Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1725/2024 15.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Tərlan oğlunun sədrliyi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli 2(022)-746/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı müqavilələrdən irəli gələn öhdəçiliyin pozulmasına dair pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən tapşırıq xərcləri və əlavə muzd olaraq 1000 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək cavabdehdən öz vəsaiti ilə ödədiyi tapşırıq xərclərinə görə 1000 manat + muzd kimi 1000 manat olmaqla, cəmi 2000 manat məbləğdə pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli 2(022)-746/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, mülki iş materiallarında olan tapşırıq müqaviləsindəki imzanın Cavabdeh tərəfindən yazılıb-yazılmamasının müəyyən edilməsi ekspert qarşısında sual olaraq qoyulmuş, mülki iş və cavabdehin ekspertimental imza nümunələri ekspertin sərəncamına verilmiş və mülki iş üzrə icraat ekspert rəyi alınanadək dayandırılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın “iş üzrə icraatın dayandırılması” hissəsində ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə işin məhkəmə baxışına çıxarılması üçün lazım olan bütün sənədləri təqdim etdiyi üçün işin onun iştirakı olmadan da baxışa təyin ediləcəyini hesab etmişdir. Buna görə məhkəməyə ərizə yazaraq növbəti hazırlıq iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Lakin işə baxan hakim həmin gün işə baxaraq onun işin xətşünaslıq ekspertizasına göndərilməsi və işin icraatının dayandırılmasına dair xx.xx.2024-cü tarixli qərardad çıxarıb məhkəmə-xətşünaslıq ekspertizasına göndərməklə cavabdehin bu barədə şifahi və yazılı vəsatəti olduğunu qeyd etmişdir. Lakin bu barədə elektron kabinetdə heç bir vəsatət görünmür. Ekspertiza keçirilməsinə dair məhkəmənin qərardadını mübahisələndirilməsə də, hər halda hakim bu barədə qərar verməzdən qabaq tərəflərin iştirakı ilə məhkəmə çəkişməsi prinsipinə əməl etməli idi. Çox güman ki, onun kimi cavabdeh də 04 sentyabr 2024-cü ildə prosesdə olmamışdır. Məhkəmənin belə bir qərar qəbul etməzdən öncə iddiaçının bu barədə fikrinə öyrənməməsi qanun pozuntusudur. Ən əsas isə məhkəmə ekspert qarşısında suallar qoyarkən tərəflər də qoyulmuş suallarla bağlı öz variantlarını qoymaq hüqularına malik olmalıdırlar. Güründüyü kimi, məhkəmə rəy vermək üçün ekspert qarşısında konkret müddət qoymuşdur. Bu müddət ən çoxu 1 ay, ən azı isə 3 gün nəzərdə tutub. Belə qısa müddət üçün isə işi dayandırmağa ehtiyac yox idi. Xətşünaslıq ekspertizasının keçirilməsi qısa bir zaman tələb edir. Belə olan halda məhkəmə həmin işi dayandırmadan da ekspert təyin edə bilər və hətta eksperti məhkəmə prosesinə dəvət edərək ekspertiza keçirə bilər. Ən son halda məhkəmə rəy verilənə qədər işi sadəcə olaraq 10-15 gün təxirə sala bilərdi. Məhkəmənin həmin qərardadı “işin dayandırılması” hissəsində ləğv edilməlidir. Biləsuvar Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli 2(022)-746/2024 saylı qərardadı ilə iddiaçının şikayət təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli 2(022)-746/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmış və şikayət iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, İddiaçı şikayəti təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli 2(022)- 746/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. MPM-in 98.1-ci maddəsinə əsasən ekspertiza təyin edilməsi haqqında məhkəmə qərardad qəbul edir. MPM-in 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim iş üzrə icraatı dayandıra bilər. MPM-in 256.0.2-ci maddəsinə əsasən həmin məcəllənin 254.1.3-cü və 255-ci maddələri ilə nəzərdə tutulmuş hallarda tərəfin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, digər qoşunların və qoşun birləşmələrinin tərkibində olub dövlət vəzifəsini yerinə yetirməsi qurtaranadək, qulluq ezamiyyətindən qayıdanadək, tərəfin müalicə müəssisəsindən buraxılmasınadək, cavabdehin axtarışının nəticələri məlum olanadək, ekspertin rəyi və ya qəyyumluq və himayəçilik orqanının rəyi məhkəməyə təqdim edilənədək məhkəmə tapşırığına cavab alınanadək iş üzrə icraat dayandırılır. Habelə Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmə prosesi zamanı elə hallar meydana çıxır ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına mane olur. İcraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının şikayətini təmin etməməklə haqlı nəticəyə gəlmişdir. Belə ki, iddiaçının şikayətində qeyd etdikləri formal mülahizələrdən ibarətdir və qərardadın ləğvi üçün əsas deyildir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Habelə birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının hər hansı pozuntusuna yol verilməsi aşkar edilmir. MPM-in 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlardan kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli 2(022)-746/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1725/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1725/2024
15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver