Məhkəmə qərarları › İş №2(106)-1719/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1719/2024

05.11.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1719/2024 05.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı işə bərpa, məcburi işburaxma müddətinə görə əmək haqqı və təzminatın ödənilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-1850/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli K-73 nömrəli əmrin və Cavabdeh ilk Həmkarlar Təşkilatının xx.xx.2024-cü il tarixli 01 saylı protokol qərarının ləğv edilməsi, Cavabdeh tərəfindən ona qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən yəni xx.xx.2024-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi məcburi iş buraxma müddətinə görə əmək haqqı, şərəf və ləyaqəti alçaldığına görə təzminatın ödənilməsi və son haqq hesabı gecikdiriyi üçün ona əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-1850/2024 saylı qətnaməsi ilə (hakim Anar Pənahov) iddia qismən təmin edilərək İddiaçı dövlət qulluğundan azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam veriməsinə dair Lənkəran–Astara Regional Təhsil İdarəsinin 3-29-35/3-1-73K/2024 nömrəli 13 fevral 2024cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Lənkəran–Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun məsləhətçisi vəzifəsinə bərpa olunması, İddiaçı 14 fevral 2024-cü il tarixdən işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanıb ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnaməni ləğv edib, mübahisənin mahiyətinə, bunu tənzimləyən qanunvericiliyin tələblərinə uyğun olaraq yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh nümayəndəsinin Lənkəran Rayon Məhkəməsinə təqdim etdiyi sənədləri və dəlilləri, habelə sübutları məhkəmə lazımi qaydada araşdırmadan qətnamə qəbul etmişdir. Belə ki, İddiaçı dövlət qulluqçusu statusunda olarkən işdən çıxmasına əsas səbəb işlədiyi Cavabdeh Astara rayonu üzrə təhsil sektorunda işləyərkən sosial şəbəkədə onun xoşagəlməz video görüntüləri yayılmış və bu halda təhsil sistemində və xususilə Astara rayonu ərazisində, habelə Astara təhsil müəssisələrində fəaliyyətdə olan pedaqoji-texniki və şagird-valideyn kontingenti arasında böyük etiraza səbəb olmuşdur. Belə bir şəxsin vəzifəli şəxs kimi vəzifədə qalıb işləməsi təhsil orqanının və onun əməkdaşlarının nüfuzuna ictimayət arasında xələl gətirmişdir. İddiaçı Cavabdeh Astara rayonu üzrə təhsil sektorunda dövlət qulluqçusu ststusunda işlədiyi halda İPM-in 8-ci maddəsinə əsasən onun iddiasına İnzibati məhkəmədə baxılmalı olduğu halda, Lənkəran Rayon Məhkəməsində baxılmış və məhkəmə aidiyyət normaları pozulmuşdur. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, əmək müqaviləsindən açıq-aşkar görünür ki, iddiaçı dövlət qulluqçusudur. Ona görə də, iş üzrə məhkəmə aidiyyəti dəyişdirilərək aidiyyəti üzrə başqa məhkəmədə baxılmalıdır. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında göstərmişdir ki, hazırkı mübahisəyə ümumi məhkəmə aidiyyəti üzrə baxılmışdır. İddiaçı məhkəmə iclasında vəkilinin izahatında bildirdikləri ilə razı olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan: Lənkəran – Astara Regional Təhsil İdarəsinin K-35 nömrəli 10 iyun 2022-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Təhsil Nazirliyi sistemində vakant olan vəzifələrin tutulması üçün 13 sentyabr 2021-ci il tarixdə elan edilmiş müsabiqə üzrə müsahibədən müvəffəqiyyətlə keçdiyi üçün 10 iyun 2022-ci il tarixdən 6 (altı) ay müddətinə stajçı kimi dövlət qulluğuna qəbul olunaraq, idarənin Astara rayonu üzrə təhsil sektorunun məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Lənkəran – Astara Regional Təhsil İdarəsinin K-291 nömrəli 09 dekabr 2022-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı 12 dekabr 2022-ci il tarixdən 3 (üç) ay müddətinə idarənin Astara rayonu üzrə təhsil sektorunun məsləhətçisi vəzifəsində sınaq müddətinə təyin edilmişdir. Lənkəran – Astara Regional Təhsil İdarəsinin 3-29-35/3-1-110K/2023 nömrəli 13 mart 2023-cü il tarixli əmrin surətindən görünür ki, İddiaçı sınaq müddət bittidyinə görə 13 mart 2023-cü il tarixdən daimi dövlət qulluğuna qəbul edilmiş və ona “kiçik dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmişdir. Lənkəran – Astara Regional Təhsil İdarəsinin 3-29-35/3-1-73K/2024 nömrəli 13 fevral 2024-cü il tarixli əmrin surətindən görünür ki, Astara rayonu üzrə təhsil sektorunun məsləhətçisi İddiaçı ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrdə əsas olaraq İddiaçı izahatı, Cavabdeh İlk Həmkarlar Təşkilatının 08 fevral 2024-cü il tarixli, 01 nömrəli məktubu və 05 fevral 2024-cü il tarixli, 01 nömrəli protokoldan çıxarış qeyd edilmişdir. Cavabdeh İlk Həmkarlar Təşkilatının 05 fevral 2024-cü il tarixli 01 №-li iclasının protokolundan görünür ki, Astara rayonu üzrə təhsil sektorunun məsləhətçisi İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Lənkəran – Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyevin təqdimatı heyət üzvləri: Rövşən Məmmədov, Elnur Manafov, Tofiq Əsgərov, Firəngiz Hüseynova, dəvət edilənlər Qürbətəli Zeynalov və İddiaçı iştirakı ilə müzakirə edilmişdir. İclasda iştirak edənlər öz çıxışlarında İddiaçı dövlət qulluqçusuna layiq olmayan, qeyri-etik davranışlarının idarənin adına yaraşmayan hərəkət olduğu, təhsil işçisinin nüfuzuna xələl gətirən olduğunu, kobud əmək və icra intizamı kimi qiymətləndirildiyini, sosial şəbəklərdə yayılan videogörüntüləri utancverici olduğunu qeyd edərək, İddiaçı işdən azad edilməsinə etiraz etmədiklərini bildirmişlər. İclasın qərarı ilə təqdimat nəzərə alınaraq, İddiaçı əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Lənkəran – Astara Regional Təhsil İdarəsinin müdiri X7 Həmkarlar Təşkilatına ünvanladığı xx.xx.2024-cü il tarixli təqdimatında İddiaçı sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olması barədə məlumatların yayılması, bu halın dövlət qulluqçusunun, ümumilikdə idarənin nüfuzunun aşağı salmasına səbəb olması qeyd edilərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsini müzakirə edərək, münasibət bildirilməsi xahiş edilmişdir. Astara rayon polis şöbəsinin Cinayət işi başlanmasının rədd edilməsi haqqında 30 iyun 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı RPŞ-yə etdiyi müraciət əsasında toplanmış təhqiqat materialı üzrə ciayət işinin başlanması rədd edilmişdir. Qərarın təsviriəsaslandırıcı hissəsindən görünür ki, İddiaçı RPŞ-yə etdiyi müraciətində xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Astara rayon Tüləgüvan kəndində yerləşən fərdi yaşayış evində, istifadə olan ***-***-**-** saylı “whatsapp" nömrəsinə Türkiyə Respublikası vətəndaşı Alyara Soyderə adlı şəxsin istifadə etdiyi “+90-531 864-70-35” saylı vhatsapp nömrəsilə onunla danışdıqdan sonra onu tanımadığı şəxslərin fotoları ilə montaj edib müxtəlif sosial şəbəkələrdə paylaşacağı ilə hədələyib ondan 600 evro pul tələb etdiyini bildirərək, Alyara Soydere adı şəxsin kimliyinin müəyyən edib, tapılaraq cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 1(018)-186/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxs İddiaçı ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edimişdir. Qərarın təsviriəsaslandırıcı hissəsində qeyd edilmişdir ki, X5 2021-ci ilin aprel ayında İddiaçı Mirzəağa oğlunun onunla qonşuluqda yaşayan X3 müxtəlif məzmunda mesajlar yazıb narahat etməsini əsas gətirərək İddiaçı Astara şəhər dənizkənarı bulvarına aparıb sonuncuya qarşı nalayiq ifadələr işlətməklə bir daha insanları narahat etməməsinə dair vədlər verməsini videogörüntüyə almış, daha sonra 2022-ci ilin iyun ayında həmin videogörüntünü öz tanışlarına göndərib zərərçəkmiş şəxs İddiaçı şəxsi həyatının sirri olan məlumatları əks etdirən videoçəkilişi materialını yaymaqla sonuncunun şəxsi həyatın toxunulmazlığı hüququnu pozmuşdur. Lənkəran – Astara Regional Təhsil İdarəsinin elektron poçt ünvanından çıxarışdan görünür ki, Ağa Məmmədov və Abdulla Orucov tərəfindən idarənin poçt ünvanına İddiaçı tərəfindən şikayət ərizəsi daxil olmuşdur. Astara RİHB-nin Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 722 nömrəli xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ərazisində Məmmədov Ağa və Orucov Abdulla adlı şəxslər yoxdur və yaşamırlar. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Lənkəran – Astara Regional Təhsil İdarəsi arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinə əsasən xitam verilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməsi barədə xx.xx.2024-cü il tarixli MŞL00428 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə əmək mübahisəsi ilə əlaqadar mediasiya təşkilatına müraciət etmişdir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə sübut kimi təqdim edilmiş CD diskdə olan 25 saniyəlik videoyazıya məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin videoyazını aparan şəxs və yaxud şəxslər tərəfindən İddiaçı hansısa hərəkətləri bir daha etməyəcəyini deməsi tələb olunur və o, da həmin tələbi yerinə yetirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını təhlil edərək belə hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işə məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verməli olduğu halda yanlış olaraq iddia tələbinə mahiyyəti üzrə baxaraq müvafiq yekun məhkəmə aktı qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə görə inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Qeyd edilməlidir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə” 16 sentyabr 2010-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Məhkəməsinin digər – “Vasilesku Rumıniyaya qarşı iş üzrə” 22 may 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan “məhkəmə” anlayışının tələblərinə cavab vermiş olur. Bundan əlavə, MPM-in 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Habelə MPM-in 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-1850/2024 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 261, 372, 384, 391 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli 2(049)-1850/2024 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Lənkəran–Astara Regional Təhsil İdarəsinə qarşı işə bərpa, məcburi işburaxma müddətinə görə əmək haqqı və təzminatın ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardadan həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar