Məhkəmə qərarları › İş №2(106)-1717/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1717/2025

24.11.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1717/2025 24.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mülkiyyətdə olan torpaq sahəsinə gedən yola qoyulan maneələrin aradan qaldırılması» tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-127/2025 saylı, 16 sentyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 noyabr 2025-ci il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı Cavabdeh qarşı «mülkiyyətdə olan torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonunun Kakalos kəndi ərazisində yerləşən xüsusi mülkiyyətində olan 0,0266 hektar həyətyanı torpaq sahəsinə gedən yolun Cavabdeh Məhəmmədəli qızı tərəfindən qoyulmuş maneələrin aradan qaldırılması, cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Astara rayonunun Kakalos kəndində yerləşən 0,0266 hektar torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 16 may 2023-cü il tarixdə qeydiyyatdan keçirilməklə çıxarış verilmişdir. Torpaq sahəsi onun xüsusi mülkiyyətində olmasına baxmayaraq, həmin torpaq sahəsinə gedən yol Cavabdeh Məhəmmədəli qızı tərəfindən süni olaraq (darvaza, daş hasar və s.) bağlanmaqla maneələr yaradılmışdır. Belə olan halda onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ pozulmuşdur. O, cavabdehə mübahisəni məhkəmədən kənar həll etməyə cəhd göstərsə də, buna nail ola bilməmişdir. Cavabdeh tərəfindən pozulmuş mülkiyyət hüququ məhkəmə tərəfindən qorunmalı və müdafiə olunmalıdır. Odur ki, Astara rayonunun Kakalos kəndi ərazisində yerləşən xüsusi mülkiyyətində olan 0,0266 hektar həyətyanı torpaq sahəsinə gedən yolun Cavabdeh Məhəmmədəli qızı tərəfindən qoyulmuş maneələrin aradan qaldırılması, cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçıya yolu atası vermişdir və orada olan darvaza əvvəldən olub. Onun tərəfindən iddiaçıya hər hansı bir maneə yaradılmır. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin 2(018)-127/2025 saylı, 16 sentyabr 2025-ci il tarixli (Hakim: İlqar Məmmədov) qətnaməsi ilə, iddianın təmin olunması, Astara rayonu Kakalos kəndində yerləşən İddiaçı mülkiyyərində olan 0,0266 ha həyətyanı torpaq sahəsinə gedən yola Cavabdeh tərəfindən qoyulmuş maneələrin aradan qaldırılması və cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulması, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğdə pul vəsaitinin tutulub İddiaçı verilməsi, Cavabdeh 50 (əlli) manat ekspertiza xərcinin tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Astara Rayon Məhkəməsinin 2(018)-127/2025 saylı, 16 sentyabr 2025-ci il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin rədd olunmasına barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi-vəkili X5 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini Astara Rayon Məhkəməsinin 2(018)-127/2025 saylı, 16 sentyabr 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Cavabdeh apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Astara Rayon Məhkəməsinin 2(018)-127/2025 saylı, 16 sentyabr 2025-ci il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin rədd olunmasına barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bu barədə hər hansı məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Astara Rayon Məhkəməsinin 2(018)-127/2025 saylı, 16 sentyabr 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 47-ci maddəsinin 2-ci bəndində qeyd olunur ki, bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara, ehtiyat fondu torpaqlarına ayrılır. 47-ci maddəsinin 3-cü bəndinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin, küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların torpaqları daxildir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, isttifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları, müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən bələdiyyələrin ümumi istifadədə olan torpaqları xüsusi mülkiyyətə verilə bilməz. 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır; 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Astara Rayon Məhkəməsinin 2(018)-127/2025 saylı, 16 sentyabr 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materialına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin **********06-10301 reyestr nömrəli çıxarışından məlum olur ki, Astara rayonu, Kakalos kəndi ərazisində yerləşən 114.7 kvadratmetr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 21 iyul 2025-ci il tarixli, 10/4433 saylı rəyindən məlum olur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1890/2025 saylı mütəxəssis rəyinə əsasən, Araşdırma zamanı məlum olmuşdur ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənədici sənəd JN-404F nömrəli rəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında) və xx.xx.2023-cü il tarixli, **********06-10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2023-cü il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən İddiaçı mülkiyyətində olan Astara rayonu, Kakalos kəndi ərazisində yerləşən 0,0266 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində mövcud olan 114,7 kv.m sahədən ibarət fərdi yaşayış evinə ad çəkilən Texniki Pasport sənədində gediş-gəliş yolunun hansı istiqamətdən olması öz əksini tapmamışdır. Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı İddiaçı mülkiyyətində olan sözügedən 0,0266 ha torpaq sahəsinə (ilkin hüquqmüəyyənedici sənəd JN-404F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə əsasən) gediş-gəliş yolunun hazırda məhkəmə predmeti olan mübahisəli ərazidən nəzərdə tutulması müəyyən olunmuşdur. Araşdırma zamanı kompleks yerquruluşu layihəsində nəzərdə tutulan həmin gedişgəliş yolunun əsas yola (küçəyə) giriş-çıxış hissəsinin Cavabdeh tərəfindən tutularaq üzərində dəmir qapının quraşdırılması müəyyən olunmuşdur. İşə əlavə edilmiş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-cİ ildə anadan olmuşdur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçı mülkiyyətində olan torpaq sahəsində gediş-gəliş yoluna cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını tələb edir. İddia tələbinin hüquqi əsasını Mülki məcəllənin 152.1,152.5 və 157.2-ci maddələri və Torpaq məcəlləsinin 84, 111-ci maddələri təşkil edir. İddiaçının iddia tələbi mülkiyyətin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İşin hallarından müəyyən edilir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1890/2025 saylı mütəxəssis rəyinə əsasən, Araşdırma zamanı məlum olmuşdur ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənədici sənəd JN-404F nömrəli rəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında) və xx.xx.2023-cü il tarixli, **********06-10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2023-cü il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən İddiaçı mülkiyyətində olan Astara rayonu, Kakalos kəndi ərazisində yerləşən 0,0266 ha torpaq sahəsi verilmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən maneələrin yaradılıbyaradılmamasının müəyyən edilməsindən ibarətdir. İşə baxmış birinci instansiya məhkəməsi bu halın müəyyən olunması üçün ekspertiza aparmaq yolu ilə müəyyən etmişdir ki, İddiaçı məxsus olan Astara rayonu, Syakü kəndində yerləşən 114.7 kvadratmetr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0266 ha hissəsi cavabdeh X2 tərəfindən zəbt edilmiş, Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı İddiaçı mülkiyyətində olan sözügedən 0,0266 ha torpaq sahəsinə (ilkin hüquqmüəyyənedici sənəd JN-404F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə əsasən) gediş-gəliş yolunun hazırda məhkəmə predmeti olan mübahisəli ərazidən nəzərdə tutulması müəyyən olunmuşdur. Araşdırma zamanı kompleks yerquruluşu layihəsində nəzərdə tutulan həmin gedişgəliş yolunun əsas yola (küçəyə) giriş-çıxış hissəsinin Cavabdeh tərəfindən tutularaq üzərində dəmir qapının quraşdırılması müəyyən olunmuşdur. Mülki Məcəllənin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər Kollegiya qeyd edir ki, iddiaçının iddia tələbi ümumi istifadədə olan yolun zəbtdən azad edilməsi ilə bağlıdır. Belə ki, işdə olan sübutlardan müəyyən edilir ki, cavabdeh iddiaçının torpaq sahəsinə gedən ümumi istifadədə olan yolun üzərində dəmir darvaza qoymaqla iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş üçün maneə yaratmışdır. Torpaq Məcəlləsinin 47.2-ci maddəsinə görə, bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara, ehtiyat fondu torpaqlarına ayrılır. 47.3-cü bəndinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin, küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların torpaqları daxildir. Göründüyü kimi, cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən yolun üzərində dəmir darvaza qoyması, iddiaçının mülkiyyətində olan torpağına ümumi istifadə üçün nəzərdə tutulmuş gediş-gəliş üçün maneə yaratdığından iddiaçının ona qarşı həmin maneələrin aradan qaldırılması, yəni ümumi istifadə üçün nəzərdə tutulmuş gediş-gəliş yolunun açılmasını tələb etmək hüququ yaranmış və iddia tələbinin əsaslı olmaqla həmin yaradılan maneələr aradan qaldırılmaqla gediş-gəliş yolu açılmalıdır. Baxmayarq ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində həmin darvazanın heç bir maneə yaratmadığını bildirsə də, ümumiyyətlə kəndarası gediş-gəliş yolu (ümumi istifadə) üçün nəzərdə tutulmuş ümumi istifadədə olan torpaq sahəsinin hər hansı formada zəbti qanununla yol verilən hesab edilə bilməz. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşır. Belə ki, hətta iddiaçının mülkiyyətində olan torpaq sahəsinə başqa yerdən gediş-gəliş yolunun olması belə, nəzərdə tutulmuş digər gediş-gəliş yolunun zəbt olunaraq istifadəyə maneə yaradılmasına əsas verə bilməz. Bundan başqa Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin mülkiyyət hüququ qorunur və dövlət mülkiyyət hüququnu təmin etməlidir. Mülkiyyətə çıxış və istifadənin təminatı da mülkiyyət hüququnun tərkib hissəsidir. Hazırki halda İddiaçı həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun hər hansı formada məhdudlaşdırılması onun mülkiyyət hüququnun faktiki pozulmasına gətirib çıxarmaqla yanaşı, həyətyanı torpaq sahəsinə çıxışı da çətinləşdirə (məsələn təcili yardım, yanğın xidmətləri və ya digər nəqliyyat növləri üçün əlçatanlıq zəifləyər) bilər. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Astara rayonu Kakalos kəndində yerləşən İddiaçı mülkiyyərində olan 0,0266 ha həyətyanı torpaq sahəsinə gedən yola Cavabdeh tərəfindən qoyulmuş maneələr aradan qaldırılsın və cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulsun” qənaətinə gəlməsini qanuni və əsaslı hesab edir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvəfiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Astara Rayon Məhkəməsinin 2(018)-127/2025 saylı, 16 sentyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 2(018)-127/2025 saylı, 16 sentyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar