Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1703/2024 18.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin azad edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 2(048)-155/2024 saylı, 18 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Lerik Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(048)-155/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Atabəy Kiçibəyov) iddia qismən təmin edilərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla (JN-638 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında) İddiaçı və qeyrilərinin mülkiyyətlərində olan Lerik rayonu, Livədirqə kəndi ərazisində yerləşən 1,1508 ha (faktiki 1,09 ha) torpaq sahəsinin 0,12 ha hissəsinin Cavabdeh tərəfindən istifadəsinin dayandırılması, cavabdehin 0,12 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin İddiaçı qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsinə ödənilmiş 100 manat pulun, cəmi ümumilikdə 200 manat pulun Cavabdeh müştərək qaydada tutularaq İddiaçı verilməsi, əlavə olaraq Cavabdeh 100 manat ekspertiza tədqiqatının dəyəri pulun tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Belə ki, iş materiallarından və “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti skan olunmaqla “Elektron məhkəmə” informasiya sisteminə yüklənilmişdir. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, həmin apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilən elektron sənəd hesab edilmir. Belə ki, apellyasiya şikayətinin skan edilərək elektron kabinetə yerləşdirilməsi həmin şikayətin elektron sənəd formasında elektron kabinet vasitəsilə verilməsi hesab edilə bilməz. Ona görə də məhkəmə kollegiyası bildirir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən olunmuş tələblərə uyğun şəkildə verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Göründüyü kimi, qanunverici “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olmasını imperativ qayda kimi müəyyən etmişdir. MPM-in 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Lerik Rayon Məhkəməsinin 2(048)-155/2024 saylı, 18 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Lerik Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1703/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1703/2024
18.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver