Məhkəmə qərarları › İş №2(106)-1733/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1733/2025

27.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1733/2025 27.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılma” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-683/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2020-ci ildə anadan olmuş X4 ilə birlikdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət resyestrindən çıxarışla mülkiyyət hüquqları adına qeydə alınmış Sabirabad şəhəri, H.Əliyev prospekti, 2D, 8 nömrəli mənzildən (yeni qaydalarla Sabirabad şəhəri, Ağadadaş Ağayev küçəsi, giriş 6, M4, mənzil 1) çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Sabirabad şəhəri, H.Əliyev prospekti, 2D, 8 nömrəli mənzil (yeni qaydalarla Sabirabad şəhəri, Ağadadaş Ağayev küçəsi, giriş 6, M4, mənzil 1) mülkiyyət hüququ əsasında ona məxsusdur. Mənzilin ümumi sahəsi 104,7 kv.m-dir. Mənzil barəsində mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla qeydə alınmışdır. O, mənzilin tam mülkiyyətçisidir. Cavabdehlər Cavabdeh1, onun oğlu Cavabdeh2, gəlini Cavabdeh3 və xx.xx.2020-ci ildə anadan olmuş X1 rayonunun Şaybalı kəndindəndirlər. Onlar məcburi köçkün olduğu üçün mənzilində yaşamalarına razılıq vermişdir. O, hazırda özü, arvadı, oğlu və onun arvadı 3 uşağı ilə birlikdə, həmçinin qızı və onun bir uşağı ilə birlikdə Qasımbəyli KİN-nin Yuxarı Axtaçı kəndində bir evdə yaşayırlar. Qeyd edilən mənzili almışdır ki, o, arvadı ilə birlikdə, həmçinin qızı və onun bir uşağı ilə birlikdə orada yaşasınlar. Cavabdehlər onun mənzilindən çıxmaq istəmirlər. Cavabdehlər onun nə keçmiş, nə də indiki ailə üzvləri deyillər. Onlar onun mənzili üzərində sahiblik və istifadə hüquqlarını pozurlar. Bu səbəbdən hazırki iddianı qaldırmağa məcbur olmuşdur. Birinci instansiya məhkəməsində icraat Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-683/2025 saylı qətnaməsi ilə (hakim S.Allahverdiyev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2020-ci ildə anadan olmuş X4 ilə birlikdə İddiaçı xüsusi mülkiyyətində olan Sabirabad şəhəri, H.Əliyev prospekti, 2D, 8 nömrəli mənzildən (yeni qaydalarla Sabirabad şəhəri, Ağadadaş Ağayev küçəsi, giriş 6, M4, mənzil 1) çıxarılmaları qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən İddiaçı verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Sabirabad şəhəri, H.Əliyev prospekti, 2D, 8 nömrəli mənzil (yeni qaydalarla Sabirabad şəhəri, Ağadadaş Ağayev küçəsi, giriş 6, M4, mənzil 1) tam payla İddiaçı xüsusi mülkiyyətindədir və və bu barədə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixində qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Saatlı-Sabirabad rayonları bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ağdaş rayonundan məcburi köçkün düşmüş Məmmədov X2 rayonu, H.Əliyev prospekti, 2D, mənzil 8 ünvanında müvəqqəti məskunlaşmışdır. Ailə tərkibi həyat yoldaşı Cavabdeh3, oğlu X4 və anası Cavabdeh1 ibarətdir. Ağdam rayonunun Şaybalı kəndində qeydiyyatdadır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həqiqətən də Sabirabad şəhəri, H.Əliyev prospekti, 2D, 8 nömrəli mənzil (yeni qaydalarla Sabirabad şəhəri, Ağadadaş Ağayev küçəsi, giriş 6, M4, mənzil 1) İddiaçı xüsusi mülkiyyətindədir və onun mülkiyyətində olan mənzildə Ağdam rayonundan məcburi köçkün olan cavabdehlər və azyaşlı xx.xx.2020-ci il təvəllüdlü X4 hər hansı hüquqa malik olmadan yaşamaqdadırlar. Məhkəmə hesab etmişdir ki, iddiaçı olan mülkiyyətçinin mülkiyyət hüquqları qorunmalı və bərpa edilməli, bu xüsusda iddia tələbi əsaslı hesab edilərək təmin edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və xx.xx.2020-ci ildə anadan olmuş X4 ilə birlikdə iddiaçının xüsusi mülkiyyətində olan Sabirabad şəhəri, H.Əliyev prospekti, 2D, 8 nömrəli mənzildən (yeni qaydalarla Sabirabad şəhəri, Ağadadaş Ağayev küçəsi, giriş 6, M4, mənzil 1) çıxarılmalıdırlar. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4-cü maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, o, Ağdam rayonu, Saybalı kəndindən məcburi köçkündür. 1993-cü ildən isə Sabirabad şəhərində məskunlaşıb, orada da yaşayırlar. Atası isə 2 ildir ki, rəhmətə getmişdir. Məskunlaşan zaman isə dövlət tərəfindən Sabirabad şəhəri, H.Əliyev prospekti, 2D, 8 nömrəli mənzilə köçürülmüşdürlər. Bacıları var və onlarda evlidirlər. Həmin mübahisəli mənzildə isə 30 ildir ki, yaşayırlar. Qeydiyyatları Ağdam rayonu olsa da, Sabirabad şəhəri, H.Əliyev prospekti, 2D, 8 nömrəli mənzildə yaşayırlar. Özü isə 2020-ci ildə ailə qurmuşdur və bu nikahdan iki nəfər azyaşlı uşağı var. Əfiqə anasıdır və o, onlarla yaşamır, Bakı şəhərində yaşayır. Şəbnəm isə həyat yoldaşıdır. O ümumiyyətlə belə bir qətnamədən xəbərsiz olmuşdur. Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin çağırışı əsasında xəbər tutmuşdur. Mirbala ilə isə 2-3 gün bundan qabaq rastlaşmış və iddiaçı ona bildirmişdir ki, “2-3 ay ərzində özünə ev tapıb çıx”. O isə ona bildirmişdir ki, “mənim yaşayış evim yoxdur hara çıxa bilərəm. 30 ildir ki, Sabirabad şəhəri, H.Əliyev prospekti. 2D, 8 nömrəli mənzildə yaşayıram. Qaçqın adamam. Mənim nə yerim nə dəki yurdum var. Yaşamağa belə evim yoxdur.” Hal-hazırda isə yaşamağa yeri yoxdur. Əldə etdiyi Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Saatlı-Sabirabad rayonları bölməsi tərəfindən ona verilmiş xx.xx.2025-ci il tarixli, 65 saylı arayışdan görünür ki, Ağdam rayonundan köçkün düşmüş, Cavabdeh2 həqiqətən də Sabirabad şəhəri, H.Əliyev prospekti 2 d, mənzil 8-də yaşayır və o, Saatlı-Sabirabad rayonlarında Dövlət tərəfindən evlə təmin olunmamışdır. Özü isə Sabirabad rayonunda yerləşən Al Marketdə satıcı işləyir. Ona görə də bu iddia ona qarşı əsassız və qanunsuzdur. İddiaçı cavabdehlər Cavabdeh1 Mırzəxan qızına, Cavabdeh2 və Cavabdeh3 Raıl qızına qarşı “mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Hesab edir ki, qeyd edilənlərə əsasən qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir. Belə ki, işə onun iştirakı olmadan baxılmış və iddia tələbinə dair etiraz və mülahizəsi dinlənilməmişdir. Odur ki, onun hüququ pozulmuşdur. Ona görə də Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-683/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Digər cavabdehlər Cavabdeh1 anası, Cavabdeh3 isə həyat yoldaşıdır. O vaxtı 1993-cü ildə anasıgil məcburi köçkün düşəndə Sabirabad şəhərində məskunlaşmışdırlar. Onlara verilən həmin yer əslində yataqxanadır. İşğaldan azad olunmuş ərazilərə köçürmə ilə bağlı siyahıya alınmışdırlar. O özü də çıxıb getməyə razıdır, onlara Ağdamdan sosial ev verilsə bu zaman ailəsi ilə birlikdə gedər. Amma ki, indiki zamanda gedəcəkləri, nə də qalacaqları hər hansı bir mənzil yoxdur. İddiaçının ayrıca öz şəxsi evi də vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, cavabdehin vermiş olduğu apellyasiya şikayətinə etiraz edir və təmin edilməməsini xahiş edir. Qeyd edir ki, həmin yaşayış yeri daşınmaz əmlakda hüquqların qeydiyyata alınmasında da onun adınadır. Evin mülkiyyətçisi də odur. Onun bu vaxta qədər cavabdehləri evdən çıxarmaq istəməməyinin səbəbi humanistliyindən irəli gəlmişdir. Lakin indi isə özünün də ailə şəraiti ağırdır və uşaqları da epilepsiya xəstəsidir. İndiki yaşadığı yer də onların həyat şəraitinə uyğun deyildir. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 164.2-ci maddəsində göstərilir ki, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-683/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-683/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2020-ci ildə anadan olmuş X4 ilə birlikdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla mülkiyyət hüquqları adına qeydə alınmış Sabirabad şəhəri, H.Əliyev prospekti, 2D, 8 nömrəli mənzildən (yeni qaydalarla Sabirabad şəhəri, Ağadadaş Ağayev küçəsi, giriş 6, M4, mənzil 1) çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı olan mülkiyyətçinin mülkiyyət hüquqları qorunmalı və bərpa edilməli, bu xüsusda iddia tələbi əsaslı hesab edilərək təmin edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2020-ci ildə anadan olmuş X4 ilə birlikdə iddiaçının xüsusi mülkiyyətində olan Sabirabad şəhəri, H.Əliyev prospekti, 2D, 8 nömrəli mənzildən (yeni qaydalarla Sabirabad şəhəri, Ağadadaş Ağayev küçəsi, giriş 6, M4, mənzil 1) çıxarılmadırlar. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya şikayətinin ilkin və əsas dəlili ondan ibarət olmuşdur ki, onun hal-hazırda yaşamağa yeri yoxdur. Əldə etdiyi Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Saatlı-Sabirabad rayonları bölməsi tərəfindən ona verilmiş xx.xx.2025-ci il tarixli, 65 saylı arayışdan görünür ki, Ağdam rayonundan köçkün düşmüş, Cavabdeh2 həqiqətən də Sabirabad şəhəri, H.Əliyev prospekti 2 d, mənzil 8-də yaşayır və o, Saatlı-Sabirabad rayonlarında Dövlət tərəfindən evlə təmin olunmamışdır. Ona görə də iddia tələbi əsassız və qanunsuzdur. Məhkəmə tərkibi hesab edir ki, şikayətin bu dəlili əsassızdır. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. İddiaçı ilə cavabdehlər Cavabdeh2 və digərləri arasında yaranmış hüquq münasibətləri cavabdehlərin iddiaçıya məxsus mənzildə zəbt etməklə müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərə son qoyulması və həmin mənzildən çıxarılması ilə bağlı yaranan mülki mübahisədir. İrəli sürülmüş tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən İddiaçı verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət resyestrindən Çıxarışdan görünür ki, Sabirabad şəhəri, H.Əliyev prospekti, 2D, 8 nömrəli mənzil (yeni qaydalarla Sabirabad şəhəri, Ağadadaş Ağayev küçəsi, giriş 6, M4, mənzil 1) tam payla İddiaçı xüsusi mülkiyyətindədir və və bu barədə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixində qeydiyyat aparılmışdır. İddiaçının mülkiyyətində olan mənzilə münasibətdə mülkiyyət hüququ mövcuddur və öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdehlərin mübahisələndirilən mənzil üzərində qanunla qorunan hər hansı əmlak hüquqları yoxdur. Cavabdehlər hər hansı hüquqları olmadığı halda həmin mənzildən istifadə edir. İddia tələbinin hüquqi əsası kimi qeyd olunan normanın dispozisiya şərtlərindən görünür ki, əşya üzərindəki mülkiyyət hüququna qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə mülkiyyətçi bu hərəkətlərə son qoyulmasını və maneçiliyin aradan qaldırılmasını tələb edə bilər. Nəzərə alınmalıdır ki, daşınmaz əşyaların hüquqi rejiminə görə belə əşyalar üzərindəki sahiblik daşınmaz əmlakın dövlət reyestrindəki qeydlə müəyyən edilir. Bu baxımdan həmin qeyd silinmədiyi hallarda əşya hüquqi baxımdan başqasının sahibliyində sayılmır (götürülməmiş hesab edilir). Başqa şəxsin daşınmaz əşyanı öz təsir dairəsində saxlaması (oradan istifadə etməsi, əşyalarını çıxarmaması və s.) isə mülkiyyət hüququna maneçilik törədilməsinə dəlalət edir. Hazırkı işin faktiki halları ilə qeyd edilən normanın dispozisiya şərtləri bir-biri ilə uzlaşır. Baxılan iş üzrə mənzilin mülkiyyətçisinin ona sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçinin cavabdehlərin mənzildən istifadə hüququna razılıq verməyə borclu olsun. Bu halda iddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehlərin mülkiyyətindən çıxarılmasını tələb etmək hüququna malikdir. Çünki həmin normaya görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Baxılan işdə iddianın təmin olunması üçün bu normada müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının xüsusi mülkiyyətində olan mənzil üzərində cavabdehlərin hər hansı hüquqlara malik olmadığı halda, həmin mənzildən istifadə etməsi iddiaçının öz mülkiyyətindən lazımı qaydada istədiyi kimi istifadəsinə maneçilik yaradır. Ona görə də, cavabdehlərin iddiaçıya məxsus əmlakdan iddiaçının faktiki istifadə etməsinə və ona sahiblik etməsinə qarşı yönəlmiş istənilən hərəkəti qanunsuz sayılmalı və cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Məhkəmə tərkibi apellyasiya şikayətinin cavabdehin məhkəmə iclasından və qətnamənin mövcudluğundan xəbərsiz olması dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi məhkəmə bildirişləri cavabdehlərin həm rəsmi qeydiyyat ünvanına, həm də faktiki yaşadıqları göstərilən-ünvan 2 ünvanına göndərilmişdir. Lakin bildirişlər hər iki ünvana göndərilsə də, cavabdehlərə çatdırılmadan “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə öz üzərinə düşən bildirişlərin göndərilməsi üzrə prosessual vəzifəni tam şəkildə yerinə yetirmişdir. Digər tərəfdən cavabdehin məhkəmə iclası barədə məlumatsız olması kimi göstərilən prosessual pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmədiyindən, mübahisələndirilən qətnamənin ləğvi əsası hesab edilə bilməz. Belə ki, MPM-in 387.1-ci maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Odur ki, məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı təmin etməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-683/2025 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-683/2025 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar