinin Beyləqan rayon sakini olmayan şəxsə mülkiyyətçinin xəbəri və razılığı olmadan başqasının mülkiyyətinə verilməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Qətnamə qəbul edilərkən “Günay kəndli (fermer) təsərrüfatının” icarəsinə verilmiş torpaq sahəsinin mülkiyyətçinin razılığı olmadan başqasının istifadəsinə verilməsinin qanunsuz olmasına heç bir əhəmiyyət verilməmişdir. Qətnamə qəbul edilərkən “Günay kəndli (fermer) təsərrüfatının” icarəsinə verilmiş torpaq sahəsinin sonradan istifadə hüququ adı ilə sənədləşdirilməsi və “X3 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan 6179,20 ha torpaq sahəsindən 9,9997 ha torpaq sahəsinin Beyləqan şəhəri ərazisində yerləşən 9,9997 ha torpaq sahəsindən istifadə hüququnun Beyləqan rayon sakini olmayan şəxsə istifadə hüququ adı satılmasının qanunsuz olmasına, mülkiyyətçinin razılığı olmadan başqasının istifadəsinə verilməsinin qanunsuz olmasına heç bir əhəmiyyət verilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən “X3 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış etdi və əlavə olaraq bildirdi ki, hazırda onun istifadəsində olan torpaq sahəsindən o “X3 və Emal Birliyi” MMC ilə bağlanmış 09 yanvar 2023-cü il tarixli birgə fəaliyyət haqqında müqaviləyə əsasən istifadə edir və istifadə etdiyi torpaq sahəsi həmin MMC-nin balansındadır. Həmin Cəmiyyət isə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərdiyindən onun balansında olan torpaq sahəsi dövlət mülkiyyətindədir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə isə “X3 və Emal Birliyi” MMC-nin mülkiyyət hüququ pozulmuşdur. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamışdır. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 Cavabdeh bildirdikləri ilə razılaşaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mübahisəli torpaq sahəsi Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 12 aprel 1997-ci il tarixli, 35 saylı sərəncamı ilə “Günay” X1 daimi istifadəsinə verilmiş, həmin KFT-nin istifadə hüququ xx.xx.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra, Bakı şəhəri 19 saylı xüsusi notariusunda iddiaçı ilə bağlanmış 3M-1059 saylı, xx.xx.2022-ci il tarixli istifadə hüququnun alqı-satqı müqaviləsi əsasında mübahisəli torpaq sahəsindən istifadə hüququ iddiaçıya satılmış, iddiaçının Beyləqan şəhərində yerləşən mübahisəli 9,9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə hüququ xx.xx.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, həmin torpaq sahəsinə dair iddiaçıya Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilərək verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən isə ekspertiza keçirilərək həmin torpaq sahəsinin 3,53 ha hissəsindən cavabdehin istifadə etməsi halı müəyyən edilərək, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Ona görə də o, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X5 çıxış edərək bildirdi ki, təmsil etdiyi “X3 və Emal Birliyi” MMC-nin mövqeyinə görə, mübahisəli torpaq sahəsi həmin MMC-nin balansındadır. Həmin MMC-nin balansında olan torpaq sahələrinin ümumi ölçüsü respublika üzrə təxminən 96000 hektar təşkil edir. Beyləqan rayonu ərazisində isə MMC-nin balansında olan torpaq sahələrinin ümumi ölçüsü 6400 hektar təşkil edir. Lakin keçən əsrin 90-ci illəri və 2000-ci illərin əvvəllərində MMC-nin balansında olan torpaq sahələrinin bir hissəsi müxtəlif şəxslər tərəfindən zəbt edilmişdir. Hətta həmin torpaq sahələrinin bir hissəsi yaşayış məntəqələrinin torpaqları kimi də istifadə olunur. Hazırda zəbt olunmamış torpaq sahələri ilə bağlı MMC tərəfindən dəqiqləşdirmələr aparılır, bir sıra zəbt olunmuş torpaq sahələri ilə əlaqədar isə məhkəmə mübahisələri mövcuddur. Hazırda mübahisəli torpaq sahəsinin Beyləqan RİHB-nin sərəncamı ilə “Günay” X1 daimi istifadəsinə verilməsi və sonradan istifadə hüququnun iddiaçıya satılması müəyyən olunsa da, bu hal Beyləqan RİHB-nin mübahisəli sərəncamının məhkəmə qaydasında mübahisələndirilməsi imkanını istisna etmir. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin mahiyyətindən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki JN-227, KOD 60701004 nömrəli torpaqdan daimi istifadə hüququna dair Dövlət aktının surətindən görünür ki, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 12 aprel 1997-ci il tarixli, 35 saylı sərəncamı ilə cizgidə göstərilən sərhəd daxilində 10 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi “Günay” kəndli (fermer) təsərrüfatının (X4) istifadəsinə verilmişdir. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli, qeydiyyat nömrəsi ********** olan, daşınmaz əmlakın reyestr nömrəsi **********04 olan Çıxarışın surətindən görünür ki, Beyləqan şəhəri ərazisində yerləşən və dövlət mülkiyyətindəki 9,9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən “Günay” X1 (X4) istifadə hüququ xx.xx.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci ildə A279641 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İşdəki Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, yüklü edilən əmlakın reyestr nömrəsi **********04 olan Çıxarışın surətindən görünür ki, Beyləqan Rayon İcra Hakimiyyətinin mülkiyyətində olan Beyləqan şəhərində yerləşən 9,9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə hüququ Bakı şəhəri 19 saylı xüsusi notariusunun 3M-1059 saylı, xx.xx.2022-ci il tarixli istifadə hüququnun alqı-satqı müqaviləsi əsasında İddiaçı xeyrinə yüklü edilməsi xx.xx.2022-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci ildə A830146 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İşdəki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Beyləqan şəhəri ərazisində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********04 olan xx.xx.2022-ci il tarixli çıxarışla verilmiş 9,9997 hektar torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Cavabdeh tərəfindən Beyləqan şəhəri ərazisində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********04 olan xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı verilmiş 9,9997 hektar torpaq sahəsinin 3,53 ha hissəsi istifadə olunur. Cavabdeh tərəfindən istifadəsində olan torpaq sahəsi barədə hüquqmüəyyənedici sənədlər (yerquruluşu planı və ayrıc aktı və s.) təqdim edilmədiyi üçün istifadə etdiyi torpaq sahəsinin İddiaçı məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarından görünür ki, mütəxəssis rəyinin verilməsi üçün 185 manat vəsait İddiaçı tərəfindən ödənilmişdir. İşdəki 06 iyul 2023-cü il tarixli, 10/4240 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Nəsimi Həsənovun tərtib etdiyi xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-3902/2023 nömrəli mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: 1) İddiaçı mülkiyyətində olan Beyləqan şəhəri ərazisində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********04 olan xx.xx.2022-ci il tarixli çıxarışla verilmiş 9,9997 hektar torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. 2) Cavabdeh tərəfindən Beyləqan şəhəri ərazisində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********04 olan xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı verilmiş 9,9997 hektar torpaq sahəsinin 3,53 ha hissəsi istifadə olunur. 3) Cavabdeh tərəfindən istifadəsində olan torpaq sahəsi barədə hüquqmüəyyənedici sənədlər (yerquruluşu planı və ayrıc aktı və s.) təqdim edilmədiyi üçün istifadə etdiyi torpaq sahəsinin İddiaçı məxsus torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İşdəki birinci tərəf “X3 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ikinci tərəf Cavabdeh arasında 09 yanvar 2023-cü il tarixində bağlanmış 23BF/001/2 nömrəli birgə fəaliyyət haqqında müqavilənin surətindən görünür ki, həmin müqaviləyə əsasən tərəflər öhdələrinə götürmüşlər ki, birgə fəaliyyətin predmetini təşkil edən fəaliyyətin növü ikinci tərəfin təmin etdiyi maddi-texniki baza, təşkilati, insan və maliyyə resursları və müvafiq bilik və bacarıq əsasında, birinci tərəfin təmin etdiyi təsərrüfatın həyata keçirilməsi üçün zəruri biliklər əsasında və istifadə hüququ əsasında malik olduğu torpaq sahəsində (Beyləqan rayonu, xəstəxana yolunun yaxınlığında yerləşən 8 hektar torpaq sahəsi) həyata keçirilir. İşdəki 01 avqust 2023-cü il tarixli, 2(020)-213/2023 nömrəli məhkəmə baxışı iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, “X8 Təsərrüfatı”nın rəhbəridir. Şəhid ailəsi kimi müraciətindən sonra ona 15 ha torpaq sahəsi verilmişdir. Həmin torpağın 5 hektarının sənədi olmuş, qalan 10 hektarını da sonradan sənədləşdirmişdir. Torpaqdan uzun müddət onun razılığına əsasən cavabdeh istifadə etmişdir. Lakin cavabdeh onunla olan razılaşmaya əməl etməmişdir. İddiaçı isə onun yaxın qohumudur. Ona görə də ona (Mahirə Həsənovaya) məxsus təsərrüfatın istifadəsində olan 9,9997 ha torpaq sahəsini Bakı şəhərinin 19 saylı Notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında istifadə üçün İddiaçı satmışdır. Lakin cavabdeh həmin torpaq sahəsindən iddiaçıya istifadə etməyə maneçilik törədir. Halbuki, cavabdehin həmin torpaq sahəsinə heç bir hüququ yoxdur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, JN-227, KOD 60701004 nömrəli torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı ilə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 12 aprel 1997-ci il tarixli, 35 saylı sərəncamı əsasında cizgidə göstərilən sərhəd daxilində 10 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi “Günay” kəndli (fermer) təsərrüfatının (X4) istifadəsinə verilmişdir. Beyləqan şəhəri ərazisində yerləşən və dövlət mülkiyyətindəki 9,9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən “Günay” X1 (X4) istifadə hüququ xx.xx.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. Beyləqan Rayon İcra Hakimiyyətinin mülkiyyətində olan Beyləqan şəhərində yerləşən 9,9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə hüququ Bakı şəhəri 19 saylı xüsusi notariusunun 3M-1059 saylı, xx.xx.2022-ci il tarixli istifadə hüququnun alqı-satqı müqaviləsi əsasında İddiaçı satılmış, mübahisəli torpaq sahəsindən istifadə hüququnun İddiaçı xeyrinə yüklü edilməsi xx.xx.2022-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçının Beyləqan şəhərində yerləşən 9,9997 ha kənd təsərrüfatı təyinatlı mübahisəli torpaq sahəsi üzərində istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – TM-in) 48.1-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativhüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir. TM-in 48.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. TM-in 50.1-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. TM-in 50.4-cü maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir. TM-in 67.1-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. TM-in 67.3-cü maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. TM-in 67.4-cü maddəsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. TM-in 84.1-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. TM-in 84-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. TM-in 111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM-in) 158.1.2-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. MM-in 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. MM-in 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. MM-in 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının Beyləqan şəhərində yerləşən 9,9997 ha kənd təsərrüfatı təyinatlı mübahisəli torpaq sahəsi üzərində istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından və torpaq sahələri üzərində qeydiyyatdan keçmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verildiyindən, iddiaçı üzərində istifadə hüququnun dövlət qeydiyyatına alındığı torpaq sahəsini MM-in 157.2-ci və 158.2-ci maddələrinin tələblərinə uyğun olaraq özgəsinin qanunsuz sahibliyindən geri tələb etməyə haqlıdır. Cavabdeh apellyasiya şikayətində iddiaçının torpaq sahəsi üzərində istifadə hüququnun qanunsuz şəkildə əldə edildiyini bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istifadə hüququnu təsdiq edən sənədlərin etibarlılığı cavabdeh və üçüncü şəxs tərəfindən ayrıca qaydada mübahisələndirilməmişdir. Həmin sənədlərin qanuni yollarla əldə edilib-edilməməsinin müəyyən edilməsi isə hazırkı məhkəmə baxışının predmetinə aid deyil. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının istifadə və sahibliyində olan Beyləqan şəhərində yerləşən 9,9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məcburi olaraq çıxarılması, həmin torpaq sahəsinə girişdəki maneənin aradan qaldırılması, qanunsuz zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsi isə mübahisənin tam, hərtərəfli və obyektiv həll edilməsi məqsədilə iş üzrə xüsusi bilik tələb edən mübahisəli halların aydınlaşdırılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssis rəyinin və 06 iyul 2023-cü il tarixli, 10/4240 nömrəli ekspert rəyinin alınmasını təmin etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyul 2023-cü il tarixli, 10/4240 nömrəli ekspert rəyi ilə müəyyən edilir ki, cavabdeh tərəfindən Beyləqan şəhəri ərazisində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********04 olan xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı verilmiş 9,9997 hektar torpaq sahəsinin 3,53 ha hissəsi istifadə olunur. Məhkəmə kollegiyası rəyləri vermiş mütəxəssis və ekspertin mühəndislik sahəsində xüsusi biliklərinin olmasını nəzərə alaraq, cavabdeh tərəfindən Beyləqan şəhəri ərazisində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********04 olan xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı verilmiş 9,9997 hektar torpaq sahəsinin 3,53 ha hissəsinin istifadə olunmasına dair xx.xx.2023-cü il tarixli məktubla təqdim olunmuş mütəxəssis və 06 iyul 2023-cü il tarixli, 10/4240 nömrəli ekspert rəyləri ilə müəyyən edilmiş həmin halı işin hallarına uyğun sayır. Cavabdeh apellyasiya şikayətində onun istifadəsində olan və iddiaçı tərəfindən iddia irəli sürülən torpaq sahəsinin mülkiyyətçisinin “X3 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti olmasına birinci instansiya məhkəməsi tərəfindən əhəmiyyət verilmədiyini qeyd etmiş, həmin MMC-nin iş üzrə cəlb olunmadığını bildirmişdir. Cavabdehin apellyasiya şikayətinin həmin dəlilini nəzərə alan məhkəmə kollegiyası tərəfindən “X3 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Apellyasiya məhkəməsinin iclasında həmin MMC-nin nümayəndəsi X5 çıxış edərək bildirmişdir ki, təmsil etdiyi “X3 və Emal Birliyi” MMC-nin mövqeyinə görə, mübahisəli torpaq sahəsi həmin MMC-nin balansındadır. Həmin MMC-nin balansında olan torpaq sahələrinin ümumi ölçüsü respublika üzrə təxminən 96000 hektar təşkil edir. Beyləqan rayonu ərazisində isə MMC-nin balansında olan torpaq sahələrinin ümumi ölçüsü 6400 hektar təşkil edir. Lakin keçən əsrin 90-ci illəri və 2000-ci illərin əvvəllərində MMC-nin balansında olan torpaq sahələrinin bir hissəsi müxtəlif şəxslər tərəfindən zəbt edilmişdir. Hətta həmin torpaq sahələrinin bir hissəsi yaşayış məntəqələrinin torpaqları kimi də istifadə olunur. Hazırda zəbt olunmamış torpaq sahələri ilə bağlı MMC tərəfindən dəqiqləşdirmələr aparılır, bir sıra zəbt olunmuş torpaq sahələri ilə əlaqədar isə məhkəmə mübahisələri mövcuddur. Hazırda mübahisəli torpaq sahəsinin Beyləqan RİHB-nin sərəncamı ilə “Günay” X1 daimi istifadəsinə verilməsi və sonradan istifadə hüququnun iddiaçıya satılması müəyyən olunsa da, bu hal Beyləqan RİHB-nin mübahisəli sərəncamının məhkəmə qaydasında mübahisələndirilməsi imkanını istisna etmir. Üçüncü şəxs “X3 və Emal Birliyi” MMC-nin nümayəndəsi Vüqar Quliyevin məhkəmə iclasındakı ifadəsindən də göründüyü kimi, iddiaçının istifadə hüququnun qeydə alındığı mübahisəli torpaq sahəsinin həqiqətən həmin MMC-nin balansında olmasına dair hər hansı sənəd təqdim etməməklə yanaşı, MMC-nin balansında olan torpaq sahələri ilə bağlı MMC tərəfindən dəqiqləşdirilmənin aparıldığı müəyyən edilir. Üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasında bildirdikləri formal mülahizə xarakteri daşıyır və hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını və qanuniliyini şübhə altına almır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi cavabdehin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********04 olan 21 sentyabr 2022-ci il tarixli çıxarışla İddiaçı istifadəsinə verilmiş 9,9997 hektar torpaq sahəsinin 3,53 ha hissəsindən çıxarılması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası bildirir ki, iş materialları ilə cavabdehin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********04 olan 21 sentyabr 2022-ci il tarixli çıxarışla iddiaçının istifadəsinə verilmiş 9,9997 hektar torpaq sahəsinin 3,53 ha hissəsindən qanunsuz istifadə etməsi halı öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsi həmin torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılmaqla iddiaçının həmin torpaq sahəsinə girişinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması nəticəsinə gəlməkdə də haqlı olmuşdur. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pulun 25 manatının cavabdehdən Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması, mütəxəssis rəyinin dəyərini təşkil edən iddiaçı tərəfindən ödənilmiş 185 manat məbləğində pulun 85 manatının cavabdehdən alınıb iddiaçıya verilməsi, dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun 50 manatının cavabdehdən alınıb iddiaçıya ödənilməsi nəticəsinə gəlməklə birinci instansiya məhkəməsi məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-213/2023 saylı, 01 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1648/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1648/2023
18.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver