Məhkəmə qərarları › İş №2(106)-1779/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1779/2025

01.12.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1779/2025 01.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayil oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Laçın rayon İmanlar kənd tam orta məktəbinə qarşı işdən azad olunma barədə əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, hər gecikdirilmiş gün üçün ona əmək haqqının bir faizi məbləğində ödənc verilməsi və 60 manat ödənilmiş mediasiya xərcinin tutulması tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 2(047)-861/2025 saylı, 24 sentyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 01 dekabr 2025-ci il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Laçın rayon İmanlar kənd tam orta məktəbinin direktoru X2 qarşı işdən azad olunma barədə əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, hər gecikdirilmiş gün üçün ona əmək haqqının bir faizi məbləğində ödənc verilməsi və 60 manat ödənilmiş mediasiya xərcinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəsini məhkəməyə təqdim edərək cavabdeh Laçın rayon İmanlar kənd tam orta məktəbinə qarşı işdən azad olunma barədə əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, hər gecikdirilmiş gün üçün ona əmək haqqının bir faizi məbləğində ödənc verilməsi və 60 manat ödənilmiş mediasiya xərcinin tutulması tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və qeyd edilən ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinə uyğun izahat verərək bildirdi ki, onunla Laçın rayonu İmanlar kənd tam orta məktəbi arasında xx.xx.2022-ci il tarixdə növbəti xxxxxxx00200 saylı əmək müqaviləsi bağlanmış, müəllim işinə qəbul edilmiş, işlədiyi müddət ərzində heç bir əmək intizamı qaydasının pozuntusuna yol verməmiş və ona görə də intizam cəzası almamış, lakin 20 iyun 2025-ci il tarixdə keçirilmiş müəllimlərin sertifikasiya imtahanında keçid balı 30 olduğu halda 29 bal toplamış, bu səbəbdən Laçın rayonu İmanlar kənd tam orta məktəbinin direktoru X1 30 iyun 2025-ci il tarixli, 74 saylı əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Əmrdə qeyd edilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67.2-ci maddəsinin 4-cü hissəsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020- ci il tarixli 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində işləyən təhsil verənlərin sertifkatlaşdırma Qaydası”nın 5.3-cü və 5.4-cü bəndləri rəhbər tutularaq təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 20 iyun 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbə qədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-29-69/3-2-29F/2025 nömrəli əmri ilə məktəbin ingilis dili müəllimi kimi onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 30 iyun 2025-ci il tarixdən ləğv edilir. Lakin o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən həmin əmri qanunsuz və əsassız hesab edir. Belə ki, onun himayəsində xx.xx.2018-ci il təvəllüdlü, xx.xx.2022-ci il tarixdən xx.xx.2036-cı il tarixədək əlil, sağlamlıq imkanları məhdud olan X10 adlı övladı vardır. Həmçinin onun digər övladının da sağlamlıq imkanları məhduddur və o da mütamadi olaraq müayinə və müalicədədir. Eyni zamanda bildirir ki, uşaqlarının xəstə olması səbəbi ilə ona üstünlük verilməli idi. Lakin cavabdeh tərəfindən yuxarıda qeyd edilən maddənin tələbləri kobud şəkildə pozularaq o, işdən çıxarılmışdır. Bununla bağlı onun tərəfindən müvafiq mediasiya təşkilatına müraciət edilsə də cavabdeh tərəf ilə qarşılıqlı razılığa gəlmək mümkün olmamışdır. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və hesab edir ki, iddia tələbi təmin edilməlidir. Odur ki, Laçın rayon İmanlar kənd tam orta məktəbinin işdən azad olunma barədə 74 nömrəli, xx.xx.2025-ci il tarixli əmrinin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, hər gecikdirilmiş gün üçün ona əmək haqqının bir faizi məbləğində ödənc verilməsi və 60 manat ödənilmiş mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini bir daha məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Laçın rayon İmanlar kənd tam orta məktəbinin direktoru X3 izahatında bildirmişdir ki, İddiaçı ilə Laçın rayon İmanlar kənd tam orta məktəbi arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı müəllim işinə qəbul edilmiş, işlədiyi müddət ərzində heç bir əmək intizamı qaydasının pozuntusuna yol verməmiş, lakin 20 iyun 2025-ci il tarixdə keçirilmiş müəllimlərin sertifikasiya imtahanında keçid balı 30 olduğu halda 29 bal toplamış, bu səbəbdən 30 iyun 2025-ci il tarixli, 74 nömrəli əmrə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq qanunauyğun qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Laçın Rayon Məhkəməsinin 2(047)-861/2025 saylı, 24 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (X11) iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, işlədiyi müddət ərzində heç bir əmək intizamı qaydasının pozuntusuna yol verməmiş və ona görə də intizam cəzası almamışdır. 20 iyun 2025-ci il tarixdə keçirilmiş müəllimlərin sertifikasiya imtahanında keçid balı 30 olduğu halda 29 bal toplamışdır .Bir bala görə hansısa müəllimin peşəkarlıq səviyyəsinin aşağı olması qənaətinə gəlinməsi absurddur. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, Laçın Rayon Məhkəməsinin 2(047)-861/2025 saylı, 24 sentyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya icraatı zamanı verdikləri izahatlarında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Laçın Rayon Məhkəməsinin 2(047)-861/2025 saylı, 24 sentyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh Laçın rayon İmanlar kənd tam orta məktəbinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir Apelyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Laçın Rayon Məhkəməsinin 2(047)-861/2025 saylı, 24 sentyabr 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respubliasının Əmək Məcəlləsi 67-2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. 67-2-ci maddəsinin 4-cü bəndinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır 70-ci maddəsinin “c” bəndində qeyd edilir ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. 79-cu maddəsinin 1-ci bəndinin tələblərinə əsasən işəgötürən tərəfindən öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 36-2. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu 28.1-ci maddə. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 28.2. Aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər: 28.2.1. hamilə qadınlar; 28.2.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 28.2.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; 28.2.4. azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. 28.2-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. 28.4. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərin 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ vardır. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 28.5. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” 1.4-cü bənd aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər: 1.4.1. hamilə qadınlar; 1.4.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 1.4.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; 1.4.4. azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Laçın Rayon Məhkəməsinin 2(047)-861/2025 saylı, 24 sentyabr 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, işdə olan İddiaçı məxsus ******* saylı, xx.xx.2009- cu il tarixli əmək kitabçasının surətindən və əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən Laçın rayon İmanlar kənd tam orta məktəbinə müəllim vəzifəsinə təyin edilmiş və bu müvafiq qaydada rəsmiləşdirilmişdir. İşdə olan Laçın rayon İmanlar kənd tam orta məktəbinin 30 iyun 2025-ci il tarixli, 74 nömrəli əmrindən və xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70- ci maddəsinin “c” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilmiş və bu müvafiq qaydada rəsmiləşdirilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏƏSMN-nin TSEK-nın məlumatından görünür ki, İddiaçı oğlu X8 ümumi xəstəlik səbəbindənxx.xx.2036-cı il tarixədək əlillik dərəcəsi verilmişdir. İş materiallarına əlavə olunmuş mediator X7 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı müvafiq qaydada mediatora müraciət etmiş və onunla cavabdeh Laçın rayon İmanlar kənd tam orta məktəbinin direktoru X3 xx.xx.2025-ci il tarixə saat 12:00da keçirilən ilkin məcburi mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməsi barədə razılığa gəlməmişlər və bununla bağlı İddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Kollegiya mübahisəyə hüquqi qiymət verməzdən əvvəl qeyd edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyəttabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Əmək münasibətlərində iqtisadi cəhətdən zəif tərəf olan işçinin işə qəbulu və işdən azad edilməsi üçün ədalətli şəraitin təmin edilməsi, o cümlədən işçinin iradəsindən və təqsirindən asılı olmayan səbəblərdən əmək müqaviləsinə xitam verilərkən, bunun işçi, habelə onun ailəsi üçün yarada biləcəyi maddi çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq məqsədilə qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin məhdud əsasları müəyyənləşdirilmiş, eləcə də həmin Məcəllənin on birinci fəsli ilə əmək müqavilələrinə xitam verilərkən işçilər üçün təminatlar təsbit olunmuşdur. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və başa düşülən qaydada müəyyən edilməsi üçün həm iddiaçı tərəfin həm də cavabdeh tərəfin təqdim etdiyi sübutları məhkəmənin müəyyən etdiyi işin həqiqi halları iiə müqayisəli tədqiq edərək aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparılmasını məqsədəmüvafiq hesab edir. İ İddiaçının təlblərinin əsası kimi göstərdiyi hallar, təqdim etdiyi sübutları, məhkəmənin müəyyən etdiyi işin həqiqi halları və hüquqi dəyərləndirməsi: İddiaçının iddia tələbinin əsasını 74 nömrəli, xx.xx.2025-ci il tarixli əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi təşkil edir. İddiaçı iddia edir ki, onunla Laçın rayonu İmanlar kənd tam orta məktəbi arasında xx.xx.2022-ci il tarixdə növbəti xxxxxxx00200 saylı əmək müqaviləsi bağlanmış, müəllim işinə qəbul edilmiş, işlədiyi müddət ərzində heç bir əmək intizamı qaydasının pozuntusuna yol verməmiş və ona görə də intizam cəzası almamış, lakin 20 iyun 2025-ci il tarixdə keçirilmiş müəllimlərin sertifikasiya imtahanında keçid balı 30 olduğu halda 29 bal toplamış, bu səbəbdən Laçın rayonu İmanlar kənd tam orta məktəbinin direktoru X1 30 iyun 2025-ci il tarixli, 74 saylı əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Əmrdə qeyd edilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67.2-ci maddəsinin 4-cü hissəsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020- ci il tarixli 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində işləyən təhsil verənlərin sertifkatlaşdırma Qaydası”nın 5.3-cü və 5.4-cü bəndləri rəhbər tutularaq təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 20 iyun 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbə qədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-29-69/3-2-29F/2025 nömrəli əmri ilə məktəbin ingilis dili müəllimi kimi onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 30 iyun 2025-ci il tarixdən ləğv edilir. Lakin o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən həmin əmri qanunsuz və əsassız hesab edir. Belə ki, onun himayəsində xx.xx.2018-ci il təvəllüdlü, xx.xx.2022-ci il tarixdən xx.xx.2036-cı il tarixədək əlil, sağlamlıq imkanları məhdud olan X10 adlı övladı vardır. Həmçinin onun digər övladının da sağlamlıq imkanları məhduddur və o da mütamadi olaraq müayinə və müalicədədir. Eyni zamanda bildirir ki, uşaqlarının xəstə olması səbəbi ilə ona üstünlük verilməli idi. Lakin cavabdeh tərəfindən yuxarıda qeyd edilən maddənin tələbləri kobud şəkildə pozularaq o, işdən çıxarılmışdır. Bununla bağlı onun tərəfindən müvafiq mediasiya təşkilatına müraciət edilsə də cavabdeh tərəf ilə qarşılıqlı razılığa gəlmək mümkün olmamışdır. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və hesab edir ki, iddia tələbi təmin edilməlidir. Odur ki, Laçın rayon İmanlar kənd tam orta məktəbinin işdən azad olunma barədə 74 nömrəli, xx.xx.2025-ci il tarixli əmrinin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, hər gecikdirilmiş gün üçün ona əmək haqqının bir faizi məbləğində ödənc verilməsi və 60 manat ödənilmiş mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdıraraq müəyyən etmişdir ki, İddiaçı ilə Laçın rayonu İmanlar kənd tam orta məktəbi arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış, İddiaçı həmin məktəbə ingilis dili müəlliməsi vəzifəsinə işə qəbul edilmiş və işlədiyi müddət ərzində heç bir əmək intizamı qaydasının pozuntusuna yol verməmişdir. O cümlədən məhkəmə qeyd edir ki, Təhsil haqqında Qanuna əsasən sertifikatlaşdırma-dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Əmək qanunvericiliyinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Bu səbəbdən də 20 iyun 2025-ci il tarixdə keçirilmiş müəllimlərin sertifikasiya imtahanında sertifikatlaşdırmadan təkrar keçməyən İddiaçı barəsində Laçın rayon İmanlar kənd tam orta məktəbinin direktoru X4 tərəfindən qəbul edilmiş 30 iyun 2025-ci il tarixli, 74 saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67.2-ci maddəsinin 4-cü hissəsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində işləyən təhsil verənlərin sertifkatlaşdırma Qaydası”nın 5.3-cü və 5.4-cü bəndləri rəhbər tutularaq təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 20 iyun 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün Laçın rayon İmanlar kənd tam orta məktəbinin ingilis dili müəllimi kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 30 iyun 2025-ci il tarixdən ləğv edilmişdir. Bundan sonra İddiaçı tərəfindən müvafiq qaydada mediatora müraciət edilmiş, lakin iddiaçı ilə cavabdeh Laçın rayon İmanlar kənd tam orta məktəbinin direktoru X3 xx.xx.2025-ci il tarixə saat 12:00-da keçirilən ilkin məcburi mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməsi barədə razılığa gəlməmişlər. Daha sonra İddiaçı qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin tələblərinə istinad edərək öhdəsində əlilliyi olan uşaq olduğu üçün Laçın rayon İmanlar kənd tam orta məktəbinin direktoru X3 tərəfindən onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə ləğv edilməsinin qanunsuz və əsassız olduğunu bildirmişdir. Lakin məhkəmə belə hesab edir ki, əmək qanunvericiliyinin tələblərinə əsasən İddiaçı 20 iyun 2025ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi halda iddiaçının öhdəsində əlilliyi olan uşağının olması Laçın rayon İmanlar kənd tam orta məktəbinin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə ilə xitam verilməsi sahəsində hüquqlarının məhdudlaşdırılması kimi qəbul edilməməlidir. Bundan əlavə kollegiya onu da qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2-ci maddəsinin tələblərinə əsasən İddiaçı öhdəsində əlilliyi olan uşaq olduğu halda sertifikatlaşdırmadan keçirilməyən şəxslər kateqoriyasına aid edilmədiyindən, belə olan halda isə onun müvafiq qaydada sertifikatlaşdırma prosesinə cəlb edilməsi məhdudlaşdırılmadığından və iddiaçı müvafiq qaydada sertifikatlaşdırma prosesinə cəlb edilərək qeyd edilən təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin tələbləri nəzərə alınmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinin tələblərinə istinad etməklə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Laçın rayon İmanlar kənd tam orta məktəbinin direktoru X3 tərəfindən ləğv edilməsi, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 noyabr 2024-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqeyinə əsasən də əmək qanunvericiliyinin tələblərinə zidd hesab edilməməlidir. Göründüyü kimi iddiaçı peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasına dair sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamadığı üçün təkrar sertifikatlaşdırmaya cəlb olunmuş, lakin həmin sertifikatlaşdırma prosesində də müvafiq keçid balını toplamadığından Laçın rayon İmanlar kənd tam orta məktəbinin ingilis dili müəlliməsi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən Laçın rayon İmanlar kənd tam orta məktəbinin direktoru X3 tərəfindən 30 iyun 2025-ci il tarixdən ləğv edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin bütün tələblərinə riayət edilməklə qəbul edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həm “Təhsil haqqında” Qanununun 36-2.3-cü maddəsi, həm “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 28.2-ci maddəsi, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən Aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər: 28.2.1. hamilə qadınlar; 28.2.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 28.2.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; 28.2.4. azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. 28.2-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. İddiaçı iddia tələbində onun himayəsində xx.xx.2018-ci il təvəllüdlü, xx.xx.2022-ci il tarixdən xx.xx.2036-cı il tarixədək əlil, sağlamlıq imkanları məhdud olan X10 adlı övladı olduğunu, həmçinin onun digər övladının da sağlamlıq imkanları məhdud olduğunu və onun da mütamadi olaraq müayinə və müalicədə olduğunu, buna görə də ona güzəşt edilməli olduğunu bildirmişdir. Kollegiya qeyd edir ki, qeyd edilən qanunvericilik normalarının tətbiqi baxımından iddiaçı yuxarıda qeyd edilən müəyyən kateqoriya, yəni sertifikatlaşdırmadan keçməyən şəxslər kateqoriyasına aid deyildir. Digər tərəfdən iddiaçı apellyasiya şikayətinin dəlillərində 1 balla keçə bilmədiyini, buna görə işdən azad edilməsini qanunsuz saysa da, kollegiya qeyd edir ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 noyabr 2024-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqeyinə əsasən “Təhsil haqqında” Qanunun 36-2-ci maddəsi və Qayda təhsilverənlərin sertifikatlaşdırılma prosedurunu tənzimlədiyi halda, Əmək Məcəlləsinin 79-cu maddəsi əmək müqaviləsi işəgötürən tərəfindən ləğv olunması qadağan edilən işçilərin dairəsini müəyyən etmişdir. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi konstitusiya hüquqi mahiyyəti və təyinatı baxımından işəgötürən tərəfindən işçilərin, o cümlədən təhsilverənlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada peşəkarlıq səviyyəsini və peşə yararlılığını müəyyənləşdirmək imkanını aradan qaldırmır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “Təhsil haqqında” Qanunun 36-2.3-cü maddəsi və Qaydanın 1.4- cü bəndi ilə Əmək Məcəlləsinin 79-cu maddəsi fərqli ictimai münasibətləri tənzimlədiyindən həmin normalar arasında hər-hansı kolliziya mövcud deyil və həmin normalar Konstitusiyasının 35-ci maddəsi ilə ziddiyyət yaratmırlar. Odur ki, Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən, “Təhsil haqqında” Qanuna uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas yaradır. Kollegiya hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi Əmək Məcəlləsinin tələblərinə uyğundur. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. İddiaçı apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə kollegiya hesab edir ki, apelyasiya şikayətinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Laçın Rayon Məhkəməsinin 2(047)-861/2025 saylı, 24 sentyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 2(047)-861/2025 saylı, 24 sentyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar