Məhkəmə qərarları › İş №2(106)-1674/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1674/2023

21.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1674/2023 21.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X12 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi iştirakı ilə, Ərizəçi, maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxsna qarşı "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 2(047)- 505/2023 saylı, 01 avqust 2023-cü il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxsna qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Laçın rayon Ağbulaq kolxozunda fəhlə işlədiyi illər üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsinə dair rəsmi ərizəsini məhkəməyə təqdim edərək xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və qeyd edilən ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul olunmuşdur. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü ildə Laçın rayon Ağbulaq kəndində anadan olmuş, xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975ci il tarixdən xx.xx.1977-ci il tarixədək Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işləmişdir. Laçın rayonu 18 may 1992-ci ildə erməni qəsbkarları tərəfindən işğal edildikdən sonra Ağcabədi rayon Taxta körpü ərazisində Ağbulaq obasında məskunlaşmış, lakin Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işlədiyi illəri təsdiq edən əmək kitabçası, kolxozun və sovxozun bütün sənədləri 1992-ci ildə Laçın rayonunun işğala məruz qalması ilə əlaqədar işğal zonasında qalmış və müharibə şəraitində onların mühafizə olunması mümkün olmamışdır. Ona görə də onun xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) işlədiyinə dair arxiv arayışının verilməsi də mümkün olmamışdır. Bu barədə Laçın rayon Dövlət Arxiv idarəsi tərəfindən verilmiş arayışı ərizəsinə əlavə etmişdir. Hazırda pensiyaçıdır və ona əmək pensiyası təyin edilən zaman qeyd edilən illərin nəzərə alınması üçün etdiyi müraciətinə Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmış, lakin Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işlədiyi illərin onun əmək stajına əlavə edilməsindən imtina edilmişdir. Həmin kolxozda (sovxozda) işləməsini onunla birlikdə işləmiş şəxslər də təsdiq edir. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsi xx.xx.1971 -ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işlədiyi illər üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində maraqlı şəxsin nümayəndəsi iştirak etmədiyindən, onların mövqeyi bəlli olmamışdır. Laçın Rayon Məhkəməsinin 2(047)-505/2023 saylı, 01 avqust 2023-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci tarixədək Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxs nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizəçinin ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, ərizəçi Laçın rayonunun işğal olması və buna görə də sənədlərini ala bilməməsini qeyd etsə də, Laçın rayonu işğal olunan anadək ərizəçinin adına əmək kitabçası açıla bilərdi. Müfaviq qeydlərin olmaması ərizəçinin iradəsindən asılı olan səbəb idi. Bundan başqa iş üzrə şahid qismində izahat vermiş X1 əmək kitabçasında 1966-cı ildən xx.xx.1976-cı ilə kimi Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) kolxozçu işləməsi, şahid X2 əmək kitabçasında isə xx.xx.1956-cı ildən xx.xx.1989-cu il tarixə kimi Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə və sağıcı işləməsi qeyd olunmuşdur. Qeyd olunan bu hal onu göstərir ki, ərizəçi xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək olan sənədlərin işğal zonasında qaldığını və bu səbəbdən də onun əmrlərinin mövcud olmadığını qeyd etsə də, iş üzrə izahat vermiş şahidlərin əmək kitabçalarında sözügedən illərin qeyd olunması ərizəçinin bu tələbinin əsassızlığını sübut edir. Həmçinin ərizəçiyə məxsus 02564055 nömrəli kolxozçunun əmək kitabçasının surətindən görünür ki, sözügedən kitabçada 1979-cu il tarixdən etibarən, yəni Laçın rayonunun işğal olunmasından əvvələ təsadüf edən qeydlər mövcuddur. Hesab edirlər ki, məhkəmə müvafiq qətnamədə bu hala aydınlıq gətirməmiş və kifayət qədər araşdırma aparmamışdır. Ərizəçi xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək olan sənədlərin işğal zonasında qaldığını və bu səbəbədən də onun əmrlərinin mövcud olmadığını qeyd etsə də, iş üzrə izahat vermiş şahidlərin əmək kitabçalarında sözügedən illərin qeyd olunması ərizəçinin bu tələbinin əsassızlığını sübut edir. Həmçinin ərizəçiyə məxsus 02564055 nömrəli kolxozçunun əmək kitabçasının surətindən görünür ki, sözügedən kitabçada 1979-cu il tarixdən etibarən, yəni Laçın rayonunun işğal olunmasından əvvələ təsadüf edən qeydlər mövcuddur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Maraqlı şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək, vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, ərizəçiyə əvvəllər pensiya təyin edilmiş, bir müddət pensiya almış, lakin sonradan, yəni 2022-ci ildə hazırda mübahisələndirilən illərə görə şahid ifadələri haqqında protokolla müəyyən edilən vaxt üçün pensiya verilməsi ləğv edilmişdir. Belə ki, vaxtilə onların əvvəlki idarələri tərəfindən müəyyən edilərək qəbul edilən şahid ifadələri haqqında protokolu hüquq sənəd kimi qəbul etmirlər. Ərizəçi apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ona 2003-cü ildə pensiya təyin edimiş və təyin edilən pensiyanı 2022-ci ilin oktyabr ayınadək almışdır. 2022-ci ilin oktyabr ayında xx.xx.1971-ci il tarixdən xx.xx.1973cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək olan dövrə görə ona hesablanan pensiya dayandırılmışdır. Halbuki həmin dövrlər maraqlı şəxsin özünün idarəsi tərəfindən şahid ifadələri protokolları ilə müəyyən edilmişdir. Hazırda maraqlı şəxs həmin şahid ifadələrini hüquqi sənəd kimi qəbul etmədiyindən hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etmişdir ki, xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci tarixədək Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işləmişdir. İşləməyə başlayanda onun 17 yaşı olmuşdur. 1979-cu ildən isə müəllim kimi fəaliyyətə başlamışdır. Əmək kitabçası 1997-ci ildə Təhsil şöbəsi tərəfindən tərtib edildiyindən sovxozda işlədiyi müddət əmək kitabçasına daxil edilməmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qətnamənin tam ləğvinə yönəldiyindən əsaslılığı tam yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndində göstərilir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İnsan Hüquqlarının və X6 X3 6-cı maddəsinə görə hər kəs onun mülki hüququ və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələbləırinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu fakları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 13.1-ci bəndində qeyd edilir, nəzərə alınmalıdır ki, "Əmək pensiayaları haqqında" Azərbaycan Respublikası Qanununun 31.2.1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı ilin 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda, bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi" Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı ilin yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək fəaliyyəti barədə sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Qaydaların 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, maraqlı şəxsin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadə verərək göstərmişdir ki, o, 1966-ci ildən 1977-ci ilə kimi Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) kolxozçu işləmişdir. Ərizəçi onun həmyerlisidir və ərizəçi həqiqətən də xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci tarixədək Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işləmişdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadə verərək göstərmişdir ki, o, 1967-1992-ci illər ərzində Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) zootexnik işləmişdir. Ərizəçi onun həmyerlisidir və ərizəçi həqiqətən də xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci tarixədək Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işləmişdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadə verərək göstərmişdir ki, o, xx.xx.1956-cı ildən xx.xx.1989-cu il tarixə kimi Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə və sağıcı işləmişdir. Ərizəçi onun həmyerlisidir və ərizəçi həqiqətən də xx.xx.1971 -ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci tarixədək Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işləmişdır. İşdə olan X7, X5 və X8 tərəfindən tərtib edilmiş və Laçın Rayon İcra Hakimiyyəti başçısının Ağbulaq kənd üzrə icra nümayəndəliyi tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktın məzmunundan görünür ki, ərizəçi Alxanov Atlıxan Xanlar oğlu xx.xx.1971 -ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci tarixədək Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işləmişdir. İşdə olan maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan xx.xx.2023-cü il tarixində daxil olmuş müraciətlərinizə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci və 34-cü maddələrinin tələblərinə əsasən sizə xx.xx.2018-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət və xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək təhsil aldığınız illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 30 il 2 ay sığorta stajınız və 01.01,2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 13.413,60 manat pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanaraq xx.xx.2019-cu il tarixindən (artıqödəmənin müəyyən edildiyi xx.xx.2022-ci il tarixli qərardan 3 il əvvələ) 245,57 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2020-ci il tarixindən 286,34 manata çatdırılmışdır. Həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qeyd olunan maddənin tələblərinə əsasən bildirirlər ki, xx.xx.2020-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz üçün xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 4.670,64 manat pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanaraq xx.xx.2020-ci il tarixindən 328,43 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 365,87 manata, 01.01,2022-ci il tarixindən 378,31 manata çatdırılmışdır. Həmin Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği xx.xx.2023-cü il tarixindən 394,97 manat müəyyən edilib, Qanunun 29.1 -ci maddəsinə əsasən həmin tarixdən indeksləşdirilərək 453,03 manata çatdırılıb. Əlavə oiaraq bildirirlər ki, əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilərkən əmək pensiyanızın məbləği Qanunun 10.2-ci maddəsinə əsasən hesablanmalı olduğu halda, (PSK/T) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına bölünərək əlilliyə görə əmək pensiyanızın məbləğinin üzərinə (ƏG+PSK/T) əlavə edilmişdir. Nəticədə Qanunun 39.1 -ci maddəsinin tələbləri də nəzərə alınmaqla yaşa görə əmək pensiyanızın məbləğində xx.xx.2019-cu il tarixindən (artıqödəmənin müəyyən edildiyi xx.xx.2022-ci il tarixli qərardan 3 il əvvələ) xx.xx.2022-ci il tarixinədək artıqödəmə müəyyən edilib. Məlumat üçün bildirirlər ki, Laçın rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli № 44 saylı arxiv arayışına əsasən Laçın rayonunun işğal olunması ilə əlaqədar "Ağbulaq” (Qələbə) kolxozunda 1971 -ci il tarixindən 1977-ci il tarixinədək olan dövrə aid arxiv sənədləri işğal ərazisində qalıb. Eyni zamanda bildirirlər ki, xx.xx.1971 -ci il tarixindən xx.xx.1973-cü il tarixinədək və xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək olan dövr şahidçilik əsasında yazılıb. Qeyd olunanları nəzərə alaraq sözügedən dövrlərin sığorta stajınıza daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və məhkəmə qaydasında şikayət vermək hüququnun olduğu Ərizəçi izah edilmişdir. İşdə olan maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etirazın məzmunundan görünür ki, Ərizəçi xx.xx.1971 -ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Laçın rayon Ağbulaq kolxozunda fəhlə işlədiyi illər üzrə dövrləri təsdiq edən arayışlar Mərkəzi Filiala təqdim olunmadığı üçün və Laçın rayonunun vaxtilə işğal olunması səbəbilə iş stajının yerində yoxlanılması qanunvericiliklə mümkün hesab edilməmişdir. Ərizəçi xx.xx.1971-ci il tarixdə xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Laçın rayon Ağbulaq kolxozunda fəhlə işləməsi faktının təsdiq edilməsi yalnız Ərizəçi ilə eyni illərdə işləmiş və əmək kitabçası olan iki və daha çox şahidin iştirakı ilə mümkündür. Odur ki, Ərizəçi "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İşdə olan Ərizəçi məxsus xx.xx.1973-cü il tarixli hərbi biletin surətindən görünür ki, Ərizəçi 27 may 1973-cü ildən 11 may 1975-ci ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan Laçın rayon Aqrar İslahat Komissiyasının işçi qrupunun xx.xx.2023-cü il tarixli məktubundan və Laçın rayon Dövlət Arxivi tərəfindən verilmiş 45 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Laçın rayonunun Ağbulaq kəndi üzrə "Qələbə” kolxozu 1966-cı ildə "Lenin” adına sovxozdan ayrılmış, 1976-cı ildə yenidən "Lenin” adına sovxoz ilə birləşərək "Lenin” adına sovxoz adlandırılmış, 1981-ci ildə isə "Lenin” adına sovxozdan ayrılaraq, yenidən "Qələbə” adına sovxoz adlandırılmışdır. Sonradan "Ağbulaq” kolxozu isə 1989-cu ildə "Qələbə” adına kolxozdan ayrılaraq fəaliyyət göstərmişdir. Həmin sovxoz və kolxozların 1966-cı ildən 1992-ci ilin may ayınadək olan fəaliyyətinə dair sənədləri 1992-ci ilin may ayında Laçın rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalı ilə bağlı olaraq həmin təsərrüfatların müvafiq olaraq Laçın rayonunun Qarakeçdi, Şeylanlı və Ağbulaq kəndlərindəki idarə binasında qalmışdır. Əlavə olaraq bildirirlər ki, Laçın rayonunun "Ağbulaq” kolxozunda 1999-cu ilin dekabr ayında aqrar islahat aparıldığına görə həmin kolxozun fəaliyyəti 2000-ci ilin yanvar ayından dayandırılmışdır. Həmin kolxozun 1992-1999-cu illərdəki fəaliyyətinə dair sənədləri kolxozun Yerli Aqrar islahatı Komissiyasında saxlanılmış, lakin hazırda həmin sənədlərin harada saxlanılması barədə məlumat yoxdur. İşdə olan 354 nömrəli xx.xx.1967-ci il tarixli əmək kitabçasının notarial qaydada təəsdiqlənmiş surətindən görünür ki, şahid X7 1966-cı ildən xx.xx.1976-cı ilə kimi Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) kolxozçu işləmişdir. İşdə olan Laçın Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(047)-20/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsindən görünür ki, şahid X5 1967-1992-ci illər ərzində Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) zootexnik işləmişdir. İşdə olan ******* nömrəli xx.xx.1956-cı il tarixli əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, şahid X8 xx.xx.1956-cı ildən xx.xx.1989-cu il tarixə kimi Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə və sağıcı işləmişdir. Məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillər ona qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Müəyyən edilir ki, ərizəçiyə 2003-cü ildə pensiya təyin edimiş və o ona təyin edilən pensiyanı 2022-ci ilin oktyabr ayınadək almışdır. 2022-ci ilin oktyabr ayında xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək olan dövrə görə ona hesablanan pensiya dayandırılmışdır. Halbuki həmin dövrlər maraqlı şəxsin özünün idarəsi tərəfindən şahid ifadələri protokolları ilə müəyyən edilərək təsdiq edilmişdir. Hazırda maraqlı şəxs həmin şahid ifadələrini hüquqi sənəd kimi qəbul etmədiyindən ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi 1979-cu ildən isə müəllim kimi fəaliyyətə başlamışdır. Əmək kitabçası 1997-ci ildə Təhsil şöbəsi tərəfindən tərtib edildiyindən sovxozda işlədiyi müddət əmək kitabçasına daxil edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci tarixədək fəhlə işləməsi şahid ifadələri ilə təsdiq edilmişdir. Ərizəçinin həmin kolxozda işləməsi barədə izahat verən şahidlərin həmin kolxozda işləmələri əmək kitabçaları və məhkəmə qətnaməsi ilə təsdiq olunur. Belə olan halda da, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərkən doğru qənaətə gəlmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətində göstərdikləri ərizənin təmin olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 2(047)-505/2023 saylı, 01 avqust 2023-cü il tarixli qətnaməsi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxs apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi vaxtdan 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar