Məhkəmə qərarları › İş №2(106)-1792/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1792/2024

19.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1792/2024 19.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı qzının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürmə tələbinə dair mülki iş üzrə Açar sözlər : evə köçürülmə X9 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 və digər Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürmə tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin (hakim M.Bayramov) 25 avqust 2021-ci il tarixli, 2(041)-1490/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun himayəsində olan iki azyaşlı övladları ilə birlikdə qeydiyyatda olduğu, Kürdəmir rayonu, Şıxımlı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh2 ilə 2016-cı ildə rəsmi nikaha daxıl olmuşdur. Onların həmin nikahdan xx.xx.2017-ci ildə qızı X3 və oğlu X6 doğulmuşdur. Kürdəmir rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Ailə qurduqdan bir müddət sonra cavabdeh qaynatası Cavabdeh1 onu gəlin köçdüyü və onun mülkiyyətində olan Kürdəmir rayonunun Şıxımlı kəndindəki evinə qeydiyyata salmışdır. Övladları doğulduqdan bir müddət sonra həyat yoldaşı ilə münasibətləri pisləşməyə başlamışdır. Sonralar həyat yoldaşı ilə münasibətləri daha da dözülməz idi. O, övladlarını da götürüb məcburiyyət qarşısında evi tərk etməli olmuşdur. Hazırda o, uşaqşları ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır. Onun hazırda daimi və normal şəraitli yaşayış yeri olmadğından onun və uşaqlarının birlikdə gəlin getdiyi cavabdehə məxsus evdə yaşamaq hüququ vardır. Həmçinin iddiaçının cehiz əşyaları gəlin köçdüyü və qeydiyyatda olduğu qaynatasına məxsus evdədir. Ona görə də iddiaçının himayəsində olan iki azyaşlı övladları ilə birlikdə qeydiyyatda olduğu, Kürdəmir rayonu, Şıxımlı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə 2016-cı ildə evlənib nikahlarını rəsmi qeyd etdirmişlər. Birgə nikahlarından Rümeysa və Məsud adlı iki uşaqları olmuşdur. İddiaçı onun atasına məxsus Şıxımlı kəndində yerləşən evə gəlin gəlmiş və cehizlərini də gətirib həmin evə yığmışdır. Sonqradan iddiaçının təqsiri üzündən münasibətləri pozulmuş və ayrılmışlar. İddiaçı birgə nikahlarından doğulmuş uşaqlarla birlikdə hazırda 1 il 4 aydan çoxdur ki, Bakı şəhərində valideynlərinə məxsus olan qardaşının yaşadığı edə yaşayır. İddiaçı ilə aralarında bağlanmış nikah məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Həmin qətnaməyə əsasən iddiaçının himayəsində qalan uşaqlarına hər ay 250 manat aliment ödəyir. Bundan sonra iddiaçı ilə bir evdə yaşamalırı mümkün deyil. İddiaçının yaşamaq isittədiyi ev onun atasının mülkiyyətindədir. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 digər cavabdeh oğlu - Cavabdeh2 ilə eyni məzmunda izahat verib iddiaçının yaşamaq istədiyi evin onun mülkiyyətində olduğunu bildirib iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(041)-1490/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X6 ilə birlikdə Cavabdeh1 məxsus Kürdəmir rayonu, Şıxımlı kəndində yerləşən 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 254,5 kv.metr, yaşayış sahəsi 104 kv. metr, yardımçı sahəsi 150,5 kv.metr olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri: b)Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Kürdəmir Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli, 2(041)-1490/2021 nömrəli qətnaməsi qəbul edilərkən iddiaçının iddia tələbinə baxarkən mülkiyyət sahibi kimi aralarında olan hər hansı razılaşmanın olub-olmamasını araşdırmamış, ümumiyyətlə istər Mülki Məcəllənin, istərsə də Mənzil Məcəlləsinin və Konstitutsiya məhkəməsinin qərarlarına istinad etməmişdir. Mülki Məcəlləsinin 228.5-ci maddəsində göstərilir ki, həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Mənzil Məcəlləsinin 30.4-cü maddəsində göstərilir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Mülki Məcəlləsinin152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüquqi-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Lakin işə baxan hakim iddiaçının maddi vəziyyətinin yaxşı olması,öz istəyi ilə boşanmasını, onun ümumçiyyətlə rayon ərazisində olmamasını araşdırmamış, ümumiyyətlə iş xatirinə belə olsa da, həmin faktı və bununla bağlı işdə iştirak edən iddiaçıya heç bir sual belə verməmişdir. Kürdəmir rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli, 2(041)-1490/2021 nömrəli qətnaməsi qəbul edilərkən işə baxan hakim iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyi halda, iddiaçı ilə aramızda heç bir razılaşmanın olubolmamasını aydınlaşdırmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Cavabdeh2, apellyasiya baxışında İİİ şəxs qismində cəlb edilmiş, həmçinin Cavabdeh1 nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. X5 əlavə olaraq göstərmişdir ki, Sadiq Salahov onun həyat yoldaşıdır. Onlar mübahisəli evə dair çıxarışı 2013-cü ildə almışlar. Həmin ev birgə nikah dövründə əldə edilmiş evdir. Oğlu Cahidin evi yoxdur. İddiaçı onların evinə 2016-cı ildə gəlin gəlibdir. Onun evdə yaşamaq hüququ yaranmamışdır. Bildirmişlər ki, iddiaçının evə gələrək yaşamasına etiraz edirlər. Nəvələrinin isə hər zaman evə gəlməsinə etiraz etmirlər. İddiaçı apellyasiya baxışında iştirak etməmişdir. İddiaçıya müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Hazırkı halda Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1 -ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1 -ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM-in) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəllənin 68.1 və 68.2-ci maddəsinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqailəsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 69.2-ci maddəsinə görə, kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə digər vətəndaşları onun birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Mənkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarına görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən "Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən "Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş AZ-İİİ 944079 nömrəli, xx.xx.2017-ci il tarixli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə İddiaçı birgə nikahlarından xx.xx.2017-ci il tarixdə Rümeysa adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İV 232022 nömrəli, xx.xx.2019-cu il tarixli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə İddiaçı birgə nikahlarından xx.xx.2019-cu il tarixdə Məsud adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş Kürdəmir RHİB-nin Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli, 570 nömrəli arayışdan görünür ki, İddiaçı qızı X3 və oğlu X6 ilə birlikdə Kürdəmir rayonu Şıxımlı kəndində Cavabdeh1 məxsus fərdi yaşayış evində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Kürdəmir rayonu, Şıxımlı kəndində 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 254,5 kv.metr, yaşayış sahəsi104 kv.metr, yardımçı sahəsi 150,5 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0,0333 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 223,8 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində Cavabdeh1 adına qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2013-cü il tarixli Çıxarışdan görünür ki, iddiaçının köçürülməsini təlb etdiyi Kürdəmir rayonu, Şıxımlı kəndində yerləşən ev xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydiyyata alınmışdır. İşin halları ilə müəyyən olunur ki, cavabdehin oğlu Cavabdeh2 Sadiq oğlu ilə İddiaçı arasında olan nikah isə mübahisəli evə Cavabdeh1 mülkiyyət hüququ əldə edildikdən 3 il sonra bağlanmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Mənkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarına görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsinin "digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəsli 'Ailənin başqa üzvlərinin aliment öhdəlikləri” adlanır və "qardaş yə bacıların”, "babanın, nənənin və nəvənin” qarşılıqlı aliment öhdəliklərindən, yetirmələrin öz faktik tərbiyəçilərini, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsindən bəhs edir. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi hazırkı iş üzrə iddiaçı mülkiyyətçinin nə "ailə üzvləri”nə, nə də "digər qohumlar"ına aid deyildir. Buna görə iddiaçının mülkiyyətçiyə məxsus olan yaşayış evindən istifadə hüququ mövcud deyildir. Hazırkı işdə iddiaçı yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü olmadığı üçün Ailə Məcəlləsinə əsasən özünün saxlanılmasını məndən tələb etmək hüququ da yoxdur. Çünki, həmin Məcəllənin "Ailənin başqa üzvlərinin aliment öhdəlikləri” başlıqlı 15-ci fəslində hansı qohumların və hansı şərtlər çərçivəsində birinin digərini saxlamaq vəzifəsi konkret şəkildə öz əksini tapmışdır. Lakin iddiaçı ilə mövcud olmuş qohumluq münasibəti həmin normaların təsir dairəsinə düşmədiyindən, iddiaçının iş üzrə mübahisə predmeti olan yaşayış binasının tərkib hissəsindən istifadə hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi tərəflər arasında mübahisəli hüquq münasibətləri Azərbaycan Respublikası Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 01 oktyabr 2009-cu il tarixdən sonra yaranmışdır. Belə olduğu təqdirdə isə həmin münasibətlərə Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Normanın məzmunundan göründüyü kimi ailə münasibətləri ilə bağlı istifadə hüququ o vaxtı yaranır ki, həmin hüququn tələb olunduğu yaşayış evi ərin mülkiyyətində olmuş olsun. Lakin yuxarıda qeyd olunduğu kimi iddiaçının mübahisələndiridiyi fərdi yaşayış evi heç vaxt onun ərinin mülkiyyətində olmamışdır. Mənzil Məcəllənin 68.1 və 68.2-ci maddəsinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqailəsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 69.2-ci maddəsinə görə, kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə digər vətəndaşları onun birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun. Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsaslıdır və qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Qeyd edilənlərə əsasən Kollegiya belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv etmək və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul etmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edildiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi 50 manat iddiaçıdan tutularaq Cavabdeh1 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(041)-1490/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “onun himayəsində olan iki azyaşlı övladları ilə birlikdə qeydiyyatda olduğu, Kürdəmir rayonu, Şıxımlı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi” tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh1 ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar