Məhkəmə qərarları › İş №2(106)-1666/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1666/2023

06.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1666/2023 06.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Camalov Hüseyn Əli oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxsin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Ərizəçi “fəhlə kimi əmək fəaliyyəti barədə sosial sığorta stajı üzrə hüquqi faktın müəyyən edilməsi tələbinə dair” ərizəsi ilə bağlı mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 2(064)-1316/2023 saylı, 21 avqust 2023-cü il tarixli qətnaməsindən Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il tarixdən xx.xx.1993cü il tarixədək Füzuli rayonunun 3 nömrəli üzüm emalı zavodunda fəhlə kimi əmək fəaliyyəti barədə sosial sığorta stajı üzrə hüquqi faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 01 iyul 1984-cü ildən 23 oktyabr 1993cü il tarixədək Füzuli rayonunun 3 nömrəli üzüm emalı zavodunda fəhlə işləmişdir. 23 oktyabr 1993-cü ildə Füzuli rayonu ermənilər tərəfindən işğal olunarkən sovxozun sənədləri, həmçinin ərizəçinin əmək kitabçası da hərbi əməliyyatlar və işğal zamanı məhv edilmişdir. Pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, sənədləri araşdırılmış, ona bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək fəaliyyəti barəsində sənədlər milli münaqişə zəminində məhv edildiyi üçün onun 01 oktyabr 1976-cı il tarixdən 23 oktyabr 1993-cü il tarixədək Füzuli rayonunun 3 nömrəli üzüm emalı zavodunda fəhlə işlədiyinə dair sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilməlidir. İşlədiyi zavodun bütün arxiv sənədləri ermənilərlə aparılan hərbi əməliyyatlar zamanı məhv edildiyindən hazırda həmin zavodun sənədlərini bərpa etmək mümkün deyil. Füzuli rayonunun 3 nömrəli üzüm emalı zavodunda fəhlə işlədiyini məhkəməyə gətirəcəyi şahidlər də təsdiq edə bilərlər. Füzuli Rayon Məhkəməsinin 2(064)-1316/2023 saylı, 21 avqust 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Yaşar Həşimov) ərizə qismən təmin edilmiş, Ərizəçi 1986-1991-ci illərdə Füzuli rayon 3 nömrəli (Qırmızı Oktyabr adına) üzüm emalı zavodunda fəhlə işləməsi faktı müəyyən edilmişdir. Qətnamədən narazı qalan Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Ərizəçi apellyasiya şikayətində Füzuli Rayon Məhkəməsinin 2(064)-1316/2023 saylı, 21 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və 01 iyul 1984-cü il tarixdən 23 oktyabr 1993-cü il tarixədək Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda fəhlə işləməsi faktının müəyyən edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi apellyasiya şikayətini ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, Füzuli Rayon Məhkəməsi onun Konstitusiyada təsbit edilmiş sosial təminat hüququnu və “Əmək pensiyaları haqqında” Qanunda təsbit edilmiş güzəştli şərtlərlə pensiya almaq hüququnu pozmuşdur. Belə ki, onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci bəndində nəzərdə tutulmuş peşələr üzrə 19 il xüsusi sığorta stajı var. Güzəştli şərtlərlə pensiyaya çıxması üçün nəzərdə tutulmuş ümumi əmək stajı 25 il tələb olunur. Füzuli Rayon Məhkəməsi onun 1984-cü ildən 1993-cü ilə qədər olan əmək stajını tanımaq əvəzinə onun hüquqlarını məhdudlaşdıraraq, cəmi 5 illik əmək stajını tanımışdır. Ona görə də hesab edir ki, Füzuli Rayon Məhkəməsi maddi hüquq normalarının tələblərini pozaraq ədalətli olmayan qətnamə qəbul etmişdir. O, Füzuli Rayon Məhkəməsinə ərizə təqdim edərkən ərizəsində xx.xx.1984-cü ildən xx.xx.1993-cü il tarixədək Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda işləməsini məhkəməyə gətirəcəyi şahidlərin təsdiq edəcəyini qeyd etmişdir və iş yoldaşları olmuş şahidlər X6, X14 və X7 əmək kitabçalarının surətlərini ərizəsinə əlavə etmişdir. xx.xx.2023-cü il tarixində keçirilən məhkəmə baxışında şahidlərdən X9 və X24 iştirak etmiş və izahat vermişlər. X4 üzrlü səbəbdən məhkəmədə iştirak etmədiyinə görə onun izahatının alınması mümkün olmamışdır. Buna görə də ərizəçi məhkəməyə şifahi vəsatət verərək, məhkəmə iclasının təxirə salınmasını və X7 şahid qismində dindirilməsinin təmin edilməsini xahiş etmişdir. Ancaq məhkəmə onun vəsatətini təmin etməmişdir. Əgər vəsatəti təmin edilsəydi və X5 məhkəmədə izahat versəydi, ərizəçinin xx.xx.1984-cü ildən xx.xx.1993-cü il tarixədək olan əmək stajı təsdiq olunardı. Lakin məhkəmə ərizəsi üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmaq əvəzinə onun hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayətində Füzuli Rayon Məhkəməsinin 2(064)-1316/2023 saylı, 21 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və ərizəçinin ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunvericilik normalarının məzmunundan müəyyən olunur ki, işləmə faktı ərizəçini birgə işdən tanıyan və onun işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Hazırkı iş üzrə şahid qismində çıxış edən X18 münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnamədə onun xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək sözügedən müəssisədə işlədiyini qeyd etmişdir. Lakin T.Hacıyevə məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasına əsasən, onun xx.xx.1983-cü il tarixdə başqa zavodda, yəni Füzuli rayon “Qırmızı Oktyabr” şərab zavodunda işə daxil olması müəyyən olunur. Həmçinin, sözügedən əmək kitabçasında T.Hacıyevin xx.xx.1993-cü il tarixdə Füzuli rayonu 3 nömrəli üzüm emalı zavodunda anbar müdiri vəzifəsindən işdən azad edildiyi qeyd edilməsinə baxmayaraq, işə daxilolma qeydi mövcud deyildir. Məhkəmə həmçinin qətnamədə Füzuli rayon 3 nömrəli üzüm emalı zavodu ilə Füzuli rayon “Qırmızı Oktyabr” şərab zavodunu eyniləşdirməsinə baxmayaraq, sözügedən müəssisələrin eyni müəssisə olmasını təsdiq edən sübut mövcud deyildir. Həmçinin T.Hacıyevin əmək kitabçasına nəzər yetirən zaman xx.xx.1983-cü il tarixdə Füzuli rayon “Qırmızı Oktyabr” şərab zavodunda işə daxil olduğu zaman vurulan möhürlə xx.xx.1993-cü il tarixdə Füzuli rayon 3 nömrəli üzüm emalı zavodundan işdən azad olunarkən vurulan möhürün fərqli olması aşkardır. Əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, iş üzrə şahid qismində çıxış edən X6 təqdim etdiyi əmək kitabçasına əsasən xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Füzuli rayonu 3 nömrəli üzüm emalı zavodunda işləməsinə baxmayaraq, birinci istansiya məhkəməsi ərizəçinin 1986-1991-ci illərin bütün dövrlərində işləməsi faktını təsdiq edərək maddi hüquq normalarının tətbiqində kobud səhvə yol vermişdir. Hesab edir ki, məhkəmə müvafiq qətnamədə bu hallara aydınlıq gətirməmiş və kifayət qədər araşdırma aparmamışdır. Şahidlərin əmək kitabçalarındakı qeydlərdə ziddiyətli məqamlar kifayət qədər olduğundan müvafiq iş üzrə məhkəmə tərəfindən həmin qeydlər mötəbər sübut kimi qiymətləndirilməməlidir. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən Ərizəçi apellyasiya şikayətini müdafiə etdiyini və maraqlı şəxsin apellyasiya şikayətinə etiraz etdiyini bildirdi. O qeyd etdi ki, 1984-cü ildən başlayaraq Horadiz işğal olunanadək, yəni 23 oktyabr 1993-cü ilədək Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda fəhlə kimi işləmişdir. Zavodun çaxır məhsulları SSRİ-nin müxtəlif bölgələrinə qatarla göndərilərkən o da həmin məhsulları müşayiət etmişdir. Zavodun arxiv sənədləri hərbi əməliyyatlar və işğal zamanı məhv edilmiş, bu zaman onun əmək kitabçası da məhv olmuşdur. Sonradan Horadiz işğaldan azad edilsə də, zavod işğal zamanı talandığına görə fəaliyyətini bərpa edə bilməmişdir. Həmçinin, bildirdi ki, o, işdən azad edilməsi ilə bağlı ərizə də yazmamışdır. O, 1993-cü ildən 2003-cü ilədək heç bir yerdə işləməmiş, 2003-cü ildən isə "xxxx" QSC-də işləməyə başlamışdır. O, özünün apellyasiya şikayətinin təmin edilməsini və maraqlı şəxsin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin 01 noyabr 2023-cü il tarixli iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Nümayəndə3 maraqlı şəxsin apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, ərizəçinin apellyasiya şikayətinə etiraz etdiyini bildirdi. Apellyasiya məhkəməsinin 06 dekabr 2023-cü il tarixli iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Nümayəndə1 maraqlı şəxsin apellyasiya şikayətinin təmin edilməsini və ərizəçinin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin 01 noyabr 2023-cü il tarixli iclasında Ərizəçi şifahi vəsatət verərək, X7 məhkəmə iclasında şahid qismində dindirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəçinin vəsatətini nəzərə alaraq, X7 şahid qismində dinlənilməsini zəruri hesab etmişdir. Apellyasiya məhkəməsinin 01 noyabr 2023-cü il tarixli iclasında şahid qismində dinlənilmiş X10 ifadə verərək bildirmişdir ki, o, 1985-ci ildə Füzuli rayonunda “Ukrayna” sovxozunda işləməyə başlamış, 09 mart 1987-ci ildə isə Füzuli rayon 3 nömrəli üzüm emalı zavoduna köçürülərək orada işləməyə başlamış və ərizəçini də həmin zavodda görüb tanımış, birlikdə işləmişlər. Həmin vaxtadək ərizəçini tanımamış, eyni sovxozda işləməmişlər. İşlədiyi Füzuli rayon 3 nömrəli üzüm emalı zavodu “Qırmızı Oktyabr” sovxozundan ayrılmışdır. Əmək kitabçasını hansı qaydada götürməsi ilə bağlı suala cavab olaraq bildirdi ki, o, özü əmək kitabçasını götürmüş olsa da, işğal zamanı əmək kitabçasını götürə bilməyən işçilər də olmuşdur. Həmçinin, verilmiş suallara cavab olaraq qeyd etdi ki, 3 nömrəli üzüm emalı zavodunda işlədiyi dövrdə iş yoldaşlarından anbardar Tarix Hacıyevi də tanıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Ərizəçinin apellyasiya şikayətinin mahiyyətindən və dəlillərindən görünür ki, o, qətnaməni ərizənin təmin edilməmiş hissəsində mübahisələndirmişdir. Maraqlı şəxsin apellyasiya şikayətinin mahiyyətindən və dəlillərindən isə görünür ki, o, qətnaməni ərizənin təmin edilmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, maraqlı şəxsin apellyasiya şikayəti təmin edilməməli, ərizəçinin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə yalnız ərizəçinin işlədiyi müddətlə bağlı hissədə dəyişdirilməli, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, ərizəçiyə hüquqi əhəmiyyəti olan işləməsi faktının müəyyən edilməsi ona əmək pensiyasının təyin edilməsi üçün lazımdır və o, həmin faktı təsdiq edən lazımi sənədləri məhkəmədən kənar başqa qaydada ala bilmir. Məhkəmə kollegiyası bildirir ki, işğal və hərbi əməliyyatlar nəticəsində ərizəçinin işlədiyi zavodun bütün arxiv sənədlərinin orada qalması, eləcə də, hərbi əməliyyatlar nəticəsində yaşadığı ərazidən məcburi köçkün düşmüş ərizəçinin onun işlədiyi dövrləri təsdiq edən əmək kitabçasının məhv olması onun hüquqlarının təmin edilməsinə mane olan hallar kimi çıxış edə bilməz. Odur ki, məhkəmə kollegiyası ərizəçinin ərizədə qeyd edilən dövrlərdə Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda işləməsi faktını təsdiq edən sənədləri məhkəmədənkənar qaydada əldə edə bilməməsi ilə bağlı mövqeyini əsaslı hesab edir. İşdəki Azərbaycan Respublikası vətəndaşının AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxxx 1962-ci il təvəllüdlü Ərizəçi Füzuli rayonunun Horadiz qəsəbəsində doğulmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. İşdəki AA 279228 seriya nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1993-cü il tarixində Füzuli rayonundan məcburi köçkün düşmüşdür. İşdəki Azərbaycan Respublikası X21 filialının 21 noyabr 2022-ci il tarixli, 108/A nömrəli arxiv arayışından görünür ki, Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunun 1984- 1993-cü illərə aid sənədləri X21 filialına təhvil verilməmişdir. İşdəki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının Ərizəçi ünvanladığı 06 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun ümumi iş stajı 25 ildən az (19 il 1 ay (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.2003-xx.xx.2005-ci il və xx.xx.2006-cı il tarixindən bugünədək cəmi 14 il 2 ay) təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21795,97 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq Ərizəçi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdəki "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Sərnişin Daşımaları Departamenti Bakı Vaqon Deposunun güzəştli arayışının surətindən görünür ki, Ərizəçi QSC-nin Texniki xidmət mərkəzinin Bakı vaqon deposunda çilingər (hərəkətdə olan) peşəsində çalışır. Onun QSC-nin Bakı Vaqon Deposunda güzəştli iş stajı aşağıdakı kimi qəbul edilməlidir: 1) xx.xx.2003-xx.xx.2007 – Bakı Vaqon Deposunda çilingər (hərəkətdə olan) peşəsində 3 il 9 ay 9 gün çalışmışdır; 2) xx.xx.2008-hal hazıradək – Bakı Vaqon Deposunda çilingər (hərəkətdə olan) peşəsində 14 il 2 ay 28 gün çalışır. İşdəki birinci instansiya məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(064)- 1316/2023 saylı məhkəmə baxışı iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında şahid qismində dindirilmiş X9 öz ifadəsində bildirmişdir ki, o, 05 avqust 1986-cı il tarixdə Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda işə qəbul edilmiş və 01 noyabr 1991-ci il tarixədək həmin zavodda fəhlə işləmişdir. Onunla birlikdə həmin zavodda Ərizəçi da fəhlə işləmişdir. Belə ki, Ərizəçi ondan əvvəl zavodda işləmiş və o, işdən çıxdıqdan sonra da işini orada davam etdirmişdir. X1 adına açılmış İT-İ ******* seriya nömrəli əmək kitabçasının surətindən görünür ki, o, 05 avqust 1986-cı il tarixində Füzuli rayon 3 nömrəli üzüm emalı zavoduna üçüncü dərəcəli fəhlə işinə qəbul edilmiş, 01 noyabr 1991-ci ildə ərizəsinə əsasən Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda fəhlə işindən azad edilmişdir. İşdəki birinci instansiya məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(064)- 1316/2023 saylı məhkəmə baxışı iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında şahid qismində dindirilmiş X24 öz ifadəsində bildirmişdir ki, o, 01 oktyabr 1983cü il tarixdə Füzuli rayon 3 nömrəli (Qırmızı Oktyabr) üzüm emalı zavodunda işə qəbul edilmiş və demək olar ki, rayon işğal olunanadək, yəni 18 avqust 1993-cü il tarixədək orada anbar müdiri işləmişdir. Onunla birlikdə həmin zavodda Ərizəçi da fəhlə işləmişdir. Belə ki, Ərizəçi ondan sonra zavoda gəlmiş və rayon işğal olunanadək onlar birlikdə orada işləmişlər. X8 adına açılmış əmək kitabçasının surətindən görünür ki, o, 01 aprel 1978-ci il tarixində ərizəsinə əsasən “Qırmızı Oktyabr” sovxozu üzrə sovxozun şərab zavodunda ocaqçı təyin edilmiş, 01 aprel 1983-cü ildə ərizəsinə əsasən zavodun ocaqçısı vəzifəsindən mühəndis vəzifəsinə keçirilmişdir. 01 oktyabr 1983-cü il tarixli əmrlə Füzuli rayon “Qırmızı Oktyabr” sovxozunun şərab zavodunda anbar müdiri vəzifəsinə qəbul edilmişdir. 24 oktyabr 1983-cü il tarixli əmrlə “Qırmızı Oktyabr” sovxozu üzrə şərab zavodunun sovxozdan ayrılması ilə əlaqədar olaraq şərab zavodunda işləyən bütün işçilər tutduqları vəzifələrindən asılı olmayaraq azad edilmişlər. 11 yanvar 1984-cü il tarixli əmrlə “Qırmızı Oktyabr” sovxozu üzrə sovxozun 24 oktyabr 1983-cü il tarixli əmrində aşağıdakı qaydada dəyişiklik edilmişdir: Şərab zavodunun sovxozdan ayrılması ilə əlaqədar olaraq şərab zavodunda işləyən bütün işçilər tutduqları vəzifələri üzrə sovxozdan şərab zavoduna keçirilsinlər”. Əmr 24 oktyabr 1983-cü ildən qüvvədə hesab edilmişdir. O, 18 avqust 1993cü il tarixli əmrlə Füzuli rayon 3 nömrəli üzüm emalı zavodundan ərizəsinə əsasən anbar müdiri vəzifəsindən azad edilmişdir. X2 adına açılmış İT-İ ******* seriya nömrəli əmək kitabçasının surətindən görünür ki, o, 01 sentyabr 1986-cı ildə Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda 5-ci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, 20 avqust 1993-cü ildə rayon işğal olunduğuna görə öz hesabına məzuniyyətə buraxılmışdır. Məhkəmə kollegiyası işğal zamanı ərizəçinin əmək kitabçasını özü ilə götürə bilməməsini həmin dövrün reallıqlarına uyğun olmaqla, ağlabatan hesab edir. Həmçinin, şahidlərdən Tarix Hacıyev və Poladxan Hüseynovun əmək kitabçalarının onların özündə olmasının səbəbi isə həmin şəxslərin öz ərizələrinə əsasən müvafiq olaraq 18 avqust 1993-cü ildə və 20 avqust 1993-cü ildə Füzuli rayon 3 nömrəli üzüm emalı zavodundan işdən azad olunmaları və ya məzuniyyətə buraxılmalarıdır, lakin ərizəçi işdən azad olunması ilə bağlı ərizə verməmiş, yalnız Füzuli rayonunun Horadiz şəhəri işğal olunarkən zavod öz fəaliyyətini dayandırdıqda həmin müəssisədə olan fəaliyyətini bitirmişdir. Həmçinin, apellyasiya məhkəməsinin iclasında dinlənilən şahid Poladxan Hüseynov da həmin zavoddan hər kəsin öz əmək kitabçasını götürə bilmədiyini təsdiq etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin Qərarın 13.4-cü bəndində həmçinin qeyd edilir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası ilk öncə Füzuli rayon 3 nömrəli üzüm emalı zavodu ilə “Qırmızı Oktyabr” sovxozunun eyni müəssisə olub-olmaması ilə bağlı maraqlı şəxsin apellyasiya şikayətinin dəlilinə dair onu qeyd edir ki, X11nun adına açılmış əmək kitabçasından da göründüyü kimi, 24 oktyabr 1983-cü il tarixli əmrlə “Qırmızı Oktyabr” sovxozu üzrə şərab zavodunun sovxozdan ayrılması ilə əlaqədar olaraq şərab zavodunda işləyən bütün işçilər tutduqları vəzifələrindən asılı olmayaraq azad edilmişlər. 11 yanvar 1984-cü il tarixli əmrlə isə “Qırmızı Oktyabr” sovxozu üzrə sovxozun 24 oktyabr 1983-cü il tarixli əmrində aşağıdakı qaydada dəyişiklik edilmişdir: Şərab zavodunun sovxozdan ayrılması ilə əlaqədar olaraq şərab zavodunda işləyən bütün işçilər tutduqları vəzifələri üzrə sovxozdan şərab zavoduna keçirilsinlər”. Əmr 24 oktyabr 1983-cü ildən qüvvədə hesab edilmişdir. Göründüyü kimi, əvvəllər Füzuli rayonundakı şərab (üzüm emalı) zavodu “Qırmızı Oktyabr” sovxozunun tərkibində olsa da, sonradan ondan ayrılmış, bu səbəblə həmin zavodda işləyən bütün işçilər tutduqları vəzifələri üzrə sovxozdan şərab zavoduna keçirilmişlər. Həmçinin, apellyasiya məhkəməsinin iclasında dinlənilən şahid Poladxan Hüseynov da öz ifadəsində qeyd etmişdir ki, işlədiyi Füzuli rayon 3 nömrəli üzüm emalı zavodu “Qırmızı Oktyabr” sovxozundan ayrılmışdır. Bu baxımdan məhkəmə kollegiyası maraqlı şəxsin apellyasiya şikayətinin qeyd edilən dəlilini əsaslı hesab etmir. Şahid ifadələri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır: X3 05 avqust 1986-cı ildən 01 noyabr 1991-ci ilədək Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda işləmişdir. Gülnarə Novruzova birinci instansiya məhkəməsinin iclasında ərizəçinin ondan əvvəl də həmin zavodda işlədiyini və özü işdən çıxdıqdan sonra da ərizəçinin həmin zavodda işləməyə davam etdiyini qeyd etmişdir. X11 01 aprel 1978-ci ildə “Qırmızı Oktyabr” sovxozunun şərab zavodunda ocaqçı təyin edilərək, sonradan mühəndis, nəhayət, anbar müdiri vəzifəsinə təyin olunmuşdur. Sonradan 24 oktyabr 1983-cü il və 11 yanvar 1984-cü il tarixli əmrlərlə tutduğu vəzifəyə uyğun olaraq Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda anbar müdiri vəzifəsinə keçirilmişdir. Həmin zavoddan 18 avqust 1993-cü il tarixli əmrlə öz ərizəsinə əsasən işdən azad edilmişdir. Tarix Hacıyev birinci instansiya məhkəməsinin iclasında ərizəçinin həmin zavodda onunla birlikdə işlədiyini, ərizəçinin zavoda ondan sonra gəldiyini və rayon işğal olunanadək orada birlikdə işlədiklərini qeyd etmişdir. X5 01 sentyabr 1986-cı ildə Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda işə qəbul edilmiş, 20 avqust 1993-cü ildə rayon işğal olunduğuna görə öz hesabına məzuniyyətə buraxılmışdır. O, apellyasiya məhkəməsinin iclasında ərizəçini də həmin zavodda görüb tanıdığını və birlikdə işlədiklərini qeyd etmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, hər üç şahidin də ərizəçi ilə birlikdə Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda işləməsi müəyyən edilir. Maraqlı şəxsin şahidlərin əmək kitabçaları ilə bağlı şübhələrini əks etdirən dəlilləri isə formal mülahizələrdən ibarətdir. Bu baxımdan məhkəmə kollegiyası maraqlı şəxsin apellyasiya şikayətini əsaslı saymır və belə nəticəyə gəlir ki, maraqlı şəxsin apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətinə dair qeyd edir ki, ərizəçinin apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, onun tərəfindən dəvət olunaraq məhkəmə iclasında dinlənilən şahid ifadələri nəticəsində belə qənaətə gəlmək mümkündür ki, ərizəçinin Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda fəhlə işləməyə başlaması tarixi kimi 01 yanvar 1986-cı il götürülməlidir. Çünki şahidlərdən X24 hələ əvvəlcə 1978-ci ildən “Qırmızı Oktyabr” sovxozunun şərab zavodunda, daha sonra isə 24 oktyabr 1983-cü il və 11 yanvar 1984-cü il tarixli əmrlərlə isə Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda işləmiş, o isə öz ifadəsində ərizəçinin ondan sonra Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda işləməyə başladığını qeyd etmişdir. Eləcə də, 05 avqust 1986-cı ildən həmin zavodda işləməyə başlamış X9 da öz ifadəsində ərizəçinin ondan əvvəl də həmin müəssisədə işlədiyini təsdiq etmişdir. Həmçinin, şahid Tarix Hacıyev 18 avqust 1993-cü ildə Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda işdən azad edilmiş, Poladxan Hüseynov isə 20 avqust 1993-cü ildə həmin zavoddan öz hesabına məzuniyyətə buraxılmışdır. Ərizəçi isə Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda Füzuli rayonunun Horadiz şəhəri işğal olunanadək işləməyə davam etdiyini, işdən azad edilməsi ilə bağlı ərizə yazmadığını qeyd etmişdir. Füzuli rayonunun Horadiz şəhəri isə 23 oktyabr 1993-cü il tarixində işğal edildiyinə görə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ərizəçinin sözügedən zavodda fəhlə işləməsinin son tarixi kimi 23 oktyabr 1993-cü il müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi ümumilikdə ərizəçinin ərizəsinin qismən təmin edilərək, onun Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda fəhlə işləməsi faktını təsdiq edərkən düzgün nəticəyə gəlmiş olsa da, ərizəçinin həmin zavodda işləməsi müddətini düzgün müəyyən etməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə zərurət olmasa da, həmin qətnamə ərizəçinin apellyasiya şikayətinə əsasən yalnız işlədiyi müddətlə bağlı hissədə dəyişdirilməli, Ərizəçi 01 yanvar 1986-cı ildən 23 oktyabr 1993-cü ilədək Füzuli rayon 3 nömrəli (Qırmızı Oktyabr adına) üzüm emalı zavodunda fəhlə işləməsi faktı müəyyən edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, maraqlı şəxsin apellyasiya şikayəti təmin edilməməli, ərizəçinin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, Ərizəçi 01 yanvar 1986cı ildən 23 oktyabr 1993-cü ilədək Füzuli rayon 3 nömrəli (Qırmızı Oktyabr adına) üzüm emalı zavodunda fəhlə işləməsi faktı müəyyən edilməli, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 384.0.3, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 2(064)-1316/2023 saylı, 21 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilsin. Ərizəçi 01 yanvar 1986-cı ildən 23 oktyabr 1993-cü ilədək Füzuli rayon 3 nömrəli (Qırmızı Oktyabr adına) üzüm emalı zavodunda fəhlə işləməsi faktı müəyyən edilsin. Füzuli Rayon Məhkəməsinin 2(064)-1316/2023 saylı, 21 avqust 2023-cü il tarixli qətnaməsi qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar