Məhkəmə qərarları › İş №2(106)-1774/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1774/2023

22.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1774/2023 22.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı, cavabdehlərdən Cavabdeh3, onun vəkili və eyni zamanda nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Əliağa oğlu, Cavabdeh3, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X8 və Cavabdeh11 qarşı "torpaq sahəsindən və üzərində inşa olunmuş evdən çıxarılmaları, yetirilmiş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə iddiası əsasında mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 5 sentyabr 2023-cü il tarixli 2(048)-5/2023 saylı qətnaməsindən (hakim A.Kəçibəyov) cavabdehlərdən Cavabdeh3 vəkili və eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 Əliağa oğlu, Cavabdeh3, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X8 və Cavabdeh11 qarşı "torpaq sahəsindən və üzərində inşa olunmuş evdən çıxarılmaları, yetirilmiş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət edərək, Lerik rayonu Lüləkaran kəndində yerləşməklə xüsusi mülkiyyətində olan 0.07 ha torpaq sahəsi və üzərində inşa olunmuş yaşayış evindən cavabdehlərin çıxarılması, həmin yaşayış evinə, orada olan tikinti materialları və ləvazimatlarını sataraq və ya məhv etməklə vurulmuş maddi ziyana görə 10000 (on min) manat pulun və ödəilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən Lerik rayonu Lüləkəran kəndində yerləşən 0.07 ha torpaq sahəsi və üzərində inşa olunan yaşayış evi ona məxsusdur. Lakin, cavabdehlər xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan həmin əmlakı zəbt etmişlər. Mərhum atası X4 həmin əmlakı alanadan sonra onun tərəfindən daşınmaz əmlakda tikinti və təmir işləri görülmüşdür. Belə ki o, Bakıdan tikinti materialları apararaq orada yeni ev inşa etmişdir. İnşaat bitdikdən sonra atası tərəfindən ora gələcəkdə həmin evdə eyvan və hamam inşa etmək məqsədi ilə 1 maşin armatur, əlavə bir evin dəmir dam örtüyü, döşəmə və tavan taxtası, qaynaq aparatı, sement, qum, su boruları və digər tikinti ləvazimatları aparılmışdır. Yəni zəbt olunmamışdan əvvəl bütün yuxarıda qeyd olunan tikinti material və avadanlıqları həmin ünvanda olmuşdur. Tam inşa olunmuş evin pəncərələrində dəmir barmaqlıqlar, su ilə təmin olunmaq üçün 3 tonluq böyük su çəni olmuşdur. Hazırda məlum olmuşdur ki, ona məxsus Lerik rayonu Lüləkəran kəndində yerləşən 0.07 ha torpaq sahəsi və həmin torpaq üzərində inşa olunan ev zəbt olunmuşdur. Habelə cavabdehlər tərəfindən evin pəncərələrində olan dəmir barmaqlıqlar sökülmüş tikinti materialları isə satılmış və ya məhv edilmişdir. Bu azmış kimi cavabdehlər tərəfindən evdə odun sobası yandırılması nəticəsində evin dam örtüyünə və döşəməsinə ciddi ziyan vurulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh3 iddianı qəbul etməyərək, rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, iddiaçı onlara şər böhtan atır və söylədikləri yalandır. Ev onlara məsxusdur. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh2, X3 və Cavabdeh5 Cavabdeh3 ilə oxşar məzmunlu izahat verərək, iddianın rədd olunmasını xahiş etmişlər. Lerik Rayon Məhkəməsinin 5 sentyabr 2023-cü il tarixli 2(048)-5/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehlər Cavabdeh1 Əliağa oğlu, Cavabdeh3, X2, Cavabdeh4, Cavabdeh5,Cavabdeh2, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X8 və Cavabdeh11 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən 28 sentyabr 2021-ci il tarixdə verilmiş ********** nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Lerik rayonu Lüləkəran kəndində yerləşən 0.07 ha torpaq sahəsi və onun üzərində inşa olunan yaşayış evindən çıxarılmaları, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən Cavabdeh3 vəkili və eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək ləğv olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 Əliağa oğlu, Cavabdeh3, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X8 və Cavabdeh11 30 ildən artıq müddətdir ki, Lerik rayonunun Lüləkaran kəndində 0.07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayırlar və orada qeydiyyatdadırlar. Yaşamağa başqa yerləri də yoxdur. Cavabdehlər fərdi yaşayış evində qeydiyyatdan çıxarılmamış, mübahisəli mənzildən çıxarıla bilməzlər. Buna baxmayaraq İddiaçı əsassız olaraq cavabdehlərin qeydiyyatdan çıxarılmalarını tələb etmədən, evdən çıxarılmalarını tələb etmişdir. Bunu etməkdə məqsədi isə işin aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsinin qarşısını almaq və Lerik Rayon Məhkəməsinə göndərilməsinə nail olmaq olmuşdur. Bununla da aidiyyət qaydaları kobud formada pozulmuşdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehlərdən Cavabdeh3, onun vəkili və eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahatlar verərək təmin olunmasını xahiş etdilər. Məhkəmədə İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etdi və izahatında göstərdi ki, cavabdehlər mübahisəli evdə yaşamayıblar və ora qeydiyyatları da yoxdur. Bunu təsdiq edən “Asan xidmət” mərkəzinin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin dairəsinə dair arayışı məhkəməyə təqdim edir. Arayışdan göründüyü kimi mübahisəli evdə heç kim qeydiyyatda yoxdur. Mübahisəli ev bağ evi olub və sadəcə mərhum atası cavabdehlərə həmin evə baxmağı tapşırıb. Bu gün isə cavabdehlər həmin evdən çıxmırlar. Cavabdehlərin həmin kənddə öz evləri var. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdehlər hər hansı bir üzürlü səbəbini bildirmədən məhkəmədə iştirak etməmişlər və kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq həmin şəxslərin iştirakı olmadan apellyasiya şikayəti üzrə mülki işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlərdən Cavabdeh3 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh3 münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından Cavabdeh3 apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28 sentyabr 2021-ci ildə verilmiş **********20-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, mübahisəli Lerik rayonu Lüləkəran kəndində yerləşən 0.07 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 97.0 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş Şirvan Apellasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2022-ci il tarixli 2(106)-2220/2022 saylı qətnaməsindən aşağıdakılar müəyyən olunur: Birgə iddiaçılar Cavabdeh1 Əliağa oğlu, X5, X12, X2 və Cavabdeh3 cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə, Lerik rayon Dövlət Notariat Kontoruna, cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İddiaçı qarşı “bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının təmin olunması” tələbinə dair iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət edərək, 04 noyabr 1992-ci ildə X12 ilə X4 arasında bağlanmış bağışlama müqaviləsinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən 28 sentyabr 2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, Lüləkəran kəndində yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının ev sahibi Cavabdeh1 Aliağa oğlunun adına təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər, Lerik Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2 (048)-11/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Lerik rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş 04 noyabr 1992-ci il tarixli 6-1430 saylı bağışlama müqaviləsinin bağışlandığı andan etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən 28 sentyabr 2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir, Lerik Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2 (048)-11/2022 saylı qətnaməsi cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İddiaçı tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş və apellyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq iddia rədd edilmişdir. Şirvan Apellasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2022-ci il tarixli 2(106)-2220/2022 saylı qətnaməsi X5 tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 may 2023-cü il tarixli 2(102)-1828/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmamış, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş “Asan xidmət 7” mərkəzi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 13 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Lerik rayonu, Lüləkəran kəndində yerləşən evdə qeydiyyatda heç bir şəxs yoxdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə ki, mübahisəli əmlak xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur, cavabdehlərin həmin əmlak üzərində istifadə hüquqları yoxdur və özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək mülkiyyətçi olaraq iddiaçının hüququdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlərdən Cavabdeh3 vəkili və eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 5 sentyabr 2023-cü il tarixli 2(048)-5/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar