Məhkəmə qərarları › İş №2(106)-1650/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1650/2024

17.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1650/2024 17.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı evdə yaşamağa maneçilik edilməsinin cavabdehlərə qadağan edilməklə evə köçürülmə tələbinə dair mülki iş üzrə Açar sözlər: maneçiliklərin aradan qaldırılmaqla evə köçürülmə. X9 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı evdə yaşamağa maneçilik edilməsinin cavabdehlərə qadağan edilməklə evə köçürülmə tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2(032)-497/2024 saylı qətnaməsindən (hakim Aydan Məmmədli) İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə və digər İddiaçı1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək Şirvan şəhəri Upramxor qəsəbəsində iş üzrə Cavabdeh xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin əvvəllər yaşadığı otaqlarına köçürülməkləri, həmin otaqlarından və evin ümumi birgə istifadədə olan girişi, mətbəx və sanitar qovşağından istifadə etməklərinə iş üzrə Cavabdeh və digər şəxslərin hər hansı bir maneçilik etmələrinin onlara qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, X4 iş üzrə Cavabdeh ilə 13 noyabr 1999cu il tarixdə Əli- Bayramlı şəhər Nikah evində 217 nömrəli akt qeydi əsasında nikahlarını qeyd etdirməklə evlənmişlər. O, gəlin kimi iş üzrə Cavabdeh qeydiyyatda olduğu və hazırda xüsusi mülkiyyətində olan Şirvan şəhəri Upramxor qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və uzun müddət birlikdə yaşamışlar. Onların rəsmi nikahlarından, onlar xx.xx.1999-cu il təvəllüdlü İddiaçı2 və xx.xx.2002-ci il təvəllüdlü İddiaçı1 olaraq anadan olmuşlar. X1 ilə ataları Cavabdeh ilə ailə nikah münaisbətləri birbirinə uyğun gəlmədiyi üçün nikahları mediasiya vasitəsi ilə pozulmuşdur. Həmin günə kimi, onların hər birinin Şirvan şəhəri Upramxor qəsəbəsində ataları Cavabdeh xüsusi mülkiyyətində olan həmin fərdi yaşayış evində öz otaqları olmuşdur ki, onlar həmin otaqlarda ayrı-ayrılıqda yaşayırdılar. Hal-hazırda qeydiyyatda olduqları ünvanda, yəni Şirvan şəhəri Upramxor qəsəbəsində ataları Cavabdeh xüsusi mülkiyyətində olan həmin fərdi yaşayış evində yerləşən otaqlarından, həmin otaqlarda yerləşən əşyalarından istifadə edə bilmirlər, ona görə ki, iş üzrə Cavabdeh evlənmişdir və buna imkan vermir. Sonradan iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə elektron ərizə verərək Şirvan şəhəri ünvan 2 ünvanında yerləşən iş üzrə Cavabdeh xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin əvvəllər yaşadıqları otaqlarına köçürülməkləri, həmin otaqlarından və evin ümumi birgə istifadədə olan girişi, dəhliz, qonaq otağı, mətbəx və sanitar qovşağından sərbəst istifadə etməklərinə iş üzrə Cavabdeh və digər şəxslərin hər hansı bir maneçilik etmələrinin onlara qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı etiraf etməmiş, izahat verərək bildirmişdir ki, 2018-ci ildən oğlu İddiaçı2, 2019- cu ildə isə qızı İddiaçı1 evdən çıxaraq Bakı şəhərinə işləməyə getmişlər. Həmin vaxtdan Bakı şəhərində, Razin qəsəbəsində kirayə yaşamışlar. Sonuncu dəfə oğlu nənəsigilə gəlmiş, içkili vəziyyətdə onun evinə gələrək mübahisə yaratmışdır. İddianın təmin edilməməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2(032)-497/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 Şirvan şəhəri M.Füzuli küçəsi 1 saylı evin 1 nömrəli mənzilinə köçürülməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, mübahisə predmeti olan Şirvan şəhəri M.Füzuli küçəsi 1 saylı evin 1 nömrəli mənzili iş üzrə cavabdehin xüsusi mülkiyyətindədir, onun birinci nikahdan olan iş üzrə iddiaçıların anası Sevinc Abdullayeva ilə ailə nikah münasibətləri pozulmuş, ikinci dəfə ailə həyatı quraraq iş üzrə cavabdeh həmin mənzildə yaşayır. İş üzrə iddiaçılar həmin fərdi yaşayış evində doğulmuş, hal-hazırda qeydiyyatda olsalarda iş üzrə cavabdeh onları zorla həmin mənzildən çıxarmış, bu barədə iddiaçı həmin gün, yəni xx.xx.2022-ci ildə Şirvan şəhər Polis şöbəsinə atası ilə aralarında mənzil mübahisəsi olması barədə şikayəti üzrə müvafiq araşdırma aparılmışdır. Həmin araşdırmanı iş materiallarından açıq-aşkar görmək olar. Həmin sənədlər məhkəməyə təqdim edilsədə, məhkəmə həmin sübut üzrə heç bir araşdırma aparmadan ona qiymət verməmişdir. İkincisi ona görə ki, iş materiallarına əlavə edilmiş video çəkilişdən görünür ki iddiaçılar qeydiyyatda olduqları bu mənzildə doğulduqları gündən mübahisə düşənə kimi ayrı-ayrılıqda yaşamışlar. Hər birinin şəxsi əşyaları həmin mənzildədir. Onlar iş üzrə cavabdeh tərəfindən zorla həmin mənzildən çıxarılmışlar, hazırda iddiaçıların qeydiyyatda olduqları mənzildən başqa yaşamağa yerləri yoxdur. Bundan başqa münahisə predmeti olan fərdi yaşayış evi təkcə otaqdan ibarət deyil. Həmin fərdi yaşayış evinin mətbəxi, qonaq otağı, dəhliz və sanitar qovşağından ibarətdir. Hal-hazırda tərəflər arasında mübahisə olduğundan, iş üzrə iddiaçılar cavabdeh tərəfindən həmin mənzildən zorla çıxarılmışlar. Bu hallar üzrə məhkəmə heç bir araşdırma aparmadan və ya bu sənədlərə hüquqi münasibət bildirmədən, icrası qeyri-mümkün olan qətnamə qəbul etmişdir. (Bunu şikayətə əlavə etdiyi Şirvan şəhər məhəməsinin digər bir qətnaməsinin icrasından açıq – aşkar görmək olar) Yuxarıda göstərdiyi işin faktiki halları və sübutlar əsasında hesab edir ki, icrası mümkün olmayan Şirvan Şəhər məhkəməsi 19 iyul 2024-cü il tarixli, 2(032)- 497/2024 saylı qətnaməsi qismən ləğv edilməli, iddia tələbinin təmin edilməyən hissədə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Digər İddiaçı1 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və idddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Apellyasiya şikayəti digər iddiaçının şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddianın otaqlardan və evin ümumi birgə istifadədə olan girişi, mətbəx və sanitar qovşağından istifadə etməklərinə iş üzrə Cavabdeh və digər şəxslərin hər hansı bir maneçilik etmələrinin onlara qadağan edilməsi hissəsində təmin edilməməsi qətnamənin gələcəkdə icra olunmaması ilə nəticələnəcəkdir. Çünki, iddiaçıların anası X3 qeyd edilən mübahisəli evə köçürülməsi ilə bağlı qətnamə çıxarılmış, lakin icrası zamanı müəyyən problemlər yaranmışdır. Belə ki, həmin qətnamədə otaqlardan və evin ümumi birgə istifadədə olan girişi, mətbəx və sanitar qovşağından istifadə etməsi qətnamə ilə müəyyən olunmadığından S.Abdullayeva həmin evdə yaşamaqla evin digər köməkçi sahələrindən istifadə etməkdə müəyyən çətinliklər yaranır. Buna görə də düşünür ki, hazırkı iddiaçıların da qeyd edilən evə köçürüldüyü zaman problemlər yaranacaqdır. Ona görə də iddianın təmin edilməyən hissədə də təmin edilməsini xahiş edir. Cavabdeh apellyasiya şikayətlərinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, keçmiş həyat yoldaşı X3 mübahisəli evə köçürülməsi barədə qətnamə olsa da o evə köçürülməsini istəməmiş və hazırda da həmin evdə yaşamır. Ümumiyyətlə hazırkı iddiaçıların və onların anasının evə köçürülərək yaşamasına heç bir etirazı yoxdur. Lakin onlar ümumiyyətlə mübahisəli evə köçmək istəmirlər. Belə ki, iddiaçılar Bakı şəhərində yaşamaqla orada işləyirlər. İddiaçılar bu cür iddia qaldırmaqla ona təsir edib, pul almaq istəyirlər. Bildirirlər ki, 20000-25000 manat pul ver iddialarından əl çəksinlər. Qeyd etmişdir ki, mübahisəli ev ona vərəsəlik yolu ilə keçmiş və 2 otaqdan ibarətdir. Sonradan həmin evdə tikinti işləri apararaq daha 2 otaq da inşa etmişdir. Yenə qeyd etmişdir ki, iddiaçıların və onların analarının köçərək evdə yaşamasına etiraz etmir. Lakin köçüb gələrkən qaz, su və işıq üçün ayrıca sayğac qoyaraq yaşamalarını istəyir. Amma iddiaçılar ümumiyyətlə evə köçməkdə maraqlı deyillər. Onların məqsədi ondan kompensasiya olaraq pul almaqdır. Digər İddiaçı1 apellyasiya baxışında iştirak etməmişdir. O, məhkəməyə ərizə göndərərək, üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Kollegiyası işə, digər iddiaçının iştirakı olmadan baxılmasını, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsi xahiş edildiyindən, qətnamənin qanunauyğunluğu iddiaçılara münasibətdə, iddianın təmin edilməyən hissəsində apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM-in) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-in 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin məcəllənin 158.4-cü maddəsinə görə isə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. MPM-in 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarında qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-bülluğa çatmamış uşaqlarını köçürmək hüququna malikdirlər. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla birlikdə ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. MM-in 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər.Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir.Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə riayət edilməsi tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsi eyni zamanda nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Mülki Məcəllənin 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1- ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun adıçəkilən 27 may 2008-ci il tarixli qərarına görə Mülki Məcəllənin 228.5-ci maddəsinə dair verilmiş şərhindən göründüyü kimi mülkiyyətçinin ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) mülkiyyətçi ilə birgə onunla bərabər yaşayış sahəsindən istifadə hüququna o halda malikdirlər ki, mülkiyyətçinin icazəsi ilə yaşayış sahəsinə köçərək mülkiyyətçi ilə orada onların birgə yaşayış halı təsdiq edilsin. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçıların apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şirvan şəhəri Məhəmməd ünvan 4 ünvanında yerləşən mənzili xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrə ilə Cavabdeh adına qeydiyyata alınmışdır. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.2002ci ildə Əli-Bayramlı şəhərində anadan olmuşdur. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1999cu ildə Əli-Bayramlı şəhərində anadan olmuşdur. Şirvan Şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(032)-1468/2022 saylı qətnaməsindən görünür ki, X2 Şirvan şəhəri M.Füzuli küçəsi ev 1 mənzil ünvanına köçürülməsi və onun evdən sərbəst istifadəsinə hər hansı bir maneçilik edilməsi iş üzrə Cavabdeh qadağan edilməsi qət edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)-581/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şirvan şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(032)- 1468/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçıların apellyasiya şikayətlərinin dəlilləri əsaslı deyil, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, maddi və prosessual hüquq normalarına riayət etmişdir. İddiaçılar iddianın təmin edilməyən hissəsini mübahisələndirirlər. Əsasən onlar əvvəllər evdə yaşadıqları otağa köçürülmələrini və giriş, mətbəx və sanitar qovşaqdan istifadələrinə maneələrin aradan qaldırılmasını xahiş edirlər. Məhkəmə Kollegiyası şikayətin dəlillərinə münasibət bildirərək, qeyd edir ki, şikayətdə qeyd edilən məsələlər icra mərhələsində həll olunan məsələdir, bu məsələlər icra mərhələsində həll olunmalıdır. Məhkəmə qətnaməsi evin konkret otağına köçürülməni ehtiva edə bilməz, belə olan halda digər tərəfin mülkiyyət hüquqları pozula bilər. Evə köçürülmənin özü evin otaqlarından, onun ümumi birgə istifadədə olan girişindən, mətbəxindən və sanitar qovşağından istifadə etməni nəzərdə tutmaqla onları ehtiva edir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin tələblərinə görə tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu tərəfindən könüllü icra üçün icra məmurunun müəyyən etdiyi müddətdə icra edilmədikdə, köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru tələbkarın icra sənədində göstərilmiş yaşayış və ya qeyri-yaşayış sahəsinə maneəsiz daxil olmasını və orada yaşamasını (olmasını) təmin edir. Borclu tələbkarın köçürülməsi haqqında icra sənədinin icrasına mane olduqda, icra hərəkətləri hal şahidlərinin iştirakı ilə həyata keçirilir, zəruri hallarda isə icra məmuru müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət edir. Tələbkarın yaşamasına (olmasına) borclu tərəfindən sonradan maneçilik törədildikdə, icra məmuru bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. Tələbkarın köçürülməsi haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. Tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsindən maneəsiz istifadə etmək imkanı təmin olunduqda, icra sənədi icra edilmiş sayılır. Tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Tələbkarın yaşamasına (olmasına) maneçilik törədən şəxs icra sənədində göstərilən borclu şəxs olmadıqda, icraat təzələnə bilməz. Bu halda köçürülmə haqqında məsələ məhkəmə qaydasında həll olunur. Həmin Qanunun 82-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən iddiaçıların evin otaqlarından və evin ümumi birgə istifadədə olan girişi, mətbəx və sanitar qovşağından istifadə etmələrinə iş üzrə Cavabdeh tərəfindən hər hansı bir maneçilik etmələrinin ona qadağan edilməsi qətnamənin icrası zamanı həll edilməli olan məsələlərdir. Məhkəmə kоllegiyаsı hesаb edir ki, аpellyаsiyа şikаyətlərində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğvi üçün əsаs оlа bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlərdən düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların apellyasiya şikayətlərində göstərdilkləri dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi tərəflərə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cаvаbdehə münasibətdə ləğv edilə bilməz. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçıların apellyasiya şikayətləri təmin edilmədiyindən, apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumları iddiaçıların özlərinə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə və İddiaçı1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2(032)-497/2024 saylı qətnaməsi İddiaçı2 və İddiaçı1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar