Məhkəmə qərarları › İş №2(106)-1658/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1658/2023

16.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1658/2023 16.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Mayılov Samir İlham oğlu və X1 ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(050)975/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(050)-975/2023 saylı qətnaməsinə əsasən Cavabdeh, azyaşlı uşaqları X3, X2 və şəxsi əşyaları ilə birlikdə İddiaçı məxsus Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən 0.4 ha (400 kv.m) torpaq sahəsindən və üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılmaları, Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən 0.4 ha (400 kv.m) torpaq sahəsindən və üzərində inşa edilmiş fərdi yaşayış evindən İddiaçı maneəsiz istifadə etmək hüququnun təmin edilməci və onun istiadəsinə yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Masallı Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(050)975/2023 saylı qərardadı ilə, apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bundan sonra, yəni 18 avqust 2023-cü il tarixdə Cavabdeh vəstətlə məhkəməyə müraciət edərək Masallı Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(050)-975/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxilmış müddəti üzürlü hesab edib bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(050)975/2023 saylı qərardadı ilə, vəsatətin təmin edilməməsi, qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh şikayət vermişdir. Masallı Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(050)975/2023 saylı qərardadı ilə, şikayətin təmin edilməməsi, Cavabdeh Masallı Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(050)-975/2023 saylı qərardadından vermiş olduğu şikayət əsassız olduğundan təmin edilməməsi, şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə ərizənin təmin edilməməsini qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etməməsi ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Birinci instansiya məhkəməsinə Cavabdeh müddətin bərpası barədə ərizə vermiş, ərizəni onunla əsaslandırmışdır ki, səhhəti ilə əlaqədar apellyasiya şikayəti vermək üçün prosessual müddəti ötürmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktından apellyasiya instansiya məhkəməsinə şikayət etmək hüququ cavabdehin konstitusion hüququdur və o, bu hüququnu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə istifadə edə bilər. İş materiallarından Masallı Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(050)-975/2023 saylı qətnamənin surəti tərəflərə xəbərnaməli poçt vasitəsi ilə göndərilmiş və 20 may 2023-cü il tarixdə Cavabdeh təqdim edilmişdir. MPM-nin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 ay müddətində verilə bilər. Cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş 1 ay müddətini ötürmüş, bu müddət 2 ay 18 gün sonra, yəni 18 avqust 2023-cü il tarixdə apellyasiya şikayəti və buraxılmış müddətin bərpasına dair ərizə verilmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh qanunvericiliyin ona verdiyi imkanlardan qanunla müəyyən olunmuş qaydada və müddətdə istifadə etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kollegiyası cavabdehin qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəsinin (vəsatətin) dəlillərini araşdıraraq və işi nəzərdən keçirərək hesab edir ki, qeyd edilən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət bərpa edilməsinə dair ərizə (vəsatət) rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi ərizəni müzakirə edərək, iş materiallarında olan müvafiq sənədləri araşdıraraq hesab etmişdir ki, ərizə əsassızdır. Belə ki, Cavabdeh Masallı Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(050)-975/2023 saylı qətnaməsinin surətini 11 may 2023-cü il tarixində göndərilmişdir. Qətnaməni rəsmi qaydada cavabdeh 20 may 2023-cü il tarixdə almışdır. Həmçinin mülki iş icraya yönləndirilmiş və 18 iyul 2023-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Cavabdeh apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti üzrsüz səbəbdən ötürmüşdür. Cavabdehin vəsatətində xəstəliyi ilə bağlı apellyasiya şikayəti verə bilməməsini göstərsə də xəstəliyi ilə bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, qanunla müəyyən edilmiş prosessual müddət, işdə iştirak edən şəxsin ərizəsi əsasında hər bir halda deyil, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə bərpa edir. Sadalanan qanunvericilik aktı normalarına əsasən kollegiya hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilmə müddəti ötürüldüyündən və həm də üzrsüz səbəbdən ötürüldüyündən, cavabdehin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsi qənaətinə gələrkən prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397,398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(050)975/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar