Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1763/2024 10.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Fərzi oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tikilinin sökülməsi və kanalizasiya xəttinin cavabdehlərin hesabına çıxarılması tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli 2(048)-372/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyü məsələsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Fərzi oğlu Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən və onun mülkiyyətində olan torpaq sahəsində tikdiyi tikilinin sökülməsi, həyətinə buraxdığı kanalizasiya xəttinin cavabdehlərin hesabına çıxarılmasını xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli 2(048)-372/2023 saylı qətnaməsi ilə (hakim Atabəy Kiçibəyov) iddia qismən təmin edilərək, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən 0,15 ha torpaq sahəsində cavabdehlər tərəfindən tikilən tikilinin (toyuq hininin) 3,5 kv.m hissəsinin sökülərək həmin torpaq sahəsinin mülkiyyətçisi olan İddiaçı Fərzi oğlunun mülkiyyətinə verilməsi, iddiaçı tərəfindən məhkəməyə ödənilmiş 10 manat dövlət rüsumu, X2 ödənilmiş 250 manat ekspertiza xərci və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsinə ödənilmiş 311 manat, cəmi ümumilikdə 571 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, əlavə olaraq cavabdehlərdən ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2023-cü il tarixli 2(106)-2088/2023 saylı qərardadı ilə Lerik Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və MPM-in 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki işin Lerik Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsi tərəfindən verilən apellyasiya şikayəti “Elektron-məhkəmə” informasiya sistemi vasitəsi ilə verilsə də, elektron apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən iş materiallarına əlavə edilməmişdir. Lerik Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli 2(048)-372/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən yenidən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2024-cü il tarixli 2(106)-787/2024 saylı qərardadı ilə Lerik Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin Lerik Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Cavabdeh2 apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüş, lakin apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə olunmamışdır. 03 iyun 2024-cü ildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti vermək üçün ötürülmüş müddətin bərpasına dair vəsatətlə Lerik Rayon Məhkəməsinə müraciət edərək, apellyasiya şikayəti üzrə müddətin buraxılmasının üzrlü hesab edilməsini, müddətin bərpasına dair ərizəni təmin etməklə, apellyasiya şikayətinin qəbul edilməsini və iş materialları ilə birgə apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. Ərizədə qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin əvvəlki qərardadlarında göstərilmiş nöqsanlı hallar aradan qaldırılmış, apellyasiya şikayəti yenilənmiş və MPM-in tələblərinə tam uyğun olaraq tərtib edilmişdir. Lerik Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli 2(048)-372/2023 saylı qərardadı ilə Lerik Rayon Məhkəməsinin 2(048)-372/2023 saylı 05 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü səbəbdən baş verdiyinə görə bərpa edilməsi, apellyasiya şikayətinin 7 gün müddətində işlə birlikdə baxılmasından ötrü aidiyyəti üzrə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Lerik Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli göndəriş məktubu ilə mülki iş materialları cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Lerik Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli 2(048)-372/2023 saylı qətnaməsindən verdikləri apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2024-cü il tarixli 2(106)-1324/2024 saylı qərardadı ilə Lerik Rayon Məhkəməsinin 2(048)-372/2023 saylı 05 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Lerik Rayon Məhkəməsi 07 iyun 2024-cü il tarixli 2(048)-372/2023 saylı qərardadı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayətinin 7 gün müddətində işlə birlikdə baxılmasından ötrü aidiyyəti üzrə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi nəticəsinə gəlmiş olsa da, MPM-in 133.3-cü maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, MPM-in 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Lakin hazırda müəyyən edilir ki, buraxılmış müddətin bərpasına dair ərizəyə cavabdehlər tərəfindən hər hansı apellyasiya şikayəti əlavə edilməmiş, ərizənin verilməsi tarixindən sonra “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə hər hansı bir apellyasiya şikayəti yerləşdirilməmişdir. Belə olan halda məhkəmənin cavabdehlər tərəfindən verildiyini qeyd etdiyi hansı apellyasiya şikayətini apellyasiya instansiyası məhkəməsinə göndərdiyi qeyri-müəyyən qalır. Həmçinin iş materiallarından da görünür ki, birinci instansiya məhkəməsinin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2024-cü il tarixli 2(106)-787/2024 saylı qərardadına uyğun olaraq geri qaytarmalı olduğu halda, qaytarmadığı apellyasiya şikayəti isə yalnız Cavabdeh2 tərəfindən verilmişdir. Lerik Rayon Məhkəməsinin iş üzrə 02 sentyabr 2024-cü il tarixli qərardadı ilə Lerik Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli 2(048)-372/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. X6 (nümayəndəsi Nümayəndə) Lerik Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli 2(048)-372/2023 saylı qətnaməsindən apellyasiya şikayəti (buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə birlikdə) verərək qətnamənin ləğv olunması və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə cavab vermir. Belə ki, MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanı mümkünlüyü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlayır. MPM-in 399-cu maddəsinə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən adıçəkilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa edilməsinə dair ərizəyə (səh. 223) işin müəyyən edilmiş hallarına uyğun olaraq heç bir hüquqi qiymət vermədən, habelə ona apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını yoxlamadan iş materiallarını Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Qeyd edilməlidir ki, apellyasiya şikayətinin forma və məzmununa, habelə müddətlə bağlı tələblərinə əməl edilib-edilməməsi eyni anda yoxlanılmamışdır. Bu da, hazırkı işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların mövcud olmadığını göstərir. Belə ki, MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Bundan başqa, MPM-in 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133-cü maddəsinin tələblərinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır; Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Digər tərəfdən, qeyd edilməlidir ki, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalansa da, apellyasiya şikayəti yalnız cavabdeh X6 (nümayəndəsi Nümayəndə) tərəfindən verilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən göstərilən hazırkı məsələyə də hüquqi qiymətin verilməsi zəruridir. MPM-in 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İşə baxan birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayaraq, yalnız həmin normanın tələblərinə cavab verən apellyasiya şikayətini, ona əlavə edilmiş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərməli olduğu halda, yanlış olaraq apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğun olması qənaətinə gəlmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Lerik Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli 2(048)-372/2023 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair verilmiş ərizəyə hüquqi qiymət verilməsi və apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş materialları Lerik Rayon Məhkəməsinə göndərilməlidir. “X4rşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 267-269, 372, 384, 391 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Lerik Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli 2(048)-372/2023 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair verilmiş ərizəyə hüquqi qiymət verilməsi və apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş materialları Lerik Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1763/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1763/2024
10.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver