Məhkəmə qərarları › İş №2(106)-1659/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1659/2025

13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1659/2025 13.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsəsindən tutulması” tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-109/2025 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsəsindən tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, X1 vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, BPM**********85 saylı kredit müqaviləsinə əsasən 11.745,50 manat əsas, 109,63 manat cərimə borcu olmaqla, cəmi 11.855,13 manat borc; eyni zamanda xx.xx.2022-ci il tarixli BPM**********78 saylı Tam kart müqaviləsinə əsasən kredit limiti üzrə 299,51 manat əsas borc, 4,37 manat faiz borcu olmaqla, cəmi 303,88 manat kart kredit borcu olmaqla, ümumilikdə 12.159,01 manat və ödənilmiş 126,48 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X7 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, BPM**********85 saylı kredit müqaviləsinə əsasən ona illik 21%-lə, 48 ay müddətinə 14.700 manat nağd kredit və xx.xx.2022-ci il tarixli, BPM**********78 saylı Tam kart” müqaviləsinə əsasən 24%-lə, 36 ay müddətinə 300 manat məbləğində kart kredit limiti verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələri ilə razılaşdırmışlar ki, borcalan bu müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin, xx.xx.2024-cü il tarixdə borclu X7 vəfat etmiş və bundan sonra qrafik üzrə ödənişlər aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********85 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 11.745,50 manat əsas, 109,63 manat cərimə borcu olmaqla, xx.xx.2022-ci il tarixli, BPM**********78 saylı Tam kart müqaviləsinə əsasən kart kredit limiti üzrə 299,51 manat əsas borc, 4,37 manat faiz borcu olmaqla, ümumilikdə 12.159,01 manat borcu yaranmışdır. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu X4 vərəsəsi Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsində icraat Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-109/2025 saylı qətnaməsi ilə (hakim G.Əkbərli) iddia qismən təmin edilmiş, Cavabdeh 5102,41 (beş min yüz iki manat qırx bir qəpik) manat borc və xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 71,42 (yetmiş bir manat qırx iki qəpik) manat məbləğində pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilməsi, keçirilmiş ekspertiza xərcinin əvəzi olan 350 (üç yüz əlli) manatın Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (Rabitəbank, VÖEN **********, AZ74RBTA********************, kod 507280, Müxbir hesab AZ61NABZ**********0000006944, S.W.İ.F.T. RBTAAZ22) ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; - "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********78 nömrəli tam kart hesabı müqaviləsinə əsasən müəyyən edilmişdir ki, bank borcalana bank hesabı açmağı, ikitərəfli kredit kartı (“Tam kart”) təqdim etməyi və kartın qüvvədə olduğu müddətə illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 15.000 manat məbləğində kredit limiti ayırmağı, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. - İş materiallarına əlavə edilmiş “Bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşma”dan müəyyən edilmişdir ki, həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixdə X5 300 (üç yüz) manat limit təyin edilmişdir. - "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********85 saylı kredit müqaviləsinə əsasən müəyyən edilmişdir ki, bank tərəfindən X5 illik 21% dərəcəsi ilə, 48 ay müddətinə 14.700 manat manat nağd kredit verilmiş, borcalan müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kredit məbləğini və ona hesablanan faizləri ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışlarına əsasən müəyyən edilmişdir ki, borcalan X4 xx.xx.2023-cü il tarixli, BPM**********85 saylı kredit müqaviləsi üzrə 11.745,50 manat əsas, 109,63 manat cərimə borcu olmaqla, cəmi 11.855,13 manat borc; xx.xx.2022-ci il tarixli, BPM**********78 saylı Tam kart müqaviləsinə əsasən kart kredit limiti üzrə 299,51 manat əsas borc, 4,37 manat faiz borcu olmaqla, cəmi 303,88 manat kart kredit borcu olmaqla, ümumilikdə iki müqavilə üzrə 12.159,01 manat borcu qalmışdır. - Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZİİ seriyalı, 393169 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilmişdir ki, X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. - Hacıqabul rayon notariat ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 2V-416 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi Cavabdeh müəyyən edilmiş və onun miras əmlakı mərhum X6 "xxxx" QSC-nin İnfrastruktur departamentinin Elektrik təchizatı xidməti tərəfindən ödəniləcək son haqq hesabı, yəni 4092,18 (dörd min doxsan iki manat on səkkiz qəpik) manat pul vəsaiti va Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniləcək əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, yəni 1010,20 (min on manat iyirmi qəpik) manat pul vəsaitindən ibarət olmuşdur. Məhkəmənin sorğusuna əsasən verilmiş "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, miras əmlaka daxil olan 5102,41 (beş min yüz iki manat qırx bir qəpik) manat pul vəsaitinin 4092,18 (dörd min doxsan iki manat on səkkiz qəpik) manat olan hissəsi işçinin son haqq-hesabına görə Azərbaycan Dəmir Yolları tərəfindən, 1010,23 (min on manat iyirmi üç qəpik) manat hissəsi isə xəstəlik vərəqələrinə əsasən Dövlət Sosial Müdafiə Fondu tərəfindən mərhumun vərəsəsinə ödənilmişdir. Eyni zamanda qeyd olunur ki, X1 “dəfn üçün sosial müavinət” məbləği vərəsəsi tərəfindən ölüm haqqında arayış və dəfn üçün müvafiq bələdiyyə tərəfindən verilən arayış təqdim edilməməsi səbəbindən DSMF-yə müavinətin ödənilməsi ilə bağlı müraciət göndərilməmişdir. Cavabdehin mərhum atasının dəfni və yas mərasimlərinə sərf edilə biləcək vəsaitin orta bazar qiymətinin müəyyən edilməsi məqsədilə, məhkəmənin xx.xx.2025-ci il tarixli, e2(071)-109/2025 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-nin ekspertlərinə (mütəxəssislərinə) həvalə edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən müəyyən edilmişdir ki, 2024-cü il ərzində Hacıqabul şəhərində mövcud olmuş qəbir daşı, 3, 7 və 40 yas mərasimləri üçün çəkilən minimal xərclər və X4 qəbir daşının orta bazar dəyəri aşağıdakı kimi müəyyən edilmişdir: 1)qəbir daşı üçün – 980 manat; 3, 7 və 40 yas mərasimləri üçün – 2560 manat; 2) X4 qəbir daşının orta bazar dəyəri – 1270 manat təşkil edir. (xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 350 manat məbləğində qiymətləndirilmiş və tərəflər ödəniş etməmişdir.) X1 digər vərəsələrinin olub-olmamasını, eyni zamanda onun mülkiyyətində və ya qanuni istifadəsində miras əmlakının aktivinə daxil ola biləcək hər hansı əmlakının olubolmamasını müəyyənləşdirmək məqsədilə aidiyyəti orqanlara sorğular göndərilmişdir. Verilmiş sorğular əsasında Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X1 nikahdan 3 övladı doğulmuş, digər iki övladı vəfat etmiş onun yeganə vərəsəsi cavabdeh Mələk (Quliyeva) Dadaşovadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Regional Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli məktubdan müəyyən edilmişdir ki, X1 adına hər hansı daşınmaz əmlak aşkar edilməmişdir. Hacıqabul Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli məktubdan müəyyən edilmişdir ki, X1 vəfatından əvvəl adına dövlət reyestrində qeydiyyata alınmayan, lakin faktiki istifadəsində olmuş hər hansı daşınar və ya daşınmaz əmlakın olub-olmaması barədə hər hansı məlumat daxil olmamışdır. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli məktub və ona əlavə edilmiş çıxarışdan müəyyən edilmişdir ki, X1 adına xx.xx.2022-ci il tarixdə “VAZ-2103” markalı (1978-ci il istehsalı) **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə qeydiyyata alınmış, xx.xx.2025-ci il tarixdə onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Məhkəmə tərəfindən 1978-ci il istehsalı olan “VAZ-2103” markalı nəqliyyat vasitəsinin orta bazar qiymətinin müəyyən edilməsi üçün respublika üzrə satışda olan nəqliyyat vasitələrinin axtarış saytı kimi qəbul edilmiş “Turbo.az” vasitəsilə aparılan təhlillərdən müəyyən edilmişdir ki, eyni xüsusiyyətli nəqliyyat vasitələrinin dəyəri ortalama 2100-4300 aralığında dəyişir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə X7 arasında kredit müqavilələri bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilələr üzrə öhdəliyini icra etməmişdir. Müqavilələr üzrə öhdəliyin icra edilməməsi səbəbi borclunun vəfat etməsi olmuşdur. Borclunun miras əmlakı iş üzrə Cavabdeh tərəfindən qəbul edilmişdir və o, borclunun yeganə vərəsəsidir. Hazırda işin mübahisəsiz halı odur ki, X1 miras aktivinə daxil olan sonuncu iş yeri üzrə "xxxx" QSC-nin İnfrastruktur departamentinin Elektrik təchizatı xidməti tərəfindən ödəniləcək son haqq-hesabı, yəni 4092,18 (dörd min doxsan iki manat on səkkiz qəpik) manat pul vəsaiti və Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniləcək əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, yəni 1010,20 (min on manat iyirmi qəpik) manat pul vəsaitini onun qanun üzrə yeganə vərəsəsi olan Cavabdeh qəbul etmişdir. Həmçinin məhkəmə tərəfindən verilmiş sorğular əsasında müəyyən edilmişdir ki, X1 ölümündən öncə 2022-ci ildən mülkiyyətində 1978-ci il istehsalı olan “VAZ-2103” markalı nəqliyyat vasitəsi mövcud olmuş və həmin nəqliyyat vasitəsi onun ölümündən 11 gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən satılmışdır. Məhkəmə iclasında verdiyi izahatında cavabdeh qeyd olunan faktı təsdiq etmiş və həmin nəqliyyat vasitəsinin 3000-4000 manat aralığında satılmasını, əldə edilmiş gəlirin isə mərhumun müalicəsinə və dəfn xərclərinə sərf edilməsini bildirmişdir. Lakin cavabdeh buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Odur ki, məhkəmə 11 gün ərzində mərhumun xəstəliyi ilə bağlı müalicəsinə 3000-4000 manat pul vəsaitinin xərclənməsini inandırıcı hesab etmir. Bununla yanaşı qeyd olunan nəqliyyat vasitəsi ilə eyni əlamətlərdə olan avtomobilin orta bazar qiyməti ilə bağlı “Turbo.az” saytında mövcud qiymətləri və cavabdehin özünün məhkəmə iclasında verdiyi izahatı nəzərə alaraq məhkəmə hesab etmişdir ki, nəqliyyat vasitəsindən əldə edilmiş 3000-4000 manat aralığında olan vəsaiti cavabdeh faktiki olaraq qəbul etdiyindən həmin vəsait də mərhumun miras əmlakının aktivi kimi qəbul edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən verilmiş sorğular əsasında mərhumun hər hansı digər daşınar və ya daşınmaz əşyası, yəni miras əmlakına daxil ola biləcək aktivi aşkar edilməmişdir. Məhkəmə həmçinin qanunvericiliyin tələbini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı onunla X7 arasında yaranmış kredit münasibətlərindən irəli gələn borcun X4 qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən yeganə vərəsəsi kimi müəyyən edilmiş Cavabdeh tutulmasını tələb etməkdə haqlıdır. Daha sonra məhkəmə qeyd etmişdir ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Həmçinin miras əmlakdan xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi üçün lazımi xərclər ödənilə bilər ki, bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Dolayısı ilə miras əmlakdan ilkin olaraq miras qoyanın müalicəsinə və dəfninə sərf edilən vəsait ödənilməli, bundan sonra digər kreditorlar qarşısında olan öhdəliklər təmin oluna bilər. Hazırki iş üzrə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, mərhumun ölümündən əvvəl onun mülkiyyətində olan nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsindən 3000-4000 manat vəsait əldə edilmiş, həmin vəsait vərəsə Cavabdeh tərəfindən faktiki olaraq qəbul edilmişdir. Eyni zamanda məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, mərhum dəfn edilməklə qəbir daşı qoyulmuş və həmin daşın mütəxəssis rəyinə əsasən orta bazar qiyməti 1.270 manat, 3,7,40 marasimlərinə sərf edilə biləcək vəsait isə 2.560 manat təşkil edir. Cavabdeh tərəfindən isə sərf edilən xərclərlə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə cavabdehin qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə əldə etdiyi 5102,41 (beş min yüz iki manat qırx bir qəpik) manat vəsaitin mərhumun ölümündən öncə qulluq xərcləri, dəfn xərcləri və yas mərasimlərinə sərf etməsi ilə bağlı iddiasını qəbul etmir. Belə ki, mərhumun ölümündən 11 gün öncə nəqliyyat vasitəsinin satışı ilə bağlı əldə edilmiş vəsait ona xəstəliyi dövründə qulluq xərcləri, eləcə də mütəxəssis rəyinə əsasən Hacıqabul rayon ərazisi üçün mövcud olan dəfn xərcləri və yas mərasimlərinə sərf ediləcək xərclərə mütənasib olaraq kifayət edir. Məhkəmə hesab etmişdir ki, nəqliyyat vasitəsinin satışından əldə edilmiş vəsait miras əmlakının aktivinə daxil olmaqla, mərhumun ölümündən öncə ona xəstəliyi dövründə qulluq xərcləri, ölümündən sonra dəfn xərcləri və yas mərasimlərinə sərf edilmiş xərclərin əvəzi olaraq qəbul edilməlidir. Hansı ki, həmin xərclər MM-nin 1249-cu maddəsinin tələbi baxımından miras qoyanın digər kreditorlar qarşısında olan öhdəliklərindən daha əvvəl ödənilməlidir. Göstərilənlərə əsasən qeyd olunan vəsaitə münasibətdə iddia tələbi təmin edilə bilməz. Digər tərəfdən, iş materiallarında olan vərəsəlik haqqında şəhadətnamədən müəyyən edilir ki, mərhum - X4 miras əmlakı onun iş yerindəki son haqq-hesabından və xəstəlik vərəqələrinə əsasən ödənilmiş vəsaitdən ibarətdir. Məhkəmə bu halı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarını nəzərə alaraq hesab etmişdir ki, nə qədər ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras aktivinin həcmi ilə müəyyən edilir və hazırda cavabdeh – vərəsənin qəbul etdiyi miras əmlakın həcmi 5102,41 manatdan ibarətdir, bu halda əsas borclunun vərəsəsi olaraq cavabdehdən yalnız həmin həcmdə borc tutula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olan 71,02 manat və bank xidmətinin əvəzi olan 0,40 manat Cavabdeh iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu qalan hissədə təmin edilməməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5102,41 (beş min yüz iki manat qırx bir qəpik) manat borc və xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 71,42 (yetmiş bir manat qırx iki qəpik) manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə ekspertiza xərci məsələsini müzakirə edərkən hesab etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən keçirilmiş ekspertiza xərcinin əvəzi olan 350 (üç yüz əlli) manat pul məbləği Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 405.1, 739.1, 739.2, 442, 448.1, 1133.1, 1134.1, 1159.1.1, 1151.1, 1243, 1256, 1306.1, 1306.4, 1306.5, 1157, 1249-cu maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 117.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472- ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıdığını əsas gətirmişdir. Məhkəmə vərəsənin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə vəzifəsinin olmasına baxmayaraq, vərəsəlik üçün müraciət etmiş vərəsənin yalnız "xxxx" QSC-dən 5102.45 manat pul vəsaitinin və onun adına olmuş avtomobilin dəyəri ilə, eyni zamanda bununda mərhumun dəfn xərclərinə xərclənməsini əsas götürərək iddianı qismən təmin etmişdir. Miras qoyanın borclarının mirasdan çox olduğunu cavabdeh sübut etməli olsa da, məhkəməyə mərhumdan qalan miras kütləsinin bununla yekunlaşması barədə heç bir sübut təqdim etməmiş və məhkəmə də bununla bağlı cavabdehə hər hansı sübutun təqdim edilməsini təklif etməmişdir. Bundan əlavə məhkəmə tərəfindən edilən sorğulara münasibətdə qeyd edilməlidir ki, cavabdeh bu sorğuları verib məhkəməyə sübut təqdim etməli olduğu halda və ya sübutları əldə etmək imkanın olmamasını bildirməli olduğu (yəni sorğular verəsə də, cavablar ala bilməməsi barədə rəsmi məktublar təqdim etmədiyi halda) halda məhkəmə öz mülahizələrinə əsasən sübutlar toplamaqla tərəflər arasında çəkişmə pirinsipini pozmuşdur ki, bu sübutları təqdim etmək biləvasitə cavabdehin üzərinə düşür. Bu isə mülki və mülki-prosessual qanunvericiliyin kobud pozulmasıdır. Eyni zamanda məhkəmə Mülki Məcəlləsinin 1306.5-ci maddəsini nəzərə almamışdır. Belə ki, MM-in 1306.5-ci maddəsinin tələbinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Göründüyü kimi cavabdeh Dadaşova X8 rayon Notariat Ofisinə mirasın qəbul edilməsi üçün ərizə ilə müraciət etmiş və həmin ərizədə sadəcə atasından qalan "xxxx" QSC-dən 5102.45 manat pul vəsaitini olmasını bildirmiş olsa belə bununla da Cavabdeh mirası qəbul etmişdir. Vərəsə bir əmlakla bağlı müraciət etmiş olsa belə göstərilən miras əmlakdan başqa miras əmlak qəbul etmədiyini sübut etmək vəzifəsi daşıyır. Cavabdeh tərəfindən miras qoyanın borcunun mirasdan çox olduğu barədə məhkəməyə sadəcə "xxxx" QSC-dən 5102.45 manat pul vəsaitinin qəbul olunması barədə sübut təqdim olunsa da, sadəcə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə, Hacıqabul rayon İcra İcra Hakimiyyətinə, Əmlak Məsələləri Dövlət Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə sorğular olunsa da, bu fakt mərhum X3 qalan mirasın bununla məhdudlaşması fikrinə gəlmək üçün əsas ola bilməz. Mərhum X10 adına qeydə alınmış və gələcəkdə qeydə alına biləcək əmlakların olmaması barədə sübut təqdim edilmədiyi halda məhkəmə öz mülahizəsinə əsasən iddianı qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Qeyd olunan qərardan da görünür ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Lakin məhkəmə tərəfindən mərhumdan qalan miras kütləsinin şəhadətnamədə qeyd olunan və cavabdehin etiraf etdiyi məişət əşyalarından başqa olub-olmaması araşdırılmamış və cavabdehə miras kütəsinin bundan əlavə olmamaması bartədə sübut ətqdim etməyi təklif edilməmişdir. Hesab edir ki, qətnamə əsassızdır. Məhkəmə miras qoyanın borcunun mirasdan çox olması araşdırmadan və sübut olmadan mülki iş üzrə qətnamə qəbul etmişdir. Belə ki, MM-nin 1306.5-ci maddəsinin tələbinə əsasən miras qoyanın borclarının mirasdan çox olduğunu vərəsə sübut edilməli olduğundan və bununla bağlı məhkəməyə kifayət edə biləcək qədər sübut təqdim edilmədiyindən iddia tam təmin edilməlidir. Həmçinin məhkəmə iş üzrə qərar qəbul edərkən vahid məhkəmə təcrübəsinidə pozmuşdur. Belə ki, Vahid Məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-900/2024 saylı qərarının (3 ulduzla işarələnmiş) 33-cü bəndində qeyd olunur ki, “bununla da, apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozmuş olmuşdur. Belə ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Yuxarda qeyd edilən hüquq normalarından da görünür ki, vərəsə miras qoyanın borclarını kreditor qarşısında miras aktivi həddində ödəməyə borcludur. Həmçinin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsi vərəsələrin üzərinə qoyulmuşdur. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Göründüyü kimi məhkəmə maddi normanı düzgün tətbiq etməmişdir. Bundan əlavə məhkəmə bu sübutu təqdim etməyi cavabdehə təklif etməkdənsə bunu etməyərək sadəcə vərəsəlik işi materiallarında olan "xxxx" QSC-dən 5102.45 manat pul vəsaitini olması barədə vərəsəlik şəhadətnaməsi, eyni zamanda Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin, Hacıqabul rayon İcra İcra Hakimiyyətinin, Əmlak Məsələləri Dövlət Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlt Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin cavab məktubları ilə kifayətlənmişdir ki, bu əsassızdır. Belə ki, cavabdeh tərəfindən qeyd olunan maddənin mətnində göstərildiyi kimi miras qoyanın borclarının mirasdan çox olduğunu sübut edilməli, mərhumdan qalan əmlakın sadəcə qeyd olunanlarla yekunlaşdığı göstərilməlidir ki, bu hal cavabdeh tərəfindən sübut olunmamış və bununla bağlı iş materiallarında da, hər hansı bir sübut yoxdur. Ona görə də Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-109/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)- 109/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.4-cü maddəyə əsasən mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. 1306.5-ci maddəyə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərar; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-109/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə Ona görə də məhkəmə tərkibi Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-109/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə iddianın təmin edilməyən hissəsində maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə iddia tələbinin təmin edilməyən hissəsində maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının iddia tələbindən müəyyən edilir ki, Azərbaycan Beynəlxalq Bankı” ASC ilə X7 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, BPM**********85 saylı kredit müqaviləsinə əsasən ona illik 21%-lə, 48 ay müddətinə 14.700 manat nağd kredit və xx.xx.2022-ci il tarixli, BPM**********78 saylı Tam kart” müqaviləsinə əsasən 24%-lə, 36 ay müddətinə 300 manat məbləğində kart kredit limiti verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələri ilə razılaşdırmışlar ki, borcalan bu müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin, xx.xx.2024-cü il tarixdə borclu X7 vəfat etmiş və bundan sonra qrafik üzrə ödənişlər aparılmamışdır. Bunun nəticəsində, "xxxx" ASC ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********85 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 11.745,50 manat əsas, 109,63 manat cərimə borcu olmaqla, xx.xx.2022-ci il tarixli, BPM**********78 saylı Tam kart müqaviləsinə əsasən kart kredit limiti üzrə 299,51 manat əsas borc, 4,37 manat faiz borcu olmaqla, ümumilikdə 12.159,01 manat borcu yaranmışdır. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu X2 vərəsəsi Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatından müəyyən edilir ki, miras əmlakı kimi mərhum atasının iş yeri üzrə "xxxx" QSC-dən ümumilikdə 5100 manat pul vəsaitini qəbul etmişdir. Mərhum atasının digər miras əmlakı olmamışdır. Həmçinin qeyd etmişdir ki, valideynləri uzun müddətdir boşandıqları üçün atası ilə əlaqəsi az olmuş, yalnız xəstəliyi dövründə ona qulluq etmiş, atası vəfat etdikdə isə onun digər yaxın qohumu olmadığından bütün dəfn xərclərini və yas məclislərinin xərclərini özü ödəmişdir. Beləliklə miras kimi qəbul etdiyi 5.100 manat pul vəsaitini tam olaraq qeyd olunan dəfn və mərasim xərclərinə sərf etmişdir. Mərhum atasının mülkiyyətində köhnə nəqliyyat vasitəsi olmuş, ölümündən öncə həmin nəqliyyat vasitəsi satılmış, əldə olunan vəsait tam olaraq atasının müalicəsinə sərf edilmişdir. Nəqliyyat vasitəsi köhnə “VAZ-2103” markalı olmaqla təxminən 3000-4000 manat qiymətə satılmışdır. Bundan başqa o, qeyd etmişdir ki, mərhum atası narkotik vasitə aludəçisi olmaqla dəfələrlə məhkum edilmiş, anası bu səbəbdən ondan boşanmış, özü isə ailə həyatı qurduqdan müəyyən vaxt sonra ərindən boşanıb anasının yanına köçmüş, atası ilə əlaqələri nadir hallarda olmasına baxmayaraq yalnız xəstəliyindən sonra qulluğa ehtiyacı olduğu üçün öz yanına gətirmiş, bundan əvvəl atası kirayədə yaşamışdır. Məhkəmə tərkibi işin mübahisəsiz halı kimi müəyyən edir ki, "xxxx" ASC ilə X7 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, BPM**********85 saylı kredit müqaviləsinə əsasən ona illik 21%-lə, 48 ay müddətinə 14.700 manat nağd kredit və xx.xx.2022-ci il tarixli, BPM**********78 saylı Tam kart” müqaviləsinə əsasən 24%-lə, 36 ay müddətinə 300 manat məbləğində kart kredit limiti verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələri ilə razılaşdırmışlar ki, borcalan bu müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin, xx.xx.2024-cü il tarixdə borclu X7 vəfat etmiş və bundan sonra qrafik üzrə ödənişlər aparılmamışdır. Bunun nəticəsində, "xxxx" ASC ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********85 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 11.745,50 manat əsas, 109,63 manat cərimə borcu olmaqla, xx.xx.2022-ci il tarixli, BPM**********78 saylı Tam kart müqaviləsinə əsasən kart kredit limiti üzrə 299,51 manat əsas borc, 4,37 manat faiz borcu olmaqla, ümumilikdə 12.159,01 manat borcu yaranmışdır. Yadulla Quliyevin ölümündən sonra Hacıqabul rayon notariat ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 2V-416 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi Cavabdeh müəyyən edilmiş və onun miras əmlakı mərhum X6 "xxxx" QSCnin İnfrastruktur departamentinin Elektrik təchizatı xidməti tərəfindən ödəniləcək son haqq hesabı, yəni 4092,18 (dörd min doxsan iki manat on səkkiz qəpik) manat pul vəsaiti, Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniləcək əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, yəni 1010,20 (min on manat iyirmi qəpik) manat pul vəsaitindən ibarət olmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, hazırda tərəflər arasında olan mübahisə öhdəlik hüquq münasibəti olduğundan və öhdəliyin müqavilə üzrə tərəfi olan borclu müqavilə üzrə vəzifələr yerinə yetirilmədən vəfat etdiyindən, öhdəliyin digər tərəfi olan iddiaçı təşkilat Mülki Məcəllənin 1243.2, 1255, 1257.1, 1257.2, 1306.1, 1309-ci maddələrinə istinad edərək öhdəliyin borclunun vərəsələri tərəfindən tam şəkildə icra olunmasını tələb edir. Lakin birinci instansiya məhkəməsi vərəsəlik hüququ haqqında şəhadətnaməyə istinad edərək həmin tələbi mirasın qəbul edildiyi həddə əsaslı hesab etmişdir. Aydındır ki, mövcud qanunvericiliyə əsasən borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə tərkibi ilk növbədə qeyd edir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Araşdırılan mubahisədən göründüyü kimi cavabde Cavabdeh borclu X4 vərəsəsi olmaqla, sonuncudan qalmış mirası qəbul etmişdir. Beləliklə, qanunvericiliyin tələbinə görə borclu üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdeh qanun üzrə vərəsə kimi borclunun kredit öhdəliyinin icra edilməsi üçün mülki məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mərhum-X4 miras əmlakı onun iş yerindəki son haqq-hesabından və xəstəlik vərəqələrinə əsasən ödənilmiş vəsaitdən ibarətdir. Nə qədər ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras aktivinin həcmi ilə müəyyən edilir və hazırda cavabdeh – vərəsənin qəbul etdiyi miras əmlakın həcmi 5102,41 manatdan ibarətdir, bu halda əsas borclunun vərəsəsi olaraq cavabdehdən yalnız həmin həcmdə borc tutula bilər. Bundan başqa mərhumun ölümündən 11 gün öncə nəqliyyat vasitəsinin satışı ilə bağlı əldə edilmiş vəsait ona xəstəliyi dövründə qulluq xərcləri, eləcə də mütəxəssis rəyinə əsasən Hacıqabul rayon ərazisi üçün mövcud olan dəfn xərcləri və yas mərasimlərinə sərf ediləcək xərclərə mütənasib olaraq kifayət edir. Nəqliyyat vasitəsinin satışından əldə edilmiş vəsait miras əmlakının aktivinə daxil olmaqla, mərhumun ölümündən öncə ona xəstəliyi dövründə qulluq xərcləri, ölümündən sonra dəfn xərcləri və yas mərasimlərinə sərf edilmiş xərclərin əvəzi olaraq qəbul edilməlidir. Hansı ki, həmin xərclər MM-nin 1249-cu maddəsinin tələbi baxımından miras qoyanın digər kreditorlar qarşısında olan öhdəliklərindən daha əvvəl ödənilməlidir. Göstərilənlərə əsasən qeyd olunan vəsaitə münasibətdə iddia tələbi təmin edilə bilməz. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi birinci instansiya məhkəməsi cavabdehin vərəsə kimi məsuliyyət həddinin miras əmlakın miqdarı ilə məhdudlaşdığını qeyd etmişdir. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Məhkəmə tərkibi qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-in 82 və 106.3cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar) Bununla da, birinci instansiya məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozmuş olmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, borcun mirasdan çox olmasını sübutetmə vəzifəsinin vərəsənin (cavabdehin) üzərinə düşməsi Mülki Məcəllənin 1307-ci maddəsinin tələbindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Göründüyü kimi mirasın notarius tərəfindən siyahıya alındığı hal istisna olmaqla, digər halda vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən maddi və prosesssual hüquq normalarını pozmuş, Mülki Məcəllənin 1307-ci maddəsinin tələbləri baxımından iş üzrə araşdırma aparmamış, tərəflər arasında sübutetmə yükünün bölgüsündə səhvə yol vermiş, araşdırılan mübahisə üzrə sübutetmə vəzifəsinin cavabdehin üzərinə düşməsi ilə bağlı Mülki Məcəllənin 1307-ci maddənin tələblərini nəzərə almamış, cavabdeh tərəfindən miras qoyanın borclarının mirasdan çox olduğunun sübut etməsi ilə bağlı hər hansı mötəbər sübutun məhkəməyə təqdim olunmamasına diqqət yetirməmiş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Birinci instansiya məhkəməsi avtomobil satışından əldə edilən 3000-4000 manat vəsaiti miras aktivinə daxil etmişdir. Cavabdeh bu vəsaitin xəstəlik xərcləri və dəfn üçün sərf olunduğunu iddia etmiş, lakin heç bir sübut təqdim etməmişdir. Məhkəmə bunun cavabdeh tərəfindən sübut edilməməsinə baxmayaraq öz mülahizəsinə əsaslanaraq məhkəmənin təşəbbüsü ilə toplanmış sorğularla məcmu halında qiymətləndirmiş və həmin məbləğin mərhumun ölümündən öncə ona xəstəliyi dövründə qulluq xərcləri, ölümündən sonra dəfn xərcləri və yas mərasimlərinə sərf edilmiş xərclərin əvəzi olaraq qəbul etmişdir. Qeyd etmişdir ki, həmin xərclər MM-nin 1249-cu maddəsinin tələbi baxımından miras qoyanın digər kreditorlar qarşısında olan öhdəliklərindən daha əvvəl ödənilməlidir. Vurğulanmalıdır ki, məhkəmə cavabdehin təqdim etmədiyi sübutları öz təşəbbüsü ilə toplamağa çalışmış, bu isə tərəflər arasında çəkişmə prinsipini pozmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, Cavabdeh miras qoyan X4 vərəsəsi kimi kredit müqaviləsi üzrə yaranan borcun qəbul etdiyi miras həddindən çox olması barədə hər hansı sübutu nə birinci instansiya nə də ki, apellyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Məhkəmə tərkibi yuxarıda qeyd edilmiş bütün halları nəzərə alaraq hesab edir ki, halhazırda iddia tələbinin təmin edilmiş hissəsindən əlavə, cavabdeh tərəfindən miras qoyanın borclarının mirasın dəyərindən çox olmasını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, Mülki Məcəllənin 1307-ci maddəsinin tələblərinə uyğun olaraq, iddianın təmin edilməyən hissəsi də təmin edilməlidir (12159,01-5102,41=7056.6 manat). Cavabdehdən Cavabdeh 7056,6 (yeddi min əlli altı manat altmış qəpik) manat borc tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İddiaçının cavabdehdən tələb etdiyi dövlət rüsumuna münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tam təmin edildiyindən birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməyən ödənilmiş dövlət rüsumunun əvəzi olan ödənilmiş 55,06 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə iddia tələbinin təmin edilməyən hissəsində maddi və prosessual hüquqi əsaslar düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-109/2025 saylı qətnaməsi qismən-iddianın təmin edilməyən 7056,6 manat kredit borcuna aid hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də təmin edilməli, Cavabdeh 7056,6 (yeddi min əlli altı manat altmış qəpik) kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olan 55,06 manat dövlət rüsumu məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-109/2025 saylı qətnaməsi qismən-iddianın təmin edilməyən 7056,6 manat kredit borcuna aid hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə də təmin edilsin. Cavabdeh 7056,6 (yeddi min əlli altı manat altmış qəpik) kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olan 55,06 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar