Məhkəmə qərarları › İş №2(106)-1690/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1690/2023

15.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1690/2023 15.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Lerik Rayon Məhkəməsinin 22 dekabr 2010-cu il tarixli, 2(48)-227/2010 saylı qərardadından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus 0,07 hektar torpaq sahəsinin Cavabdeh zəbtindən azad edilməsi və üzərində tikilmiş evin cavabdehin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 0, xx xxx 1970-ci ildə Lerik rayonunda anadan olmuşdur. 1997-ci ildən Bakı şəhərində yaşamaqla, orada qeydiyyatdadır. 06 fevral 1995-ci il tarixdə fərdi yaşayış evi tikmək üçün keçmiş Lerik rayon XDS İcraiyyə Komitəsinə ərizə ilə müraciət etmiş, müraciətinə əsasən ona Lerik rayonunda Bırın adlanan sahədə 0,07 ha fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə 2 maşın yerli daş, 1 maşın qum tökmüşdür. Lakin həmin daşın yarısını cavabdeh ev tikintisinə istifadə etmiş, yarısı da yerində qalmışdır. İddiaçı ona ayrılmış torpaq sahəsində ev tikmək və ailəsi ilə birlikdə rayona gəlib yaşamaq istəyir. Həmişə torpaq sahəsinə nəzarət etmişdir. Bu məqsədlə 2009-cu ilin avqust ayında torpağına gəlib ev tikmək və bəzi tikinti materiallarını gətirib ora tökmək istəyəndə cavabdehin orada onun razılığı və icazəsi olmadan böyük bir ev tikdiyini və torpağını zəbt etdiyini görmüşdür. Dəfələrlə ona evi sökərək torpağın zəbtdən azad edilməsi barədə müraciət etsə də, ondan müsbət cavab ala bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 22 dekabr 2010-cu il tarixində Lerik Rayon Məhkəməsində keçirilmiş məhkəmə iclasında İddiaçı yazılı ərizə təqdim edərək bildirmişdir ki, o, məhkəmədə Cavabdeh qarşı ona (iddiaçıya) ev tikmək üçün verilmiş 0,07 hektar torpaq sahəsindən çıxarılması, evin sökülməsi tələbinə dair iddia ərizəsi yazmışdır. İndi belə barışıq sazişinə gəlmişlər ki, Cavabdeh onun torpağının müqabilində iddiaçıya 4000 manat pul versin, bunun müqabilində iddiaçı torpağının cavabdehin mülkiyyətinə keçirilməsinə razı olsun və iddiasından könüllü imtina etsin. İddiaçı da buna razıdır. Artıq 4000 manat pulu öz aralarında akt yazıb almışdır. Odur ki, onların barışıq sazişinin bu şərtlərlə təsdiq edilməsini, 0,07 ha torpaq sahəsini cavabdehin mülkiyyəti hesab edib iddiasından könüllü imtina etdiyinə görə iddia icraatına xitam verilməsini xahiş etmişdir. 22 dekabr 2010-cu il tarixində Lerik Rayon Məhkəməsində keçirilmiş məhkəmə iclasında Cavabdeh yazılı ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı məhkəmədə ona qarşı 0,07 hektar torpaq sahəsindən çıxarılması və tikilinin sökülməsinə dair iddia qaldırmışdır. Onlar öz aralarında belə bir barışıq sazişinə gəlmişlər ki, o, 0,07 ha torpaq sahəsi müqabilində iddiaçıya 4000 manat pul vermiş, iddiaçı isə bunun müqabilində torpaq sahəsinin onun mülkiyyətinə etiraz etmir və razıdır. Onların hər ikisi bu şərtlə tam razılaşmışlar. O, iddiaçıya artıq 4000 manat pulu vermişdir, iddiaçı isə torpağı onun mülkiyyətinə verməklə iddiasından imtina edir. Odur ki, onlar arasında olan razılığı – barışıq sazişini bu şərtlərlə təsdiq edib icraata xitam verilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 22 dekabr 2010-cu il tarixli, 2(48)-227/2010 saylı qərardadı ilə (sədrlik edən hakim Hümbətov Nizami Xasay oğlu) tərəflər arasında barışıq sazişi təsdiq edilmiş, İddiaçı qanuni əsaslarla verilmiş və onun mülkiyyəti hesab edilən “Bırın” adlı bağ sahəsində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinin Cavabdeh mülkiyyətinə verilməklə onun xüsusi mülkiyyəti hesab edilməsi, həmin 0,07 ha həyətyanı torpaq sahəsinin Cavabdeh adına mülkiyyəti kimi qeydə alınıb ona müvafiq hüquqverici sənədlər verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsinə tapşırılması, barışıq sazişinin şərtinə uyğun olaraq Cavabdeh tərəfindən İddiaçı nağd olaraq 4000 manat pul ödənildiyindən barışıq sazişinin bu şərtinin icra edilmiş hesab edilməsi, tərəflər arasında barışıq sazişi təsdiq edildiyindən 2(48)-227 saylı mülki iş üzrə iddianın icraatına xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lerik Rayon Məhkəməsinin 22 dekabr 2010-cu il tarixli, 2(48)- 227/2010 saylı ünvan 1 ünvanında yerləşən, mübahisələndirilən 0,07 ha həyətyanı torpaq sahəsinin dövlət qeydiyyatına alınmaqla cavabdeh şəxsin adına çıxarışın verilməsi öhdəliyinin və bu hüququn qeydə alınmasının Ərazi idarəsinin üzərinə vəzifə qoyulmasına dair qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, cavabdeh şəxs tərəfindən hazırkı məhkəmə qərardadı ilə sözügedən ünvan 1 ünvanında yerləşən, mübahisələndirilən 0,07 ha həyətyanı torpaq sahəsinə dair yaranmış hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən texniki pasportun və müvafiq çıxarışın verilməsi ilə əlaqədar təqdim olunmuş hüquqmüəyyənedici sənədlər həmin şəxsin 06 iyun 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında icraata qəbul edilmişdir. Sənədlərin qanunamüvafiqliyi araşdırılarkən məlum olmuşdur ki, sözügedən ünvanda yerləşən həmin 0,07 ha həyətyanı torpaq sahəsinə dair müvafiq qeydiyyatın aparılması ilə əlaqədar Ərazi idarəsinə təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənəd üzrə məlumatlarla faktiki vəziyyət arasında ciddi uyğunsuzluqlar mövcuddur. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənədlərdən sayılan Lerik Rayon Məhkəməsinin 2(048)-227/2010 saylı, 22 dekabr 2010-cu il tarixli qərardadının hal-hazıradək 10 saylı Lənkəran Ərazi İdarəsinə məlumat, yaxud icra edilməsindən ötrü daxil olmadığı müəyyən edilmişdir. İcraatda olan sənədlərin ekspertizasının nəticəsi olaraq məlum olmuşdur ki, həmin qərardad cavabdeh olaraq Cavabdeh, habelə iddiaçı şəxsin (İddiaçı) ünvanına məlumat üçün göndərilmişdir. Belə ki, həmin iş üzrə iddiaçının əsas iddia tələbi ona məxsus 0,07 ha torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi, habelə həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin sökülməsi tələbindən ibarət olmasına baxmayaraq, əsaslılığı və qanuniliyi baxımından həmin məhkəmə tərəfindən qanunvericiliyin tələblərinə zidd olmaqla, iddia tələbindən kənara çıxılmış və mahiyyəti üzrə qərar qəbul edilməmişdir. Yəni birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən iş üzrə əhəmiyyətli olan halların təsdiq edilməsi üçün məhkəmə qeyri-mötəbər, aid olmayan sübutlara istinad etmiş, məhkəmə tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları pozulmuşdur. Həmçinin icraatda olan sənədlərdən sayılan Lerik rayon “Şən həyat” kolxozunun xx.xx.1992-ci il tarixli Aktı üzrə də konkret olaraq iş üzrə cavabdeh şəxsə torpaq sahəsinin təhkim olunub-olmaması barədə hər hansı bir qeyd aparılmamışdır. Mübahisəli ünvanda yerləşən 0,07 ha torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərin hüquqi rejimi ilə əlaqədar (ilkin torpaqayırma qərarının təqdim olunmamasına münasibətdə) yaranmış uyğunsuzluqlara münasibətdə, müvafiq qeydiyyatın aparılması proseduru ilə əlaqədar həmin şəxsin ərizəsinin icrası təmin olunmamışdır. Həmin ərəfədə sözügedən müvafiq qeydiyyatın aparılması üçün tələb olunan sənədlər tam şəkildə hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim edilmədiyindən, yəni qəbul edilmiş qərardad Ərazi İdarəsinin mənafeyinə toxunduğundan, həmin şəxsin icraatda olan ərizəsinin icrası təmin olunmamış və onun ünvanına 16 iyun 2023-cü il tarixli, **********89 qeydiyyat nömrəli “İmtina” məktubu göndərilmişdir. Hazırkı iş üzrə qəbul edilmiş 22 dekabr 2010-cu il tarixli qərardadla iddiaçı şəxsin iddia tələbi təmin olunmaq əvəzinə mübahisələndirilən 0,07 ha torpaq sahəsi üzərində cavabdeh şəxsin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması hissəsi təmin olunduğundan, qanunvericiliyin tələbinə əsasən həmin qərardad ləğv edilməlidir. Apellyasiya şikayətində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə istinad olunmuşdur. Lerik Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(048)-227/2010 saylı qərardadı ilə (sədrlik edən hakim X2) Lerik Rayon Məhkəməsinin 2(048)-227/2010 saylı (hakim Hümbətov Nizami Xasay oğlunun sədrliyi ilə) mülki iş üzrə çıxarmış olduğu 22 dekabr 2010-cu il tarixli qərardadından maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilən şikayət təmin edilməmiş, şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2023-cü il tarixli, 2(106)-1690/2023 saylı qərardadı ilə Lerik Rayon Məhkəməsinin 22 dekabr 2010-cu il tarixli, 2(48)-227/2010 saylı qərardadından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması və məhkəmənin baxış iclasının 15 noyabr 2023-cü il tarixə, saat 11:15-ə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasına təyin edilməsi qərara alınmışdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı çıxış edərək bildirdi ki, onun Cavabdeh ilə arasında əvvəllər mübahisə olmuşdur. Lakin sonradan cavabdeh ona torpağı müqabilində 4000 manat pul vermiş və o da buna görə torpağının cavabdehin mülkiyyətinə keçirilməsinə razı olmuşdur. Bu səbəbdən də o, cavabdehlə barışaraq iddiasından imtina etmişdir. Lakin o, hüquqi savadı olmadığından məhkəmənin bunu hansı qaydada rəsmiləşdirməsindən xəbərdar deyil. O, mübahisənin qanuni şəkildə həll olunmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, iddiaçı ilə aralarında əvvəllər mübahisə olsa da, sonradan o, iddiaçıya torpağına qarşılıq olaraq 4000 manat pul vermiş, beləliklə, onlar barışmışdır. İddiaçı da öz iddiasından imtina etmişdir. Lakin o, hüquqi savadı olmadığından məhkəmənin bunu hansı qaydada rəsmiləşdirməsindən xəbərdar deyil. O, mübahisənin qanuni şəkildə həll olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Lerik Rayon Məhkəməsinin 22 dekabr 2010-cu il tarixli, 2(48)-227/2010 saylı qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və evin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş mahiyyəti üzrə baxılması üçün Lerik Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, MPM-in 52.5-ci maddəsinin Lerik Rayon Məhkəməsinin 22 dekabr 2010-cu il tarixli, 2(48)-227/2010 saylı qərardadı qəbul edilərkən və hazırda da qüvvədə olan mətninə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. MPM-in 191.1-ci maddəsinin Lerik Rayon Məhkəməsinin 22 dekabr 2010-cu il tarixli, 2(48)-227/2010 saylı qərardadı qəbul edilərkən qüvvədə olan mətninə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. MPM-in 191.2-ci maddəsinin Lerik Rayon Məhkəməsinin 22 dekabr 2010-cu il tarixli, 2(48)-227/2010 saylı qərardadı qəbul edilərkən və hazırda da qüvvədə olan mətninə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə kollegiyası ilk öncə bildirir ki, Lerik Rayon Məhkəməsinin 2(48)-227/2010 saylı mülki iş üzrə 22 dekabr 2010-cu il tarixli məhkəmə baxışı iclasının protokoluna tərəflərin barışıq sazişinin şərtləri ərizələrin məzmunu qismində yazılsa da, həmin protokolu tərəflərdən heç biri imzalamamış, bununla da, MPM-in 191.1-ci maddəsinin yuxarıda qeyd edilən tələbi pozulmuşdur. Bundan əlavə, birinci instansiya məhkəməsi barışıq sazişinin mübahisəli 0,07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçıdan cavabdehə keçirilməsi şərtinin qanunazidd olmasını nəzərə almamış, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış torpaq sahəsi üzərində cavabdehin xüsusi mülkiyyət hüququnu tanımışdır. İşdəki Lerik rayon X4 Rəyasət Heyətinin 6 fevral 1995-ci il tarixli, 10 nömrəli qərarından görünür ki, həmin qərarla İddiaçı və Muradov Təzəxan qardaşlarının birgə razılığına əsasən “Şən həyat” kolxozunun 16 iyul 1992-ci il tarixli, 18 saylı yığıncağının qərarı ilə X1 “Bırın” adlı bağ sahəsində İsayev Əlirzanın bünövrəsini götürdüyü yaşayış evinin aşağısında açıq sahədə verilmiş 0,07 hektar torpaq sahəsi qardaşı İddiaçı təhkim edilmiş və həmin sahədə ona fərdi yaşayış evi tikməyə icazə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinin Lerik Rayon Məhkəməsinin 22 dekabr 2010-cu il tarixli, 2(48)-227/2010 saylı qərardadı qəbul edilərkən qüvvədə olan mətninə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin Lerik Rayon Məhkəməsinin 22 dekabr 2010cu il tarixli, 2(48)-227/2010 saylı qərardadı qəbul edilərkən qüvvədə olan mətninə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-ci maddəsinin Lerik Rayon Məhkəməsinin 22 dekabr 2010cu il tarixli, 2(48)-227/2010 saylı qərardadı qəbul edilərkən qüvvədə olan mətninə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. MM-in 146.3-cü maddəsinin Lerik Rayon Məhkəməsinin 22 dekabr 2010-cu il tarixli, 2(48)-227/2010 saylı qərardadı qəbul edilərkən qüvvədə olan mətninə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. İş materiallarından göründüyü kimi, iddiaçının mübahisəli 0,07 hektar torpaq sahəsinə hüququnun olması barədə ilkin hüquqmüəyyənedici sənədlər mövcud olsa da, iddiaçının həmin torpaq sahəsinə olan hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində isə hər hansı barışıq sazişinin təsdiq edilməsi və həmin daşınmaz əmlakın başqasının xüsusi mülkiyyəti hesab edilməsi qanunazidd olmuşdur. Həmçinin, tərəflərin barışıq sazişini təsdiq edərkən Lerik Rayon Məhkəməsi 22 dekabr 2010-cu il tarixli, 2(48)-227/2010 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsinin (hazırda isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin) üzərinə vəzifə qoymuş, lakin həmin idarəni hər hansı prosessual statusla işdə iştirak etməyə cəlb etməmişdir. Bununla da, barışıq sazişini təsdiq edib hazırkı adı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə vəzifə qoymaqla, məhkəmə həmin idarənin qanunla qorunan mənafelərini pozmuşdur. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, Lerik Rayon Məhkəməsinin 22 dekabr 2010-cu il tarixli, 2(48)-227/2010 saylı qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və evin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş mahiyyəti üzrə baxılması üçün Lerik Rayon Məhkəməsinə qaytarılmalıdır. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-264, 397, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilsin. Lerik Rayon Məhkəməsinin 22 dekabr 2010-cu il tarixli, 2(48)-227/2010 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və evin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş mahiyyəti üzrə baxılması üçün Lerik Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar