Məhkəmə qərarları › İş №2(106)-1775/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1775/2023

20.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1775/2023 20.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə; Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “vərəsəlik hüququnun və çıxarışın ləğv edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün buraxılmış müddətin bərpa edilməsi və miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 2(017)857/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 20 noyabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “vərəsəlik hüququnun və çıxarışın ləğv edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün buraxılmış müddətin bərpa edilməsi və miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək verdiyi izahatında göstərdi ki, Ağcabədi rayonunun Hacıbədəlli kəndində yerləşən ümumi sahəsi 208 kv.m olan ikimərtəbəli fərdi yaşayış evi mərhum İddiaçı1 Mircəlal oğluna məxsus olmuş, onun 1992-ci ildə ölümündən sonra arvadı X4 adına keçirilmişdir. X8 xx.xx.2019-cu il tarixdə ölmüş, qanun üzrə 7 vərəsəsi olmuşdur. X1 2008-ci ildə vəfat etmişdir. Miras qoyan X8 vəfat edərkən, yəni mirasın açıldığı vaxt Mirəşrəf öldüyü üçün onun uşaqları İddiaçı2 və İddiaçı1 qanun üzrə vərəsə sayılırlar və onların vərəsəlik hüquqları pozulmuşdur. Cavabdeh xx.xx.2020-ci il tarixli dövlət reyestrindən çıxarış əsasında anası Dursun Məmmədovadan miras qalmış fərdi yaşayış evini tam pay hüququ ilə öz adına keçirmişdir. Digər vərəsələrin miras əmlaka vərəsəlik hüquqları tanınmamışdır. Miras qoyanın ölümündən altı ay ərzində bütün vərəsələrin dairəsi müəyyən olunaraq hər birinin miras əmlaka vərəsəlik hüquqları tanınmalı idi. Lakin cavabdeh miras qoyanın ölümündən bir ay sonra miras əmlakı öz mülkiyyətinə keçirmiş və adına reyestrdən çıxarış almışdır. Vərəsələrin dairəsi müəyyənolunmamış və mirasın qəbulu üçün müəyyən edilmiş müddət gözlənilməmişdir. Mirasın qəbulu müddəti iddiaçıların hər ikisi cəza çəkmə müəssisəsində cəza çəkmişlər. Bu səbəbdən onlar qanun üzrə vərəsə olaraq hüquqlarının tanınması üçün notariat orqanına müraciət edə bilməmişlər. Cavabdeh mirasın qəbulu zamanı digər vərəsələr haqqında notariusa düzgün məlumat verməmiş, iddiaçıların cəza çəkmələrindən sui-istifadə edərək yeganə vərəsə kimi miras əmlakı öz adına sənədləşdirmişdir. Eyni zamanda cavabdeh digər vərəsələrə mirası faktiki qəbul etmələrinə də imkan verməmişdir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçılar tərəfindən mübahisələndirilən ümumi sahəsi 208 kv.m olan fərdi yaşayış evi ƏMDK-nin yanında DƏDRX-nin 6 saylı Ərazi idarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş **********98-1031 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə mərhum X2na məxsus olmuşdur. Anası hələ öz sağlığında mülkiyyətində olan əmlakı ona bağışlamış, bu barədə aralarında xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Bağışlanan əmlakı qəbul etmiş və adına çıxarış almışdır. X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Anasından hər hansı bir miras əmlak qalmamış, yeganə vərəsə kimi onun adına hər hansı bir miras əmlak qeydə alınmamışdır. Ona görə də iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Ağcabədi Rayon Məhkəməsinin 2(017)857/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: E.Quliyev), iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “vərəsəlik hüququnun və çıxarışın ləğv edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün buraxılmış müddətin bərpa edilməsi və miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə dair iddialarının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gəlməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133,1145, 1146, 1151, 1159, 1243, 1246 və 1248-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı2 nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçının nümayəndəsi Ağcabədi Rayon Məhkəməsinin 2(017)857/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının nümayəndəsinin apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı2 nümayəndəsi Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Ağcabədi Rayon Məhkəməsinin 2(017)857/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri həddində, Ağcabədi Rayon Məhkəməsinin 2(017)857/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1 və 1151.2-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.1, 1243.2 və 1243.3-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)857/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan AZ-İİ 010056 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə Ağcabədi rayonunda ölmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Ağcabədi rayonunun Hacıbədəlli kəndində yerləşən ümumi sahəsi 208 kv.m olan fərdi yaşayış evinə dair hədiyyə edən X8 hədiyyə alan Cavabdeh arasında xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Bağışlanma müqaviləsi notariusda rəsmiləşdirilmiş və reyestrdə 4Ə-510 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan çıxarışın surətindən görünür ki, Ağcabədi rayonunun Hacıbədəlli kəndində yerləşən ümumi sahəsi 208 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. Bu barədə ƏMDKnin yanında DƏDRX-nin 6 saylı Ərazi idarəsi tərəfindən onun adına xx.xx.2020-ci il tarixdə **********98-1031 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, Ağcabədi rayonunun Hacıbədəlli kəndində yerləşən ümumi sahəsi 208 kv.m olan fərdi yaşayış evi **********98-1031 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə X5 məxsus olmuş, X8 hələ öz sağlığında mülkiyyətində olan əmlakı Cavabdeh bağışlamış, bu barədə notariusda xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Bağışlanan əmlak Cavabdeh tərəfindən qəbul olunmuş və onun adına dövlət reyestr xidmətində qeydə alınaraq çıxarış verilmişdir. X8 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçılar iddia tələbində mərhum X3 Ağcabədi rayonunun Hacıbədəlli kəndində yerləşən ümumi sahəsi 208 kv.m olan fərdi yaşayış evinin miras qaldığını, vərəsələrin dairəsi barədə notariusa düzgün məlumat verilmədiyini, həmin miras qalmış əmlakın yeganə vərəsə kimi cavabdeh tərəfindən öz adına rəsmiləşdirildiyini göstərsə də, həmin hallar məhkəmədə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1 və 1151.2-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan maddi hüquq normalarına istinad etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi nəzərdən qaçırmır ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Buradan belə nəticə hasil olur ki, miras qoyan yəni mərhum Dursun Məmmədovaya ölənədək ona məxsus əmlak miras hesab edilir. Hal hazırkı mülki iş üzrə mübahisəli əmlak Ağcabədi rayonunun Hacıbədəlli kəndində yerləşən ümumi sahəsi 208 kv.m olan ikimərtəbəli fərdi yaşayış evi olmuşdur. Qeyd edilməlidir ki, miras qalmış əmlak barəsində o vaxtı mübahisəyə yol verilir ki, bu əmlak mövcud olsun, əmlak miras qoyana məxsus olsun və miras qoyan ölənədək bu əmlakla bağlı hüququ mövcud olsun. Lakin iş materiallarına baxış keçirilən zaman müəyyən edilir ki, mübahisəli əmlak mərhum Dursun Məmmədovanın sağlığında 23 iyul 2015-ci il tarixində Cavabdeh bağışlama müqaviləsi əsasında hədiyyə vermişdir. Bağışlanma müqaviləsi notariusda rəsmiləşdirilmiş və reyestrdə 4Ə-510 nömrə ilə qeyd edilmişdir. Mübahisəli əmlak yəni Ağcabədi rayonunun Hacıbədəlli kəndində yerləşən ümumi sahəsi 208 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. Bu barədə ƏMDKnin yanında DƏDRX-nin 6 saylı Ərazi idarəsi tərəfindən onun adına xx.xx.2020-ci il tarixdə **********98-1031 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi, mərhum Dursun Məmmədova mülkiyyətində olan və hazırda mübahisə predmeti olan əmlakı hələ onun sağlığında özgəninkiləşdirilmişdir. Bu isə ona dəlalət edir ki, iddiaçılar nənələri Dursun Məmmədovanın ölümündən sonra ondan miras qalmayan əmlak üzərində atalarına çatan miras əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsini tələb edirlər. Birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıların iddia tələbinin əsassız olması qənaətinə gəlməklə iddia tələbini təmin etməmişdir. Kollegiya məhkəmənin bu mövqeyini qanuni və əsaslı hesab edir. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlilərində qeyd edir ki, iddiaçılar İddiaçı2, İddiaçı1 və anaları Səyad Həsənova mübahisəli yaşayış sahəsində qeydiyyatda olsalar da, xx.xx.2015-ci il tarixdə X8 tərəfindən özgəninkiləşdirmə əqdi qeydiyyatda olan şəxslərin razılığı olmadan imzalanmışdır. Belə olan halda Cavabdeh adına olan çıxarış qanuni sayıla bilməz. Kollegiya apellyasiya şikayətinin yuxarıda göstərilən dəlili ilə bağlı qeyd edir ki, kollegiya apellyasiya şikayətinin bu dəlilinə qiymət verməyi zəruri hesab etmir. Belə ki, İddiaçı2, İddiaçı1 və anaları Nümayəndə mübahisəli yaşayış sahəsində qeydiyyatda olmaqlarına baxmayaraq xx.xx.2015-ci il tarixdə X8 tərəfindən özgəninkiləşdirmə əqdi qeydiyyatda olan şəxslərin razılığı olmadan imzalanmasını qeyd edərək bağışlanma müqaviləsini mübahisələndirmişdir. Lakin hal hazırkı mülki iş üzrə bağışlanma müqaviləsinin qanuniliyi mübahisə predmeti olmadığından bununla bağlı araşdırma aparılması iddia predmetindən kənara çıxma kimi qəbul edilə bilər. Odur ki, kollegiya apellyasiya şikayətinin bu dəlili ilə bağlı əlavə araşdırılma aparılmasını zəruri hesab etmir. Kollegiya birinci instansiya məhkəməsinin “iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “vərəsəlik hüququnun və çıxarışın ləğv edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün buraxılmış müddətin bərpa edilməsi və miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə dair iddiaları qanunsuz və əsasız olduğuna görə təmin edilməməlidir.” mövqeyi ilə razılaşır və hesab edir ki, gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya iddiaçının nümayəndəsinin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqlda birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; QƏT ETDİ: İddiaçı2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 2(017)857/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar