Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1783/2025 23.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli 2(036)-2241/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı İmişli şəhəri T.İsmayılov küçəsi ev 14 mənzil 8 ünvanında yerləşən Seriya MA ******* nömrəli çıxarışla iddiaçının xüsusi mülkiyyətində olan mənzildən çıxarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının İmişli şəhəri T.İsmayılov küçəsi ev 14 mənzil 8 ünvanında Seriya MA ******* nömrəli Çıxarışla yaşayış mənzili vardır. Mənzilin mülkiyyət hüququ yalnız iddiaçıya məxsusdur. 2020-ci ilin yay aylarında iddiaçının oğlu Arif iddiaçıdan xəbərsiz həmin mənzili cavabdehə kirayə vermişdir. Cavabdeh sonralar iddiaçıya kirayə haqqı verməmişdir. O, iddiaçının mənzildən normal istifadə etməsinə maneə yaradır. Dəfələrlə iddiaçının mənzildən çıxmasını tələb etsə də, çıxmamışdır. Cavabdehlə aralarında heç bir müqavilə yoxdur. İmişli Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli 2(036)-2241/2025 saylı qətnaməsi ilə (hakim Gülsaba Ağayeva) iddia təmin edilərək, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan İmişli şəhəri Tofiq İsmayılov küçəsi ev 14 mənzil 8 ünvanında yerləşən mənzildən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumundan ibarət məhkəmə xərcinin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, İmişli şəhəri Tofiq İsmayılov küçəsi ev 14 mənzil 8 ünvanda yerləşən ümumi sahəsi 37,4 m2 olan mənzil İddiaçı xüsusi mülkiyyətindədir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin mənzildə kirayə qalması ilə bağlı yazılan sözlər düz deyil, çünki sözügedən mənzili 2021-ci ildə 10000 manat pul ödəyərək İddiaçı almışdır. Mənzili aldıqdan sonra ona dəfələrlə notariusa gedərək mənzilin alğı-satqını etmələrini bildirsə də, İddiaçı hər dəfə bir bəhanə gətirərək mənzili alğı-satqı etməmişdir. Alanda mənzil yaşamaq üçün tam yararsız idi. Həmin mənzilə 10000 manat xərc çəkərək tam təmir edib yaşayış üçün yararlı vəziyyətə gətirmişdir. Hazırda isə İddiaçı satdığı mənzili qanunsuz olaraq geri tələb etmiş və məhkəmə də iddianı təmin etmişdir. Məhkəmə araşdırma aparmadan yalnız iddiaçının təqdim etdiyi əsassız sübutlar və sənədlər əsasında qeyri-qanuni qətnamə qəbul etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, əvvəllər yaşayış evini kirayə götürmüşdür. Bir il müddət keçdikdən sonra evi yaşamağa yararsız vəziyyətdə olması səbəbindən tərk etmək niyyətində olmuşdur. Bu zaman ev sahibinin oğlu ona evi satdıqlarını, evin dəyərinin bir hissəsinin dərhal, qalan hissəsinin isə iki dəfəyə ödənilməsi şərti ilə ona verilə biləcəyini bildirmişdir. Lakin həmin təkliflə razılaşmamışdır. Sonradan yaşayış evinin alınması məqsədilə 6000 manat məbləğində ödəniş etmiş, 2000 manat məbləğində borcu qalmışdır. Həmin söhbətdən 6–7 ay sonra İddiaçı arvadı ilə birlikdə yaşayış evinə gələrək orada olan əşyalarını götürüb getmişdir. Bu zaman yaşayış evinin onun adına keçirilməsi üçün israr etmiş, lakin ev sahibi bir qədər gözləməli olduğunu bildirmişdir. Bundan əlavə, yaşayış evində təmir işləri aparmışdır. Ev sahibi yaşayış evinin ona satılmasından xəbərdar olmuşdur. Belə ki, birinci instansiya məhkəməsində əvvəl ehtiyacı olduğu üçün evi satdığını, lakin sonradan ehtiyacının aradan qalxması səbəbindən satışdan imtina etdiyini bildirmişdir. Həmçinin pul tələbi ilə bağlı ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi vəkil X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, 6000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının oğlu tərəfindən alınmışdır. Yaşayış evinə çəkilmiş xərclərlə bağlı hər hansı məlumatı yoxdur. İmişli Rayon Məhkəməsində cavabdeh tərəfindən iddiaçıya qarşı pul tələbi ilə bağlı iddia qaldırılmış, həmin iş üzrə məhkəmə baxışı 06 yanvar 2026-cı il tarixinə təyin edilmişdir. Apellyasiya şikayəti ilə razılaşmır və onun təmin edilməməsini xahiş edir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 6-cı maddəsinə görə mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. MM-in 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. MM-in 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli və “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarlarında əksini tapmış hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Odur ki, işin yuxarıda qeyd olunan faktiki hallarını nəzərə alaraq Cavabdeh apellyasiya şikayətinin dəlillərinə əsasən diqqətə çatdırır ki, mülki iş üzrə Cavabdeh mübahisəli mənzildən çıxmamaqla mülkiyyətçi İddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsini qanunsuz olaraq məhdudlaşdırır və bu da iddiaçının mülkiyyət hüquqlarının pozulması və mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə kimi qiymətləndirilir. Beləliklə, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdırvə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 372, 384, 385, 392, 393 və 405ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli 2(036)-2241/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kasasiya şikayəti verilə bilər. Həmin müddət ərzində şikayət verilmədikdə, qətnamə qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1783/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1783/2025
23.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver