Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1718/2024 28.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2(032)-623/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 oktyabr 2024-cü il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış beh müqaviləsinə əsasən Bakı şəhəri Binəqədi rayonu M.Cəlal küçəsi 143 A,100 nömrəli mənzilin alğı-satqısı üçün tərəfindən ödənilmiş behin iki misli, yəni 6000 manat məbləğində pulun, müqavilə xərci olaraq 300 manat məbləğində pulun və dövlət rüsumu üçün ödənilmiş 83 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh ilə arasında ilkin razılaşmaya əsasən cavabdehin mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu Mir Cəlal küçəsi 143 A, 100 nömrəli mənzilin 108000 manat məbləğin qarşılığında iddiaçıya satılmağı nəzərdə tutulmuşdur. Bundan sonra tərəflər arasında vasitəçi olmuş “Real Əmlak” Daşınmaz Əmlak Agentliyində beh müqaviləsi ilə rəsmiləşdirilmiş və iddiaçı tərəfindən cavabdehə 3000 manat məbləğində beh verilmişdir. Beh müqaviləsinin birinci bəndinə əsasən beh alan Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 66.21 olan daşınmaz əmlakı 108000 manat qarşılığında beh verənə satmağa, beh verən isə həmin əmlakı almağı öhdəsinə götürür. Beh müqaviləsinin 2-ci bəndinə əsasən tərəflər arasında alğı-satqı müqaviləsi 10 may 2023-cü il tarixdən gec olmayaraq rəsmiləşməli idi. Alğı-satqı müqaviləsinin bağlanmasını təsdiq edən və icrasını təmin etmək məqsədi ilə beh verən beh alana Mülki Məcəlləsinin 491-492-ci maddələri əsasında 3000 manat məbləğində beh vermiş, beh alan həmin məbləği qəbul etmişdir. Beh müqaviləsinə əsasən beh verən bu razılaşmaya görə göstərilən tarixədək alğı-satqıdan imtina etsə və ya alğı-satqı müqaviləsi həmin tarixədək beh verənin təqsirindən rəsmiləşməsə, beh alan behi qaytarmır və beh onda qalır. Bu razılaşmanın 2-ci bəndinə əsasən isə beh alan alğı-satqıdan imtina etsə və ya alğısatqı müqaviləsi həmin tarixədək beh alanın təqsirindən rəsmiləşməsə beh alan beh verənə behin iki mislini ödəməyi öhdəsinə götürür. Bundan sonra iddiaçı beh müqaviləsi üzrə alğısatqısını həyata keçirməli olan mənzilin yekun olaraq rəsmiləşdirməli olan cavabdeh, müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Cavabdehin mülkiyyətində olan mənzil müqavilədə göstərilən tarixədək rəsmiləşməli idi, cavabdeh hər dəfə evin sənədlərində müəyyən problemlər olduğunu bəhanə gətirərək vaxtı uzatmış və sonda cavabdeh əslində mənzili satmaq niyyətinin olmadığını iddiaçıya bildirmişdir. Əgər cavabdehin alğı-satqı etmək niyyəti yox idisə, ondan beh üçün aldığı məbləği geri qaytarmalı idi. Cavabdeh eyni zamanda behi qaytarmaqdan da boyun qaçırır. Tərəflər arasında bağlanmış beh müqaviləsinə əsasən müqavilənin icra edilməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa o digər tərəfə behin iki mislini, yəni 6000 manat məbləği geri qaytarmalı idi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi və izahat verərək bildirdi ki, cavabdehin mülkiyyətində olan ünvan 1 nömrəli mənzilin 108000 manat məbləğin qarşılığında iddiaçıya satılmağı nəzərdə tutulmuşdur. Bundan sonra - 2023-cü ilin mart ayında tərəflər arasında vasitəçi olmuş “Real” Əmlak Daşınmaz Əmlak Agentliyində beh müqaviləsi ilə rəsmiləşdirilmiş və iddiaçı tərəfindən cavabdehə 3000 manat məbləğində beh verilmişdir. Beh müqaviləsinin birinci bəndinə əsasən beh alan Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 66.21 olan daşınmaz əmlakı 108000 manat qarşılığında beh verənə satmağa, beh verən isə həmin əmlakı almağı öhdəsinə götürür. Beh müqaviləsinin 2-ci bəndinə əsasən tərəflər arasında alğı-satqı müqaviləsi 10 may 2023-cü il tarixdən gec olmayaraq rəsmiləşməli idi. Cavabdehin mülkiyyətində olan mənzil müqavilədə göstərilən tarixədək rəsmiləşməli idi, cavabdeh hər dəfə evin sənədlərində müəyyən problemlər olduğunu bəhanə gətirərək vaxtı uzatmış və sonda cavabdeh əslində mənzili satmaq niyyətinin olmadığını iddiaçıya bildirmişdir. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi və iddia tələbinə dair etiraz ərizəsi təqdim edərək bildirdi ki, 05 mart 2024-cü il tarixində Şirvan Şəhər Məhkəməsindən ona göndərilən məktubda İddiaçı ərizə ilə müraciət edərək ona qarşı pul tələbi ilə bağlı iddia qaldırması və cavabdeh şəxs olaraq tanınmağı barədə məlumat almışdır. 2023-cü ilin mart ayında Bakı şəhərində fəaliyyət göstərən “Real” Əmlak şirkətinə öz şəxsi evini satmaq üçün müraciət etmiş və həmin şirkət vasitəsi ilə İddiaçı evi almaq istəməsi barədə ona müraciət etmişdir. 17 mart 2023-cü il tarixində ”Real Əmlak” şirkətinin nümayəndəsi vasitəsi ilə mənzilin qiyməti 108000 manat dəyərində razılaşdırılmış, 10 may 2023-cü il tarixinədək tam ödəniş edilmək şərti ilə 3000 manat beh olaraq İddiaçı tərəfindən ona ödənilmiş və aralarında alğısatqı ilə bağlı beh müqaviləsi bağlanılmışdır. Beh müqaviləsi bağladıqdan sonra İddiaçı bir neçə dəfə onunla əlaqə saxlamış, evin razılaşdırılmış qiymətinin baha olduğunu və 3000 - 5000 min manat dəyərində aşağı salınmasını istəmişdir. O, İddiaçılə razılaşdırılmış və müqavilə qiymətindən endirim etmək niyyətinin olmadığını dəfələrlə bildirdikdən sonra 08 may 2023-cü il tarixində ondan evi almaq istəmədiyini və behi geri qaytarmağını bildirmişdir. O sonradan məlumat almışdır ki, İddiaçı özü ev alğı-satqısı ilə məşğuldur və bir neçə dəfə hətta onun evini baha qiymətə satmaq üçün alıcılar da də gətirib. May ayının 10-da bağlanmış müqavilənin şərtlərini pozaraq evi almaqdan imtina edən İddiaçı ondan özü, qohumları və dostları vasitəsi ilə beh formasında ödədiyi 3000 manat məbləği tələb etməyə başlamışdır. Bir neçə ay sonra o, evini başqa bir şəxsə satmış və aralarında bağlanılmış müqavilənin şərtlərinə əməl etməməsinə baxmayaraq, onu uzun müddət pis vəziyyətdə qoyan İddiaçı 2000 manat vermişdir. Məhkəməyə təqdim etdiyi səs yazısından aydın şəkildə müəyyən etmək olur ki, o, İddiaçıa beh müqaviləsi üzrə aldığı puldan qaytarmışdır, eyni zamanda həmin beh müqaviləsi üzrə alınmış pulun 1000 manat məbləği vasitəçi “Real Əmlak” şirkətinə ödənilmiş, qalan 2000 manat puldan 1600 manat pulu Fuada verməsinə dair sübut olan səs yazısı vardır. 400 manatı verməsinə dair səs yazısı digər telefonda olduğundan həmin səs yazısını sübut kimi məhkəməyə təqdim edə bilmir. İddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Şəhər Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2(032)-623/2024 saylı qətnaməsi ilə (Hakim: Aydan Məmmədli), iddianın qismən təmin edilməsi, Cavabdeh 1400 (min dörd yüz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, Cavabdeh hüquqi xidmətə görə 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 83 (səksən üç) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh Şirvan Şəhər Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2(032)-623/2024 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan Şəhər Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2(032)-623/2024 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi qaydada etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan Şəhər Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2(032)-623/2024 saylı qətnaməsinin dəyişdirilməməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı keçirilən iclasda iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Şirvan Şəhər Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2(032)-623/2024 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” 448.1-ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir (maddə 491.1). 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Şirvan Şəhər Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2(032)-623/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Real Əmlak Daşınmaz Əmlak Agentliyində bir tərəfdən “beh verən” adlandırılacaq İddiaçı digər tərəfdən “beh alan” adlandırılacaq Cavabdeh arasında bağlanmış notariat qaydada təsdiq olunmamış və tarixi qeyd edilməyən beh haqqında razılaşmanın surətindən görünür ki, tərəflər ünvan 1 nömrəli mənzilin 108000 manat məbləğin qarşılığında iddiaçıya satılmasına razılaşmışlar. Beh haqqında razılaşmanın 1-ci bəndinə əsasən beh alan Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 66.21 olan daşınmaz əmlakı 108000 manat qarşılığında beh verənə satmağa, beh verən isə həmin əmlakı almağı öhdəsinə götürür. Beh haqqında razılaşmanın 2-ci bəndinə əsasən tərəflər arasında alğı-satqı müqaviləsi 10 may 2023-cü il tarixdən gec olmayaraq rəsmiləşməlidir. Alğı-satqı müqaviləsinin bağlanmasını təsdiq edən və icrasını təmin etmək məqsədi ilə beh verən beh alana Mülki Məcəlləsinin 491-492-ci maddələri əsasında 3000 manat məbləğində beh verir, beh alan həmin məbləği qəbul edir. B Beh haqqında razılaşmanın 3-cü bəndinə əsasən beh verən bu razılaşmanın 2-ci bəndində göstərilən tarixədək alğı-satqıdan imtina etsə və ya alğı-satqı müqaviləsi həmin tarixədək beh verənin təqsirindən rəsmiləşməsə, beh alan behi qaytarmır və beh onda qalır. Beh haqqında razılaşmanın 4-cü bəndinə əsasən bu razılaşmanın 2-ci bəndinə əsasən isə beh alan alğı-satqıdan imtina etsə və ya alğı-satqı müqaviləsi həmin tarixədək beh alanın təqsirindən rəsmiləşməsə, beh alan beh verənə behin iki mislini ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2023-cü ilin mart ayında tərəflər arasında “Real” Əmlak Daşınmaz Əmlak Agentliyində beh müqaviləsi rəsmiləşmiş və iddiaçı tərəfindən cavabdehə 3000 manat məbləğində beh verilmişdir. Beh müqaviləsinin birinci bəndinə əsasən beh alan Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 66.21 olan daşınmaz əmlakı 108000 manat qarşılığında beh verənə satmağa, beh verən isə həmin əmlakı almağı öhdəsinə götürür. Beh müqaviləsinin 2-ci bəndinə əsasən tərəflər arasında alğı-satqı müqaviləsi 10 may 2023-cü il tarixdən gec olmayaraq rəsmiləşməli idi. Lakin tərəflər arasındakı adıçəkilən razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olsa da, notariat qaydasında təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Kollegiya ilk öncə qeyd edir ki, tərəflər arasında olan razılaşma 2023-cü ilin mart ayında imzalanmışdır. Həmin razılaşmanın mahiyyətinə görə iddiaçı cavabdehə ev alğı-satqısı ilə bağlı 3000 manat beh vermişdir. Lakin birinci instansiya Mülki Məcəllənin 491-ci maddəsinə istinad edərək həmin “Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir” normasını əsas götürərək, həmin pulu beh kimi deyil avans kimi qəbul etmişdir. Bundan başqa məhkəmə həmin beh müqabilində verilmiş 3000 manat məbləği avans kimi qəbul etmiş və iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, həmin 3000 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıdan alınması, həmçinin həmin puldan 1600 manat məbləğin cavabdeh tərəfindən iddiaçıya qaytarılması öz təsdiqini tapmış, ona görə də məhkəmə iddianı qismən təmin etmişdir. Apellyasiya icraatı zamanı Cavabdeh apelyasiya şikayətinin dəlillərinə münasibətdə izahat verərək, öhdəliyin iddiaçı tərəfindən pozulduğunu, alğı-satqı günündən 2 gün keçdikdən sonra (Beh haqqında razılaşmanın 2-ci bəndində tərəflər arasında alğı-satqı müqaviləsi 10 may 2023-cü il tarixdən gec olmayaraq rəsmiləşməsi nəzərdə tutulmuşdur) iddiaçının ona zəng edərək alğı-satqı üzrə danışılmış qiymətə 3000-5000 endirim edilməsini, yoxsa mənzili almaqdan imtina etdiyini deməsini, buna görə də iddiaçıya pulu qaytarmaqdan imtina etdiyini, həmin puldan 1600 qaytararkən də iddiaçıya pul vermək niyyətində olmadığını, sadəcə iddiaçının gözü qalmasın deyə həmin pulu verdiyini bildirmişdir. Cavabdeh iddiaçı ilə olan səs yazıları ilə bağlı CD disk tələb edərək həmin sübutun araşdırılmasını xahiş etmişdir. Kollegiya əvvəla qeyd edir ki: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki prosessual qanunvericiliyinə əsasən apellyasiya instansiya məhkəmələrinin bir qayda olaraq əsas vəzifəsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyini yoxlamaqdan ibarətdir. Yuxarıda qeyd olunan prosessual normaların mahiyyətindən də aydın olur ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır və faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilsin. Eyni zamanda o da nəzərə alınmalıdır ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.4). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2). İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh birinci instansiya məhkəmə baxışı iclasında iştirak etmişdir. Göründüyü kimi cavabdehin birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir. Cavabdehin apellyasiya instansiyası məhkəməsindən birinci instansiya məhkəməsində verilməli olan səs yazısı ilə bağlı CD diskin sübut kimi qəbul edilərək hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz. İkincisi cavabdehin iddianın rədd edilməsi əsası kimi istinad etdiyi hal, Beh haqqında razılaşmanın 2-ci bəndində tərəflər arasında alğı-satqı müqaviləsi 10 may 2023-cü il tarixdən gec olmayaraq rəsmiləşməsi nəzərdə tutulmasına baxmayaraq, iddiaçının həmin gün müqavilə bağlamaqdan yayınmasını, 2 gün sonra ona zəng edərək mənzilin satış qiymətindən 3000- 5000 endirim ediləcəyi halda həmin mənzillə bağlı alğı-satqı müqaviləsi bağlayacağını bildirməsidir. Cavabdeh bu halı iddiaçı tərəfindən öhdəliyin pozulması kimi qəbul edir və ona görə də iddianı əsassız hesab edir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh aldığı 3000 manat puldan 1600 manatı qaytarmışdır. Göründüyü kimi cavabdeh öhdəliyin iddiaçı tərəfindən pozulduğunu bildirsə də, əslində özü həmin pulun bir hissəsini ödəməklə artıq öhdəliyin şərtlərinin özü tərəfindən pozulduğunu dolayı yolla etiraf etmişdir. Qeyd olunan halları qiymətləndirərək məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçının öz öhdəliklərinin icra etməməsində onun təqsirinin olması sübut olunmur. MM-in 448.2-ci maddəsinin tələblərinə görə isə borclu yalnız təqsirli hərəkət və ya hərəkətsizliyə görə məsuliyyət daşıyır. Bu baxımdan, öhdəliyin pozulması əsasına görə iddianın rədd edilməsi qanuni hesab edilə bilməz. Əks halda cavabdehin həqiqətən öhdəliyin iddiaçı tərəfindən pozulması ilə bağlı təkidli israrı onun həmin pulu ödəməməsi ilə nəticələnərdi. Lakin cavabdeh həmin puldan ödəniş etməklə dolayı yolla öhdəliyin onun tərəfindən pozulmasını qəbul etmişdir. Bundan başqa cavabdeh həmin puldan 1400 manatın geri qaytarılması ilə bağlı sübut təqdim edə bilmədiyindən iddianın həmin hissədə təmin edilməsi ilə bağlı da məhkəmənin mövqeyi qanuni və əsaslı olmuşdir. Ona görə də kollegiya qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Cavabdeh 1400 (bir min dörd yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir” mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Şirvan Şəhər Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2(032)-623/2024 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilən iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Belə olan halda cavabdehin apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min mantdan az təşkil etdiyindən qəbul olunmuş qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2(032)-623/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın Qətnamə elan edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1718/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1718/2024
28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver