Məhkəmə qərarları › İş №2(106)-1754/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1754/2023

28.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1754/2023 28.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh İmişli rayon Uşaq X10 Məktəbinin nümayəndəsi X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh İmişli rayon Uşaq X10 Məktəbinə qarşı vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(036)-625/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İmişli Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(036)-625/2023 saylı qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia tələbi təmin edilməmişdir. İddiaçı İmişli Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(036)-625/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı cavabdeh İmişli rayon Uşaq X10 Məktəbininə qarşı iddia qaldıraraq qanunsuz olaraq işə buraxılmaması səbəbindən məruz qaldığı mənəvi sarsıntı və iztirablarla əlaqədar sağlamlığının pozulduğu üçün 50000 manat məbləğdə mənəvi zərər və 50 manat məbləğdə mediasiya xərcinin İmişli rayon Uşaq X10 Məktəbinindən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı 16 aprel 2015-ci il tarixdə İmişli rayon X14 məktəbində daimi əsaslarla məşqçi müəllim vəzifəsinə qəbul edilmiş və İmişli RTŞ-nin 20 aprel 2015-ci il tarixli 40 saylı əmri ilə məktəbdə vakant olan direktor vəzifəsinin icrası 20 aprel 2015-ci il tarixdən tədris ilinin sonunadək müvəqqəti olaraq ona həvalə edilmişdir. Təyin olunduğu müddətdə ona həvalə edilən vəzifəni qüsursuz icra etdiyindən həmin vəzifədə qalaraq əmək funksiyalarını yerinə yetirmiş və təhsil nazirinin 03 iyul 2017-ci il tarixli K-197/1 nömrəli əmrinə əsasən İmişli RTŞ üzrə verilmiş 11 avqust 2017-ci il tarixli 72 saylı əmrlə X14 məktəbinin direktoru vəzifəsindən azad edilmiş və həmin əmrlə razılaşmayaraq direktor vəzifəsində işinə bərpa olunması barədə iddia qaldırmış və məhkəmə icraatı 14 fevral 2019-cu il tarixdək davam etmişdir. Həmin müddətdə İmişli X14 məktəbində daimi əsaslarla tutduğu məşqçi müəllim vəzifəsində qalmasına baxmayaraq keçən tədris illərində ona dərs saatları verilməmişdir. 2019-2020-ci tədris ilinin əvvəlində məşqçi müəllim kimi ona müəyyən edilmiş dərs saatlarının verilməsi barədə rəsmi müraciəti İmişli rayon Uşaq X10 Məktəbi tərəfindən rədd edildiyi üçün həmin tələb barədə məhkəmədə iddia qaldırmış və Şirvan Apellyasiya məhkəməsinin 16 may 2021-ci il tarixli 2(106)-1250/2021 saylı qətnaməsi ilə İmişli X14 məktəbində məşqçi müəllim vəzifəsində əmək funksiyasının icrasına yaradılan maneə aradan qaldırılaraq 10 oktyabr 2019-cu il tarixdən vəzifəsinin icrasına faktiki başladığı vaxtadək minumum əmək haqqı hesablanaraq xeyrinə ödənilməsi qət edilmişdir. İşsiz qaldığı 4 il 6 ay müddətində məruz qaldığı mənəvi sarsıntı və iztirablarla əlaqədar əsəbləri pozulmuş və şəkərli diabet xəstəliyinə düçar olaraq sağlamlığını itirmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayəti iddia ərizəsində qeyd edilənlərlə əsaslandırılmış, habelə əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi onun iddia ərizəsində sadaladığı çoxsaylı məqamlara münasibət bildirməmiş, iddianı hansı səbəbdən rədd etdiyini açıqlamamışdır. Sübutlar sırasında qanuni qüvvəsini almış qətnamə və dərhal icra edilməli həmin qətnamənin vaxtında icra edilməməsi barədə fakt var. Bunlara məhkəmə təkzib verə bilməmişdir. Bununla yanaşı, ortada onun işçi olduğu halda, illərlə işə buraxılmamağı faktı var. Məhkəmə bu faktlar olduğu halda, iddianı niyə rədd etdiyini gizli saxlamışdır. Real mənəvi iztirab çəkməyi sırasında qeyd edilənlərdən əlavə sübutlar sırasında onun xəstəliklərə düçar olmağı haqda sənədlər var. İşdə nevroz sarsıntılara düçar olmağı haqda 5 saylı şəhər poliklinikasının verdiyi Ambulator Kitabçadan 02 noyabr 2022-ci il tarixli çıxarış var. Həmin xəstəliyin tarixi məhz cavabdehin onun işə buraxmamasından sonra olsa da, məhkəmə göstərir ki, o daha əvvəl xəstələnmişdir. 08 noyabr 2019-cu il tarixdə İmişli Rayon Məhkəməsində cavabdeh İmişli rayon X5 Məktəbinə qarşı iddia qaldırıb, ona məşqçi müəllim kimi müəyyən edilmiş minimum dərs saatının verilməsi vəzifəsinin İmişli rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinə həvalə edilməsi və dərsin verilməsindən imtina cavabı verildiyi gündən, yəni 10 oktyabr 2019-cu il tarixdən başlayaraq dərs saatı verilən vaxta kimi ona orta aylıq əmək haqqının verilməsi vəzifəsinin İmişli rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə 10 iyun 2020-ci il tarixli məhkəmə iclasında cavabdeh İmişli rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru X11 Cavadovun işdən çıxarılması ilə bağlı Şahmat məktəbi tərəfindən hər hansı əmrin verilmədiyini, əmrlər kitabında bu barədə hər hansı qeyd olmadığını və heç bir sənəd gətirə bilməyəcəyini bildirmişdir. Həmçinin iddia ərizəsi İmişli Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli 2(036)-3040/2019 saylı qərardadı ilə qanunsuz olaraq geri qaytarılmış, həmin qərardaddan verdiyi şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş və Şirvan Apelyasiya Məhkəməsi onun şikayətini təmin etmişdir. İddiaçı məhkəmədə izahatında apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, İmişli rayon Şahmat məktəbində şahmat müəllimi işləmişdir. Məktəbin əvvəlki rəhbərliyi qərəzli olduğu üçün onu işdən azad etmişdir. O, işdən azad olduqdan sonra sarsıntılar keçirmiş, əsəb və şəkər xəstəliyi tapmışdır. Hazırda da həmin məktəbdə müəllim işləyir. Əmək hüquqlarının pozulması nəticəsində ona dəymiş mənəvi ziyanın ödənilməsini xahiş edir. Cavabdeh İmişli rayon Uşaq X10 Məktəbinin nümayəndəsi X6 izahatında apellyasiya şikayətini qəbul etməyərək göstərmişdir ki, özü 2020-ci ildən həmin məktəbin direktoru işləyir. İddiaçının mübahisəsi ondan əvvəlki rəhbərliklə olmuşdur. İddiaçı hazırda həmin məktəbdə şahmat müəllimi vəzifəsində işləyir. Onun həqiqətən də işdən azad olduqdan sonra sarsıntılar keçirməsi nəticəsində əsəb və şəkər xəstəliyinə tutulmasına dair sübutu yoxdur. Ona görə də, iddia tələbi əsassızdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X8 izahatında iddiaçının apellyasiya şikayətini qəbul etməyərək göstərmişdir ki, onun xəstəliyinin işdən azad olması nəticəsində yaranmasına dair hər hansı mötəbər sübutu yoxdur. İddiaçı təhsil şöbəsinə etdiyi müraciətlər vaxtında cavablandırılmışdır. İddiaçının məhkəmənin qərarına əsasən işə bərpa olunmuş və o, hal-hazırda İmişli rayon Uşaq X10 məktəbində müəllim kimi çalışır. Buna görə də, iddia tələbi əsassızdır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, mülki iş üzrə üzrə İmişli Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(036)-625/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 16 may 2021-ci il tarixli 2(106)- 1250/2021 saylı qətnaməsinin surətinə əsasən İddiaçı İmişli X14 məktəbində məşqçi müəllim vəzifəsində əmək funksiyasının icrasına yaradılan maneə aradan qaldırılmış və 10 oktyabr 2019-cu il tarixdən vəzifəsinin icrasına faktiki başladığı vaxtadək minumum əmək haqqı hesablanaraq onun xeyrinə ödənilmişdir. İşdə olan Bakı şəhəri 5 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli 027 nömrəli Ambulator kitabçadan çıxarışa əsasən İddiaçı 09 aprel 2018-ci il tarixdən “şəkərli diabet 2” diaqnozu ilə dispanser qeydiyyatındadır və uzun müddətdir ki, xəstə olduğundan xəstəliyi ağır keçirir. İşdə olan Bakı şəhəri 5 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli 027 nömrəli Ambulator kitabçadan çıxarışa əsasən İddiaçı 18 oktyabr 2019-cu il tarixdən nevroloji kabinetdə qeydiyyatdadır və tez-tez residivləşən gedişlə dəfələrlə ambulator şəraitdə müalicə etmişdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni zamanda, MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bundan əlavə, MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmçinin MM-in 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı, zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və hüquqa zidd əməli, əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi baxımından iddiaçı tərəfindən məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim edilməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 07 saylı qərarında isə göstərilmişdir ki, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presidentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər”. Göründüyü kimi, hazırkı iş üzrə İddiaçı cavabdeh tərəfindən hər hansı mənəvi zərərin vurulması iş materialları ilə təsdiq edilmir və bu səbəbdən də, iddia tələbi təmin edilə bilməz. Belə ki, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, hazırkı iddia tələbinin qanuni əsası mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası diqqətə çatdırır ki, həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət prinsipinə istinadən İddiaçı birinci instansiya məhkəməsində, habelə apellyasiya şikayətinin dəlillərində qeyd etməsinə rəğmən məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi zərər yetirilməsi barədə mötəbər sübutlarını verməmişdir. MPM-in 76-cı maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Habelə MPM-in 78-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Eyni zamanda, qeyd edilməlidir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə kollegiyası qeyd olunanlara əsasən apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçı apellyasiya şikayəti təmin edilməməli, İmişli Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(036)-625/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(036)-625/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar