Məhkəmə qərarları › İş №2(106)-1767/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1767/2022

06.09.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1767/2022 06.09.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Nüsrət Fətulla oğlu Mirzəyev və Zaur Mirzağa oğlu Allahyarovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, iddiaçının vəkili X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İmişli Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh "xxxx" QSC-nin X4rşı əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İmişli Rayon Məhkəməsinin (hakim T.Nüsrətov) 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, "xxxx" QSC-nin X6 rəisinin 01 saylı, 16 mart 2021-ci il tarixli əmrinin etibarsız hesab edilməsi, İddiaçı "xxxx" QSC-nin X7 “yük hərəkətində teplovoz dartıcı briqadası maşinist köməkçisi” ştatı üzrə işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün 16 mart 2021-ci il tarixdən etibarən icra sənədi icra olunduğu günədək əmək haqqının tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İşə "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti əsasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər T.Heydərov, T.Kərimov, İ.Əhmədov) 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İşə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər İ.Şəfiyev, Ə.Əhmədov, V.Həsənov) 03 iyun 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İşinhalları İddiaçı 2013-cü ildən "xxxx" QSC-nin X7 işləmişdir. O, 21 may 2020-ci il tarixdən "xxxx" QSC-nin X8 “yük hərəkətində teplovoz dartıcı briqadasında maşinist köməkçisi” vəzifəsinə təyin edilmiş və "xxxx" QSC-nin X12 rəisinin 01 saylı, 16 mart 2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Hazırki tələbində İddiaçı cavabdeh "xxxx" QSC-nin X12 rəisinin 01 saylı, 16 mart 2021ci il tarixli əmrinin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: 2013-cü il tarixdən "xxxx" QSC-nin X7 yük hərəkətində teplovoz dartıcı briqadasında maşinist köməkçisi vəzifəsində işləmişdir. Bu müddət ərzində o, qüsursuz işləmiş və barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. 15 mart 2021-ci il tarixdə X6 rəhbərliyi ona bildirmişdir ki, ərizə yazıb işdən çıxsın. O, səbəbini soruşduqda ona bildirmişlər ki, “ərizə yazmaq lazım deyil, baş idarədən göndərilmiş blankı imzalamaq lazımdır, onu müvəqqəti işdən kənarlaşdıracaq və sonra öz işinə qaytaracaqlar.” Beləliklə, ona məzmunu ilə tanış olmadığı kağız-blankı imzalatmaqla işdən azad etmişlər. Onu aldadıb məzmununu bilmədiyi blankı imzalatmışlar. Halbuki onun işdən çıxmaq niyyəti olmamışdır. Beləliklə, onun əmək hüquqları ciddi surətdə pozulmuşdur. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iştirak etmədiyindən, cavabdeh tərəfin mövqeyi bəlli olmamışdır. Birinci instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş sənədlərə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69, 300-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) müvafiq maddələrinə istinad edərək iddianı təmin etmişdir. Apellyasiya şikayətinin dəlilləri "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuzdur, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, X12 hüquqi şəxs deyil, ona görə iddia tələbində cavabdeh qoyulmuş X12 əsl cavabdeh deyil. Tərəflərin izahatları Apellyasiya baxışında iştirak edən "xxxx" QSC-nin nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili X5 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirmiş, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası izahatı və məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin hallarından görünür ki, İddiaçı 2013-cü ildən "xxxx" QSC-nin X7 müxtəlif vəzifələrdə çalışmış, 01 saylı, 16 mart 2021-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsində işdən çıxmanın tarixini göstərməmiş, işəgötürən isə bir aylıq xəbərdarlıq müddətini gözləmədən və həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etmədən əmək müqaviləsinə xitam vermişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsində görə əmək müqavilələrini ləğv etmək hüququ işəgötürənin hüququ kimi müəyyən olunmuşdur. İddiaçının mübahisələndirdiyi, əmək müqaviləsinin ləğv edilməsi barədə 16 mart 2021ci il tarixli, 1 saylı əmr "xxxx" QSC-nin X6 rəisi tərəfindən imzalanmışdır. İş üzrə apellyasiya şikayətini işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunduğunu iddia edən "xxxx" QSC vermişdir. Apellyasiya baxışında "xxxx" QSC üçüncü şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, işəgötürən dedikdə - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin üçüncü hissəsi). Qanunun tələbinə görə, işəgötürən qismində əmri verən şəxs mülkiyyətçi və ya hüquqi şəxsin rəhbəri olmaya bilər. Əmək Məcəlləsinin 188-ci maddəsində intizam tənbehi vermək səlahiyyəti olan vəzifəli şəxslərin dairəsi müəyyən edilərək göstərilir ki, intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. Qanunun tələbinə görə, müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir. Həmin maddənin birinci və ikinci hissələrində göstərilən vəzifəli şəxslərdən savayı başqa vəzifəli şəxslərin işçilərə intizam tənbehi verməyə ixtiyarı yoxdur. Əgər bu qaydaların əksinə olaraq işçiyə intizam tənbehi vermək səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən verilibsə, onun əmri hüquqi qüvvəsi olmayan puç (əhəmiyyətsiz) əmr hesab edilir. Sadalanan hüquq normaları bilavasitə işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi məsələlərini tənzimləməsə də, işəgötürənin səlahiyyətlərinin ötürülməsi qaydalarına işıq tutmaq baxımından əhəmiyyətlidir. Bu normalardan o nəticə hasil olur ki, işəgötürənin səlahiyyətləri nizamnamə ilə tənzimlənir və həmin səlahiyyətlər müvafiq əmrlə (sərəncam və ya qərarla) işəgötürənin müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Azərbaycan Respublikası MPM-nin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən, qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər. Məhkəməyə təqdim edilmiş "xxxx" QSC-nin Yük Daşımalar Departamentinin X6, "xxxx" QSC-nin sədri tərəfindən təsdiq edilmiş Əsasnaməsindən bəlli olur ki, X12, QSC-nin Yük Daşımalar Departamentinin tabeliyində olan struktur vahididir. Depo hüquqi şəxs deyil. Deponun Əsasnaməsinə uyğun olaraq, Depo rəisinə, rəis müavinləri, baş mühəndis və baş mühasib istisna olmaqla, digər işçilər ilə əmək müqaviləsi bağlamaq, onu dəyişdirmək və əmək müqviləsinə xitam vermək səlahiyyəti verilmişdir. Sözügedən Əsasnamədə, eləcə də hər hansı əlavə əmr və ya sərəncamla Depoya məhkəmələrdə iddiaçı və ya cavabdeh qismində iştirak etmək səlahiyyətinin verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Qanunun tələbinə görə, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Kollegiya qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Kollegiya hesab edir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə riayət edilmədən çıxarıldığına görə ləğv edilməlidir. Kollegiya qeyd edir ki, iddia əsl cavabdehə qarşı verilməmişdir. Qanunun tələbinə görə iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə birinci instansiya məhkəməsində işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində yol verilir. Apellyasiya baxışında tərəfin əvəz edilməsinə yol verilmir. Bu baxımdan, Kollegiya hesab edir ki, iddia əsl cavabdehə qarşı yönəlmədiyi halda, məhkəmə mülki prosessual hüquq normalarının tələblərini pozmaqla işə baxmışdır. Azərbaycan Respublikası MPM-nin 387.2-ci maddəsinin tələbinə görə, məhkəmənin, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsi, eləcə də işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılması məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır (MPM-in 387.2.4 və 387.2.9-cu maddələri). Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, İddiaçı cavabdeh "xxxx" QSC-nin X4rşı əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsl cavabdehə qarşı yönəlmədiyindən rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası, qətetdi: "xxxx" QSC-nin apellyasiya şikayəti təmin edilsin. İmişli Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(036)-1469/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" QSC-nin X4rşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əsədov Hakimlər Nüsrət Mirzəyev Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar