Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1791/2022 14.09.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Zeynalov Zeynal Ağabala oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X7 və X2 iştirakları ilə, İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X7, X12 və X3 qarşı “torpaq sahəsinin alğı-satqısına dair əqdin etibarlı hesab edilməsi” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(057)-148/2022 saylı qətnaməsindən (hakim M.Qasımov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X7, X12 və X3 qarşı “torpaq sahəsinin alğı-satqısına dair əqdin etibarlı hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh və 3-cü şəxslərlə Salyan rayonu, Arbatan kəndi ərazisində yerləşən və onların ümumi birgə mülkiyyətlərində olan 0.96 ha pay torpaq sahəsinə dair aralarında bağlanmış 27 may 2003-cü il tarixli əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb etdiyi X7 və X8 oğlu, digər üçüncü şəxslərin isə qardaşıdır. Salyan rayon Arbatan kəndində yerləşən 0.96 ha torpaq sahəsi Salyan rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli qərarı cavabdeh və üçüncü şəxslərin ümumi birgə mülkiyyətlərinə verilmişdir. Bu barədə onlara 14 iyul 1999-cu il tarixdə JN-0083 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı da verilmişdir. 27 may 2003-cü il tarixdə cavabdeh və üçüncü şəxslər könüllü olaraq mülkiyyətlərində olan həmin torpaq sahəsini ona o vaxtki pulla ******* (bir milyon) manata faktiki olaraq satmılar və bu barədə “Rəsmi iltizam” adlanan əlyazmanı da imzalamışlar. Həmin iltizamda qeyd etmişlər ki, onların satdıqları torpaq sahəsinə dair iddiaları yoxdur və gələcəkdə də olmayacaqdır. Həmin iltizamdakı imzalar notarius tərəfindən təsdiq edilmişdir. Torpaq sahəsinin alğı-satqısını rəsmiləşdirilməsini cavabdeh və üçüncü şəxslər öz üzərilərnə götürmüş və ona vəd vermişlər ki, onun istədiyi vaxt alğı-satqını notarial qaydada rəsmiləşdirəcəklər. Lakin onun istəyindən sonra üçüncü şəxslər buna razı olsalar da, cavabdeh vədinə əməl etməmişdir, alğı-satqını rəsmiləşdirməkdən yayınır. Cavabdehin qanunsuz hərəkətləri ucbatından faktiki olaraq aldığı torpaq sahəsini adına rəsmiləşdirə bilmir. Alıcı olaraq öz üzərinə düşən bütün öhdəllikləri yerinə yetirmiş, mülkiyyətçilərin tələb etdikləri pulu onlrara vermiş, lakin cavabdeh öhdəliyinə əməl etməmiş, onun hərəkəti ucbatından alğı-satqının rəsmiləşdirilməsi baş tutmur. Qeyd edir ki, satın aldığı torpaq sahəsi faktiki olaraq onun istifadəsindədir. Bu müddət ərzində torpağa özü sahiblik edir. Cavabdehin hərəkətləri nəticəsində onun hüquqları pozulur. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etmədiyini, iddiaçının istinad etdiyi “Rəsmi iltizam”dakı imzanın onun tərəfindən icra edilmədiyini göstərib iddianın təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş X7, X13 və X6 ayrıayrılıqda mübahisələndirlən torpaq sahəsini üzün müddətə iddiaçıya icarə verdiklərini, onu iddiaçıya satmadıqlarını bildirərək iddianın təmin edilməməsini xahiş etmişlər. Salyan Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(057)-148/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq, İddiaçı ilə Cavabdeh və üçüncü şəxslər X7, X12 və X6 arasında Salyan rayonu, Arbatan kəndi ərazisində yerləşən, cavabdehlə üçüncü şəxslərin birgə mülkiyyətlərində olan 0.96 ha pay torpaq sahəsinə dair bağlanmış 27 may 2003-cü il tarixli alğı-satqı əqdi etibarlı hesab edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək ləğv olunmasını və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Salyan rayon Arbatan kəndində 0.96 ha torpaq sahəsi Salyan rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli qərarı ilə ona və ailə üzvlərinin ümumi birkə mülkiyyətinə verilmişdir. 27 may 2003-cü il tarixdə hərbi xidmətdə olduğu vaxt atası X7 əkib becərməyə imkanı olmadığı üçün torpaq sahəsini iş üzrə İddiaçı ilə öz aralarında icarəyə verməyə razılaşmışlar. İddiaçı atasının savadsız olmasından sui istifadə edərək icarəyə deyil, şəxsən özünün tərtib etdiyi alğı-satqı əqdinə qol çəkdirib, atasını aldatmışdır. Aldadılmış əqd qanunsuzdur. İş üzrə cavabdeh olsa da, həmin əqdi atası bağlamışdır. Həmin vaxt hərbi xidmətdə olmuşdur. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək, təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının sübut kimi birinci instansiya məhkəməsinə təqdim etdiyi iltizamdakı imza ona məxsus deyildir, həmin zaman hərbi xidmətdə olmuşdur və bunu təsdiq edən hərbi biletinin surətini məhkəmə kollegiyasına təqdim edir. Ümumiyyətlə nə atasının, nədəki digər ailə üzvlərinin torpağı satmaq fikri olmamışdır, sadəcə torpaqdan istifadə etmədikləri üçün iddiaçıya icarəyə verirdilər. Məhkəmədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X7 apellyasiya şikayətinin təmin olunmasını xahiş edərək izahatında göstərdi ki, ltizama qədər mübahisəli torpaq sahəsini 3 il idiki ilqara icarəyə vermişdi. Üç ilə görə İlqar 200 ABŞ dolları məbləğində icarə haqqı vermişdi. Həmin dövrdə 3 ilin icarə haqqı 200 ABŞ dolları edirdi. İlqar torpağı istifadə edəndn sonra ona yaxınlaşaraq torpağa dair 20 illik icarə müqaviləsi bağlmağı təklif etmişdir. Onsuzda torpaqdan istifadə etmirdi və buna görə İlqara demişdi ki, “nəqədər sağam, ged ək-becər”. İlqar ona əvvəllər torpağın 3 illik icarəsinə görə verdiyi 200 ABŞ dollarından savayı pul verməmişdir, daha doğrusu həmin dövrün pulu ilə 90 şirvan vermişdi. Oxuyub yaza bilmir və notariusa tək getmişdi ki, İlqara etibarnamə versin. Ümumiyyətlə notariusa torpaq satmaq adı ilə getməmişdi. Ailə üzvləri Asiya və Günelə gətirib iltizama evdə qol çəkdirmişdilər. Məhkəmədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X6 atası X4 izahatı ilə oxşar məzmunda izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etdi və izahatında göstərdi ki, mübahisəli torpaq sahəsi onun torpaqlarına yaxındadır. X15 Abbasov adlı blədiyyə üzvünə demişdi ki, torpağını satır, müştəri tapsın. Sonra Yaşar ona Səhrəddinin torpağını satdığını demiş, o da heyvanlarını satıb pulunu Səhrəddinə vermişdi. Sübut kimi məhkəməyə təqdim etdiyi iltizamı notariusda yazmışlar, daha doğrusu məzmununu notarius demiş, o da yazmışdır. X11 və o, birlikdə getmişdilər. Səhrəddinin ailə üzvləri notariata gəlməmişdilər. Notariusun əməkdaşı avtomobillə gedərək Səhrəddinin evində ailə üzvlərinə iltizamı imzalatdırmışdır. Həmin zaman alğı-satqı müqaviləsini rəsmiləşdirməkdən ötrü pulu yetmədiyindən, bu cür iltizam almışdır. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər üçüncü şəxs X12 məhkəmədə iştirak etməmiş, nümayəndəsi vasitəsi ilə təmsil olunmamış və bunun üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə digər üçüncü şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir, odur ki, qətnamənin əsaslılığı cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə itirak edən tərəflərin və üçüncü şəxslərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan hallar kifayət qədər araşdırılmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan “Torpağa Mülkiyyət Hüququna dair” JN-083 saylı, 80903018 kodlu “Dövlət Aktı”ndan (əsli işə əlavə edilib) görünür ki, Salyan rayonu, Arbatan kənd sakinləri X7, Cavabdeh, X13 və X3 Salyan rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 09 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 0.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Salyan rayonu Arbatan kəndində yaşayan İddiaçı həmin kənddə yaşayan torpaq mülkiyyətçisi X7 tərəfindən 27 may 2003-cü ildə verilmiş “Rəsmi iltizam”dan görünür ki, iltizamı verən şəxs ailə üzvlərinin razılığı ilə ailəsinə məxsus olmaqla Salyan rayonunun Arbatan kəndində yerləşən 0.96 ha (Dövlət Aktı JN-0083, Kod-809030) torpaq sahəsini İddiaçı bir milyon manata satdıqlarını, həmin pulu bütövlükdə şəxsən aldığını, torpağa dair heç-bir iddialarının olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. İltizam onu verən X7 və ailə üzvləri X12, Cavabdeh və X6 tərəfindən imzalanmış, sonuncuların imzası 29 may 2003-cü ildə notariat qaydada təsdiq edilmişdir. İş materiallarında olan 29 may 2003-cü il tarixli ƏN-İ seriyalı 016927 saylı etibarnamədən görünür ki, X1 rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 09 saylı qərarı ilə ayrılmış Salyan rayonu Arbatan kəndində yerləşən 0.96 ha torpaq sahəsini satmağı, bağışlamağı, ipoteka (girov) qoymağı, pulunu almağı, bu barədə müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Etibarnamə 29 may 2006-cı il tarixədək qüvvədə olmuşdur. İş materiallarına əlavə edilmiş 11 may 2007-ci il tarixli ƏN-İ seriyalı 056912 saylı digər etibarnamədən görünür ki, X1 rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 09 saylı qərarı ilə ayrılmış Salyan rayonu Arbatan kəndində yerləşən 0.96 ha torpaq sahəsi barəsində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, bu barədə müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Etibarnamə 11 may 2022-ci il tarixədək qüvvədə olmuşdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizasının 11 aprel 2022-ci il tarixli ekspert rəyindən görünür ki, 27 may 2003-cü il tarixli “Rəsmi iltizam”da “2” rəqəminin önündəki imza – Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertiza təqdiqatının dəyəri 124 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı 27 may 2003-cü il tarixində qüvvədə olmuş, 24 iyun 2005-ci tarixli 949-İİQD nömrəli qanunla Mülki Məcəllədən xaric edilmiş 335.2-ci maddəsinə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırarsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonrakı notariat qaydasında təsdiqlənməsi tələb edilmir. “K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə : mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər, Mülki Məcəllənin 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur ; -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alğısatqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, Mülki Məcəllənin 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır, Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir; -yazılı formada bağlanması, -notariat qaydasında təsdiqlənməsi, Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, Mülki Məcəllənin 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir, 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər, 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir, 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir, 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır, 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş Mülki Məcəllənin 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Lakin idiaçının sübut kimi məhkəməyə təqdim etdiyi yazılı iltizam müqavilə formada iki tərəfin razılaşdırılmış iradə ifadəsini əks etdirmir, bir tərəfli əqd olaraq, tərəflərdən birinin mübahisəli torpaq sahəsini satmasını bəyan edir. Bunlardan savayı yazılı iltizamı vermiş tərəf olaraq iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X7 yazıb-oxuya bilmədiyini, niyyətinin torpaq sahəsini iddiaçıya icarəyə vermək olduğunu, iltizamın məzmunun iddiaçı tərəfindən tərtib olunaraq ona oxumadan imzalatdırdığını bildirir. Qeyd olunan arqumentlər tərəflərin həmin zaman notariat qaydada torpaq sahəsinin alğı-satqısı müqaviləsi bağlamaq imkanın malik olduqları halda, bunu etməmələri ilə öz təsdiqini tapır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşan hüquqi mövqe baxımından tərəflər arasında yazılı formada müqavilənin bağlanmaması və onun notariat qaydasında təsdiq olunmaması, daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda sadalanan işin müəyyən olunmuş halları və maddi hüquq normaları baxımından öz təsdiqini tapdığından təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş ekspertiza tədqiqatının dəyərini təşkil edən 124 manat İddiaçı tutularaq Dövlət nəfinə keçirilməli, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1.1, 392, 393, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(057)-148/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul olunsun. İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X7, X12 və X3 qarşı “torpaq sahəsinin alğı-satqısına dair əqdin etibarlı hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 124 manat ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X5, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən 2 (iki) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1791/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1791/2022
14.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver