Məhkəmə qərarları › İş №2(106)-1793/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1793/2024

20.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1793/2024 20.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "evə köçürülmə" tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli 2(041)-817/2024 saylı qətnaməsindən (hakim M.Bayramov) cavabdehlərin vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, onların birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları Kürdəmir rayonunun Mollakənd kəndində yerləşən fərdi yaşayış evinə məcburi qaydada köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, X6 Cavabdeh1 ilə xx.xx.1996-cı il tarixdə evlənib ailə quraraq, onun anası Cavabdeh2 Kürdəmir rayonunun Mollakənd kəndində yerləşən evinə gəlin köçmüş və özünə məxsus olan cehiz əmlaklarını da aparıb həmin evə yığmışdır. Ona məxsus cehiz və başqa əmlaklarının hamısı hazırda cavabdehlərin yaşadığı evdədir. X2 Cavabdeh1 ilə birgə nikahlarından xx.xx.1996-cı ildə Ülvi, xx.xx.1997-ci ildə Afiq, xx.xx.2002-ci ildə Sədaqət adlı üç uşaqları olmuşdur. Uşaqların hər üçü yetkinlik yaşlarına çatmışlar. Uşaqlardan Ülvi ailə quraraq ailəsi ilə birlikdə ayrı ünvanda kirayədə yaşayır, qızı Sədaqət isə hazırda cavabdehlərlə birlikdə yaşayır. Ümidə Kərimova Cavabdeh1la evlənib uzun müddət onun anasına məxsus evdə yaşamalarına baxmayaraq, cavabdeh əri tez-tez yersiz söz-söhbətlər yaratmış, lakin o, ailənin dağılmamasına görə əri tərəfindən olan təzyiqlərə dözmüşdür. Lakin buna baxmayaraq cavabdeh 2023-cü ildə aralarında olan nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin vaxt onu yaşadığı evdən məcburi qaydada çıxartmışdır. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-373/2023 nömrəli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. Hazırda oğlu Afiqlə birlikdə kirayədə yaşayırlar və yaşamağa başqa evləri yoxdur. Kirayədə yaşamaq onlara müəyyən çətinliklər yaradır. Dəfələrlə cavabdehlərlə əlaqə saxlayıb yaşamaq hüquqları olan evdə yaşamaq istədiyini və onları evə buraxmalarını tələb etsə də, cavabdehlər onları evə buraxmamışlar. Cavabdehlərin yaşadığı evdə 1995-ci ildən 2023-cü ilin əvvəllərinə kimi yaşamaqla, həmin evdə yaşamaq hüququ ilə birlikdə istifadə hüququ əldə etmiş və həmin müddətdə cavabdeh əri ilə birlikdə həmin evi təmir etdirib yaşamaq üçün yararlı hala salmışlar. Hesab edirlər ki, cavabdehlərin yaşadığı evdə onların da, yaşamaq və istifadə hüquqları vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı1 iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdehlərdən Cavabdeh1 iddianı qəbul edərək, təmin olunmasını xahiş edib izahatında göstərmişdir ki, İddiaçı1 onun keçmiş arvadı, İddiaçı2 isə onun oğludur. İddiaçı1 ilə ailə münasibətləri pozulduğuna görə ayrılmışlar və məhkəmənin qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. X4 birlikdə başqa ünvanda yaşayır, qızı Sədaqət isə onunla bir evdə yaşayır, oğlu Ülvi isə öz ailəsi ilə birlikdə başqa ünvanda yaşayır. İddiaçılar İddiaçı1 və İddiaçı2 onların yaşadığı evə köçürülmələrinə etiraz etmir. Kürdəmir Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli 2(041)-817/2024 saylı qətnaməsi ilə iddia təmin olunaraq, iddiaçılar İddiaçı1 və xx.xx.1997-ci il təvəllüdlü İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları Kürdəmir rayonunun Mollakənd kəndində yerləşən fərdi yaşayış evinə məcburi qaydada köçürülmələri qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərin vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 373/2023 saylı 03 mart 2023-cü il tarixli qətnaməsi ilə hazırki iddia sahibi ilə ailə münasibətlərinə xitam verilmiş, bununla da həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmayan şəxs tərəfindən verildiyindən,birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmiş və maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Belə ki, mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın reyestr xidmətində qeydiyyatdan keçmədiyindən qanunsuz tikili sayıldığından və qanunvericilikdə qanunsuz tikiliyə istifadə hüququnun tanınmasını və həmin tikiliyə köçürülməni tənzimləyən normalar mövcud olmadığından hazırki mübahisəyə qanunun analogiyası üzrə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Həmçinin qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən mənzilə istifadə hüququ əldə etmiş şəxsin mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi və buna əsaslar olduğu halda, həmin şəxsin mənzildən istifadə hüququ yalnız müəyyən müddət çərçivəsində saxlanıla bilər. Ona görə də mübahisə predmeti olan evə iddiaçının istifadə hüququ yaranarsa həmin maddəyə əsasən iddiaçı həmin evə daimi deyil, müəyyən müddətə köçürülməlidir. Cavabdeh tərəf iddiaçının iddia tələbinə etiraz etsə də, birinci instansiya məhkəməsi etirazı qəbul etməmişdir. Odur ki, qeyd edilən faktiki hallar qətnamənin ləğv edilməsi üçün əsasdır. İddiaçı Ümidə Kərimova Cavabdeh1la xx.xx.1996-cı ildə evlənib ailə qurmuş, birgə nikahlarından xx.xx.1996-cı ildə Ülvi, xx.xx.1997-ci ildə Afiq, xx.xx.2002-ci ildə Sədaqət adlı uşaqları doğulmuşdur. Kürdəmir Rrayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-373/2024 saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuşdur. Sözügedən fərdi yaşayış evi Cavabdeh1 nənəsi mərhum Tavat Kərimovanın vaxtında, yəni 1963/86-cı illərdə tikilib başa çatmışdır. Hal-hazırda 16 saylı Ucar Ərazi İdarəsinə fərdi yaşayış evinə çıxarış alınması ilə bağlı müraciət olunmuşdur. Bundan başqa, iddiaçını heç kim yaşadığı evdən məhrum etməmişdir. İddiaçı özü evdən könüllü getmişdir. Keçmiş həyat yoldaşı öz valideynlərindən ayrı yaşamadığı üçün, müxtəlif bəhanələrlə dava salaraq faktiki olaraq 2022-ci ildən evdən çıxıb getmişdir. Yəni 2022-ci ildən iddiaçılar mübahisəli evdə yaşamır. İddiaçılar həmin evdən məcburi çıxarıldıqlarını söyləsələr də, əksinə onlar öz istəkləri ilə evi tərk etmişlər. Əşyalarının çox hissəsini də, evdən götürüb getmişlər. Məhkəmə öz qətnaməsində göstərmişdir ki, guya Cavabdeh1 iddiaçıların faktiki onun anasına məxsus fərdi yaşayış evinə köçmələrinə etiraz etmir, lakin bu həqiqətə uyğun deyildir. Dəfələrlə məişət zəminində yaşadıqları evdə mübahisə, dava düşdüyündən, onların evə köçürülmələrinə etiraz edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdehlərin vəkili ərizə ilə məhkəməyə müraciət edərək Yasamal Rayon Məhkəməsində təyin olunmuş cinayət işi üzrə məhkəmə baxışında iştirakı ilə bağlı məhkəmə baxışının təxirə salınmasını xahiş etmiş, lakin Yasamal Rayon Məhkəməsində təyin olunmuş cinayət işi üzrə məhkəmə baxışında iştirakını təsdiq edən hər hansı bir sənədi ərizəsinə əlavə etməmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər hər hansı bir üzürlü səbəbini bildirmədən məhkəmədə iştirak etməmişlər, nümayəndələri vasitəsi ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlər apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunmuşdur: İddiaçı Cavabdeh1 cavabdeh X3 qarşı "nikahın pozulması" tələbinə dair iddiası üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023 tarixli 2(041)-379/2023 saylı qətnaməsindən görünür ki, tərəflər arasında xx.xx.1996-cı il tarixdə bağlanmış və Kürdəmir RİHB-nin Mollakənd kəndi üzrə İcra Nümayəndəliyində 09 nömrə ilə qeydə alınmış nikah porzulmuşdur. İşin həmin qətnamə ilə müəyyən olunan hallarına əsasən tərəflərin birgə nikahlarından xx.xx.1996-cı ildə Ülvi, xx.xx.1997-ci ildə Afiq, xx.xx.2002-ci ildə Sədaqət adlı uşaqları doğulmuşdur. Hər üç uşaq yetkinlik yaşına çatmışdır. Cavabdehin qeydiyyat orqanına gəlməməsi səbəbi ilə qeydiyyat orqanı nikahın pozulmasında iddiaçının müraciətinə imtina cavabı verərək, məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası : 43-cü maddənin İ hissəsi - Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; 13-cü maddənin İ hissəsi - Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddə İ hissəsi - Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 60-cı maddə - Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddə - Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 14.2-ci maddə - Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddə - Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddə - Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur: 217.2-ci maddə - Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin müəyyən olunan hallarına əsasən tərəflər arasında hüquq münasibətləri iddiaçı X2 cavabdeh X7 ilə faktiki ailə qurub, mübahisəli evə gəlin köçüb nikahlarını rəsmiləşdirdikləri 14 avqust 1996-cı ildən yaranmışdır. Mübahisəli hüquq münasibətləri yaranan vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, yaşayış evi mülkiyyətçinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsinin üçüncü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrını 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. İş materiallarına mübahisəli fərdi yaşayış evinin statusuna dair hər hansı bir sübut əlavə edilməmişdir. Birinci instansiya məhkəməsi mübahisə üzrə tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan maddi hüquq normalarını tətbiq edərək, iddianı təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya şikayətində maddi hüquq normalarının pozuntusu kimi istinad olunan hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin isə mübahisəyə tətbiqi yuxarıda sadalananlar baxımından yolverilməzdir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli 2(041)-817/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Kasasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar