Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1774/2024 04.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması və sabit pul məbləğində aliment tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(049)- 2275/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 noyabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Lənkəran rayon məhkəməsinin 13 dekabr 2019-cu il tarixli 2(049)-2512/2019 saylı qətnaməsi ilə Cavabdeh tutulan qazancın və başqa gəlirlərinin 1/3 hissəsi həddində aliment dəyişdirilərək ondan, yəni Cavabdeh əvvəlki 3 illik dövr hesablanmaqla xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 235 manat olmaqla cəmi iki uşaq üçün hər ay cəmi 470 manat sabit pul məbləğində alimentin və xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 235 manat sabit pul məbləğində alimentin və mediasiya təşkilatının hesabına ödədiyim 60 manat məbləğində pulun tutulub iddiaçının xeyrimə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1995-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. İş üzrə Cavabdeh ilə faktiki nikaha daxil olaraq evlənmişlər. Nikahı isə 27 may 2015-ci il tarixdə Lənkəran rayon qeydiyyat şöbəsində 05 sayla qeydə aldırmışdır. Birgə nikahdan xx.xx.2015-ci il tarixdə Mədinə və xx.xx.2017-ci il tarixdə isə Mələy adlı iki uşağı doğulmuşdur. İddiaçı cavabdehlə uzun müddətdir ki, bir yerdə yaşamır, lakin buna baxmayaraq aralarında olan ər-arvad münasibətləri bu yaxın zamanlara kimi davam etmişdir. Belə ki, onların aralarında olan münasibətlər tamam pozulduqdan sonra iddiaçı aralarında olan nikah qeydinin pozulması ilə bağlı məhkəməyə müraciət etmək istəmiş və ona məlum olmuşdur ki, aralarında olan nikah qeydi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)-2512/2019 saylı qətnaməsi ilə pozulmuş və birgə nikahdan anadan olmuş uşaqların iddiaçının yanımda qalması müəyyən edilmişdir. Nikah pozularkən eyni zamanda uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında alimentin tutularaq iddiaçının ödənilməsi qət edilmişdir. İddiaçının bütün bunlardan heç bir xəbəri olmamışdır. Əgər iddiaçının bütün bunlardan xəbəri olsaydı iddiaçı, Cavabdeh Asil oğlu ilə birgə xx.xx.2020-ci il tarixdə Asif adlı uşağı doğulmazdı. Həmin uşağın adını da cavabdeh öz atasının adını qoymuşdur. Daha sonra iddiaçıya məlum olmuşdur ki, Lənkəran Rayon İcra və Probasiya Şöbəsində guya iddiaçı ərizə vermiş və alimentdən imtina etmişdir. Bildirir ki, iddiaçı tərəfindən hər hansı bu formada ərizə yazılmamışdır. Yuxarıda qeyd etdiyi kimi o, cavabdehlə uzun müddətdir ki, ayrılmış və cavabdeh heç vaxt uşaqların saxlanılmasında iddiaçıya maddi cəhətdən yardım etməmişdir. İddiaçını və uşaqlarını həmişə atası saxlamışdır və maddi cəhətdən də o, kömək etmişdir. Hazırda isə iddiaçının, cavabdehlə bütün münasibətləri kəsilmişdir. Cavabdeh ona qarşı belə bir hərəkətə yol verməsi əlbəttə k, iddiaçıya təsir edir. Yuxarıda qeyd etdiyi kimi Cavabdeh iddiaçının xəbəri olmadan onu boşamış və məhkəmə sənədlərini də iddiaçıdan gizlətmişdir. Hesab edir ki, onun bu hərəkətləri qanunvericiliyin tələbinə əsasən cəzalandırılmalıdır. Cavabdeh ayrıldığı vaxtdan bəri bir valideyn kimi uşaqları ilə maraqlanmamış və uşaqların saxlanması üçün iddiaçıya heç bir maddi köməklik göstərməmişdir. Baxmayaraq ki, Cavabdeh həm bankda işləyir və eyni zamanda fərdi əməklə məşğul olaraq yaxşı gəlir əldə edir. İddiaçı özü tək uşağı saxlamaqda çətinlik çəkir. Odur ki, iddiaçı ilkin olaraq cavabdehdən aliment tələbi ilə bağlı qanunvericiliyin tələbinə əsasən mediasiyaya müraciət etmişdir. Cavabdeh ora gəlmədiyi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, tərəflər yaxın müddətə qədər bir ailə kimi yaşamışlar və bu halı məhkəməyə təqdim etdiyi sənədlər və fotoşəkillər tam təsdiq edir. Hesab edir ki, qanunvericiliyə əsasən təyin edilmiş alimentin dəyişdirilməsinə heç bir əsas yoxdur. Buna görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(049)-2275/2024 saylı qətnaməsi ilə (Hakim: Murad Aslanov), iddianın qismən təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 2(049)-2512/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin dəyişdirilməsi, 05 oktyabr 2015-ci il tarixdə doğulmuş X4 və 20 sentyabr 2017-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, hər ay iki uşağa görə cəmi 300 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, alimentin dəyişdirilməsinin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, 08 iyun 2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, alimentin ödənilməsinin 13 iyun 2024-cü il tarixdən hesablanması, iş üzrə iddiaçının mediasiya prosesində ödədiyi 60 manatın Cavabdeh tutularaq İddiaçı verilməsi, qətnamənin alimentin ödənilməsi hissəsində dərhal icraya yönəldilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Lənkəran Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(049)-2275/2024 saylı qətnaməsinin ləğv edilərək, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, şikayətin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin 21 avqust 2024cü il tarixli, 2(049)-2275/2024 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Lənkəran Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(049)-2275/2024 saylı qətnaməsini İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(049)- 2275/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 13 dekabr 2019-ci il tarixli, 2(049)-2512/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 05 saylı nikah qeydi pozulması, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-cı il tarixdə doğulmuş X2 anası İddiaçı yanında saxlanılmaqla xx.xx.2015- ci il təvəllüdlü X4 və xx.xx.2017-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü atası Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Lənkəran Rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X6 xx.xx.2020-ci il tarixdə Lənkəran rayon, Girdəni kəndində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Lənkəran Rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X5 xx.xx.2017-ci il tarixdə Lənkəran rayon, Girdəni kəndində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Lənkəran Rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X4 xx.xx.2015-ci il tarixdə Lənkəran rayon, Girdəni kəndində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞL/MT014/2023-03028 saylı mediasiya arayışından görünür ki, iddiaçı cavabdehə qarşı “uşağın ananın yanında saxlanılması, aliment və alimentin artırılması” tələbi ilə ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh isə mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən mediasiya xərci kimi 60 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli Lənkran rayon, Moloja kənd Q.Hüseynov adına tam orta məktəbin direktoru Z.Ə.Ağayev tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə Lənkəran rayon Moloja Q.Hüseynov adında tam orta məktəbin İ sinfinə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə, Şagirdlərin yerləşdirilməsi vasitəsi ilə Lənkəran şəhər 10 saylı tam orta məktəbə yerdəyişmə etdiyindən adı Lənkəran rayon Moloja kənd Q.Hüseynov adında tam orta məktəbin şagird kontigenti sıralarndan çıxarılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Lənkəran rayon Osaküçə tam orta məktəbin direktoru Arzu Mirzəyeva tərəfindən verilmiş arayışdan görünür ki, X4 2020- 2021-ci il tarixdən İ.Hüseynov adına Osaküçə kənd tam orta məktəbinin hazırlıq sinfində, 2021-2022-ci il İ sinifdə 2023-2024-cü ilin dekabr ayına kimi məktəbin İİİ sinfində oxumuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Lənkəran ŞİHB-nın Osaküçə kənd İƏD nümayəndiliyi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçıyla cavabdeh xx.xx.20215-ci il tarixdə nikaha daxil olaraq Lənkəran rayon Moloja kəndidnə yaşamışlar, xx.xx.2019-cu il tarixdə nikahları pozulmuş, atası X7 verdiyi məlumata əsasaən Cavabdeh öz ailəsi ilə birlikdə xx.xx.2020-ci ildə yaşamaq üçün Lənkəran rayon Osaküçə kəndinə köçmüşlər. İş materiallarında olan Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin 30 aprel 2024-cü il tarixli, 98058 nömrəli məktubundan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 13 dekabr 2019-ci il tarixli, 2(049)-2512/2019 saylı qətnaməsi əsasında icra vərəqi şöbəyə daxil olduqdan sonra tələbkar İddiaçı tərəfindən məhkəmə qətnaməsinə əsasən borclu tərəfindən aylıq alimentin ödənilməsi barədə aralarında razılığın əldə olunmasına dair ərizə daxil olmuşdur. Həmin ərizə əsasında İcra haqqında qanunun 23.1.1-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli qərarla məhkəməyə geri qaytarılmışdır. Həmin tarixdən xx.xx.2023- cü il tarixədək alimentin ödənilməsi ilə hər hanbsı rəsmi və ya şifahi müraciət edilməmişdir. xx.xx.2023-cü il tarixdə alimentlə bağlı icra sənədi tələbkarın ərizəsinə əsasən yenidən icra edilməsi üçün Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə gönədirilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, iddiaçı, cavabdeh və uşaqları 2020- 2023-cü il tarixlərdə müxtəlif ünvanlarda birlikdə olmuşlar. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində kreditor vəzifəsində işləyir və əmək haqqın 650 manat təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır.
1. Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir.
2. Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşağın hüquq və mənafeyi ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməklə istər uşağın hüquq və mənafeyini, istərsə də valideynlərin hüquq və mənafelərini gözləmişdir. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112- ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və iddiaçının apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, tərəflərin ailə və maddi vəziyyətini, habelə diqqətəlayiq olan digər halları nəzərə alıb və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, habelə tərəflərin hər birinin valideyn kimi uşaqlarını saxlamağa borclu olmalarını əsas tutaraq iddianı qismən təmin etmişdir. Odur ki, “05 oktyabr 2015-ci il tarixdə doğulmuş X4, 20 sentyabr 2017-cı il tarixdə doğulmuş X2, 08 iyun 2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 150 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi.” barədə qənaəti qanuni və əsaslıdır. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya qeyd edir ki, qətnamənin alimentin tutulması hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan həmin hissədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(049)-2275/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.