Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1735/2023 15.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İmranov Orxan Fərman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil1 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” X6 X18 İdarəsinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-2629/2023 saylı, 28 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” X6 X18 İdarəsinin rəisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 14-2-2-10/3-1K-108/2023 saylı əmrin etibarsız hesab edilməsi, məcburi iş buraxma müddəti üçün xx.xx.2023-cü il tarixdən əmək haqqının ştat cədvəlinə əsasən hesablanıb ona ödənilməklə onun Lənkəran X18 İdarəsində əvvəlki – Lənkəran X18 İdarəsinin Masallı rayonu üzrə sayğacların qəbulu və istismarı xidmətinin rəisi vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1964-cü ildə Masallı rayonunun Həsənli kəndində anadan olmuşdur və hazırda da həmin kənddə qeydiyyatda olmaqla yaşayır. O, 2010-cu ildə müddətsiz əmək müqaviləsi əsasında “Azəriqaz” İstehsalat Birliyində mühəndis olaraq işə təyin olunmuş və xx.xx.2023-cü il tarixdə işdən azad olunmuşdur. İşdən azad olunmasının səbəbi kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işdən azad edilir. Halbuki, iddiaçı işlədiyi dövrdə həmişə nizamintizam qaydalarına əməl etmiş, əmək müqaviləsi ilə üzərinə düşən öhdəliklərini tam icra etmişdir. İddiaçı ilə əvvəldən ədavəti olmuş həmkəndlisi Xalidə Museyibova onun barəsində şikayət edərək guya iddiaçının evində və qeyri-yaşayış obyektində təbii qazdan qeyriqanuni istifadə etdiyini bildirmişdir. Şikayət əsasında deyilən ərazidə qazıntı işləri aparılmış, torpağın altında uzun müddət istifadəsiz olan çıxıntı – ağzı bağlı şəkildə turba aşkar olunmuşdur. İddiaçının evi qazıntı aparılan ərazidən 200 metr aralıda yolun əks tərəfində yerləşir, iddiaçının isə qeyri-yaşayış obyekti yoxdur. Bu barədə 8 saylı Cəlilabad Ərazi İdarəsindən arayışı da iddia ərizəsinə əlavə edir. Ümumiyyətlə, iddiaçının evində, həyətində təbii qazdan qeyri-qanuni istifadə olunmur. Xalidə Museyibovanın etdiyi şikayət əsassız olduğundan öz əksini tapmamışdır. Lənkəran X18 İdarəsinin rəisi Namiq Məmmədov iddiaçı ilə heç vaxt yola getməmiş, dəfələrlə ona əsassız intizam tənbeh tədbirləri tətbiq etdirmişdir. Xalidə Museyibovanın şikayəti əsasında Lənkəran X18 İdarəsinin Həmkarlar Təşkilatının xx.xx.2023-cü il tarixdə saat 12:00-da iclası təyin edilmiş, iddiaçı və vəkili iclasda iştirak etmək istədikdə Namiq Məmmədov və onun yanındakılar iddiaçının nümayəndə və vəkilinin iclasa girməsinə icazə verməmişlər. Vəkili Vəkil1 “Azəriqaz” İB-nin qaynar xəttinə, Baş Prokurorluğa və Lənkəran Rayon Prokurorluğuna şikayət etmişdir. Həmkarlar Təşkilatının iclası formal keçirilmiş, sadəcə Namiq Məmmədovun tapşırıqlarını yerinə yetirmişlər. İclasın keçirilməsinə səbəb Xalidə Museyibovanın şikayəti olmuşdur. Həmin iclasda Xalidə Museyibovanın şikayətindən başqa iddiaçı barəsində çıxarılmış intizam tənbeh tədbirləri müzakirə olunmuş və nəticədə belə bir qanunsuz əmr çıxarılmışdır. Əmrlə razı deyil, hesab edir ki, əmr məhkəmənin qərarı ilə ləğv edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə olan əsasların heç biri iddiaçıya aid deyil. Çünki iddiaçı həmişə üzərinə düşən öhdəliklərini layiqincə və vicdanla yerinə yetirmişdir. İddiaçı həmin idarədə işləməklə ailəsini dolandırıb ehtiyaclarını ödəmişdir. Hazırda Prezident əhalinin rifahının və maddi təminatının yüksəldilməsi barədə fərmanlar imzaladığı, müxtəlif sərəncamlar verdiyi bir vaxtda işsizliyin sayının azaldılması yönümündə müxtəlif işlər görüldüyü bir zamanda cavabdeh təşkilat bütün bunlara zidd hərəkət edərək bir işçini işdən azad etmişdir. İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin ləğv edilməsi tamamilə əsassızdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2629/2023 saylı, 28 avqust 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Murad Aslanov) iddia təmin edilmiş, cavabdeh Lənkəran X18 İdarəsinin X13 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 14-2-2-10/3-1K-108/2023 saylı əmrin etibarsız hesab edilməsi, məcburi iş buraxma müddəti üçün xx.xx.2023-cü il tarixdən əmək haqqının ştat cədvəlinə əsasən hesablanıb İddiaçı ödənilməklə İddiaçı Lənkəran X18 İdarəsinə əvvəlki, Lənkəran X18 İdarəsinin Masallı rayonu üzrə sayğacların qəbulu və istismarı xidmətinin rəisi vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2629/2023 saylı, 28 avqust 2023-cü il tarixli qərardadı ilə (sədrlik edən hakim Murad Aslanov) İddiaçı hərəkətlərində cinayət əlamətləri olduğu üçün müvafiq araşdırmaların aparılması üçün Lənkəran Rayon Prokurorluğuna məlumat verilməsi, xüsusi qərardadın icrası barədə Lənkəran Rayon Məhkəməsinə məlumat verilməsi qərara alınmışdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2629/2023 saylı, 28 avqust 2023-cü il tarixli qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində həmin qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbini əsassız hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə bağlanmış 13 aprel 2015-ci il tarixli, 578 nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə Lənkəran X18 İdarəsinin 17 may 2023-cü il tarixli, 14-2-2-10/3-1K-108/2023 saylı əmri qanuni və əsaslıdır. Belə ki, Lənkəran X18 İdarəsinin Masallı rayonu üzrə rəis müavini İxtiyar Seyfullayev 14-2-2-10/3-5-1588/2023 saylı, 20 aprel 2023-cü il tarixli xidməti yazı ilə İdarə rəhbərliyinə müraciət edərək bildirmişdir ki, “Azəriqaz” İB-nin baş direktoru cənab X19 şəhərində 10 aprel 2023-cü il tarixində vətəndaşlarla görüşərkən Masallı rayonu, Həsənli kənd sakini Museyibova Xalidə müraciət edərək bildirmişdir ki, qonşusu, Masallı Xidmət Sahəsinin Sayğacların qəbulu və istismarı xidmətinin rəisi işləyən İddiaçı təbii qazdan qeyri-qanuni istifadə edir. Müraciətlə əlaqədar 18 aprel 2023-cü il tarixdə Xalidə Museyibovanın iştirakı və video görüntü altında göstərilən ünvanda qazıntı işləri aparılan zaman uzun müddət istifadəsiz çıxıntı ağzı bağlı şəkildə torpaq altından çıxarılmış və bu barədə müvafiq akt tərtib edilmişdir. Lənkəran X18 İdarəsinin Masallı rayonu üzrə rəis müavini İxtiyar Seyfullayevin 14-2-2-10/3-5-1588/2023 saylı, 20 aprel 2023-cü il tarixli xidməti yazısında göstərilənlərə aydınlıq gətirilməsi məqsədilə Masallı Xidmət Sahəsinin Sayğacların qəbulu və istismarı xidmətinin rəisi işləyən İddiaçı izahatının alınması üçün Lənkəran X18 İdarəsinə dəvət olunmuşdur. Lakin o, naməlum səbəbdən Lənkəran RQİİ-yə gəlməmiş və izahat verməmişdir. Bu barədə müvafiq akt tərtib edilmişdir. Aparılan araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, Lənkəran RQİİ-nin Masallı XS-nin Sayğacların qəbulu və istismarı xidmətinin rəisi işləyən İddiaçı əvvəllər də əmək intizamını pozduğuna görə Lənkəran RQİİ-nin xx.xx.2023-cü il tarixli, 14- 2-2-10/3-1İ-8/2023 saylı əmri ilə (2018-ci ildə çəkilmiş və yenidən müvafiq qaydada razılaşdırılmış, Layihə-smeta sənədlərinə əsasən yeni quraşdırma üçün icazə olmadan özbaşına sayğac ayırmaqla əmək müqaviləsi ilə müəyyən olunmuş əmək və icra intizamını kobud şəkildə pozmuşdur) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən əmək haqqının ¼-i məbləğində tutulması, xx.xx.2023-cü il tarixli, 14-2-2-10/3-1İ-37/2023 saylı (əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsinin icrası zamanı müəyyən edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirməmişdir) və xx.xx.2023-cü il tarixli, 14-2-2-10/3-1İ-104/2023 saylı (Masallı rayonu Hişkədərə kəndində yaşayan vətəndaş Rəna Yusifovanın mənzilinə podratçı təçkilat tərəfindən qaz sayğacı quraşdırılmadan qeyri-qanuni sayğacın quraşdırılma aktını yazmış və abonent kodu açılmasından ötrü İdarəyə məktubla müraciət etmişdir) əmrləri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehləri tətbiq edilməsinə baxmayaraq, bu cəzalardan nəticə çıxarmamış və cəzaların qüvvədə olduğu müddət ərzində əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, hüquqlarından sui-istifadə edərək təbii qazdan sayğacdankənar xətlə istifadə etmiş, bununla da əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-cı maddəsinin “ə” bəndinə əsasən işçinin “əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması” əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən haldır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasizlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Beləliklə, Hüseynov X3 RQİİ-nin Masallı Xidmət Sahəsinin Sayğacların qəbulu və istismarı xidmətinin rəisi vəzifəsində işləməklə bir araya sığmayan, hüquqlarından sui-istifadə etməklə öz fərdi evində və evinin qarşısında yerləşən iaşə obyektində sayğacdankənar xətdən istifadə etməklə Lənkəran X18 İdarəsinin Masallı Xidmət Sahəsi üzrə Sayğacların qəbulu və istismarı xidmətinin rəisinin vəzifə Təlimatının 1.2-ci maddəsinin 11-ci bəndinin tələblərinə riayət etməyərək (sahə üzrə qeydiyyatda olan ölçmə vasitələrinin ümumi texniki uçotunu aparmaq, qaz sərfi ölçü cihazlarının təşkil edilmiş metroloji nəzarət sistemini həyata keçirmək) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını lazımı qaydada və səviyyədə həyata keçirməyərək işin ahəngini pozmuş və idarənin qanunla qorunan mənafelərinə xələl gətirmiş, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəyməsinə səbəb olmuşdur. Lənkəran X18 İdarəsinin Masallı Xidmət Sahəsi üzrə Sayğacların qəbulu və istismarı xidmətinin rəisi İddiaçı işdə yol verdiyi nöqsanlar Lənkəran X18 İdarəsinin əmək kollektivinin ümumi yığıncağında 20 aprel 2023-cü il tarixdə müzakirə edilmiş və tutduğu vəzifədə qalıb-qalmaması, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə baxılması üçün Xidməti yazı ilə Lənkəran X18 İdarəsinin Həmkatlar Təşkilatına müraciət edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Bu səbəbdən də Lənkəran RQİİ-nin Masallı Xidmət Sahəsi üzrə Sayğacların qəbulu və istismarı xidmətinin rəisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə münasibət bildirilməsi üçün idarənin Həmkarlar Təşkilatına müraciət edilmişdir. Lənkəran RQİİ-nin Həmkarlar Təşkilatının 17 may 2023-cü il tarixli, 05/2023 saylı protokolunda Lənkəran RQİİ-nin Masallı Xidmət Sahəsi üzrə Sayğacların qəbulu və istismarı xidmətinin rəisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilmədiyi bildirilmişdir. Lənkəran RQİİ-nin 17 may 2023-cü il tarixli, 14-2-2-10/3-1K-108/2023 saylı əmri ilə Lənkəran RQİİ-nin Masallı Xidmət Sahəsi üzrə Sayğacların qəbulu və istismarı xidmətinin rəisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, Lənkəran RQİİ-nin 17 may 2023-cü il tarixli, 14-2-2-10/3-1K- 108/2023 saylı əmrinin surəti və əmək kitabçası Masallı Xidmət Sahəsi üzrə Sayğacların qəbulu və istismarı xidmətinin rəisi İddiaçı təqdim olunmuşdur. Masallı Xidmət Sahəsi üzrə Sayğacların qəbulu və istismarı xidmətinin rəisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Lənkəran RQİİ-nin 17 may 2023-cü il tarixli, 14-2-2-10/3-1K-108/2023 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qanuni olaraq xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək işçinin əsas vəzifəsidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinə əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İddiaçı törətdiyi xəta ilə “Azəriqaz” İB-nin Lənkəran RQİİ-yə maddi ziyan vurmuş, idarənin işgüzar münasibətlərinə, nüfuzuna xələl gətirmiş, istehlakçıların idarəyə etibarının, etimadının azalmasına səbəb olmaqla işəgötürənin qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. İddiaçı özü də törətdiyi xətanı etiraf etmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən sadalanan hallara və faktlara düzgün hüquqi qiymət verməmiş və sonda düzgün nəticəyə gələməyərək İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə qətnamə qəbul edərkən Əmək Məcəlləsinin 5-ci, 10, 70-ci, 71-ci və 186-cı maddələrinin tələblərini pozmuşdur. Belə ki, İddiaçı “Azəriqaz” İstehsalat Birliyi ilə əmək müqaviləsi bağlamış və iddiaçı həmin əmək müqaviləsinə əsasən üzərinə düşən öhdəlikləri icra etməyi öhdəsinə götürmüş, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməli,əməyin təhlükəsizliyi normalarına əməl etməli, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımalı, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamalı, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamalı, əmək qanunvericiliyinin tələblərinə əməl etməli olduğu halda bunları etmədiyinə görə əvvəllər rəhbərlik tərəfindən 10 yanvar 2023-cü il tarixdə 14- 2-2-10/3-1İ-8/2023 saylı əmrlə “aylıq əmək haqqının ¼-i məbləğində cərimə edilmiş, bundan sonra 27 yanvar 2023-cü il tarixdə 14-2-2-10/3-1İ-37/2023 saylı əmrlə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” və bundan sonra 17 mart 2023-cü il tarixdə 14-2-2-10/3-1 İ- 104/2023 saylı əmrlə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” kimi intizam məsuliyyətinə cəlb edilmiş və İddiaçı həmin əmrlərlə razılaşdığı üçün həmin əmrlərin ləğvi ilə bağlı rəhbərliyə və ya məhkəməyə müraciət etməmişdir. İşin hallarından görünür ki, İddiaçı işdə yol verdiyi nöqsanlara görə ardıcıllıqla dəfələrlə intizam məsuliyyətinə cəlb edilsə də, heç bir nəticə çıxarmamış və sonda 17 may 2023-cü il tarixdə rəhbərlik tərəfindən qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. İşin hallarından görünür ki, İddiaçı yuxarıda sadalanan intizam tənbehlərini aldıqdan sonra da onların ləğv edilməsi ilə bağlı heç bir orqana müraciət etməmiş və eyni zamanda həmin tənbeh tədbirlərindən heç bir nəticə çıxarmamış və işdə yol verdiyi nöqsanları davam etdirdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad olunmuşdur. Lakin məhkəmə bütün bu hallara düzgün hüquqi qiymət verməmiş, onları qətnaməsində qeyd etsə də, onlara demək olar ki, münasibət bildirməmi, onların verilmə səbəblərini araşdırmadan sonda İddiaçı iddia tələbinin təmin edilməsi barədə əsassız və qanunsuz bir qətnamə qəbul etmişdir. Qanunvericiliyin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin hazırkı iş üzrə iddiaçı məhkəməyə “Azəriqaz” İB-yə qarşı verdiyi iddia tələbi ilə bağlı iddia ərizəsində qeyd etdiklərinin mövcudluğunu təsdiq edən hər hansı bir sübut təqdim etmədiyi halda məhkəmə tərəfindən “Azəriqaz” İB-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməklə işdən azad edilməsinin qanunsuz və əsassız olmasının əsasları araşdırılmadan və qətnamədə qeyd etmədən iddia tələbini təmin etmişdir. Hazırkı iş üzrə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və əsas halı iddiaçı və cavabdeh arasında bağlanmış əmək müqaviləsinin xitam verilməklə işdən azad olunması barədə verilmiş əmrin qəbul edilmə səbəblərini araşdırmamış və həmin əmrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul etmişdir. Qanunvericiliyin tələbindən görünür ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Lakin yuxarıda dəfələrlə qeyd olunduğu kimi məhkəmə mübahisə olunan əmrin nəyə görə əsassız və qanunsuz olmağı barədə məhkəməyə sübut təqdim edilmədiyi halda bununla bağlı heç bir araşdırma aparmadan iddia tələbini təmin etmiş və eyni zamanda xüsusi qərardad çıxararaq prokurorluğa göndərmişdir ki, bu da böyük ziddiyətdir. Belə ki, məhkəmə İddiaçı X.Museyibovanın iddia etdiyi halların fakt olaraq həqiqət olmadığına əmin deyil. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, iddiaçının işdən çıxarılması barədə 17 may 2023-cü il tarixli əmr qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçı bir neçə dəfə də intizam məsuliyyətinə cəlb edilmiş, tətbiq edilmiş intizam tədbirlərinə baxmayaraq, onlardan nəticə çıxarmamışdır. Bundan sonra, Xalidə Museyibova adlı bir abonent şikayətlə müraciət edərək bildirmişdir ki, iddiaçı öz qulluq mövqeyindən istifadə edərək evində təbii qazdan qeyri-qanuni şəkildə istifadə edir. Şikayət əsasında araşdırma aparılaraq Xalidə Museyibovanın göstərdiyi ərazidə qazıntı işləri həyata keçirilmiş, bu zaman mübahisəli ünvanda torpağın altında qaz xəttindən ağzı bağlı şəkildə uzun müddət istifadəsiz olan çıxıntı aşkar edilmişdir. İddiaçının fərdi yaşayış evi aşkar edilmiş çıxıntıdan bir qədər aralıda yerləşsə də, həmin çıxıntının yerləşdiyi yerə yaxın iddiaçıya məxsus qeyri-yaşayış obyekti yerləşir və cavabdeh təşkilat belə ehtimal edir ki, iddiaçı məhz həmin qeyri-yaşayış obyektində təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Bundan başqa, 18 aprel 2023-cü il tarixli aktda aşkar edilmiş çıxıntının uzun müddət istifadəsiz olması qeyd edilsə də, iddiaçının bir müddət əvvəl həmin çıxıntıdan istifadə etməsi onlar tərəfindən ehtimal olunur. Beləliklə də müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qeyri-qanuni istifadə edir. Bu səbəbdən də, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 17 may 2023-cü il tarixli əmrlə xitam verilmişdir. Odur ki, o, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin, o, verilmiş suala cavab olaraq bildirdi ki, iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt” tərtib edilməmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, onunla əvvəldən ədavəti olmuş Xalidə Museyibova onun barəsində cavabdeh təşkilata şikayət etmiş, şikayətində onun təbii qazdan qeyri-qanuni istifadə etdiyini qeyd etmişdir. Araşdırma nəticəsində Xalidə Museyibovanın göstərdiyi ərazidə torpağın altında qaz xəttindən ağzı bağlı şəkildə uzun müddət istifadəsiz olan çıxıntı aşkar edilmişdir. Lakin həmin çıxıntının onunla heç bir əlaqəsi yoxdur. Belə ki, ona məxsus ev həmin çıxıntıdan təxminən 200 metr aralıda yerləşir və çıxıntının aşkar edildiyi yer ilə onun evi arasında asfalt yol var. İddiaçıya məxsus hər hansı qeyri-yaşayış obyekti isə mövcud deyil və həmin çıxıntıya yaxın olan qeyri-yaşayış obyekti uzaq qohumu və həmkəndlisi olan başqa bir şəxsə məxsusdur. Lakin həmin qeyri-yaşayış obyekti sahibi xaricdə yaşadığına görə uzun müddət istifadəsiz qalmış, bağlı şəkildə saxlanılmışdır. Qeyd etdi ki, 18 aprel 2023-cü il tarixli aktdan da göründüyü kimi, torpaq altında aşkar edilmiş çıxıntı ağzı bağlı şəkildə olmuş, o, uzun müddət istifadəsiz olmuşdur. Bu hal aktın özü ilə də təsdiq olunur. Belə olan halda cavabdeh təşkilatın məhz həmin çıxıntıya görə onun nə vaxtsa həmin çıxıntı vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsinə gəlməsi əsassız olmuşdur. Bununla yanaşı, həmin çıxıntı yerləşən ərazini dəqiq göstərməsi nəzərə alındıqda, həmin çıxıntının məhz Xalidə Museyibovanın özü tərəfindən istifadə edilməsi qənaətinə gəlməyə imkan verir. Həmçinin, bildirdi ki, o, təbii qazdan qeyri-qanuni istifadə etmiş olsaydı belə, bu hal onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilməsi üçün əsas ola bilməzdi. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Odur ki, o, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin, o, verilmiş suala cavab olaraq bildirdi ki, Xalidə Museyibovanın onunla ədavət aparmasının səbəbi o olmuşdur ki, “Azəriqaz” İB tərəfindən Xalidə Museyibovaya qaz sayğacına müdaxiləyə görə 1038 manat məbləğində cərimə yazılmış, Xalidə Museyibova isə bu cərimənin yazılmasının səbəbkarı kimi onu görmüşdür. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək və iddiaçının izahatı ilə razılaşaraq onu da əlavə etdi ki, Xalidə Museyibovanın verdiyi izahatlar əsasında Lənkəran Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli qərardadı ilə iddiaçının hərəkətlərində cinayət əlamətləri olduğu üçün müvafiq araşdırmaların aparılmasına görə Lənkəran Rayon Prokurorluğuna məlumat verilmişdir. Həmin qərardad Lənkəran Rayon Prokurorluğu vasitəsilə icra olunması üçün Masallı Rayon Prokurorluğuna göndərilmiş və araşdırma aparılmışdır. Araşdırma nəticəsində Masallı Rayon Prokurorluğunun 03 oktyabr 2023-cü il tarixli qərarı ilə Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdəki İddiaçı məxsus İT-İ ******* seriya nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2015-ci il tarixdə ARDNŞ “Azəriqaz” X6 X18 İdarəsi ilə bağlanmış əmək müqaviləsində nəzərdə tutulan şərtlərə uyğun olaraq Masallı rayonu üzrə Sayğacların qəbulu və istismarı xidmətinin 10-cu dərəcəli mühəndisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə (başqa işə keçirilmə ilə əlaqədar) əsasən Masallı rayonu üzrə Sayğacların qəbulu və istismarı xidmətinə xidmət rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək funksiyasını yerinə yetirməməsi) onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. X15 Qaz İstismarı İdarəsinin rəisi X11 İddiaçı əmək müqaviləsinin ləğv edilməsi haqqında 17 may 2023-cü il tarixli, 14-2-2-10/3-1K-108/2023 saylı əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini rəhbər tutaraq və işçinin – Lənkəran X18 İdarəsinin Masallı rayonu üzrə Sayğacların qəbulu və istismarı xidmətinin rəisi İddiaçı əmək funksiyasını yerinə yetirməməsini nəzərə alaraq əmr etmişdir. Müqavilənin ləğv edilmə tarixi 17 may 2023-cü il olaraq qeyd edilmişdir. İdarənin İqtisadiyyat və uçot şöbəsinin baş mühasib şöbə rəisi Taleh Hüseynova və İnsan Resursları şöbəsinin şöbə rəisi Pərviz Abışova bu əmrdən irəli gələn məsələləri həll etmələri tapşırılmışdır. Əsas kimi X4 05/2023 nömrəli, 15 may 2023-cü il tarixli protokolu qeyd edilmişdir. İşdəki xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması ilə əlaqədar İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə imzalanmışdır. İşdəki İddiaçı ünvanlanmış xx.xx.2023-cü il, tarixli, 14-2-2-10/3-5-1782/2023 nömrəli məktubdan görünür ki, Lənkəran X18 İdarəsinin Masallı rayonu üzrə rəis müavini X7 RQİİnin rəisinə ünvanladığı xx.xx.2023-cü il tarixli xidmət yazısında bildirilir ki, “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev xx.xx.2023-cü il tarixində Lənkəran şəhərində vətəndaşlarla görüş keçirərkən Masallı rayonu, Həsənli kənd sakini Xalidə Museyibova müraciət edərək İddiaçı təbii qazdan qeyri-qanuni istifadə etməsi barədə şikayət etmişdir. Bununla əlaqədar Masallı XS-nin əməkdaşları tərəfindən araşdırma aparılarkən deyilən ünvanda torpağın altında uzun müddət istifadəsiz olan çıxıntı ağzı bağlı şəkildə aşkar olunmuşdur. Qeyd olunan xidməti məlumata əsasən Hüquq şöbəsinin rəisi Nümayəndə xx.xx.2023-cü il tarixli xidməti yazısı Lənkəran RQİİ-nin X9 Heyətinin müzakirəsinə verilmişdir. Bu məsələnin X20 İstismar İdarəsinin Həmkarlar Təşkilatının ümumi yığıncağında müzakirə olunması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə, saat 12:00-da X20 İstismar İdarəsinin inzibati binasında iclas keçiriləcəkdir. Bu iclasda iştirak etməsi üçün qeyd olunmuş tarixdə İddiaçı İdarəyə gəlməsi xahiş olunmuşdur. İşdəki Masallı Xidmət Sahəsinin rəis müavini X2, Masallı Xidmət Sahəsinin TQQ və SX-nin rəisi X16 və Masallı Xidmət Sahəsinin QDX-nin çilingəri X12 tərəfindən tərtib edilərək imzalanmış 18 aprel 2023-cü il tarixli aktdan görünür ki, Masallı rayonu, Həsənli kənd sakini Museyibova Xalidənin iştirakı ilə və videogörüntü altında göstərilən ünvanda qazıntı işləri aparılmış və uzun müddət istifadəsiz çıxıntı ağzı bağlı şəkildə torpaq altından çıxarılmışdır. İşdəki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 12 may 2023-cü il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, İddiaçı ümumi birgə mülkiyyətində Masallı rayonunun Həsənli kəndində 0,75 ha kənd təsərrüfatı təyinatlı, 0,12 ha isə yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaqlar vardır. İşdəki 10 yanvar 2023-cü il tarixli, 14-2-2-10/3-1İ-8/2023 nömrəli əmrdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən aylıq əmək haqqının ¼-i məbləğində cərimə edilmişdir. İşdəki 27 yanvar 2023-cü il tarixli, 14-2-2-10/3-1İ-37/2023 nömrəli əmrdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İşdəki 17 mart 2023-cü il tarixli, 14-2-2-10/3-1İ-104/2023 nömrəli əmrdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. X15 Qaz İstismarı İdarəsinin Hüquq şöbəsinin rəisi Nümayəndə, şöbənin böyük hüquq məsləhətçisi Fuad Məhərrəmov, şöbənin hüquq məsləhətçisi Xəzər Bayramov tərəfindən tərtib edilərək təsdiq edilmiş 20 aprel 2023-cü il tarixli aktdan görünür ki, Lənkəran X18 İdarəsinin Masallı rayonu üzrə rəis müavini İxtiyar Seyfullayevin 20 aprel 2023-cü il tarixli xidməti yazısında göstərilənlərə aydınlıq gətirilməsi məqsədilə Masallı Xidmət Sahəsində Sayğacların qəbulu və istismarı xidmətinin rəisi işləyən İddiaçı izahatının alınması üçün Lənkəran X18 İdarəsinə dəvət olunmuşdur. Lakin o, naməlum səbəbdən Lənkəran RQİİ-yə gəlməmiş və izahat verməmişdir. İşdəki 15 may 2023-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı öz əlyazması ilə yazdığı ərizədə göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Lənkəran X18 İdarəsində inzibati binada Həmkarlar Təşkilatının iclasında qeyd olunan nöqsanları qəbul etmiş və peşmaçılıq keçirmiş, övladının tələbə olması, ailəyə qazanc gətirən şəxs olması nəzərə alınaraq fəhlə kateqoriyasına keçirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İşdəki “Azəriqaz” X6 X18 İdarəsinin Həmkarlar Təşkilatının 15 may 2023-cü il tarixli, 05/2023 nömrəli iclas protokolundan görünür ki, Lənkəran X18 İdarəsinin Masallı rayonu üzrə Sayğacların qəbulu və istismarı xidmətinin rəisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi məqsədəuyğun hesab edilmişdir. İşdəki 28 avqust 2023-cü il tarixli, 2(049)-2629/2023 saylı məhkəmə iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında dindirilən şahid X1 ifadəsində göstərmişdir ki, İddiaçı ailəsi ilə yaxın münasibətləri olmuş, tez-tez evlərinə gedibgəlmişlər. İddiaçı Masallı Qaz İdarəsində işləmişdir. O (Xalidə Museyibova), həyətində toyuq-cücə saxladığı üçün ayrıca qaz xətti çəkmiş və aylıq 100-150 manatlıq qaz işlətmişdir. 2020-2022-ci il tarixlərdə o, aylıq qaz pulunu, yəni 100-150 manatı nağd şəkildə İddiaçı vermiş və sonuncu da onun qaz borcunu silmişdir. Bu hal həmişə belə olmuş, İddiaçı ona qəbz verməmişdir. 2022-ci ilin oktyabr ayında qaz idarəsinin işçiləri onların evinə gələrək qaz sayğacını yenisi ilə əvəz etmişlər, həmin vaxt o, İddiaçı arvadına zəng edərək bu barədə demiş, sonuncu da ərinə bu barədə dediyini və problem olmadığını bildirmişdir. 2023-cü ilin mart ayında oğlu hərbi xidmətdən qayıtdıqdan sonra qaza görə pul ödəmək istəyərkən ona borclarının olduğunu bildirmişlər. O, bu barədə İddiaçı öyrənmək istədikdə, sonuncu onun problemi ilə maraqlanmamış və onun haqqında “iki eşşəyin arpasını bölə bilməyən” demişdir. O, bu sözdən qəzəblənərək İddiaçı özünün də qanunsuz olaraq qazdan istifadə etməsi barədə şikayət etmişdir. O, İddiaçı evinə gedib-gəlmiş və hər dəfə evdə iki ayrı xəttin olduğunu görmüşdür. Eyni zamanda, İddiaçı özünə məxsus kafe kimi işlətdiyi obyektdə də qazdan qanunsuz istifadə etmişdir. O (Xalidə Museyibova), bu barədə sosial şəbəkələrdə yazmış, həmçinin “Azəriqaz” İstehsalat Birliyinin rəhbəri Ruslan Əliyevin də qəbulunda olmuşdur. Yalnız davamlı şikayətlərindən sonra 2023-cü ilin aprel ayında İddiaçı evinin yaxınlığında qazıntı işləri aparılmış və torpağın altından qaz xəttinə qoşulmuş boru aşkar edilmişdir. İşdəki 28 avqust 2023-cü il tarixli, 2(049)-2629/2023 saylı məhkəmə iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında dindirilən şahid X2 ifadəsində göstərmişdir ki, Lənkəran X18 İdarəsinin Masallı Xidmət Sahəsinin rəis müavini vəzifəsində işləyir. İddiaçı tanıyır. İddiaçı barəsində rayon sakini Xalidə Museyibova şikayət etmiş və rəhbərlik tərəfindən ona şikayətdə göstərilən əraziyə baxış keçirilməsi tapşırılmışdır. 17 aprel 2023-cü il tarixdə o, xidmət sahəsinin əməkdaşları Xalid Həsənov və Rahim Cəbiyevlə birlikdə Masallı rayonu, Həsənli kəndinə getmiş, orada qazıntı işləri aparılacağı üçün şikayətçi Xalidə Museyibova və kəndin icra nümayəndəsi də dəvət edilmişdir. Torpaq sahəsi bərk olduğu üçün ekskovator çağırtmış və şikayətçinin göstərdiyi ərazidə qazıntı işləri aparılmışdır. Qazıntı videoçəkilişlə aparılmış və qazıntı zamanı torpağın altından uzun müddət istifadəsiz çıxıntı ağzı bağlı şəkildə aşkar edilmişdir. Bundan sonra akt tərtib edilmişdir. Həmin çıxıntının uzun müddət istifadəsiz olmasını formasından və bağlanmış dəmirlərin paslanmasından müəyyən etmişlər. Ərazi isə əvvəllər və ya yaxın zamanda qazılmadığından ora ekskovator cəlb edilmişdir. O, verilmiş suala cavab olaraq qeyd etmişdir ki, ekskovator torpağın bir qədər dərin qatından həmin xətti aşkar etmişdir, həmin yeri əl ilə qazmaq çox çətin olardı. İşdəki 28 avqust 2023-cü il tarixli, 2(049)-2629/2023 saylı məhkəmə iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında dindirilən şahid X16 ifadəsində göstərmişdir ki, Lənkəran X18 İdarəsinin Masallı Xidmət Sahəsinin TQQ və SX rəisi vəzifəsində işləyir. İddiaçı tanıyır. 17 aprel 2023-cü il tarixdə o, xidmət sahəsinin əməkdaşları İxtiyar Seyfullayev və Rahim Cəbiyevlə birlikdə Masallı rayonu, Həsənli kəndinə getmişdir. Orada qazıntı işləri aparılacağı üçün kəndin icra nümayəndəsi də dəvət edilmişdir. Qazıntı videoçəkilişlə aparılmış və qazıntı zamanı torpağın altından uzun müddət istifadəsiz çıxıntı ağzı bağlı şəkildə aşkar edilmişdir. Bundan sonra akt tərtib edilmişdir. O, verilmiş suala cavab olaraq qeyd etmişdir ki, qazıntı zamanı ana xəttə qoşulmuş xətt aşkarlanmışdır. Həmin qoşulmuş xəttə adi gözlə baxarkən uzun müddət istifadə olunmaması bilinirdi. Çünki onun məftilləri paslanmış və rezin boru köhnəlmişdir. İşdəki 28 avqust 2023-cü il tarixli, 2(049)-2629/2023 saylı məhkəmə iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında dindirilən şahid X12 ifadəsində göstərmişdir ki, Lənkəran X18 İdarəsinin Masallı Xidmət Sahəsinin QDX-nin çilingəri vəzifəsində işləyir. 17 aprel 2023-cü il tarixdə o, xidmət sahəsinin əməkdaşları İxtiyar Seyfullayev və Xalid Həsənovla birlikdə Masallı rayonu, Həsənli kəndinə getmişdir. Orada qazıntı işləri aparılmışdır. Qazıntı ekskovator vasitəsilə aparılmışdır. Qazıntı videoçəkilişlə aparılmış və qazıntı zamanı torpağın altından uzun müddət istifadəsiz çıxıntı ağzı bağlı şəkildə aşkar edilmişdir. Bundan sonra akt tərtib edilmişdir. İşdəki 28 avqust 2023-cü il tarixli, 2(049)-2629/2023 saylı məhkəmə iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında dindirilən şahid X14 ifadəsində göstərmişdir ki, Lənkəran X18 İdarəsinin Həmkarlar Təşkilatının üzvüdür. 15 may 2023-cü il tarixdə Masallı Xidmət Sahəsinin Sayğacların qəbulu və istismarı xidmətinin rəisi İddiaçı barəsində Masallı kənd sakini Xalidə Museyibovanın şikayəti əsasında işdən çıxarılması məsələsinə baxılmış və iclas zamanı müəyyən edilmişdir ki, İddiaçı əvvəllər ona verilmiş töhmətlərdən nəticə çıxarmamışdır. Buna görə də, İddiaçı işdən çıxarılmasını məqsədəmüvafiq hesab etmişdir. O, verilmiş suala cavab olaraq qeyd etmişdir ki, Xalidə adlı şəxs şikayət etmişdir ki, İddiaçı kənar xəttdən istifadə edir. Bununla bağlı araşdırma aparılmış və müvafiq akt tərtib edilmişdir. Həmin akt nəticəsində İddiaçı yol verdiyi qanun pozuntusuna görə işdən çıxarılması məqsədəmüvafiq olmuşdur. İşdəki 28 avqust 2023-cü il tarixli, 2(049)-2629/2023 saylı məhkəmə iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında dindirilən şahid X17 ifadəsində göstərmişdir ki, Lənkəran X18 İdarəsinin Həmkarlar Təşkilatının üzvüdür. 15 may 2023 cü il tarixdə Masallı Xidmət Sahəsinin Sayğacların qəbulu və istismarı xidmətinin rəisi İddiaçı barəsində Masallı kənd sakini Xalidə Museyibovanın şikayəti əsasında işdən çıxarılması məsələsinə baxılmış və iclas zamanı müəyyən edilmişdir ki, İddiaçı əvvəllər ona verilmiş töhmətlərdən nəticə çıxarmamışdır. Buna görə də, İddiaçı işdən çıxarılmasını məqsədəmüvafiq hesab etmişdir. İşdəki Masallı Rayon Prokurorluğunun 03 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Lənkəran Rayon Məhkəməsi “Azəriqaz” İB-nin Masallı Xidmət Sahəsinin sabiq əməkdaşı İddiaçı hərəkətlərində cinayətin əlamətləri olduğu üçün 28 avqust 2023-cü il tarixli, 2(049)-2629/2023 saylı qərardad qəbul edərək Lənkəran Rayon Prokurorluğu vasitəsilə icra olunması üçün Masallı Rayon Prokurorluğuna göndərmişdir. CPM-in 39.1.1ci maddəsinə əsasən, toplanmış 225-C-23 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv olunması əsasları qeyd olunmuşdur. Həmin maddənin “ç” bəndinə əsasən bu əsaslardan biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması ilə əlaqədardır. Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Əmək Məcəlləsinin 71.2-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: - müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; - işçinin adı, atasının adı və soyadı; - əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; - əmək müqaviləsinin ləğv edilməsinin əsası; - həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; - əmək müqaviləsi ləğv edilən gün, ay və il; - əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Əmək Məcəlləsinin 84.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək Məcəlləsinin 84.3-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, İddiaçı Lənkəran X18 İdarəsinin Masallı rayonu üzrə Sayğacların qəbulu və istismarı xidmətinin rəisi vəzifəsindən azad edilməsi ilə bağlı Lənkəran X18 İdarəsinin rəisi verilmiş 17 may 2023-cü il tarixli, 14-2-2-10/3-1K-108/2023 saylı əmr qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, həmin əmrin giriş hissəsində “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini rəhbər tutaraq və işçinin əmək funksiyasını yerinə yetirməməsini nəzərə alaraq” qeyd edilmiş, əmrin məzmununda isə əmək müqaviləsinin ləğv edilməsinin əsası kimi X4 05/2023 nömrəli, 15 may 2023-cü il tarixli protokolu göstərilmişdir. Halbuki, qanunvericilik yuxarıda da göstərildiyi kimi əmək müqaviləsinin ləğv edilmə əsaslarını konkret olaraq dəqiq göstərmişdir və həmin əsaslar arasında həmkarlar ittifaqı təşkilatının protokolu yoxdur. Qanunun mənasına görə, həmkarlar ittifaqı təşkilatının razılığı işəgötürənin işçini işdən azad etməsi üçün əsas deyil, həmin hal prosedur qayda kimi nəzərdə tutulmuşdur. Prosedur qaydaya riayət edilməsi isə işəgötürənin birbaşa vəzifə səlahiyyətlərinin yerinə yetirilməsindən irəli gəlir. Yəni, işçi bilavasitə Həmkarlar Təşkilatının protokolu əsasında deyil, Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilmiş əsaslardan birinə əsasən işəgötürən tərəfindən işdən azad edilə bilər. Həmkarlar Təşkilatının protokolu isə sadəcə olaraq əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün zəruri hesab olunan rəsmi sənədlərdən biri kimi çıxış edə bilər. Bundan başqa, məhkəmə kollegiyası bildirir ki, mübahisələndirilən 17 may 2023-cü il tarixli, 14-2-2-10/3-1K-108/2023 saylı əmrdə onu qəbul etmiş müəssisənin adı və hüquqi ünvanı ümumiyyətlə göstərilməmiş, sadəcə əmrin üzərinə vurulmuş möhürdən onun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” X6 X18 İdarəsinə aid olduğu müəyyən olunmuşdur. Həmçinin, 17 may 2023-cü il tarixli, 14-2-2-10/3-1K-108/2023 saylı əmrdə onun başlığı “İddiaçı əmək müqaviləsinin ləğv edilməsi haqqında” şəklində göstərilsə də, konkret bir göstəriş şəklində İdarə rəisi tərəfindən məhz nəyin əmr edilməsi əmrin nəticə hissəsində öz əksini tapmamışdır. Qeyd edilənlər, 17 may 2023-cü il tarixli, 14-2-2-10/3-1K-108/2023 saylı əmrin məzmununda olan Əmək Məcəlləsinin 84-cü maddəsi baxımından mövcud nöqsanları təsdiq etdiyindən, birinci instansiya məhkəməsi həmin əmrin etibarsız hesab edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi işçinin əmək müqaviləsinə xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd olaraq əmək müqaviləsinə xitam verilməsinin yolverilməz olduğunu əks etdirir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddiaçının əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə, hüquqlarından sui-istifadə edərək təbii qazdan sayğacdankənar xətlə istifadə etməsinə və bununla da əmək vəzifələrini kobud şəkildə pozmasına dair dəlili ilə bağlı onu qeyd etməyi zəruri sayır ki, iddiaçının təbii qazdan sayğacdankənar xətt vasitəsilə qeyri-qanuni şəkildə istifadə etməsi faktı iş materialları ilə öz təsdiqini tapmır. Xalidə Museyibovanın şikayəti üzrə aparılan araşdırma nəticəsində onun göstərdiyi ərazidə torpağın altında qaz xəttindən ağzı bağlı şəkildə uzun müddət istifadəsiz olan çıxıntı aşkar edilməsi iddiaçının təbii qazdan qeyriqanuni istifadə etməsi halını təsdiq etmir. Belə ki, bununla bağlı tərtib edilmiş 18 aprel 2023-cü il tarixli aktla, eləcə də, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən İxtiyar Seyfullayevin, Xalid Həsənovun və Rahim Cəbiyevin ifadələri ilə, eləcə də, cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya məhkəməsinin iclasındakı izahatı ilə də müəyyən edilir ki, aşkar edilmiş çıxıntı uzun müddət istifadəsiz olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən İxtiyar Seyfullayev həm də onu bildirmişdir ki, çıxıntının aşkar edildiyi ərazi əvvəllər və ya yaxın zamanda qazılmadığından ora ekskovator cəlb edilmiş, ekskovator torpağın bir qədər dərin qatından həmin xətti aşkar etmiş, həmin yeri isə əl ilə qazmağın çox çətin olacağını bildirmişdir. Göründüyü kimi, belə olan halda iddiaçının təbii qazdan məhz həmin çıxıntı vasitəsilə qeyri-qanuni istifadə etməsi nəticəsinə gəlmək ağlabatan deyil. Cavabdehin nümayəndəsi Nümayəndə da apellyasiya məhkəməsinin iclasında həmin çıxıntıya əsasən iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsini ehtimal etdiklərini bildirmiş, konkret sübut təqdim etməmişdir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməlidir. Lakin iddiaçının təbii qazdan qeyri-qanuni şəkildə istifadə etməsi öz təsdiqini tapmamış, onun barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilməmişdir. Bundan əlavə, cavabdehin nümayəndəsi apellyasiya məhkəməsinin iclasında iddiaçıya məxsus qeyri-yaşayış obyektində qazdan qeyri-qanuni istifadə edildiyini bildirsə də, bu dəlil yenə də ehtimala əsaslanmışdır. Eləcə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 12 may 2023-cü il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışdan göründüyü kimi, iddiaçının mülkiyyətində hər hansı qeyri-yaşayış obyekti mövcud deyil. Məhkəmə kollegiyası bildirir ki, əgər iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsi halı öz təsdiqini tapsaydı belə, bu hal Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi rəhbər tutulmaqla və işçinin əmək funksiyasını yerinə yetirməməsi nəzərə alınmaqla əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi də çıxış edə bilməzdi. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması işəgötürən tərəfindən işçinin əmək müqaviləsinin ləğv olunması əsası kimi qeyd edilmişdir. Əmək Məcəlləsinin 3.9-cu bəndinə əsasən, əmək funksiyası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu başa düşülür. Lakin İddiaçı Lənkəran X18 İdarəsinin Masallı rayonu üzrə Sayğacların qəbulu və istismarı xidmətinin rəisi vəzifəsində işləməsi nəzərə alındıqda, təbii qazdan istifadə qaydalarına əməl edilməsinin iddiaçının əmək müqaviləsində nəzərdə tutulan yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusuna aid olmadığı aydın olur. İddiaçının təbii qazdan istifadə qaydalarına əməl etməsi onun əmək funksiyasından irəli gələn öhdəlik olmamaqla, iddiaçının istehlakçı kimi vəzifələrinə aiddir. Bu səbəbdən də, iddiaçının məhz əmək funksiyasını yerinə yetirməməsinin nəzərə alınaraq əmək müqaviləsinə xitam verilməsi əsassız olmuşdur. Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə kollegiyası Əmək Məcəlləsinin 300.1-ci maddəsinin tələbini nəzərə alaraq bildirir ki, cavabdeh Lənkəran X18 İdarəsinin X13 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 14-2-2-10/3-1K-108/2023 saylı əmri etibarsız hesab edərək əmək mübahisəsini həll edən birinci instansiya məhkəməsi məcburi iş buraxma müddəti üçün xx.xx.2023-cü il tarixdən əmək haqqının ştat cədvəlinə əsasən hesablanıb İddiaçı ödənilməklə İddiaçı Lənkəran X18 İdarəsinə əvvəlki, Lənkəran X18 İdarəsinin Masallı rayonu üzrə sayğacların qəbulu və istismarı xidmətinin rəisi vəzifəsinə bərpa edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2629/2023 saylı, 28 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1735/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1735/2023
15.11.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver