Məhkəmə qərarları › İş №2(106)-1716/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1716/2024

07.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1716/2024 07.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Neftçala Rayon Məhkəməsinin 2(053)-902/2024 saylı, 30 iyul 2024-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, hal-hazırda yaşadığı ünvanda yerləşən əmlakın atası X2 məxsus olmasına və ərizəçinin onun vərəsəsi olduğu faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, onun atası X3 16 yanvar 2000-ci ildə vəfat etmişdir. Onun miras qoyduğu daşınmaz əmlakı sənədləşdirə bilməmişlər. Kənddə yaşayan sakinlər bunu gözəl bilir və hər an şahidlik edə bilərlər. Neftçala rayon Dövlət arxivinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi 19 iyul 2024-cü il tarixli məktubdan görünür ki, atası X1 adına daşınmaz əmlak aşkar edilməmişdir. Ərizəçinin ailəsi çoxuşaqlı olmuşdur və hal-hazırda yaşadıqları evdə boya-başa çatmışlar. Bu mülk vərəsəlik formasında vərəsələrə aiddir. Neftçala Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(053)-902/2024 saylı qərardadı ilə (sədrlik edən hakim Samir Quliyev) Ərizəçi ərizəsi yolverilməz olduğundan onun qəbul edilməsindən imtina olunmuş, hazırkı qərardadın ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə Ərizəçi qaytarılması qərara alınmışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, tələbə hazırkı vəziyyətdə məhkəmə qaydasında baxıla bilməz. Neftçala Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(053)-902/2024 saylı qərardadından narazı qalan Ərizəçi şikayət vermiş, şikayətində həmin qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Ərizəçi şikayətində qeyd etmişdir ki, o, qərardadı əsassız və qeyri-qanuni hesab edir. Neftçala Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(053)-902/2024 saylı qərardadı ilə Neftçala Rayon Məhkəməsinin 2(053)-902/2024 nömrəli iş üzrə 30 iyul 2024cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Neftçala Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(053)-902/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Ərizəçi X1 oğlu olmaqla onun vərəsəsidir. Bu faktın məhkəmə qaydasında deyil, müvafiq notariat orqanında müəyyən edilməsi və mərhumun vərəsələrinin dairəsinin müəyyən olunması mümkündür. Digər tərəfdən ərizəçi Maraqlı şəxs maraqlı tərəf olaraq işə cəlb etmiş, lakin mübahisələndirdiyi mərhum atasına məxsus olmuş əmlaka münasibətdə maraqlı tərəf olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin müvafiq ərazi idarəsini cəlb etməmişdir. İşdə olan sənədlərlə də müəyyən olunur ki, onun Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti olmuş, bu müraciətə cavab olaraq verilmiş 18 iyul 2024-cü il tarixli məktubda mərhum X1 adına qeydiyyata alınmış daşınmaz əmlakın aşkar edilmədiyi qeyd olunmuşdur. Göründüyü kimi, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ərizəçiyə göstərilən hal üzrə ərizəçi müraciətini düzgün əsaslandırmadan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə Neftçala Rayon Məhkəməsinə müraciət etmişdir. Bu səbəbdən müvafiq tələbə hazırkı vəziyyətdə məhkəmə qaydasında baxıla bilməz. İlk öncə qeyd olunmalıdır ki, ərizəçinin atasının vərəsəsi olması faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas yoxdur. Belə ki, ərizəçinin mərhum atasının vərəsəsi olmaq hüququ Mülki Məcəllənin 1159.1.1-ci maddəsindən irəli gəlir və ərizəçi bununla bağlı müvafiq hərəkətlərin edilməsi üçün müvafiq notariat orqanına müraciət etməlidir. Bundan başqa, ilk olaraq ərizəçi tələbində qeyd etdiyi əmlakın mərhum atasının adına qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestri orqanına müraciət etməli, həmin müraciətə müvafiq orqan tərəfindən imtina cavabı verildikdə, ərizəçi inzibati məhkəmə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət edə bilər. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi hazırkı ərizəni qəbul etməkdən onun yolverilməz olması səbəbindən imtina etməkdə haqlı olmuşdur. MPM-in 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməməli, Neftçala Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(053)-902/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(053)-902/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar