Məhkəmə qərarları › İş №2(106)-1740/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1740/2025

17.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1740/2025 17.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X4 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X20, X25, X21, X26, X10, X27 və X28) qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-1618/2025 saylı, 15 sentyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 17 noyabr 2025ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı nikahın etibrasız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 ilə Cavabdeh arasında Masallı rayonu Qızılavar kənd İcra Nümayəndəliyində rəsmiləşdirilmiş xx.xx.1976-cı il tarixli nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X29 iddiaçının atasıdır. Belə ki, o, xx.xx.1974-cü il tarixdə onun anası X11 ilə nikaha daxil olmuş və onların birgə nikahından xx.xx.1976-cı il tarixdə o doğulmuşdur. X39 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Hazırda Cavabdeh məhkəmədə ona qarşı iddia qaldırmaqla, mərhum atasından miras qalmış əmlaklara payların müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiasını onunla əsaslandırmışdır ki, guya o, xx.xx.1976-cı il tarixdə onun X47 ilə nikaha daxil olmuşdur və bu baxımdan o, atasının vərəsəsi hesab olunmalıdır. Cavabdeh irəli sürdüyü dəlillər tamamilə əsassız və qanunsuzdur. Belə ki, onun atası xx.xx.1974-cü il tarixdən X39 ilə nikahda olduğu halda, həmin nikahı pozulmadan xx.xx.1976cı il tarixdə Cavabdeh ilə nikaha girməsi tam mümkünsüz idi. Digər bir tərəfdən, atası X23 Xəlilova ilə nikahının rəsmiləşdirilməsi zamanı hər hansı bir ərizəsi, imzası və iradə ifadəsi mövcud olmamışdır. Həmin nikah Cavabdeh istəyi əsasında birtərəfli qaydada qeydə alınmışdır. X47 xx.xx.1974-cü il tarixdən X39 ilə nikahda olduğu halda, həmin nikahı pozulmadan onunla xx.xx.1976-cı il tarixdə Cavabdeh arasında rəsmiləşdirilmiş nikah (saxta nikah) etibarsız hesab edilməlidir. Belə ki, həmin nikah hazırki vəziyyətdə X47un birinci dərəcəli vərəsəsi olaraq onun hüquqlarını pozur. Cavabdeh vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, Masallı Rayon Məhkəməsinin icraatında olan İddiaçı Asil qızının «nikahın etibarsız hesab edilməsi barədə» iddia ərizəsinə dair 2(050)-1618/2025 saylı mülki iş üzrə iddia müddətini tətbiq edərək müddətin ötürülməsinə görə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı «nikahın etibarsız hesab edilməsi barədə» iddia ərizəsi üzrə mülki iş vardır. Həmin iş üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1ci maddəsində nəzərdə tutulmuş hal (vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd) istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunvericiliyin tələbinə əsasən mübahisəli nikah xx.xx.1976- cı ildə bağlanılmaqla həmin vaxtdan Asif Xəlilov ilə Cavabdeh ər-arvad kimi yaşamışlar. Bunu iddiaçı da bilmiş, hətta Dəstəgülün uşaqlarını da tanımış, onlarla əlaqələrinin olması da buna sübutdur. Yəni ötən 39 il ərzində Asif ilə Dəstəgülün ər-arvad olmasını bilən iddiaçı bununla razılaşmış. Asif Xəlilovun sağlığında bunu mübahisələndirməmişdir. Bu isə iddiaçının qeyd olunan nikahdan vaxtında məlumatlı olmasını, lakin bir il ərzində nikah akt qeydini mübahisələndirməməklə (bunun üçün əsaslar mövcud olmuş olsaydı) iddia müddətini ötürməsini göstərir. Hüquq münasibəti yarandığı zaman, yəni 1976-cı ildə qüvvədə olan Mülki Məcəllənin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların, kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddia ərizəsində göstərildiyi kimi, 1976-cı ildə birtərəfli, saxta sənədlər əsasında Cavabdeh tərəfindən saxta nikah bağlanmışdır. Onun atasının razılığı olmadan, o iştirak etmədən, o imza etmədən, evli ola-ola bağlanmış nikahın etibarsız hesab edilməsini xahiş etdi. X7 1974-cü ildən 2004-cü ilə kimi anası X8 ilə nikahda olmuşlar. Vərəsəliklə bağlı iddia ərizəsi məhkəməyə verildikdən sonra məlum olmuşdur ki, atası Cavabdeh ilə 1976-cı ildə nikaha daxil olmuşdur. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil iddianı qəbul etməyərək bildirdi ki, hüquq münasibətləri yaranan zaman qüvvədə olan maddi hüquq normalar tətbiq edilməlidir. Həmin dövrdə iddia tələbi 3 il olmuşdur. Hazırda mübahisələndirilən əqd 1976-cı ildə bağlanmışdır. İddia müddəti ötürülmüşdür. Həmçinin nikahın bağlanması şəxsin öz iradə ifadəsi olmuşdur və Asif Xəlilov ölən günə kimi nikahda olmuşdur. İddia müddəti tətbiq edilərək, iddianın rədd edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X20, X25, X21, X26, X10, X27 və X28 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)-1618/2025 saylı, 15 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Zeynal Zeynalov) iddia təmin edilmiş, X29 ilə X3 arasında xx.xx.1976-cı ildə Masallı rayon Qızılavar icra nümayəndəliyində bağlanmış, 01 nömrəli nikah akt qeydi bağlandığı gündən etibarsız hesab edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1618/2025 saylı, 15 sentyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, izahatında, apelyasiya şikayətinin təmin edilməməsini, Masallı Rayon Məhkəməsinin 2(050)-1618/2025 saylı, 15 sentyabr 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Qanunvericiliyin tələbinə uyğun olaraq cavabdehə, onun nümayəndəsinə və üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş lakin digər cavabdeh, onun nümayəndəsi və üçüncü şəxslər apellyasiya icraatı zamanı iştirak etməmiş, iştirak etməmələrinin səbəblərini qabaqcadan bildirməmişdir. Odur ki, MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayəti üzrə cavabdehin, onun nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılması məqsədə müvafiq hesab edilmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Masallı Rayon Məhkəməsinin 2(050)-1618/2025 saylı, 15 sentyabr 2025-ci il tarixli qətnaməsinin Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan SSR-in Nikah və Ailə Məcəlləsi; Maddə 17. Nikahın bağlanmasına aşağıdakı hallarda yol verilmir: İkisindən biri başqası ilə nikahda olan şəxslər arasında. Maddə 48. Nikah, bu məcəllənin 15-17-ci maddələrinin müəyyən edilmiş şərtləri pozulduqda, habelə ailə qurmaq niyyəti olmadan nikah bağlandığı hallarda (saxta nikah), etibarsız sayıla bilər. Maddə 49. Nikah məhkəmə qaydası ilə etibarsız hesab edilir. Maddə 51. Bu məcəllənin 17-ci maddəsinə göstərilən hallar olduqda, bağlanmış nikah etibarsız hesab edilə bilər. İşə baxılan vaxtadək nikahın bağlanmasına mane olan hallar aradan qalxdıqda, məhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər. Bu əsaslara görə nikahı etibarsız hesab edilməsini ər-arvadın və həmin nikahın bağlanması ilə hüquqları pozulmuş şəxslərin, habelə qəyyumluq və himayə orqanlarının və ya prokurorun tələb etməyə ixtiyarı vardır. Maddə 53. Etibarsız hesab edilən nikah bağlandığı vaxtdan etibarsız sayılır. Bu maddənin dördüncü və beşinci hissələrində nəzərdə tutulmuş hallar istisna edilməklə, belə nikahda olan şəxslərin heç bir ər-arvad hüququ və vəzifəsi yaranmır. Etibarsız hesab edilən nikahda olmuş şəxslərin birlikdə əldə etdikləri əmlaka Azərbaycan SSR Mülki Məcəlləsinin 111-125-ci maddələrinin qaydaları tətbiq olunur. Nikahın etibarsız hesab edilməsi bu nikahdan doğulmuş uşaqların hüquqlarına təsir etmir. Azərbaycan SSR-in Mülki Məcəlləsi; Əmlak ümumi mülkiyyət hüququ əsasında iki və ya bir neçə kolxoza və kooperativ və ya sair ictimai təşkilatlara, yaxud dövlətə və bir və ya bir neçə kolxoza və ya koorperativ və sair ictimai təşkilatlara, yaxud iki və ya bir neçə vətəndaşa məxsus ola bilər. Ümumi mülkiyyətin paylar məlum olan (paylı mülkiyyət) və paylar məlum olmayan (birgə mülkiyyət) növləri vardır. Maddə 112. Paylar məlum olan ümumi mülkiyyətdə sahiblik, istifadə və sərəncam bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Fikir ayrılığı olduqda, mübahisə paylı mülkiyyətin hər hansı bir iştirakçısının iddiası üzrə, məhkəmə tərəfindən həll edilir. Maddə 113. Paylar məlum olan ümumi mülkiyyətin hər bir iştirakçısı, özünün ümumi mülkiyyətdə olan özgəninkiləşdirmək hüququna malikdir. Maddə 532. Qanun üzrə vərəsəlikdə paylar bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbəli vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri olmuş olsun; onlar özlərinin ölmüş atası (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Mülki Prosessual Məcəllənin; Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı yekun nəticəyə gələrəkən hesab etmişdir ki, X2 Dəstəgül Bürcəli qızı ilə nikaha daxil olarkən X11 ilə nikahda olduğuna görə, X29 ilə X5 arasında xx.xx.1976-cı ildə Masallı rayon Qızılavar icra nümayəndəliyində bağlanmış, 1 nömrəli nikah akt qeydi bağlandığı gündən etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, tətbiq etdiyi maddi və prosessual hüquq normalarını (məhkəmə hüquq münasibəti baş verən vaxt qüvvədə olan maddi hüquq normalarını tətbiq etməmişdir.) düzgün tətbiq və təfsir etməmiş, maddi və prosessual hüquq normaların pozulması ilə müşayiət olunan qətnamə qəbul etməklə həmin qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsaslar yaratmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Masallı Rayon Məhkəməsinin 2(050)-1618/2025 saylı, 15 sentyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materialında olan nikah haqqında şəhadətnamədən görünür ki, X29 ilə X13 arasında 15 sentyabr 1974-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu “Leyla” nikah evində, 327 nömrəli nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Xəlilov (a) soyadı verilmişdir. İş materialında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, 28 avqust 1976-cı il təvəllüdlü İddiaçı, 25 iyun 1980-cı il təvəllüdlü X14 və 05 mart 1986-cı il təvəllüdlü X9 X7, anası X6. İş materialında olan Masallı Rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1954-cü il təvəllüdlü X3 xx.xx.1976-cı ildə Qızılavar İ.N. №1 akt qeydi ilə X29 ilə nikaha daxil olmuşdur. Nikah bağlanarkən Xəlilova soyadını qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə Asif Xəlilov öldükdən sonra nikaha xitam verilmişdir. İş materialında olan Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X29 ilə X19 arasında olan nikah Bakı şəhəri Xətai rayonu VVADQ şöbəsində 23 dekabr 2006-ci ildə, 420 saylı akt qeydi ilə pozulmuşdur. İş materialında olan Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X29 ilə X15 arasında olan nikah Bakı şəhəri Xətai rayonu Qeydiyyat şöbəsində 06 avqust 2014-cü ildə, 290 saylı akt qeydi ilə pozulmuşdur. İş materialında olan Notariat, qeydiyyat və reyestr baş idarəsinin İddiaçı müraciəti əsasında ona ünvanlanmış məktubundan görünür ki, müəyyən edilmişdir ki, Asif Xəlilov ilə Taisa Xəlilova xx.xx.1974-cü ildə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində nikaha daxil olmuş və bu nikahın pozulması xx.xx.2004-cü ildə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. X50 Xəlilova ilə bağlanmış nikahı pozulmadan xx.xx.1976-cı ildə Masallı rayonunun Qızılavar icra nümayəndəliyində Cavabdeh ilə nikaha daxil olmuşdur. Beləliklə, araşdırma nəticəsində 1976-cı ildə Masallı rayonunun Qızılavar icra nümayəndəliyi tərəfindən qanunvericiliyin tələblərinin pozulduğu, A.Xəlilovun nikahda olmasına baxmayaraq onun digər şəxslə yeni nikaha daxil olduğu məlum olmuşdur. Nikahın qeydə alındığı vaxt qüvvədə olmuş Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinin tələblərinə əsasən ikisindən biri başqası ilə nikahda olan şəxslər arasında nikah bağlandıqda həmin nikah etibarsız sayıla bilər. Nikah məhkəmə qaydası ilə etibarsız hesab edilir (bu müddəalar hazırda qüvvədə olan Azərbaycan Respublikasının Ailə Məcəlləsində də nəzərdə tutulmuşdur). Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Məhkəmə kollegiyası hazırki mübahisənin spesifikasını nəzərə alaraq hesab edir ki, etibarsız hesab edilməsi tələb edilən nikah xx.xx.1976-cı ildə bağlandığından mübahisəli hüquq münasibətinə həmin vaxt qüvvədə olan Azərbaycan SSR-in Nikah və Ailə Məcəlləsinin və Azərbaycan SSR-in Mülki Məcəlləsinin müddəalarına uyğun hüquqi qiymət verilməlidir. Belə ki, MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının iddia tələbindən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X29 iddiaçının atasıdır. Belə ki, o, xx.xx.1974-cü il tarixdə onun anası X11 ilə nikaha daxil olmuş və onların birgə nikahından xx.xx.1976-cı il tarixdə o doğulmuşdur. X39 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Hazırda Cavabdeh məhkəmədə ona qarşı iddia qaldırmaqla, mərhum atasından miras qalmış əmlaklara payların müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiasını onunla əsaslandırmışdır ki, guya o, xx.xx.1976-cı il tarixdə onun X47 ilə nikaha daxil olmuşdur və bu baxımdan o, atasının vərəsəsi hesab olunmalıdır. Cavabdeh irəli sürdüyü dəlillər tamamilə əsassız və qanunsuzdur. Belə ki, onun atası xx.xx.1974-cü il tarixdən X39 ilə nikahda olduğu halda, həmin nikahı pozulmadan xx.xx.1976-cı il tarixdə Cavabdeh ilə nikaha girməsi tam mümkünsüz idi. Digər bir tərəfdən, atası X23 Xəlilova ilə nikahının rəsmiləşdirilməsi zamanı hər hansı bir ərizəsi, imzası və iradə ifadəsi mövcud olmamışdır. Həmin nikah Cavabdeh istəyi əsasında birtərəfli qaydada qeydə alınmışdır. X47 xx.xx.1974-cü il tarixdən X39 ilə nikahda olduğu halda, həmin nikahı pozulmadan onunla xx.xx.1976-cı il tarixdə Cavabdeh arasında rəsmiləşdirilmiş nikah (saxta nikah) etibarsız hesab edilməlidir. Belə ki, həmin nikah hazırki vəziyyətdə X47un birinci dərəcəli vərəsəsi olaraq onun hüquqlarını pozur. Cavabdehin iddiaya etirazından müəyyən edilir ki, hazırki iş üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal (vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd) istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunvericiliyin tələbinə əsasən mübahisəli nikah xx.xx.1976-cı ildə bağlanılmaqla həmin vaxtdan Asif Xəlilov ilə Cavabdeh ər-arvad kimi yaşamışlar. Bunu iddiaçı da bilmiş, hətta Dəstəgülün uşaqlarını da tanımış, onlarla əlaqələrinin olması da buna sübutdur. Yəni ötən 39 il ərzində Asif ilə Dəstəgülün ər-arvad olmasını bilən iddiaçı bununla razılaşmışdır. Asif Xəlilovun sağlığında bunu mübahisələndirməmişdir. Bu isə iddiaçının qeyd olunan nikahdan vaxtında məlumatlı olmasını, lakin bir il ərzində nikah akt qeydini mübahisələndirməməklə (bunun üçün əsaslar mövcud olmuş olsaydı) iddia müddətini ötürməsini göstərir. Hüquq münasibəti yarandığı zaman, yəni 1976-cı ildə qüvvədə olan Mülki Məcəllənin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların, kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Kollegiya işdə olan sübutlardan müəyyən edir ki, X16 X11 ilə nikahlarından İddiaçı, X30 və X22 doğulmuşdur. X1 Cavabdeh ilə 1972-ci ildən faktiki və xx.xx.1976-cı ildə qeydə alınan rəsmi nikahlarından xx.xx.1976-cı il təvəllüdlü X31, xx.xx.1984-cü il təvəllüdlü X32, xx.xx.1986cı il təvəllüdlü X25, xx.xx.1980-ci il təvəllüdlü X27, xx.xx.1990-cı il təvəllüdlü Xəlilova (Mikaylova) Ruhəngiz Asif qızı, xx.xx.1988-ci il təvəllüdlü X21, xx.xx.2007-ci il təvəllüdlü X26 doğulmuşdur. Göründüyü kimi X24 Xəlilovanın nikahları xx.xx.1976-cı ildə qeydə alınsa da onların faktiki birgə nikahlarından xx.xx.1976-cı il təvəllüdlü X31 adlı uşağı doğulmuş, daha sonra isə rəsmi nikahlarından xx.xx.1984-cü il təvəllüdlü X32, xx.xx.1986-cı il təvəllüdlü X25, xx.xx.1980ci il təvəllüdlü X27, xx.xx.1990-cı il təvəllüdlü Xəlilova (Mikaylova) Ruhəngiz Asif qızı, xx.xx.1988-ci il təvəllüdlü X21, xx.xx.2007-ci il təvəllüdlü X26 doğulmuşdur. Bu isə onu göstərir ki, iddiaçının iddia etdiyi kimi Asif ilə Taisa arasında rəsmi nikah münasibəti yaranmamışdan öncə əslində etibarsızlığı mübahisələndirdiyi Dəstəgül ilə Asifin ilk öncə faktiki daha sonra isə rəsmi nikahı mövcud olmuş və həmin nikah kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər-arvad seçmək hüququnu təmin etməklə nikahın bağlanmasının əsas şərtinə əməl etmişlər. Cavabdeh ilə nikah rəsmiləşdirilərkən əvvəlki nikahın mövcudluğundan Cavabdeh məlumatı olmamışdır. Həmçinin kollegiya onu da qeyd edir ki, sonradan bu nikahların mövcudluğunu bilən nə Taisa Nikalayevna nə Cavabdeh nə də ki, Asif Xəlilov mübahisəndirməmişlər, X41 Xəlilovanın birgə nikahlarından doğulan uşaqlardan yalnız İddiaçı nikahın etibarsızlığını mübahisələndirmiş, digər uşaqlar nikahın etibarsızlığı ilə bağlı hər hansı mübahisə açmamışlar. Kollegiya onu da qeyd edir ki, Konstitusiyada və beynəlxalq hüquqi aktlarda əks olunmuş nikah və ailə münasibətləri Ailə Məcəlləsi ilə tənzimlənir. Ailə Məcəlləsi Konstitusiyada nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətləri iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Kişi və qadının nikah ittifaqının konüllülük və iradə sərbəstliyi prinsipləri ilə yanaşı nikah və ailə münasibətlərinin hüquqi tənziminin yalnız dövlət tərəfindən həyata keçirilməsi, yalnız dövlət orqanlarında bağlanmış nikahın tanınması prinsipi də mühüm əhəmiyyət kəsb edir. Bu prinsipə görə yalnız müvafiq icra hakimiyyəti orqanında qeydə alınan nikah dövlət tərəfindən tanınır. Bu prinsip onu ifadə edir ki, nikah rəsmi qeydə alındıqdan sonra belə münasibətlərdən törənən hüquqi və sosial nəticələr dövlət üçün hüquqi fakt kimi qəbul olunur. Hüquq münasibəti baş verən (hüquq münasibəti1976-cı ildə baş vermişdir.) vaxtı qüvvədə olan Azərbaycan SSR Ailə Məcəlləsində nikahın bağlanmasına maneə olan hallardan biri “ikisindən birinin başqası ilə nikahda olması” (Azərbaycan SSR Ailə Məcəlləsində Maddə 17). göstərilmişdir. Həmçinin həmin məcəllənin 51-ci maddəsində nikaha daxil olmaq üçün maneçilik olduqda bağlanmış nikahın etibarsız hesab edilməsi üçün əsaslar müəyyən olunmuş, həmin əsaslardan biri isə “bu məcəllənin 17-ci maddəsində göstərilən hallar olduqda bağlanmış nikah etibarsız hesab edilə bilər” müddəası olmuşdur. Həmin maddədə həmçinin qeyd olunur ki, “işə baxılan vaxtadək nikahın bağlanmasına mane olan hallar aradan qalxdıqda, məhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər.” Həmçinin həmin maddənin tələbinə görə “bu əsaslara görə nikahın etibarsız hesab edilməsini ər-arvadın və həmin nikahın bağlanması ilə hüquqları pozulmuş şəxslərin, habelə qəyyumluq və himayə orqanlarının və ya prokurorun tələb etməyə ixtiyarı vardır” Hazırki mübahisə məhz İddiaçı Azərbaycan SSR Ailə Məcəlləsinin 51-ci maddəsinin tələbinə görə hüquqları pozulmuş şəxs kimi nikahın etibarsızlığını tələb etmək hüququnun həyata keçirilməsi ilə bağlıdır. Odur ki, kollegiya ilk öncə iddiaçını bu hüququn sahibi kimi qəbul edilib-edilə bilməməsi halı üzrə hüquqi dəyərləndirmə aparılmalı daha sonra isə cavabdehin iddia tələbinə etirazı nəzərə alınmaqla iddiaçının iddia tələbində haqlı olub-olması müəyyən edilməlidir. Nikah hüququ “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 29-cu maddəsində, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 12-ci maddəsində təsbit olunmuşdur. Sözügedən beynəlxalq normalara uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər. Azərbaycan SSR-in Nikah və Ailə Məcəlləsinin 17-ci maddəsində Nikahın bağlanmasına yol verilməyən hallardan biri də, ikisindən biri başqası ilə nikahda olan şəxslər arasında bağlanması göstərilmişdir. İddiaçı da iddia tələbində X7nun xx.xx.1974-cü il tarixdə onun anası X11 ilə nikaha daxil olduğunu, atasının anası Taisa ilə nikahda olduğu halda xx.xx.1976-cı il tarixdə Cavabdeh ilə də nikaha daxil olduğunu, bu əsasla da həmin nikahın etibarsız sayılmasını tələb etmişdir. Kollegiya əvvəla qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. SSR-in Nikah və Ailə Məcəlləsinin 51-ci maddəsində qeyd edilmişdir ki, bu məcəllənin 17-ci maddəsinə göstərilən hallar olduqda, bağlanmış nikah etibarsız hesab edilə bilər. İşə baxılan vaxtadək nikahın bağlanmasına mane olan hallar aradan qalxdıqda, məhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər. Bu əsaslara görə nikahı etibarsız hesab edilməsini ər-arvadın və həmin nikahın bağlanması ilə hüquqları pozulmuş şəxslərin, habelə qəyyumluq və himayə orqanlarının və ya prokurorun tələb etməyə ixtiyarı vardır. Hazırkı işdə iddiaçı nikahın bağlanması ilə onun hüquqlarının pozulmasını bildirir və hesab edir ki, həmin nikah hazırki vəziyyətdə X47un birinci dərəcəli vərəsəsi olaraq onun hüquqlarını pozur. İşin araşdırılmış hallarından müəyyən edilir ki, Asif Xəlilov ilə Cavabdeh 1972-ci ildən faktik ər-arvad münasibətlərində olsalar da onlar arasında nikah xx.xx.1976-cı ildə rəsmiləşdirilmişdir. İddiaçının özünün də Dəstəgülün uşaqları ilə əlaqələri olmuşdur. İddiaçı mərhum atası X23 ilə nikahını onun sağlığında mübahisələndirməmiş, atası olduqdan vərəsə kimi hüquqlarının pozulması ilə nikahın etibarsızlığını tələb etmiş, hesab etmişdir ki, əgər nikah etibarsız hesab edilməsə bu halda hər iki nikahdan olan uşaqlar vərəsə olaraq miras payı əldə edəcək. Bu isə onun vərəsə olaraq hüquqlarının pozulmasına səbəb olacaq. Kollegiya iddiaçının iddia tələbini əsaslandıran hallarla bağlı müəyyən edir ki, iddiaçını yuxarıda qeyd edilən maddənin tələbi baxımından hüququ pozulmuş şəxs kimi nikahın etibarsızlığını tələb etməyə subyektiv hüququ olan şəxs kimi qəbul edə bilməz. Çünki hüquq münasibəti baş verən vaxt qüvvədə olan Azərbaycan SSR-in Nikah və Ailə Məcəlləsinin 53-cü maddəsinin tələblərinə görə nikahın etibarsız hesab edilməsi bu nikahdan doğulmuş uşaqların hüquqlarına təsir etmir. Qanunvericiliyin ər-arvad arasında nikahın etibarsız hesab edilməsi halında bu nikahdan doğulmuş uşaqların hüquqlarına təsir etməməsinin müəyyən edilməsində məqsədi, ilk növbədə ailə dəyərlərinin qorunması, mülki dövriyyənin davamlılığını və fasiləsizliyini təmin etməklə hüquqi müəyyənliyi və hüquqi etimadı qorumaqdır. Bu isə mülki dövriyyəni formalaşdıran mülki hüquq münasibətlərindən irəli gələn hüquq və öhdəliklərin icrasına hüquqi etimadın təmin edilməsi sahəsində mümkün olur. İddiaçının hazırki iddianı irəli sürməkdə məqsədi (“əgər nikah etibarsız hesab edilməsə bu halda hər iki nikahdan olan uşaqlar vərəsə olaraq miras payı əldə edəcək”) ikinci nikahdan olan uşaqlara miras payı düşməməsidir. Halbuki qanunvericilik vərəsə olaraq miras payı almanı mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında sağ ikən qurmuş olduqları hüquqi münasibətlərdən əmələ gəlmiş hüquq və öhdəliklərin təyinatı üzrə həyata keçirilməsinə hüquqi şəraitin yaradılmasının təmin edilməsi üçündür. Başqa sözlə miras qoyanın sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradə ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsi kimi müəyyən etmişdir. Hazırki mübahisədə İddiaçı çatmaq istədiyi məqsədin əksi olaraq miras qoyan olaraq Asif Xəlilov əldə etdiyi əmlakların hər hansı vərəsənin olması barədə iradə ifadəsi göstərməyərək həmin əmlakları qanunla müəyyən edilən vərəsələrə keçməsinə şərait yaratmaqla dəyər verdiyi övladlarının əmlak vəziyyətinin daha yaxşı olmasını arzulamışdır. Məhz bu səbəbdən də qanunvericilik “ikisindən biri başqası ilə nikahda olan şəxslər” arasında bağlanmış nikah etibarsız olduğu halda hər iki nikahdan olan uşaqlarının hüquqlarının pozulmasına o, cümlədən hazırkı iddianın verilməsinə səbəb olan miras paya vərəsə olmaq hüququnu qorumaqla müdafiə təminatına almışdır. Göründüyü kimi Asif Xəlilov ilə Cavabdeh arasında bağlanmış nikahın etibarsızlığı Asif Xəlilovun istər Cavabdeh ilə nikahından olan uşaqların hüquqlarına, istərsə də Taisa Xəlilova ilə nikahından olan uşaqların hüquqlarına təsir etmir. Bu isə onu göstərir ki, iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi nikah etibarsız hesab edilsə belə digər övladların vərəsə olmaq hüququnu poza bilməz. Belə olan halda qanunun yuxarıda qeyd edilən mövqeyi baxımından iddiaçını hüquqları pozulmuş şəxs kimi qəbul edilə bilməsi yuxarıda qeyd olunan maddi hüquq normalarının pozulmasına gətirib çıxara bilər. Halbuki prosessual qanunvericiliyin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (MPM maddə 4-5). Nəzərə alınmalıdır ki, nikahın etibarsız hesab edilməsi həmin nikahdan doğulan uşaqların hüquqlarına təsir etməməsı ailə məcəlləsində qanundan irəli gələn şərt kimi göstərilmişdir. Bundan başqa qeyd olunmalıdır ki, şəxsə hər hansı hüquq tanınırsa, bu hüququn həyata keçirilməsi qaydası da qanunla tənzimlənir. Şəxsin bu qaydaya riayət etmədən həmin qanundan kənara çıxıb hərəkət etməsi artıq şikayət vermək hüquqdan sui-istifadəyə yol açır. Başqa sözlə hüquqdan məqsədi xaricində istifadə etmə ədalətsiz nəticənin yaranmasına gətirib çıxara bilər Mülki mübahisənin qanuni həlli üçün işə baxan birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını, iddiaçının öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ, yəni başqa şəxslərdən tələb etmək hüququnun olub-olmaması əvəzinə yuxarıda qeyd olunan prosessual normaların tələblərini pozaraq, iddiaçının hazırki iddianı irəli sürməyə subyektiv hüququn sahibi kimi qəbul etmiş nəticədə hüquq münasibətinin baş verdiyi maddi hüquq normalarının tələblərini pozaraq 28 dekabr 1999-cu ildən qüvvədə olan normalarını tətbiq etməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hüquq münasibəti baş verən vaxt qüvvədə olan Azərbaycan SSRin Nikah və Ailə Məcəlləsinin “ikisindən biri başqası ilə nikahda olan şəxslər” arasında bağlanması nikah etibasız hesab olunması ilə bağlı iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan SSR-in Nikah və Ailə Məcəlləsinin 17-ci maddəsində Nikahın bağlanmasına yol verilməyən hallardan biri də, ikisindən biri başqası ilə nikahda olan şəxslər arasında bağlanması göstərilmişdir. İddiaçı da iddia tələbində iddia edir ki, X7nun xx.xx.1974-cü il tarixdə onun anası X11 ilə nikaha daxil olduğunundan, xx.xx.1976-cı il tarixdə Cavabdeh ilə də nikaha daxil ola bilməzdi. Ona görədə bu nikah etibarsız nikahdır. Azərbaycan SSR-in Nikah və Ailə Məcəlləsinin 51-ci maddəsinin 2-ci hissəsinə əsasən işə baxılan vaxtadək nikahın bağlanmasına mane olan hallar aradan qalxdıqda, məhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər. Hazırkı işdə isə müəyyən edilir ki, Asif Xəlilov ilə Taisa Xəlilova xx.xx.1974-cü ildə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində nikaha daxil olmuş və bu nikahın pozulması xx.xx.2004-cü ildə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Göründüyü kimi Azərbaycan SSR-in Nikah və Ailə Məcəlləsinin tələbi baxımından başqası ilə nikahda olan şəxslə bağlanan nikah etibarsız sayılsa da həmin nikahın etibarsız sayılmasına səbəb olan Asif Xəlilov ilə Taisa Xəlilova arasında bağlanmış nikah xx.xx.2004-cü ildə pozulması ilə, nikahın bağlanmasına mane olan hallar aradan qalxmış və Asif Xəlilov ilə Cavabdeh arasında olan və xx.xx.1976-cı ildə rəsmiləşdirilmiş nikah etibarlı hala gətirilmişdir. Göründüyü kimi xx.xx.2004-cü ildən Asif Xəlilov ilə Cavabdeh arasında nikahın etibarsızlığı üçün maneə hesab edilən şərtlər aradan qalxmış və nikahın etibarlı hesab edilməsi üçün qanuni əsaslar yaranmışdır. Belə ki, Asif Xəlilov ilə Cavabdeh arasında nikah etibarlı hala gətirildikdən sonra da, ailə münasibətləri mərhum Asif Xəlilovun vəfat etdiyi xx.xx.2023-cü il tarixə kimi davam etmiş, onun vəfatı və dəfni də, məhz birgə ər-arvad kimi yaşadığı, birgə təsərrüfat apardığı Masallı rayonu Qızılavar kəndində ailə üzvlərinin iştirakı ilə həyata keçirilmişdir. Cavabdeh vəkili və nümayəndəsinin həm iddia tələbinə etirazında həm də apellyasiya şikayətinin dəlillərində tərəflər arasında bağlanmış nikahın tarixindən 39 il keçdikdən sonra bu tələblə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Odur ki, iddia müddətini tətbiq edilməklə iddia rədd edilməlidir. Kollegiya bununla bağlı eyd edir ki, dövlət təknikahlılıq prinsipindən çıxış edərək tərəflərdən birinin başqa şəxslə dövlət qeydiyyatına alınmış nikahda olduğu halda başqa bir nikahın bağlanmasını qadağan edir, hətta belə nikah bağlanmış olsa belə onun məhkəmə qaydasında etibarsız sayılmasını nəzərdə tutur. Belə ki, təknikahlılıq prinsipinə görə şəxs eyni zamanda dövlət qeydiyyatına alınmış bir nikahda ola bilər. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə isə kollegiya qeyd edir ki, Qüvvədə olan Ailə Məcəlləsinin 8.1-ci maddəsinə əsasən pozulmuş hüquqların müdafiəsi üçün bu Məcəllədə müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur. Nikahın etibarsızlığı ilə mübahisə ailə münasibətlərindən irəli gəldiyindən hazırkı mübahisəyə iddia müddəti tətbiq edilə bilməz. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan qismən təmin edilməli, iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)- 1618/2025 saylı, 15 sentyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X20, X25, X21, X26, X10, X27 və X28) qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)-1618/2025 saylı, 15 sentyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X20, X25, X21, X26, X10, X27 və X28) qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar