Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1749/2023 20.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə; Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı “Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı “avtomobil kredit müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 2(017)1301/2023 saylı, 17 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 20 noyabr 2023cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Bank VTB (Azərbaycan) ASC Cavabdeh qarşı “avtomobil kredit müqaviləsi üzrə borun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 115751-1-8050 nömrəli avtomobil krediti müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka 18136,91 ABŞ dolları məbləğində əsas borc, 9468,08 ABŞ dolları məbləğində faiz borcu, 137 ABŞ dolları cərimə borcu, ümumilikdə isə 27741,99 ABŞ dolları məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 231,48 manat pulun Cavabdeh Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulmasına; tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş “Kia Cerato” markalı, mühərrik G4FGDH639128, ban KNAFX411BD5078739 olan ** FC *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsinə, avtomobilin açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 115751-1-8050 nömrəli avtomobil krediti müqaviləsinə əsasən Cavabdeh illik 16 faiz hesablanması şərti ilə 36 ay müddətinə 19009 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh mülkiyyətində olan “Kia Cerato” markalı, mühərrik G4FGDH639128, ban KNAFX411BD5078739 olan ** FC *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2013-cü il tarixli 1157xx-xx-11293 nömrəli ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin borclu şəxs kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 18136,91 ABŞ dolları məbləğində əsas borc 9468,08 ABŞ dolları məbləğində faiz borcu, 137 ABŞ dolları cərimə borcu, ümumilikdə isə 27741,99 ABŞ dolları məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh xəbərdarlıq edilmişdir. Lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bundan başqa, Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1157xx-xx-11293 nömrəli ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə girov saxlayanın ipoteka predmetinə ödəniş yönəltmək hüququ vardır. Qeyd olunanlara əsasən Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 115751-1-8050 nömrəli avtomobil krediti müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka 18136,91 ABŞ dolları məbləğində əsas borc, 9468,08 ABŞ dolları məbləğində faiz borcu, 137 ABŞ dolları cərimə borcu, ümumilikdə isə 27741,99 ABŞ dolları məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 231,48 manat pulun Cavabdeh Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulmasına; tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş “Kia Cerato” markalı, mühərrik G4FGDH639128, ban KNAFX411BD5078739 olan ** FC *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsinə, avtomobilin açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinə uyğun qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və məhkəməyə ərizə verərək izahatında göstərdi ki, Bank VTB (Azərbaycan) ASC ilə arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 115751-1-8050 nömrəli avtomobil krediti müqaviləsinə əsasən ona illik 16 faiz hesablanması şərti ilə 36 ay müddətinə 19009 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə mülkiyyətində olan “Kia Cerato” markalı, mühərrik G4FGDH639128, ban KNAFX411BD5078739 olan ** FC *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2013-cü il tarixli 1157xx-xx-11293 nömrəli ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı kredit verdiyini iddia etdiyi müddətdən, yəni 2013-cü ildən 10 ildən artıq vaxt keçir. Aralarında bağlanmış avtomobil krediti müqaviləsinin müddəti xx.xx.2016- cı il tarixdə bitmişdir. Məhz həmin tarixdən iddiaçının qalan borcu ondan tələb etmək hüququ yaranmışdır. İddia müddəti keçdiyinə görə iddia müddəti tətbiq edilməklə iddiadan imtina barəsində qərar qəbul edilməsini xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Ağcabədi Rayon Məhkəməsinin 2(017)1301/2023 saylı, 17 avqust 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: E.Quliyev), iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı “avtomobil kredit müqaviləsi üzrə borun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia müddətini ötürdüyü üçün mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilməklə iddianın təmin edilməsindən imtina edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gəlməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 374, 375, 376 və 381-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı "xxxx" apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı "xxxx", Ağcabədi Rayon Məhkəməsinin 2(017)1301/2023 saylı, 17 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası iddiaçı "xxxx"-nin apellyasiya şikayətinin dəlilləri həddində, Ağcabədi Rayon Məhkəməsinin 2(017)1301/2023 saylı, 17 avqust 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 372.1-ci maddəsinə əsasən başqa şəxslərdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3-cü İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etməktələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)1301/2023 saylı, 17 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli, 115751-1-8050 nömrəli avtomobil kredit müqaviləsinin surətindən görünür ki, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 115751-1-8050 nömrəli avtomobil krediti müqaviləsinə əsasən Cavabdeh illik 16 faiz hesablanması şərti ilə 36 ay müddətinə 19009 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan ipoteka müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh mülkiyyətində olan “Kia Cerato” markalı, mühərrik G4FGDH639128, ban KNAFX411BD5078739 olan ** FC *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2013-cü il tarixli 1157xx-xx-11293 nömrəli ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh Bank VTB (Azərbaycan) ASC-yə xx.xx.2013-cü il tarixli, 115751-1-8050 nömrəli avtomobil kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə olan borcu 18136,91 ABŞ dolları məbləğində əsas, 9468,08 ABŞ dolları məbləğində faiz, 137 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 27741,99 ABŞ dolları təşkil edir. İş materiallarında olan AA 095808 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən Çıxarışın surətindən görünür ki, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilə üzrə ipoteka qoyan şəxs Cavabdeh ilə KİA Cerato minik markalı, ** FC *** dövlət nömrə nişanlı avtomobili nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilə üzrə ipoteka saxlayan şəxs Bank VTB (Azərbaycan) ASC arasında bağlanmış ipoteka müqaviləsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Qeydiyyat İmtahan Şöbəsində qeydə alınmışdır. İş materiallarında olan Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh göndərilmiş pretenziyanın surətindən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan Bank VTB (Azərbaycan) ASC-nin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, “İpoteka predmetinə tutmanın yönəldilməsi” haqqında bildirişin qeydə alınmasına dair ərizəsi xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Cavabdeh məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin ona qarşı olan avtomobil kredit müqaviləsi üzrə borun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə iddia müddəti ötdüyü üçün iddia müddəti tətbiq edilməklə iddiadan imtina barəsində qərar qəbul edilməsini xahiş etmişdir İşin materiallarından isə görünür ki, iddiaçının mövcud iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə verilmişdir. Buna görə də kollegiya hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi tələbi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Lakin, iddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. Nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxmadan subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı müəyyən edilə bilməz. Ona görə də, məhkəmə mübahisəni həll edərkən iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığını araşdırmalı deyil, Mülki Məcəllədə göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddia rədd olunmalıdır. Bundan başqa, iddia müddətinin məqsədi həm də ondan ibarətdir ki, bu müddət məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir, bununla da məhkəmələrə mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Bu cür mübahisələrin həll zamanı iddia müddətinin keçdiyi görünürsə, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığı və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığının araşdırılması iddia müddətinin özünün məqsədinə ziddir. Çünki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı sübutlar toplanmadan və qiymətləndirilmədən müəyyən edilə bilməz. Əks təqdirdə, belə nəticə hasil olur ki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla müəyyən edilməlidir. Bundan başqa, iddia müddətinin tətbiq edilməsi üçün ərizə verən cavabdeh tərəfi iradə ifadə edir. İradə ifadə edən cavabdeh “iddia müddəti” anlayışını dərk etməlidir: bu, pozulmuş subyektiv hüququn müdafiəsi müddətidir. Ona görə də cavabdeh belə məzmunda iradə ifadə etmiş olur: iddiaçının subyektiv hüququ mövcuddur, həmin hüququ pozub, ona görə də pozulmuş hüququn müdafiəsi barədə tələbə iddia müddətinin tətbiq edilməsini istəyir. Əgər cavabdeh bunun əksini hesab edirsə, belə halda o, ərizə verməməli, bununla da iddiaçının subyektiv hüququnun mövcud olmadığı və ya mövcud olsa da, həmin hüququ pozmadığı barədə iradə ifadə etməlidir. Göstərilən iradə ifadələri bir-birini təkzib etdiyinə görə eyni zamanda mövcud ola bilməz, ikisindən biri mövcud olmalıdır. İddia müddətinin tətbiqi barədə ərizə verilirsə, birinci iradə ifadəsi mövcud sayılır. Hazırkı işdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. İddiaçı apellyasiya şikayətində dəlil kimi qeyd edir ki, borclu şəxs öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə bank qarşısında 27741.99 ABŞ dolları məbləğində borcu qalmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda göstərilən dəlili ilə bağlı qeyd edir ki, Göründüyü kimi tərəflər arasında borc müqaviləsi 01 avqust 2013-cü il tarixdə bağlanılmış və müqavilənin icra müddəti 36 ay (3 il) müəyyən edilmiş, iddia ərizəsi isə 18 may 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla da iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən iddia müddətini ötürmüşdür. Belə ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən olunmuş və hazırkı müqavilə üzrə iddia müddətinin axımı müqavilənin icra müddəti bitdiyi vaxtdan yəni 01 avqust 2016-cı il tarixdən 3 il ötmüşdür. Bu isə onu göstərir ki, iddiaçı pozulmuş hüququnun müdafiəsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtda iddia müddətini ötürmüşdür. Bundan əlavə kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, əsas öhdəlik üzrə iddia müddətinin keçməsi səbəbindən onun məcburi qaydada yerinə yetirilməsi ilə bağlı məhkəmədə irəli sürülmüş tələbin təmin edilməsinin qeyri-mümkünlüyü halında, əsas öhdəliyin təminatı vasitəsi olan girov və ya ipotekanın hüquqi müqəddəratı ilə bağlı müraciətdə qaldırılan məsələyə aydınlıq gətirilməsi üçün bu institutların da mahiyyətinə nəzər yetirilməlidir. “İpoteka haqqında” Qanunun 10.1-ci maddəsinə müvafiq olaraq, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Həmin Qanunun 48-ci maddəsində ipotekanın xitamı əsasları təsbit edilmiş, belə əsaslardan biri kimi əsas öhdəliyin xitamı müəyyən edilmişdir. Qeyd olunduğu kimi, iddia müddətinin keçməsinin əsas öhdəliyin xitamına səbəb olmadığı nəzərə alınarsa, iddia müddətinin keçməsi “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsi üzrə əsas öhdəliyin icrasının təmini vasitəsi olaraq ipotekanın xitamı əsası kimi qəbul edilə bilməz. Lakin o da nəzərə alınmalıdır ki, ipoteka (girov) kreditorun tələbinin borclu tərəfindən yerinə yetirilməsini təminat altına almaq məqsədi ilə əşya üzərində kreditora tanınan bir əşya haqqıdır. Borclu tərəfindən öhdəliyin (kreditorun tələbinin) pozulduğu təqdirdə, kreditor ipoteka (girov) qoyulan həmin əşyanı satdırmaqla əldə olunan vəsait hesabına pozulmuş əmlak mənafeyini bərpa etmək imkanına malik olur. Yəni ipoteka (girov) bir tələbin yerinə yetirilməsini təmin edən məhdud əşya hüququ olduğundan müstəqil deyil, “əlavə” (Mülki Məcəllənin 269.5, 376 və s. maddələri) bir haqdır. İpoteka (girov) tələbinin əmələ gəlmə səbəbi, məqsədi və təyinatı şəxsi tələb hüququnun yerinə yetirilməsinin təmin edilməsi ilə bağlı olduğundan, ipoteka (girov) tələbinin yaranması üçün ilk öncə şəxsi tələb hüququ olmalıdır. Odur ki, Mülki Məcəllənin 376-cı maddəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddətinin keçdiyi təsbit edilmişdir. Əsas tələb üzrə iddia müddətinin keçməsi səbəbindən onun məcburi icrası mümkün olmadığından, bu tələblə bağlı olan girov və ipotekaya da məcburi tutmanın yönəldilməsi istisna edilmişdir. Beləliklə, əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur. Qeyd olunanlara əsasən belə qənaətə gəlinir ki, əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 11 fevral 2022-ci il tarixli qərarı) Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı “avtomobil kredit müqaviləsi üzrə borun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia müddətini ötürdüyü üçün mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilməklə iddianın təmin edilməsindən imtina edilsin.” mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, gəlinən nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Odur ki, kollegiya iddiaçı "xxxx" tərəfindən verilmiş apellyasiya şikayətini əsassız hesab etməklə iş üçün əhəmiyyət daşımayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya şikayətinin təmin edilməsi və Ağcabədi Rayon Məhkəməsinin 2(017)1301/2023 saylı, 17 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası ; QƏT ETDİ: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 2(017)1301/2023 saylı, 17 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1749/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1749/2023
20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver