Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-175/2025 21.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əliyev Qasım Vəli oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı Salyan rayon Xələc bələdiyyəsinin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı Salyan rayon Xələc bələdiyyəsinin Cavabdeh qarşı cavabdeh tərəfindən zəbt olunmuş bələdiyyənin mülkiyyətinə aid ümumi istifadədə olan yolun zəbtdən azad olunması və bələdiyyənin sahibliyinə geri qaytarılması tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 2(057)-97/2024 saylı, 22 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 21 iyul 2025-ci il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı Xalac bələdiyyəsinin sədri Pərvanə Rzayeva rayon məhkəməsinə verdiyi iddia ərizəsində bələdiyyə mülkiyyətinə aid Cavabdeh tərəfindən zəbt olunmuş 0,03 ha ümumi istifadədə olan yolun zəbtdən azad olunması və həmin sahənin bələdiyyənin sahibliyinə qaytarılması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Xalac bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bələdiyyə sədri məhkəməyə ərizə ünvanlayaraq iddianın müdafiə etdiyini,işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də məhkəmə iddiaçının nümayəndsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh blldirmişdir ki, Xalacda yaşayır, mülkiyyətində 0.68 ha torpaq sahəsi var. Bələdiyyənin iddia etdiyi torpaq sahəsi 1949-ildən atasının istifadəsində olmuş, həmin sahə çəpər daxili sahə olmuşdur. Ondan atası yol kimi istifadə etmişdir. Bələdiyyə sübuta yetirə bilmir ki, bu torpaq sahəsi onundur. Bələdiyyənin iddiası əsassızdır. Həmin yer onun sahəsidir. Onun çəpərdaxili torpağıdır. 80 ildir ki, atası istifadə etmişdir. Odur ki, verilmiş iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Salyan Rayon Məhkəməsinin 2(057)-97/2024 saylı, 22 iyul 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Ağarza Səmədov), iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən zəbt olunmuş bələdiyyə mülkiyyəti hesab olunan 0,024 ha ümumi istifadədə olan torpaq sahəsinin, yolun zəbtdən azad olunması və həmin sahənin Xalac bələdiyyəsinin sahibliyinə qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh nümayəndəsivəkili İsayev X6 Rayon Məhkəməsinin 2(057)-97/2024 saylı, 22 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia müddətinin keçməsi ilə bağlı mülki işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı Salyan rayon Xələc bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 keçirilən iclasda iştirak edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək Salyan Rayon Məhkəməsinin 2(057)-97/2024 saylı, 22 iyul 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh keçirilən məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar vermiş, izahatında Salyan Rayon Məhkəməsinin 2(057)-97/2024 saylı, 22 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia müddətinin keçməsi ilə bağlı mülki işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada üçüncü şəxs X2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. İştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə üçüncü şəxs X1 iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası üçüncü şəxs X1 apellyasiya şikayətinin dəlilləri həddində Salyan Rayon Məhkəməsinin 2(057)-97/2024 saylı, 22 iyul 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 18-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park,meşəpark, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; 47-ci maddəsinin 1, 2 və 3-cü bəndlərinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. 66-ci maddəsininə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 67-68-ci maddələrinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəlləsinin 111-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Salyan Rayon Məhkəməsinin 2(057)-97/2024 saylı, 22 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin 24 iyun 2022-ci il tarixli **********82 saylı məktubundan görünür ki, Salyan rayon , Xalac bələdiyyəsinin hüdudları daxilində yerləşən torpaq sahəsinin hansı kateqoriyaya aid olması və mülkiyyət mənsubluğu ilə bağlı məlumat verilməsi barədə müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsində baxılaraq bildirmişdir ki, 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi tərəfindən qeyd olunan torpaq sahəsinə baxış keçirilmiş və GPS aləti vasitəsi ilə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada təyin edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasında olmaqla bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan küçə və yollar kimi göstərilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2021-ci il tarixli 2(106)-1969/2021 saylı qərardadından görünür ki, İddiaçı sədr əvəzi X8 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 2(057)-1439/2018 saylı, 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh X5 qarşı yaradılmış manelərin aradan qaldırılması və qanunsuz qoyulmuş darvazanın sökülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin 11 iyun 2024-cü il tarixli 3-21-3-38/2- 1573/2024 saylı rəyindən görünür ki, Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********14-10301 qeydiyyat nömrəsi olan, ********** saylı, 24 dekabr 2017-ci ildə qeydiyyata alınmış çıxarışa əsasən Salyan rayonu Xələc kəndində yerləşən iş üzrə cavabdeh, Salyan rayonu Xələc kəndində yaşayan Cavabdeh atası X4 mülkiyyətində olan 0.53 ha, faktiki isə istifadədə olan 0.6740 ha torpaq sahəsinin sərhədləri naturada GPS aləti vastəsilə müəyyən edilmişdir. İddiaçının tələb etdiyi 0.03 ha, faktiki isə 0.024 ha olan mübahisəli torpaq sahəsi, Torpaqların elektron kadastr uçotu məlumatlarına əsasən “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid, Xələc Bələdiyyəsinin mülkiyyətində olan, yollar və küçələr olan torpaq sahəsidir. Mübahisəli olan 0.024 ha torpaq sahəsi Cavabdeh istifadəsindədir. Məhkəmə kollegiyası iş materiallarını cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə müqayisəli şəkildə araşdıraraq qeyd edir ki, birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Xalac bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin 0,024 ha hissəsini Cavabdeh qanunsuz olaraq istifadə etməklə bələdiyyənin mülkiyyət üzərində hüquqlarını pozmuşdur. Cavabdehin nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayəti verərək, şikayətinin dəlillərində cavabdehin mülkiyyətində 0.68 ha torpaq sahəsinin olduğunu, Bələdiyyənin iddia etdiyi torpaq sahəsinin 1949-cu ildən cavabdehin atasının istifadəsində olduğunu, həmin torpaqdan yol kimi istifadə edildiyini, Bələdiyyənin bu torpaq sahəsinin onun mülkiyyətində olmasını sübuta yetirə bilmədiyini bildirmişdir. Apellyasiya şikayətinin ikinci dəlili, iddia müddətinin keçməsi ilə bağlı icraata xitam verilməsi ilə əlaqədardır. Belə ki, cavabdeh hesab edir ki, 80 ildən çoxdur ki, cavabdehin atasının istifadəsində olmuşdur. Bu müddət ərzində Bələdiyyə tərəfindən iddia qaldırılmamışdır. Ona görə də iddia müddəti ötmüşdür. Kollegiya cavabdehin apellyasiya şikayətinin 1-ci dəlili (Bələdiyyə tərəfindən mübahisəli torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasının sübuta yetirə bilməməsi) ilə bağlı qeyd edir ki, apellyasiya icraatı zamanı mülki iş üzrə məhkəmə mühəndis-texniki və məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 04 iyun 2025-ci il tarixli, 10/3640 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Salyan rayon Xələc bələdiyyəsinin mülkiyyətində olan və hazırkı iş üzrə mübahisə predmeti olan 0.03 ha (faktiki 0.024 ha) torpaq sahəsi ilə Cavabdeh (atası X4 mülkiyyətində olan 0.53 ha torpaq sahəsindən əlavə) istifadəsində olan torpaq sahəsinin üstüstə düşdüyü müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu məlumatlarına əsasən Xalac kəndi ərazisində yerləşən Xalac Bələdiyyəsinin mülkiyyətində olan, mübahisəli hissədə ümumi istifadə üçün nəzərdə tutulmuş yolun 0.024 ha hissəsinin Cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Üçüncü şəxs X1 mülkiyyətində olan 0.12 ha torpaq sahəsinə istifadə olunan sahədən başqa alternativ yolun olub-olmaması mütəxəssislər tərəfindən müəyyən edilməmişdir. Kollegiya apelyasiya şikayətinin bu dəlili ilə razılaşmır. Belə ki, cavabdehin bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən uzun müddət yəni əvvəllər mərhum atası Şəfi Mirzəyev daha sonra isə özünün istifadə etməsi, Xalac bələdiyyəsinin mülkiyyətində olan və ümumi istifadədə olan yolun zəbtdə azad olunması və həmin torpaq sahəsindən çıxarılmaması üçün qanuni əsas hesab edilə bilməz. Belə ki, yuxarıda qeyd edilən ekspert rəyləri ilə də iddiaçı Xalac bələdiyyəsinin mübahisələndirdiyi, cavabdehin isə ona məxsus olduğunu iddia etdiyi Salyan rayon Xələc kəndi ərazisində yerləşən və ümumi istifadədə olan yol kimi nəzərdə tutulan 0.03 ha (faktiki 0.024 ha) torpaq sahəsinin 0.024 ha hissəsi həqiqətən də Cavabdeh qanunsuz istifadə etdiyi müəyyən edilmişdir. Bu hal həm də iş materiallarında olan ekspert rəyinə əlavə edilmiş mübahisəli sahənin plan ölçü sxemində də öz təsdiqini tapmışdır. Kollegiya cavabdehin iddia müddətinin keçməsi ilə bağlı iş üzrə icraata xitam verilməsi dəlilini münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Göründüyü kimi iddiaçı Xalac bələdiyyəsinin mülkiyyətində olan və ümumi istifadədə olan yol kimi nəzərdə tutulan 0.03 ha torpaq sahəsinin 0.024 ha hissəsi cavabdehin qeyri-qanuni sahibliyində olduğundan iddiaçının mülkiyyət hüququ pozulmuş, yuxarıda qeyd edildiyi kimi, bu cür iddialar üzrə torpaq sahəsi uzun müddət cavabdehin qeyri-qanuni sahibliyində olsa belə, hazırkı iddia tələbi üzrə iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə kollegiyası yekun olaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Salyan Rayon Məhkəməsinin 2(057)-97/2024 saylı, 22 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 2(057)-97/2024 saylı, 22 iyul 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pul Cavabdeh alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X3, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-175/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-175/2025
21.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver