Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1699/2023 18.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, iddiaçı Qazıyeva (Əzimova) Arzu Əliyar qızının Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, fərdi yaşayış evinə və torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi, mirasın qəbul edilmiş hesab edilməsi və miras əmlakda 1/2 hissədə payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(073)476/2023 saylı qətnaməsindən iddiaçı Qazıyeva (Əzimova) Arzu Əliyar qızı və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən kecirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Qazıyeva (Əzimova) Arzu Əliyar qızı Cavabdeh qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, miras əmlakın qəbul edilmiş hesab edilməsi, miras əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin notariusu X2 tərəfindən təsdiqlənmiş 2V-311 reyestr nömrəli, xx.xx.2022-ci il tarixdə Cavabdeh adına verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin ləğv edilməsinə, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş reyestrdən çıxarışa əsasən X1 mülkiyyətində olmuş Cəlilabad rayonu Ağdaş kəndi ünvanında yerləşən ümumi sahəsi 241.50 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.139920 ha olan torpaq sahəsinin miras kimi qəbul edilmiş hesab edilməsinə, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş reyestrdən çıxarışa əsasən X1 mülkiyyətində olmuş Cəlilabad rayonu Ağdaş kəndi ünvanında yerləşən ümumi sahəsi 241.50 kv.m olanfərdi yaşayış evinin və ümumi sahəsi 0.139920 ha olan torpaq sahəsinin miras vərəsəliyinin açılmasına və qeyd edilən əmlaka 1/2 pay əsasında onunla (iddiaçı ilə) cavabdeh arasında qanun üzrə vərəsəlik əsasında bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(073)476/2023 saylı qətnaməsi ilə, iddiaçı Qazıyeva (Əzimova) Arzu Əliyar qızının Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, fərdi yaşayış evinə və torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi, mirasın qəbul edilmiş hesab edilməsi və miras əmlakda 1/2 hissədə payın müəyyən edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçı Qazıyeva (Əzimova) Arzu Əliyar qızına aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı Qazıyeva (Əzimova) Arzu Əliyar qızı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki iş materialları 05 oktyabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)1699/2023 nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 18 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası iddiaçı Qazıyeva (Əzimova) Arzu Əliyar qızı və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. 361.1.4-cü maddəsinə əsasən apelyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. 10-1.3-ci maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Qeyd edilən prosessual hüquq normalarının müqayisəli təhlilindən müəyyən edilir ki, qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində apellyasiya şikayətini işdə iştirak edən şəxslər verə bilər. Apellyasiya şikayəti elektron məhkəmə sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilir. Məhkəmə kollegiyası iddiaçı və onun nümayəndəsi və vəkili tərəfindən birgə verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını yoxlayaraq müəyyən etdi ki, apellyasiya şikayəti iddiaçı və onun nümayəndəsi və vəkili tərəfindən imzalanmış, dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz şikayətə əlavə edilsə də, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu maddənin tələblərinə əməl edilməməsi Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması üçün əsasdır. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti verilərkən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət və ona əlavə edilmiş sənədlər şəxsin elektron imzası vasitəsilə imzalandıqdan sonra elektron sistemə yerləşdirilir. Bununla da apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmiş hesab olunur. Lakin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti elektron kabinet vasitəsilə deyil məhz kağız formada tərtib edilərək birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Bu isə onu deməyə əsas verir ki, apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmədiyindən apellyasiya şikayəti geri qaytarılmalıdır. Çünki qanunun bu tələbinə əməl edilməməsi apellyasiya şikayətinin geri qaytarılması üçün əsasdır. MPM-nin 364.1-ci maddəsinə əssən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin maddənin tələbinə əsasən apellyasiya şikayətinin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsidir. Lakin, yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və prosessual hüquq normalarının tələbləri pozulmaqla, apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılmadan iş materialı apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Cəlilabad Rayon Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cəlilabad Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(073)476/2023 saylı qətnaməsindən iddiaçı Qazıyeva (Əzimova) Arzu Əliyar qızı və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş materialı apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1699/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1699/2023
18.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver