Məhkəmə qərarları › İş №2(106)-1683/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1683/2024

20.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1683/2024 20.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Sabirabad Rayon Məhkəməsinin 2(056)-529/2023 saylı, 30 avqust 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq 1183 manat, ödənilmiş dövlət rüsumunun əvəzi 32 manat və MPM-nın 121.1-ci maddəsinə əsasən ödənilmiş xidmət haqqının əvəzi 50 manat pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-529/2023 saylı qətnaməsinə əsasən iddia təmin edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş, şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)- 1441/2023 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti elektron qaydada verilmədiyi və imzalanmadığı səbəbindən qeyri-mümkün hesab edilərək MPM-nın 357-363-cü maddələrinin tələbləri əsasında iş materialları ilə birlikdə Sabirabad Rayon Məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)- 1441/2023 saylı qərardadına əsaslanaraq apellyasiya şikayəti elektron qaydada verilmədiyi və imzalanmadığı səbəbindən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh geri qaytarılmış və apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə Cavabdeh təqdim edilmişdir. Cavabdeh ona geri qaytarılmış apellyasiya şikayətini xx.xx.2023-cü il tarixdə əldə etmiş və xx.xx.2023-cü il tarixdə yenidən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə vermişdir. Sabirabad Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2(056)-529/2023 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti forma və məzmununa görə qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilmədiyi əsası ilə yenidən geri qaytarılmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə yenidən elektron qaydada apellyasiya şikayəti vermişdir. Sabirabad Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2(056)-529/2023 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)- 852/2024 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti, şikayətin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi ilə verildiyi üçün və ötürülmüş müddətin bərpa olunması barədə ərizə verilmədiyi əsası ilə qeyri-mümkün hesab edilərək, mülki iş materialları ilə birlikdə Sabirabad Rayon Məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)- 852/2024 saylı qərardadına əsaslanaraq apellyasiya şikayəti şikayətin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi ilə verildiyi səbəbindən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh geri qaytarılmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə yenidən elektron qaydada apellyasiya şikayəti və şikayətin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə vermişdir. Sabirabad Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, 2(056)-529/2023 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Qərardaddan narazı qalan Cavabdeh şikayət vermişdir. Sabirabad Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2(056)-529/2023 saylı qərardadı ilə, şikayətin təmin edilməməsi, Sabirabad Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli qərardadından Cavabdeh verdiyi şikayət baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş Şirvan Apellyasiya Məhkəməsinə 16 sentyabr 2024-cü il tarixdə daxil olmuş və cavabdeh tərəfindən verilmiş şikayət 20 sentyabr 2024-cü il tarixə yazılı icraat qaydasında baxılması üzrə təyin edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə ərizənin təmin edilməməsini cavabdehin qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddəti ötürməklə verilməsi ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinə şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Birinci instansiya məhkəməsinin qərardadından cavabdeh tərəfindən verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)- 529/2023 saylı qətnaməsini ilk dəfə poçt vasitəsi ilə əldə etdikdən sonra, həmin qətnamədən apellyasiya şikayətini qanunla müəyyən edilmiş 1 ay müddət ərzində məhkəməyə təqdim etmiş, lakin apellyasiya şikayəti elektron qaydada verilmədiyi və imzalanmadığı əsası ilə geri qaytarılmışdır və bu səbəbdən də apellyasiya şikayətinin verilməsi üzrə prosessual müddəti ötürmüşdür. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktından apellyasiya instansiya məhkəməsinə şikayət etmək hüququ cavabdehin konstitusion hüququdur və o, bu hüququnu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə istifadə edə bilər. Cavabdeh Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətini ilk dəfə olaraq xx.xx.2023-cü il tarixdə verməklə, şikayətinin verilməsi müddətini ötürmədən vaxtında verilməsinə baxmayaraq, lakin sonrakı mərhələlərdə, yəni Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmış apellyasiya şikayətinin Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə əldə etməsinə baxmayaraq, təkrarən hazırladığı apellyasiya şikayətini məhz 2 aydan çox müddət keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə vermiş, həmçinin Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təkrarən geri qaytarılmış apellyasiya şikayəti Cavabdeh tərəfindən təkrarən məhz 1 aydan çox müddət keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə şikayət vermişdir. Beləliklə göründüyü kimi, qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilmədiyi əsası ilə apellyasiya şikayəti Cavabdeh hər dəfə geri qaytarıldığı təqdirdə, o, müxtəlif dövrdə hər dəfə şikayətin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddəti ötürməklə, bəzən 2 aydan çox və ya bəzən 1 aydan çox müddət keçdikdən sonra, apellyasiya şikayətini versə də, ötürülmüş həmin müddətin ötürülmə səbəblərinin üzrlü olmasına dair hər hansı dəlil və ya əsas göstərməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq buraxılmış prosessual müddətin bərpası barədə ərizəni təmin etməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməməsi, onun hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Əksinə müddətin əsassız bərpası qanun və məhkəmə qarşısında bərabərlik hüququnun pozulmasına (hazırkı işdə iddiaçıya münasibətdə), süründürməçiliyə səbəb olur, şəxslərin intizamsızlığına şərait yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, qanunla müəyyən edilmiş prosessual müddət, işdə iştirak edən şəxsin ərizəsi əsasında hər bir halda deyil, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə bərpa edir. Sadalanan qanunvericilik aktı normalarına əsasən kollegiya hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilmə müddəti ötürüldüyündən və həm də üzrsüz səbəbdən ötürüldüyündən, cavabdehin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi rədd edilməsi barədə gəlinən nəticə əsaslıdır. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsi qənaətinə gələrkən prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-529/2023 saylı, 30 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar