Məhkəmə qərarları › İş №2(106)-165/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-165/2025

08.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-165/2025 08.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), X1 və Tale Suliddin oğlu Kərimovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi ilə, Lerik Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona və ailəsinə məxsus Barzavu kəndində yerləşən torpaq sahəsinin çəpərə alınmasına edilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Lerik rayonun Barzavu kəndində qeydiyyatda olmaqla orada yaşayır. Həmkəndlisi Cavabdeh1 2019-cu ildən onunla torpaq mübahisəsi olduğundan uzun müddətdir ki, ona məxsus olan torpaq sahəsindən istifadəsinə və torpaq sahəsinin çəpərə alınmasına maneə törədir. Dəfələrlə bir çox orqanlara müraciət etsə də nəticəsi olmamışdır. Cavabdeh 2019-cu ildə İddiaçı və atasını məhkəməyə verərək ona məxsus olan həyətyanı torpaq sahəsinin zəbtdən azad edilməsini tələb etmişdir. Lerik Rayon Məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh1 X10 və X7 Lerik rayon Barzavu kənd ərazisində yerləşən həyətyanı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Əvvəllər cavabdehin iddiası təmin olunmasa da qətnamə çıxan tarixdən iddiaçıya məxsus torpaq sahəsini çəpərləməyə maneəçilik törədir. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin (A.Kiçibəyov) 04 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı məxsus Lerik Rayon Barzavu kəndində yerləşən 0,2 ha həyətyanı torpaq sahəsinin çəpərlənməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən edilən maneələr aradan qaldırılması qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.2ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 6.1, 14.2, 77.1, 217.4, 103.1-cü maddələrinə əsaslanmışdır. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh1 apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, Lerik rayon Məhkəməsi işə baxarkən, cavabdehin məhkəmə iclasında iştirakını təmin etməmiş, iş üzrə heç bir araşdırma aparmadan, iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Lerik rayonu Barzavu kəndi ərazisində Lerik rayon Aqrar İslahatı Komissiyasının 21 oktyabr 1998-ci il tarixli 44 nömrəli qərarı ilə X5 1490.25 kv.metr torpaq sahəsi ayrılmış və X4 mülkiyyətinə verilmişdir. İddiaçıların iddia etdikləri torpaq sahəsi isə məhz həmin texniki pasportda göstərilən, cavabdehə məxsus torpaq sahəsi ilə üst üstə düşür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş 13 iyul 2020-ci il tarixli 10/159 saylı ekspert rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********72-10301 reyestr nömrəli Çıxarış, Texniki pasporta əsasən X6 və onun ailə üzvlərinin mülkiyyətində olan, Lerik rayon Barzavu kəndi ərazisində yerləşən ******* ha həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Lakin həmin ekspert rəyində iddiaçıların tikinti aparmaq istədikləri torpaq sahəsinin ona məxsus torpaq sahəsi ilə üst üstə düşməsi aydınlaşdırılmamışdır. İddiaçıların tikinti aparmaq istədikləri torpaq sahəsi iddiaçılara deyil, cavabdehə məxsus torpaq sahəsində yerləşir. Birinci instansiya məhkəməsi, iddia tələbinin təmin edilməsinin əsası kimi istinad etdiyi Lerik Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli 2(048)-132/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər X10 və X7 zəbtindən azad edilməsi barədə tələbi əsassiz olduğundan təmin edilməməsini əsas gətirsə də, bu qərar iddiaçıların iddia tələbinin təmin edilməsi üçün mötəbər sübut hesab edilə bilməz. Prosessual məsələlər Cavabdeh1 xx.xx.2025-ci il tarixdə vəfat etdiyindən digər cavabdeh onun prosessual hüquqi varisi kimi tanınmışdır. İddiaçı ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etməklə apellyasiya icraatına xitam verilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh2 apellyasiya baxışında iştirak etməmişdir. Kollegiya işə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissədə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda mübahisənin predmeti bölünməz olduğundan şikayət əsasında qətnamə tam yoxlanılır. İddiaçı tələbində göstərmişdir ki, özünə məxsus torpaq sahəsini çəpərə alınmasını həyata keçirmək istərsə də cavabdehlər tərəfindən buna maneələr yaradılır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Mülki Məcəllənin 157.2-ci maddəsinə əsaslanmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İddiaçı mülkiyyətə edilən maneələrlə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsi əsasında iddia vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İddiaçının tələbinin təmin edilməsi üçün iddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmalı, cavabdehlər iddiaçını sahiblik hüququndan məhrum etmədən, ona əmlakından istifadə etməyə maneçiliklər törətməlidir. İddiaçının və cavabdehlərin mülkiyyətində (qanuni istifadəsində) torpaq sahələrinin olub-olmaması, onlara aid torpaq sahələrinin sərhədləri, torpaq sahələrinin (sənəd üzrə) üstüstə düşüb-düşməməsi, sənəd üzrə üst-üstə düşdüyü halda hansı hissədə və ölçüdə üst-üstə düşdüyü və faktiki istifadə edildiyi müəyyən edilmədiyindən apellyasiya baxışında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidmətinin rəyi alınaraq müvafiq mühəndis-exniki ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2025-ci il tarixli, 10/1064 nömrəli rəyinə görə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-928/2025 saylı mütəxəssis rəyinə əsasən, Elektron baza məlumatlarına əsasən araşdırma zamanı Lerik rayonunun Barzavu kəndi ərazisində (mübahisəli ərazidə) İddiaçı mülkiyyətində (qanuni istifadəsində) torpaq sahəsinin aşkar olunmaması müəyyən olunmuşdur. Elektron baza məlumatlarına əsasən araşdırma zamanı Lerik rayonunun Barzavu kəndi ərazisində (mübahisəli ərazidə) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 mülkiyyətində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat və **********72-10301 reyestr nömrəli Çıxarışa əsasən 0,149025 ha torpaq sahəsinin mövcud olması müəyyən olunmuşdur. Həmin 0,149025 ha torpaq sahəsinin sərhədləri (koordinatları) müəyyən edilmişdir (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Mütəxəssis rəyinə əsasən, İddiaçı tərəfindən istifadə edilən mübahisəli 0,015 ha torpaq sahəsinin faktiki vəziyyətə uyğun koordinatları müəyyən olunmuşdur (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Qeyd edilən mübahisəli 0,015 ha torpaq sahəsinin üzərində İddiaçı və ailə üzvlərinə məxsus tövlənin yerləşməsi müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-928/2025 saylı mütəxəssis rəyinə əsasən, elektron baza məlumatlarına əsasən araşdırma zamanı mübahisəli ərazidə İddiaçı Adil oğlunun mülkiyyətində (qanuni istifadəsində) torpaq sahəsinin aşkar olunmaması müəyyən olunmuşdur, İddiaçı tərəfindən istifadə edilən mübahisəli 0,015 ha torpaq sahəsinin koordinatlarının Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinden xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat və **********72-10301 reyestr nömrəli Çıxarışa əsasən cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2 və X3 mülkiyyətində olan 0,149025 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi, elektron baza məlumatlarına əsasən araşdırma zamanı mübahisəli 0,015 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması müəyyən olunmuşdur. Kollegiya ekspert rəyini sübut olaraq qəbul edir. Beləliklə, iddiaçı tərəfindən onun mülkiyyətində, yaxud qanuni istifadəsinə torpaq sahəsinin olması barədə sübut təqdim edilməmişdir. Təqdim edilmiş ekspert rəyinə görə mübahisəli ərazinin iddiaçının mülkiyyətində, yaxud qanuni istifadəsinə olmaması müəyyən edilir. Bununla yanaşı, iddiaçı hazırki tələblə müraciət etmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqeyinə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. ... Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya hesab edir ki, iddiaçı hazırki tələblə çıxış etmək barədə subyektiv hüquqa malik olduğunu, mülkiyyətdən istifadəsinə qəsd və ya manelər edildiyini əsaslandırmamış, birinci instansiya məhkəməsi iddiaçının belə hüquqa malik olduğunu əsaslandırmamışdır. Azərbaycan Respublikasının MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Kollegiya hesab edir ki, iddiaçının mülkiyyətinə dair hüquq müəyyənedici sənəd təqdim edilmədiyindən, iddia subyektiv hüquq olmayan şəxs tərəfindən verildiyindən iddia təmin edilə bilməz. İddiaçı tələbində tərəflər arasında əvvəllər başqa məhkəmə mübahisəsinin olduğuna da əsaslanmışdır. Belə ki, Lerik Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli 2(048)-132/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər X10 və X9 qarşı torpaq sahəsinin zəbtindən azad edilməsi barədə tələbi əsassiz olduğundan təmin edilməmişdir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Lerik Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli 2(048)-132/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər X10 və X9 qarşı torpaq sahəsinin zəbtindən azad edilməsi barədə tələbinin təmin edilməməsi də hazırki iddanın əsaslı olması və təmin edilməsi üçün əsas deyil. Azərbaycan Respublikasının MPM-nin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan və düzgün tətbiq edilmədiyindən qətnamə ləğv edilməli, iddia əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, Məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: Apellyasiya şikayəti təmin edilsin. Lerik Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(048)-454/2024 saylı qətnaməsi ləğv edilsin. İddia təmin edilməsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar