Məhkəmə qərarları › İş №2(106)-1698/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1698/2024

27.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1698/2024 27.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, katib X3, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 cəlb olunmaqla) “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 2(053)-430/2024 saylı 05 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İş materialına əlavə edilmiş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1982-ci il tarixdə Neftçala şəhərində doğulmuş və hazırda da Neftçala şəhəri, məhəllə 7 ünvanında qeydiyyatdadır. İş materialına əlavə edilmiş Neftçala Rayon Məhkəməsinin 2(53)-207/2012 nömrəli iş üzrə 31 may 2012-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X6 Cavabdeh qarşı yaşayış sahəsinə giriş-çıxışın tutulmasına son qoyulması tələbinə dair iddiası təmin edilməklə, Neftçala şəhəri, 7-ci məhəllədə yerləşən bir mərtəbəli, 3 otaqlı, 70,5 kv metr yaşayış, 110,1 kv metr köməkçi sahədən ibarət 183 №-li paylı mülkiyyətdə olan yaşayış sahəsinin ümumi istifadədə olan giriş qapısının Cavabdeh tərəfindən tutulmasına son qoyulması və X6 ailə üzvləri ilə birlikdə həmin yerdən yaşayış sahəsinə giribçıxmasının təmin edilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən olunur ki, Neftçala şəhəri, 7-ci məhəllədə yerləşən 183 №-li, 3 otaqlı fərdi yaşayış evi əvvəllər mülkiyyət hüququ əsasında X1 məxsus olmuş, 2007-ci ildə vəfat etmiş Mirtaciyə Hüseynova sağlığında evi oğlu Cavabdeh vəsiyyət etmiş, bu ev hazırda məcburi pay hüququ ilə Azər Hüseynovun, habelə Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin Salyan Ərazi İdarəsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* №-li Çıxarışdan görünür ki, Neftçala şəhəri, 7-ci məhəllədə 0,11 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 3 otaqlı, 70,5 kv metr yaşayış və 110,1 kv metr köməkçi sahədən ibarət 183 №-li fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 5/6 hissə Cavabdeh, 1/6 hissə isə Azər Hüseynovun adına daşınmaz əmlakın dövlət reyestrində 06 oktyabr 2008-ci ildə qeydiyyata alınmışdır. Məhkəmədə həm də müəyyən edilmişdir ki, paylı mülkiyyətdə olan 3 otaqlı evin sahəsi 18,4 kv metr və 22,5 kv metr olan otaqlarında Cavabdeh arvadı, uşaqları və atası ilə birlikdə, sahəsi 29,6 kv metr olan otağında isə Azər Hüseynov 2010-cu ildən arvadı və uşağı ilə birlikdə yaşamışdır. «Nikah haqqında» şəhadətnamənin surətindən görünür ki, X14 ilə İddiaçı arasında nikah 07 noyabr 2012-ci il tarixdə 363 nömrəsi ilə qeyd edilmişdir. «Doğum haqqında» şəhadətnamənin surətindən görünür ki, X15 05 fevral 2010-cu ildə Neftçala şəhərində doğulmuşdur. «Ölüm haqqında» şəhadətnamənin surətindən görünür ki, X14 10 noyabr 2023-cü ildə “Asfiksiya” səbəbindən Neftçala şəhərində ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin Salyan Ərazi İdarəsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* №-li Çıxarışdan görünür ki, Neftçala şəhəri, 7-ci məhəllədə 0,11 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 3 otaqlı, 70,5 kv metr yaşayış və 110,1 kv metr köməkçi sahədən ibarət 183 №-li fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 5/6 hissə Cavabdeh, 1/6 hissə isə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 101 nömrəli vərəqində 06 oktyabr 2008-ci ildə qeydiyyata alınmışdır. Eyni zamanda Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Salyan rayon Ərazi İdarəsi tərəfindən ünvan 3 ünvanındakı fərdi yaşayış evinə Daşınmaz Əmlakın Texniki Pasportu verilmişdir. 21 may 2024-cü il tarixli, 168 №-li Neftçala rayon Notariat ofisi tərəfindən məhkəməyə ünvanlanmış məktuba əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 836 №-li vərəsəlik arayışının surətindən görünür ki, arayış X9 verilmişdir ondan ötrü ki, həqiqətən onun atası mərhum X14 xx.xx.2023-cü ildə vəfat etmişdir. Onun sonuncu daimi yaşayış yeri Neftçala şəhəri, məhəllə 7 ünvanı olmuşdur. X2 atası və anası vəfat etmişdir. X14 vəfat etdikdən sonra aşağıdakı vərəsələri qalmışdır. Arvadı - xx.xx.1982-ci il təvəllüdlü İddiaçı, oğlu 05 fevral 2010-cu il təvəllüdlü X15 və qızı xx.xx.2005-ci il təvəllüdlü X13. Yuxarıda qeyd olunanlardan başqa digər vərəsələri yoxdur. 836 №-li məktuba əlavə olunmuş İddiaçı tərəfindən Notariat ofisinə ünvanlanmış ərizədə (**********149) qeyd olunmuşdur ki, “xx.xx.2023- cü ildə mənim Neftçala şəhəri, məhəllə 7 ünvanında yaşayan ərim və yetkinlik yaşına çatmayan oğlum X7 atası X14 ölmüşdür. Mirasın tərkibi: 10CB075 dövlət nömrə nişanlı avtomobil ondan irs qalmışdır. Ondan irs qalmış mirası qəbul edirəm. Məndən başqa aşağıdakı vərəsələri vardır:1.X13”. Eyni zamanda, Notariat ofisinə X13 eyni məzminlu ərizə ilə müraciət etmişdir. 06 iyun 2024-cü il tarixli, 186 №-li Neftçala rayon Notariat ofisi tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd olunur ki, sizin xx.xx.2024-cü il tarixli sorğunuza cavab olaraq X4 miras qalan əmlaka dair açılmış vərəsəlik işinə aid notariat ofisində saxlanılan sənədlərin surətləri xx.xx.2024-cü il tarixdə sizə göndərilmişdir. Hazırda vərəsələr notariat ofisinə müraciət edərək Azər Hüseynovdan miras qalan fərdi yaşayış evindəki payına düşən hissəyə dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edirlər. Notariat haqqında Qanunun tələbinə əsasən məhkəmədə iş həll olunanadək notariat hərəkətlərinin aparılması dayandırılmalıdır. Odur ki, vərəsəlik işinin rəsmiləşdirilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün məhkəmənin icraatında olan vərəsəlik işinə dair işin nəticələri barədə məlumat verməyinizi Sizdən xahiş edirik. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatsrı və reyestri X21 tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Neftçala şəhəri, Z.Sadıqov küçəsi ev 183 (yeni qaydalarla: AZ 4702 Neftçala rayonu, X22 küçəsi, giriş 447) ünvanında yerləşən ümumi sahəsi 180.6 kv.m olan fərdi yaşayış evinə 1/18 hissədə İddiaçı paylı mülkiyyətində olması xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsi ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, Cavabdeh ilə X14 qardaşdır. O, X14 ilə nikahlarını 07 noyabr 2012-ci ildə rəsmiləşdirərək ailə qurmuşdur. X14 ilə birgə nikahlarından 05 fevral 2010-cu il təvəllüdlü X15 doğulmuşdur. X14 10 noyabr 2023-cü il tarixdə ölmüşdür. Mərhum əri ilə münasibətlər ölən günədək çox yaxşı olmuşdur. Cavabdehlə mərhum ərinin münasibətləri əvvəldən yaxşı olmamışdır. 2012-ci il tarixdə X14 yaşayış sahəsinə giriş-çıxışın tutulmasına son qoyulması tələbinə dair məhkəməyə müraciət etmişdir. Neftçala rayon Məhkəməsinin 31 may 2012-ci il tarixli 2(053)-207/2012 saylı qətnaməsinə əsasən Neftçala şəhəri, 7-ci məhəllədə yerləşən 1 mərtəbəli, 3 otaqlı, 70,5 kv metr yaşayış, 110.1 kv metr köməkçi sahədən ibarət 183 nömrəli paylı mülkiyyətdə olan yaşayış sahəsinin ümumi istifadədə olan giriş qapısının Cavabdeh tərəfindən tutulmasına son qoyulmuş, X6 ailə üzvləri ilə birlikdə həmin yerdən yaşayış sahəsinə giribçıxması təmin edilmişdir. O, oğlu ilə birlikdə Hüseynov Azər vəfat edənədək həmin evdə yaşamışdır. Lakin əri öləndən sonra cavabdeh onu uşağı ilə birlikdə həmin evə buraxmır. Onun yaşamağa evi yoxdur. Evdə yaşamaq üçün hər cür şərait vardır, ona görə də məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, əlavə olaraq bildirmişdir ki, onun yaşamağa evi yoxdur. Evdə yaşamaq üçün hər cür şərait vardır. Hazırda oğlu ilə atası evində yaşayır. Həmin evə köçürülüb yaşamasını tələb edir. Əri öldükdən sonra payın bölünməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Yuxarıda qeyd edilən mənzilə paylı mülkiyyət hüququ əsasında 1/6 hissəsdə mərhum ərinə məxsus payın ona, övladına və ərinin birinci nikahdan olan qızına münasiətdə bölünməsi ilə bağlı artıq notariusda vərəsəlik işi açılmışdır. Onun bütün cehizləri həmin evdə qaldığı otaqdadır. Birinci instansiya məhkəməsində iştirak etmiş Cavabdeh izahat verərək qeyd edir ki, iddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malik deyil, iddia tələbini əsaslandırdığı dəlillər əsassızdır, iddia ərizəsinin hüquqi əsaslandırmasının işlə əlaqəsi yoxdur və qeyd edilənlərə əsasən iddiası təmin olunmamalıdır. Əlavə olaraq qeyd edir ki, iddia ərizəsində qeyd edilən, guya iddiaçının azyaşlı övladı və əri ilə birlikdə sonuncu vəfat edənədək mübahisəli evdə yaşaması faktı həqiqətə uyğun deyil. Belə ki, iddiaçı onun əri və azyaşlı övladı 2012-ci ilin yanvar ayından etibarən mübahisəli evdən köçərək iddiaçının anasına məxsus evdə yaşamışlar və sözügedən fərdi yaşayış evi ilə bağlı mühüm mənafeləri olmamışdır. Həmin tarixdən bəri Neftçala şəhəri, 7-ci məhəllədə yerləşən fərdi yaşayış evinin ümumi təsərrüfatı tam olaraq onun tərəfindən idarə edilmişdir. Onunla birlikdə yaşadıqları müddət ərzində belə onlar fərdi yaşayış evinin qanunla onlar üçün müəyyən olunan paylarından artıq həcmdə istifadə etmiş, yaşamadıqları müddət ərzində isə həmin hissənin iqtisadi əmlak dəyərinin qorunmasına olduqca laqeyd yanaşmışlar. Buna dair müvafiq fotoşəkilləri məhkəməyə təqdim edir. Bundan əlavə iddia ərizəsinin mahiyyətindən görünür ki, iddiaçının hüquqi marağı Neftçala şəhəri, 7-ci məhəllədə yerləşən fərdi yaşayış evinə azyaşlı övladı ilə birlikdə köçürülməklə ondan istifadə hüququndan ibarətdir. Mübahisəli ev paylı mülkiyyət hüququ əsasında 5/6 hissəsi ona, 1/6 hissəsi isə mərhum qardaşı Hüseynov Azərə məxsusdur. Hazırki yaşayış evinin paylı mülkiyyətçisi olaraq iddiaçının ona məxsus hissədən istifadəsinə icazə vermir. Onun razılığı olmadan onun dövlət tərəfindən qeydə alınmış hüquqla ona məxsus evdən istifadə etməsini mülkiyyət hüququna müdaxilə hesab edir. İddiaçı və azyaşlı övladı onun ailə üzvü olmadığından o, ona qarşı hazırkı iddia tələbi üzrə subyektiv hüquqa malik deyil. Qeyd edir ki, iddiaçının tələbi üzrə hüququ mübahisəli evin 1/6 hissəsinin mülkiyyətçisi olan ərinə münasibətdə mövcud ola bilərdi, hansı ki, o, artıq həyatda yoxdur. Ölən birinin mülkiyyətçi statusundan söhbət gedə bilməz. Odur ki, ölmüş qardaşının adına vərəsəlik işi açılmalı, iddiaçı, onun azyaşlı övladı, miras qoyanın birinci nikahından doğulmuş övladı və o (irsi transmissiya qaydasında) mərhumun qanun üzrə vərəsələri qismində tanınmalı və onun mülkiyyətində olmuş Neftçala şəhəri, 7ci məhəllədə yerləşən fərdi yaşayış evinin 1/6 hissəsi bərabər paylarla aralarında bölünməli idi. Lakin iddiaçı qeyd edilən qaydalara riayət etmədən subyektiv hüquqa malik olmadığı halda birbaşa ona qarşı iddia qaldırmışdır. Əlavə olaraq iddiaçı öz ərizəsinin hüquqi əsaslandırma hissəsində xx.xx.2009cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci və 2-ci bəndlərinə və həmin məcəllənin 70-ci maddəsinə istinad etmişdir. Qeyd edir ki, göstərilən normativlər hazırki iş üzrə situasiyaya tətbiq edilə bilməz. Göründüyü kimi iddiaçının tələbi üzrə subyektiv hüququ yalnız onun ərinə münasibətdə mövcud ola bilərdi. Beləliklə, evə köçürmə tələbinə dair iddiaçının tələbi onun xüsusi mülkiyyətində olan 5/6 hissəyə ümumiyyətlə şamil edilə bilməz. Onun mübahisəli fərdi yaşayış evindən istifadə hüququ yalnız mərhum ərinə məxsus 1/6 hissəyə dair mövcuddur. Qeyd edir ki, mərhum qardaşının birinci evliliyindən yetkinlik yaşına çatmış bir qızı, ikinci ailəsindən də bir oğlu vardır. O, onlara kompensasiya şəklində pul verə bilər. 2023-cü ildə qardaşı Azər vəfat etmiş, 2012-ci ildən etibarən bir il yaşayıb kommunal xərcləri ödəməyib evdən iddiaçının anasının evinə köçmüşlər. Bütün kommunal xərcləri özü ödəmişdir. Evi bağlayıb getmişlər, həmin evdə 13 ildir ki, yaşayış yoxdur. Qeyd edir ki, qardaşının qızına kompensasiya verəcəkdir. Hər formada onu razılaşdırmağa çalışmış, birinci ailə kompensasiyaya razıdır. Qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli 2(053)-430/2024 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı, oğlu - yetkinlik yaşna çatmayan X15 ilə birlikdə Neftçala şəhəri, 7-ci məhəllədə yerləşən MN seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə Cavabdeh və X6 adlarına verilmiş 183 nömrəli fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Məhkəmə mövqeyini 01 oktyabr 2009-cu ilədək, o cümlədən, mübahisəli münasibətin yarandığı 2012-ci ildə qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinə, 53-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2, 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, İddiaçı X6 arvadı olmuşdur. Evlilik dövründə iddiaçı bir müddət mübahisəli mənzildə yaşamış, əri X14 xx.xx.2023-cü ildə vəfat etdikdən sonra da yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə mübahisəli mənzildə yaşamağa cəhd etsə də, cavabdeh buna mane olmuşdur. Hazırda isə iddiaçının onunla birlikdə evə köçürülməsini istədiyi oğlu Murad yetkinlik yaşına çatmamışdır. Beləliklə, iddiaçının həmin mənzildən faktiki mülkiyyətçi ilə bərabər istifadə etmək hüquqları yaranmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Neftçala Rayon Məhkəməsi iş üzrə birtərəfli, səthi və qeyri-obyektiv araşdırma aparmışdır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə etirazda və izahatında iddiaçının Neftçala şəhəri, 7-ci məhəllədə 0,11 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 3 otaqlı, 70,5 kv metr yaşayış və 110,1 kv metr köməkçi sahədən ibarət 183 №-li fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 5/6 hissə Cavabdeh, 1/6 hissə isə mərhum X10 məxsus fərdi yaşayış evinə iddiaçının köçürülməsinə etiraz etdiyini bildirmiş və onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqlara malik deyil, belə ki, paylı mülkiyyətçi kimi yalnız iddia qaldırmaq hüququ Azər Hüseynova məxsusdur. Bundan başqa iddiaçının həmin fərdi yaşayış evi ilə bağlı 14 il ərzində hər hansı mühüm mənafeyi olmamış, həmçinin fərdi yaşayış evinin saxlanılmasına dair hər hansı formada qatqısı olmamışdır. Bundan başqa Azər Hüseynovun ölməsi ilə sonuncunun mülkiyyəti ilə bağlı hüquqların mahiyyəti dəyişmiş və artıq iddiaçının vərəsəlik hüququ yaranmışdır. Lakin, mərhum Azər Hüseynovun miras əmlakının siyahısı müəyyən edilmədən, mirasçıların dairəsi dəqiqləşdirilməsi nəzərə alınmadan məhkəmə tərəfindən iddia ərizəsi icraata qəbul edilmişdir. Bundan başqa, Neftçala Rayon Məhkəməsi tərəfindən araşdırma aparılarkən Cavabdeh Neftçala şəhəri, 7-ci məhəllədə 0,11 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 3 otaqlı, 70,5 kv metr yaşayış və 110,1 kv metr köməkçi sahədən ibarət 183 №-li fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 5/6 hissə ilə mülkiyyət hüquqlarını nəzərə almadan hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir. Belə ki, Neftçala şəhəri, 7-ci məhəllədə 0,11 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 3 otaqlı, 70,5 kv metr yaşayış və 110,1 kv metr köməkçi sahədən ibarət 183 №-li fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 1/6 hissə, yəni 11.75 kv metr yaşayış hissəsinin məhrum Azər Hüseynova məxsus olmasını və həmin hissəyə iddaçı və onun azyaşlı oğlunun və mərhumun digər mirasçısının, iş üzrə müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmiş, X8 olması halı nəzərə alınmamışdır. Göründüyü kimi, miras əmlakın bölünməsi baş verməmiş, artıq digər pay sahibinin mülkiyyət hüquqları kobud şəkildə pozulmuş və digər vərəsənin miras payının müəyyənləşdirilməsi və bölünməsinin qarşısı alınmışdır. Hansı ki, yuxarıda qeyd olunan faktlar əsasında tədqiqat aparılacağı təqdirdə iddiaçı və cavabdehin, o cümlədən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin mülkiyyət hüquqları tam təmin ediləcək. Neftçala Rayon Məhkəməsi isə bütün bunları etmədən hazırda mübahisləndirilən qətnaməni qəbul etməklə cavabdehin mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Göründüyü kimi, iş üzrə qəbul edilmiş qətnamənin məzmunundan da aydın olur ki, iddiaçı hüquqdan sui istifadə edərək, aşkar formada ona çatası paydan dəfələrlə artıq kompensasiya kimi, bir otaqlı ev tələbi öz əksini tapmışdır. Yəni, iddiaçı hüququndan sui-istifadə edib, cavabdehə təzyiq etməklə ondan yüksək məbləğdə qiymətləndirilən əmlak tələb edir. Məhkəmə tərəfindən qəbul edilmiş, hazırda mübahisələndirilən qətnamə cavabdehin hüquqdan sui-istifadəsinə şərait yaratmaq üçün hüquqi zəmin hazırlamışdır. Neftçala Rayon Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. İşdən də göründüyü kimi, Neftçala Rayon Məhkəməsi tərəfindən araşdırma aparılarkən cavabdeh tərəfindən təqdim edilmiş etiraz ərizəsinə məhkəmə hər hansı hüquqi qiymət verməmiş, həmçinin işin məhkəmədə tədqiqi zamanı cavabdehin hüquqi savadı olmadığı halda ona iddia tələblərini qəbul etməsi barədə ərizənin yazdırılması, bundan başqa iddiaçının iddia ərizəsində və məhkəmədə Neftçala şəhəri, 7-ci məhəllədə 0,11 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 3 otaqlı, 70,5 kv metr yaşayış və 110,1 kv metr köməkçi sahədən ibarət 183 №-li fərdi yaşayış evində əri Azər Hüseynov ölənə qədər yəni, 2023-cü ilin 10 noyabr tarixinə qədər yaşadığını lakin, sonradan isə Cavabdeh tərəfindən həmin ünvana buraxılmadığını bildirmişdir. Məhkəmə isə Neftçala Rayon Məhkəməsinin 2(053)-207/2012 nömrəli iş üzrə 31 may 2012-ci il tarixli iddiaçı X6 Cavabdeh qarşı yaşayış sahəsinə giriş-çıxışın tutulmasına son qoyulması tələbinə dair iddiası təmin edilməklə, Neftçala şəhəri, 7-ci məhəllədə yerləşən bir mərtəbəli, 3 otaqlı, 70,5 kv metr yaşayış, 110,1 kv metr köməkçi sahədən ibarət 183 №-li paylı mülkiyyətdə olan yaşayış sahəsinin ümumi istifadədə olan giriş qapısının Cavabdeh tərəfindən tutulmasına son qoyulması və X6 ailə üzvləri ilə birlikdə həmin yerdən yaşayış sahəsinə girib-çıxmasının təmin edilməsi barədə iddia ərizəsində qeyd edilən qətnaməsinin qüvvədə olmasını nəzərə almamışdır. Belə ki, iddia ərizəsində adı çəkilən qətnamənin olması məhkəmə tərəfindən diqqətə alınmamış və nəticədə cavabdehin hüquqları kobud formada pozulmaqla qətnamə qəbul edilmişdir. Həmçinin iddiaçının tələbləri iddia ərizəsində dəqiq göstərilməmişdir. Belə ki, iddiaçının hansı ünvana köçürülməsi iddia ərizəsində dəqiq göstərilməmiş, bundan başqa məhkəmə də iddia tələblərinin dəqiqləşdirilməsini aparmamışdır. Göründüyü kimi, Neftçala rayon məhkəməsi tərəfindən cavabdehə təzyiq edilərək, onun rəsmi etirazının olmasına baxmayaraq, iddiaçının tələblərinin qəbulu barədə məcburi ərizənın yazdırılması və sonradan cavabdehin həmin ərizədən imtina etməsi, bundan başqa cavabdehin məhkəmə prosesində verdiyi izahatda iddiaçının tələblərinin həqiqəti əks etdirmədiyinə, həmçinin iddiaçının hüquqdan-sui istifadə etməsini bildirməsinə baxmayaraq məhkmə israrla obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırma aparmaq əvəzinə birtərəfli qaydada iddiaçının xeyrinə süni sübut bazası yaratmaqla, mübahisələndirilən qətnaməni qəbul etmişdir. İşdən də göründüyü kimi, iddiaçı iddia ərizəsində 10 noyabr 2023-cü il tarixinə qədər Neftçala şəhəri, 7-ci məhəllədə yerləşən bir mərtəbəli, 3 otaqlı, 70,5 kv metr yaşayış, 110,1 kv metr köməkçi sahədən ibarət 183 №-li paylımülkiyyətdə olan fərdi yaşayış evində yaşadığını qeyd edərək, həmin fərdi yaşayış evində yaşayan zaman evin ümumi istifadədə olan giriş çıxışının Cavabdeh tərəfindən tutulmasını aradan qaldıran, Neftçala Rayon Məhkəməsinin 2(53)-207/2012 nömrəli iş üzrə 31 may 2012-ci il tarixli qətnaməsi olduğunu bildirmiş, hazırda isə cavabdehin, yəni Cavabdeh onu yaşadığı evə buraxmadığını qeyd edərək, həmin evə köçürülməsinə dair qətnamə qəbul etməsini xahiş etmişdir. Məhkəmə isə Neftçala Rayon Məhkəməsinin 2(53)-207/2012 nömrəli, 31 may 2012-ci il tarixli qətnaməsinin icra edilməsi üçün Neftçala rayon İcra Şöbəsinə müraciət edilməsi barədə iddiaçıya izah verməli olduğu halda, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslar üzrə qüvvədə olan, qətnamə olduğu halda məhkəmə iddia ərizəsini icraatına qəbul edərək, qanunsuz və əsassız olaraq mübahisələndirilən qətnaməni qəbul etmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçı məhkəməyə müraciət edərkən subyektiv hüququ olmamışdır. Apellyasiya baxışı zamanı təqdim etdiyi çıxarışı işə birinci instansiya məhkəməsində baxıldıqdan sonra əldə etmişdir. Mübahisəli evə dair İddiaçı başqa payları müəyyən olunmuş şəxslər də var. Ona veriləcək məbləği digər pay sahibləri də tələb edir. İddiaçı tələb etdiyi məbləği ödənilsə, hüquqlarını müdafiə etdiyi Cavabdeh əmlakın dəyərindən daha artıq məbləğ ödəməli olur. Miras payı olaraq iddiaçının keçmiş həyat yoldaşına 1/6 hissə, Cavabdeh isə 5/6 hissə pay düşüb. Hazırda iddiaçının 1/18 payı olmasına dair çıxarış alıb. Belə olduğu halda, İddiaçı və onun övladına ümumilikdə 8 m2 sahə düşür ki, bu sahə yaşamaq üçün yetərli deyil. Hesab edir ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-430/2024 saylı 05 iyul 2024-cü il tarixli qətnaməsi əsassızdır və qanunsuzdur. Həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Apellyasiya baxışında iştirak edən İddiaçı izahatında bildirdi ki, cavabdeh tərəflə barışıq əldə etmək üçün danışıqlar aparılmışdır. Lakin təklif edilən məbləğ az, 3000 manat olduğu üçün razılıq əldə etməmişlər. Neftçala Rayon Məhkəməsinin 2(053)-430/2024 saylı 05 iyul 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, MPM-in 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etməklə qətnaməni tam mübahisələndirdiyindən onu bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən isə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin : 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də məxsus ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (maddə 158.1.2, 158.2, 158.4). Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər (maddə 164). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər (maddə 165.1). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Mülki Məcəllənin 27-ci maddəsinə görə isə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88.-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi, mübahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir. İşin müəyyən olunan və mübahisələndirilməyən halına görə, İddiaçı ilə X14 07 noyabr 2012-ci ildə nikaha daxil olmuş, birgə nikahlarından 05 fevral 2010-cu ildə Mahmud adlı bir uşaqları olmuş, X6 Nümayəndə ilə nikahından 30 iyun 2005-ci il təvəllüdlü Hüseynova Ləman adlı qızı da var. Lakin tərəflər arasındakı bu nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. İddiaçının yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə köçmək istədiyi mübahisəli Neftçala şəhəri, 7-ci məhəllədə 0,11 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 3 otaqlı, 70,5 kv metr yaşayış və 110,1 kv metr köməkçi sahədən ibarət 183 №-li fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 5/6 hissə Cavabdeh, 1/6 hissə isə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 06 oktyabr 2008-ci ildə qeydiyyata alınmışdır. X14 xx.xx.2023-cü ildə vəfat etmiş, onun vərəsələri arvadı - xx.xx.1982-ci il təvəllüdlü İddiaçı, oğlu 05 fevral 2010-cu il təvəllüdlü X15 və qızı xx.xx.2005-ci il təvəllüdlü X11r. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatsrı və reyestri X21 tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Neftçala şəhəri, Z.Sadıqov küçəsi ev 183 (yeni qaydalarla: AZ 4702 Neftçala rayonu, X22 küçəsi, giriş 447) ünvanında yerləşən ümumi sahəsi 180.6 kv.m olan fərdi yaşayış evinə 1/18 hissədə İddiaçı paylı mülkiyyətində olmasına dair xx.xx.2024-cü il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. Kollegiya qeyd edir ki, hazırkı vəziyyətdə mübahisəli evin paylı mülkiyyət hüququ üzrə həmçinin iddiaçıya da məxsus olması, onun həmin mənzilə istifadə və sahiblik hüquqlarının olmasını ehtiva edir, o isə bu hüquqların ona tanıdığı imkandan istifadə edərək həmin evə köçürülməsini tələb etmiş, məhkəmə də haqlı olaraq bu tələbi təmin etmişdir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi mənzildə yaşayıb və hazırda qaynı onun burada yaşamasına maneçilik törədir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilən şəxsin mənzil və digər bu kimi yerlər üzərində hər hansı hüququ olmasın. Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “mənzil” ifadəsindən istifadə olunur, “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın məqsədi insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Çünki insanın yaşadığı obyektin nədən ibarət olmasından (mənzil, ev, yataqxana, özbaşına insa olunmuş tikili və s.)asılı olmayaraq onun yaşayış yerindən məhrum edilməsinin nəticələri eynidir: insan, təbiətinə görə ehtiyac duyduğu sığınacağı itirir. Ona görə də “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”məzmunlu normada istifadə olunan “mənzil” anlayışı obyektiv amillə (yəni mənzil qanunvericiliyinin müəyyən etdiyi əlamətlərə görə) deyil, subyektiv amillə (yəni insanın obyektdən hansı məqsədlə istifadə etdiyi nəzərə alınaraq) müəyyən olunmalıdır. Əgər insan obyektdən yaşamaq məqsədilə istifadə edirsə, qeyd olunan normanın məqsədi baxımından həmin obyekt mənzil sayılır. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə aşağıdakı kimi münasibət bildirir. Cavabdeh qeyd edir ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqlara malik deyil, belə ki, paylı mülkiyyətçi kimi yalnız iddia qaldırmaq hüququ Azər Hüseynova məxsusdur. Kollegiya cavabdehin bu dəlili ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı hazırkı iş üzrə məhkəməyə müraciət etdiyi vaxt əri vəfat etmiş, həmin əmlakın müəyyən hissəsinə vərəsəliklə bağlı hüququnun tanınmasına dair hüquqi gözləntisi var idi. Göründüyü kimi, həmin ev üzərində mülkiyyət hüququ əldə etməyə “qanuni gözlənti” hüququ verilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-207/2012 nömrəli iş üzrə 31 may 2012-ci il tarixli qətnaməsi ilə iddiaçı X6 Cavabdeh qarşı yaşayış sahəsinə giriş-çıxışın tutulmasına son qoyulması barədə tələbə baxıldığı halda, hazırkı işə yenidən baxılması yolverilməzdir. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə tərəflər İddiaçı və Cavabdeh olmaqla yanaşı, iddiaçının tələbi evə köçürülmə ilə bağlıdır. Eyni zamanda, iddiaçının 2012-ci ildən həmin mübahisəli evdə yaşamaması onun hazırda paylı mülkiyyətçi olaraq həmin evə köçürülməsini istisna etmir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən isə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Şərh edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2(053)-430/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar