Məhkəmə qərarları › İş №2(106)-1793/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1793/2025

08.12.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1793/2025 08.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdeh Kürdəmir Su X1 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Kürdəmir Su X1 İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1621/2025 saylı, 11 avqust 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 dekabr 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Kürdəmir Su X1 İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh Kürdəmir Su X1 İdarəsinin rəisinin onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli, 60-8 nömrəli əmrinin ləğv edilməklə, ştat cədvəli üzrə əvvəl işlədiyi vəzifəyə uyğun (su nizamlayıcısı) işə bərpa olunmaqla məcburi işburaxmaya görə əmək haqqının cavabdeh idarədən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, ali təhsilli olmaqla 2005-ci ilin yanvar ayından Kürdəmir rayon Suvarma Sistemləri İdarəsində (hazırki Kürdəmir Su X1 İdarəsi) işə qəbul olunub müxtəlif vəzifələrdə işləməklə işdən çıxarıldığı vaxt isə 11-ci dərəcəli Mühəndis hidrotexnik vəzifəsində işləmişdir. İşlədiyi müddətdə heç bir xəbərdarlıq və töhmət almamışdır. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan X15 Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə "X11 Xidməti" publik hüquqi şəxs yaradılmışdır. Bundan sonra Azərbaycan X15 Agentliyinin 27 may 2024-cü il tarixli, 001/F nömrəli əmri ilə "X11 Xidməti" publik hüquqi şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəlinin təsdiq edilməsi ilə əlaqədar tutduğu vəzifə üzrə ştat vahidinin ixtisara düşduyünü bildirmişlər. Kürdəmir Su X1 İdarəsinə yeni təyin edilmiş rəis M.A.Aşurov "X11 Xidməti" publik hüquqi şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən X5 İdarəsi üzrə bütün tutulan vəzifə ştat vahidinin xx.xx.2024-cü il tarixdən ixtisara düşməsi ilə əlaqədar olaraq özünün xx.xx.2024-cü tarixli, 60-8 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən qanunsuz olaraq onunla bağlanmış əmək müqaviləsini ləğv etmişdir. Halbuki, işlədiyi Mühəndis hidrotexnik vəzifəsi ixtisar edilməmiş, sadəcə olaraq həmin ştat vahidinin adı dəyişdirilərək Su nizamlayıcısı kimi qeyd edilmişdir. Azərbaycan X15 Agentliyinin 29 may 2024-cü il tarixli əmri ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi şəxsi və X11 Xidməti Publik Hüquqi şəxsinin strukturu və ştat cədvəli təsdiq edilərkən aparılan islahatların idarəetmə sistemini təkmilləşdirmək, qurumların və personalın fəaliyyətini optimallaşdırmaq, əmək resurslarından səmərəli istifadə etmək məqsədi daşımaqla islahatlar çərçivəsində yeni struktur bölmələrinin formalaşdırılması, bəzi şöbələrin birləşdirilməsi, nəzərdə tutulmuşdur. Həmçinin Qanunvericiliyin tələblərinə əsasən bu müddətdə bütün işçilərə xəbərdarlıq məktubları təqdim olunmuş, ştat cədvəli, işçilərin ixtisasları və təcrübələri nəzərə alınmaqla onların müsabiqə əsasənda yenidən işə qəbul olunması, işçilərin bir qisminin Agentliyin tabeliyindəki digər struktur bölmələrində işlə təmin olunması nəzərdə tutulmuşdur. Bundan əlavə o özü ümumi xəstəlik səbəbindən müddətsiz olaraq İİ qrup əlildir. Həmçinin həyat yoldaşı X3 ümumi xəstəlik səbəbindən müddətsiz olaraq İİİ qrup əlil olmaqla heç bir yerdə işləmir, himayəsində 2 nəfər yetkinlik yaşına çatmayan məktəbli uşaqları vardır. Bütün bunlara baxmayaraq Kürdəmir Su X1 İdarəsinin rəisi M.A.Aşurov onun ailə vəziyyətinə və göstərilənlərin heç birinə məhəl qoymadan onun uzun müddət şləməklə 20 illik iş təcrübəsini nəzərə almadan özünün Əmək Məcəlləsinə zidd olmaqla barəsində ayrı seçkilik edərək xx.xx.2024-cü il tartixli, 60-8 nömrəli əmri ilə tutduğu vəzifənin ixtisara düşməsi ilə ələqədar onunla bağlanmış əmək müqaviləsini ləğv etmişdir. O, axırıncı dəfə 2024-cü ilin oktyabr ayında, işdən azad olunduğu gün ona zəng edilərək ixtisara düşmüş işçilərin siyahısında adının olduğu ona deyildiyindən dərhal idarəyə qayıtmış, adının ixtisar olunan işçilərin siyahısında gördüyündən idarə rəhbərliyinin yanına getmiş, orda ona işə bərpa olunacağı söz verilmişdir. Sonra dəfələrlə eyni müraciəti etsə də işinə bərpa olunmamışdır. Son haqq-hesab da elə həmin gün ona ödənilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə etiraz təqdim edərək izahatında bildirdi ki, fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "X11 Xidməti" publik hüquqi şəxs yaradılmışdır. Aparılan islahatlar idarəetmə sistemini təkmilləşdirmək, qurumların və personalın fəaliyyətini optimallaşdırmaq, əmək resurslarından səmərəli istifadə etmək məqsədilə "X11 Xidməti publik hüquqi şəxsinin tabeliyində olan X6 İdarəsinin xx.xx.2024-cü il tarixdən yeni ştat cədvəli təyin edilmiş və qanunvericiliyə əsasən həmin tarixdən idarədə işcilərin ixtisar prosesinə başlanmışdır. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət X7 Azərbaycan X15 Agentliyinin 27 may 2024-cü il tarixli, 001/F nömrəli əmrilə "X11 Xidmətiil tarixindən ixtisara düşmüşdür. Həmin idarə üzrə bütün tutulan vəzifə ştat vadilərinin ixtisara düşməsi barədə İddiaçı xəbərdarlıq edilmiş və o, xx.xx.2024-ci il tarixdə xəbərdarlığı öz imzası ilə qəbul edib götürmüşdür. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən Kürdəmir Su X1 İdarəsindən (keçmiş adı X5 İdarəsi) 11-ci dərəcəli mühındis hidroteknik vəzifəsində çalışan İddiaçı Əli oğlu xx.xx.2024-cü il tarixdən iş yeri ixtisar olunduğundan, əmək stajından asılı olaraq azı 4 həftə qabaqcadan rəsmi xəbərdar edilməklə xx.xx.2024-cü il tarixdən əmək müqaviləsi ləğv edilmişdir və son-haqq hesab aparılaraq ona ödənilmişdir. İslahatlar çərçivəsində yeni struktur bölmələri formalaşmış, bəzi şöbələr birləşdirilmişdir, bu da müasir tələblərə uyğun idarəetmə sisteminin qurulması ilə səmərəliliyin artırılmasına xidmət edir. Keçmiş X5 İdarəsində 55 nəfər mühəndis hidroteknik vəzifəsi olub, ixtisar prosesi zamanı yeni struktur bölmələri formalaşdırıldığına və bəzi şöbələr birləşdirildiyinə görə yeni idarədə cəmi 8 ədəd mühəndis hidrotexnik vəzifəsi gəlmiş, 47 mühəndis hidroteknik vəzifəsi ixtisar olmuşdur. Ümumiyyətlə idarədə İddiaçı başqa 158 nəfərin tutduğu ştat vahidi ixtisara düşdüyü üçün əmək müqavilələrinə xitam verilib. İddiaçı barəsində olan əmr sistemə xx.xx.2024-cü il tarixdə yerləşdirilib, hər bir şəxs özünə aid sima proqramı vasitəsilə özünə aid bütün sənədləri həmin proqram vasitəsilə görür və həmin sənədləri oradan əldə edir. Onun əmək müqaviləsinə xitam verilməsindən məlumatı olub və bununla bağlı yenidən işə qəbul olmaq üçün dəfələrlə idarənin rəisinin qəbulunda olmuşdur. Qanunvericiliyin tələblərinə görə əmək müqaviləsinin ləğv edilməsi barədə əmirdən 1 ay müddətində şikayət verilə bilər, lakin İddiaçı 1 ay prossesual müddəti keçirdərək 8 ay sonra şikayət vermişdir. Bundan əlavə İddiaçı işləmək istədiyi vəzifə orta ixtisas və ali təhsil tələb edən vəzifədir. "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın təsdiqi və "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 18 avqust 2023-cü il tarixli 2306 nömrəli fərmanı ilə təsdiq edilmiş Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının 1.7-ci bəndində qeyd olunub ki, Bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. X.Məmərrəmovun ali təhsilli olması barədə təqdim etdiyi diplomu Təhsildə Keyfiyyət Agentliyinin rəsmi səhifəsində yoxlanılmış, yoxlama zamanı həmin diplomun Azərbaycan Respublikası ərazisində tanınmadığı müəyyən edilmişdir, bununla bağlı İddiaçı tərəfindən bu günə qədər idarəyə heç bir sübut təqdim edilməmişdir, əgər diplom tanınıbsa həmin sənədin İddiaçı tərəfindən məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Habelə idarənin rəhbərliyi tərəfindən İddiaçı qarşı heç bir ədavət və düşmənçilik münasibəti göstərilməyib, ona qarşı heç vaxt qərəzli mövqeydə olamamışlar. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işçinin peşəkarlıq səviyyəsinin yalnız işəgötürən tərəfindən müəyyən edildiyini nəzərə alaraq iddianın rədd olunmasını məhkəmədən xahiş edir. a) Birinci instansiya məhkəməsində icraat; Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1621/2025 saylı, 11 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakim Rahid Mehdiyev) İddiaçı cavabdeh Kürdəmir Su X1 İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddiası rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1621/2025 saylı, 11 avqust 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1621/2025 saylı, 11 avqust 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Kürdəmir Su X1 İdarəsinin nümayəndəsi Nümayəndə apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək şikayətin təmin edilməməsini, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1621/2025 saylı, 11 avqust 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1621/2025 saylı, 11 avqust 2025-ci il tarixli qətnaməsini İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 2.1 Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 7.2 Əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. 42.1 Əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 42.2 Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 44.1 Əmək müqaviləsi yazılı formada bağlanılır. 68.1 Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. 294-cü maddəsinin 1-ci bəndində qeyd olunur ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 43.2. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. 43.3. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. 43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 45.1. Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. 48.1. Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır.

51. Hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməməsini, əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli, 60-8 nömrəli əmrin əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq çıxarılması ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün qiymətləndirməyərək maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etməyərək, nəticə etibarı ilə maddi və prosessual hüquq normalarının pozuntusu ilə iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmiş, bununla da iddia tələbi üzrə gəlinən nəticənin apelyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsi üçün kifayət qədər əsas yaratmışdır. Avropa Məhkəməsinin mövqeyinə görə, yuxarı məhkəmə instansiyası tərəfindən aşağı məhkəmə instansiyasının qərarı ləğv edilərkən məhkəmələr öz qərarlarında istinad etdiyi dəlilləri çox aydın şəkildə əsaslandırmalı və bu qərarın qəbul olunmasına əsas olmuş halları dəqiq göstərməlidirlər. Əks halda, bu, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu kimi qiymətləndirilir. (Avropa Məhkəməsinin Hadjianastasiu Yunanıstana qarşı iş üzrə 16 dekabr 1992-ci il tarixli Qərarı; X8rşı iş üzrə 21 yanvar 1999-cu il tarixli Qərarı). Məhkəmələr tərəfindən istinad olunan halların aydın şəkildə əsaslandırılması işdə iştirak edən şəxslərin izahatlarının dinlənilib hüquqi qiymət verilməsinin göstəricisidir (Avropa Məhkəməsinin Hirvisaari Finlandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası hazırki mübahisənin işin həqiqi hallarının, apelyasiya şikayətinin dəlillərinin nəzərə alınmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli, 31 №-li əmrlə X5 İdarəsində mühəndis hidrotexnik vəzifəsinə keçirilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət X7 tabeliyində X11 Xidməti Publik Hüquqi X17 X1 İdarəsinin xx.xx.2024-cü il tarixli 60-8 nömrəli əmək müqaviləsinə xitam verilməsinə dair əmrindən göstərilmişdir ki, 1. Kürdəmir Su X1 İdarəsində (keçmiş adı X5 İdarəsi) 11-ci dərəcəli Mühəndis hidrotexnik vəzifəsində çalışan İddiaçı Əlikram oğlu xx.xx.2024-cü il tarixdən iş yeri ixtisar olunduğundan, əmək stajından asılı olaraq azı 4 həftə qabaqcadan rəsmi xəbərdar edilməklə 11.10 2024-cü-cü il tarixdən əmək müqaviləsi ləğv edilsin. 2. Baş mühasib Ə.T.Mahmudova tapşırılsın ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə müvafiq əmək stajından asılı olaraq xəbərdarlıq üzrə təyin olunmuş orta aylıq əmək haqqının 0,9 misli ilə müəyyən olunmuş məbləğdə işdənçıxarma müavinəti və həmin Məcəllənin 144-cü maddəsinin 2-ci bəndini rəhbər tutaraq xx.xx.2021- ci ildən xx.xx.2024-cü ilədək iş ili üçün istifadə etmədiyi əmək məzuniyyəti 40,92 təqvim günü üçün pul əvəzi ödənilsin və işə çıxdığı günlərin əmək haqqı, tam son-haqq hesab aparılaraq ödənilməsini təmin etsin. 3. Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş işçilərdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azad edilməsi nəzərinə çatdırılsın. 4. Baş mühasib, yuxarıda göstərilən ödənişləri Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsi ləğv edildiyi gündən son iş günü ərzində əmək haqqı kart hesabına ödənilməsi təmin etsin İş materiallarında olan Azərbaycan X15 Agentliyinin tabeliyində X11 Xidməti publik hüquqi şəxsin Kürdəmir su X1 idarəsinin xx.xx.2024-cü il tarixli ştat cədvəlindən (xx.xx.2024cü il tarixdən qüvvəyə minmişdir) görünür ki, İrriqasiya sahəsi sturuktur bölməsində sahə rəisi, mühəndis hidrotexnik (ştat vahidlərinin sayı 8), mühəndis hidrometr, nəzarətçi, nizamlayıcı, müşahidəçi və fəhlə ştat vahidləri nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Dövlət X7 tabeliyində olan X11 Xidmətinin Kürdəmir Su X1 İdarəsinin xx.xx.2024-cü il tarixli 45e №-li əmrindən görünür ki, X5 İdarəsi üzrə sturuktur vahidlərində mövcud işçilərin sayı, idarənin istehsalat sahələrində və bütovlükdə təsərrüfat işində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi üzrə lüzumsuz iş yerlərinin ləğv edilməsi məqsədi ilə “iş yerlərinin ixtisarı komissiyası” yaradılmış və bu məsələlərdən irəli gələn bütün işlərin yerinə yetirilməsi ona həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X5 İdarəsinin xx.xx.2024-cü il tarixli 01/56-333 nömrəli ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət X7 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "X11 Xidməti" publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan X15 Agentliyinin 27 may 2024-cü il tarixli, 001/F nömrəli əmri ilə "X11 Xidməti" publik hüquqi şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 4 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə iş yeri axtarmaq üçün bir iş günü işdən azad edilir, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə, ona bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4cü hissəsinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əmək haqqının 0,9 misli miqdarında birdəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsi müraciət etdiyi gündən ləğv edilə bilər. Qeyd edilən xəbərdarlıq məktubu xx.xx.2024-cü il tarixdə iddiaçıya təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X5 İdarəsinin xx.xx.2024-cü il 01 nömrəli protokoluna əsasən “iş yerlərinin ixtisarı komissiyası”nın qərarı ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-cı maddəsinin b-bəndinə uyğun olaraq Əlavə 1-də qeyd olunmuş işçilərin Əmək məcəlləsinin 70-ci maddəsinin b-bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə razılıq alınması üçün X5 İdarəsinin həmkarlar ittifaqı Komitəsininə göndərilmişdir. Həmin 01 a saylı xx.xx.2024-cü il tarixli protokolun 1 nömrəli əlavəsindən görünür ki, İddiaçı ixtisara düşən 159 nəfər işçilərin siyahısındadır. İş materiallarında olan X5 İdarəsi Həmkarlar İttifaqı” Komitəsinin xx.xx.2024-cü il tarixli 24/8.3 nömrəli protokolundan görünür ki, Azərbaycan X15 Agentliyinin 27 may 2024-cü il tarixli, 001/F nömrəli əmri ilə “X11 Xidməti” publik hüquqi şəxsin təsdiq edilmş sturukturu və ştat cədvəlinə əsasən bəzi vəzifə üzrə ştat vahidlərinin xx.xx.2024-cü il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisara düşməsi ilə əlaqədar yenilənmiş ştat cədvəlinin tərtib olunmasında həmin məcəllənin 78-ci və 79-cu maddələrinin tələblərinin nəzərə alınması, Kürdəmir SSİ ixtisar Komissiyası tərəfindən tərtib olunmuş yeni Ştat Cədvəli müzakirələrdən sonra protokola əlavə olunmuş “Əlavə №1” kimi təsdiq olunması, ixtisar olunmuş işçilərin əmək müqavilələrinin Əmək Məcəlləsinin 77-ci maddəsi ilə müəyyən olunmuş şərtlərlə həmin Məcəllənin 70-ci maddəsinə uyğun olaraq ləğv edilməsi və həmin gün son haqq-hesabları əmək haqqı hesablarına köçürülməsi, “Əlavə №1” üzərində hər hansı bir dəyişiklik aparılarsa Kürdəmir SSİ Həmkarlar İttifaqının Komitəsindən razılıq alınması, protokolun bir surətinin yekun sənəd əlavə olunmaqla “Əlavə №1”-lə birlikdə Kürdəmir SSİ-nin rəhbərliyinə təqdim olunması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixdə 023419 nömrəli bakalavr diplomunun surətindən görünür ki, İddiaçı ali təhsil qeyri-dövlət özəl təhsil müəssisəsi “Sinergiya” Moskva maliyyə-sənayə universitetində dövlət imtahan komissiyasının qərarı ilə 38.03.01- İqtisadiyyat hazırlıq istiqaməti üzrə bakalavr ixtisas dərəcəsi verilmişdir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə dair (işçilərin sayı və ştatları ixtisar edildikdə) 60-8 nömrəli, xx.xx.2024-cü il tarixli əmr sistemə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İş materiallarından görünür ki, İddiaçı iddia tələbini Azərbaycan Dövlət X7 tabeliyində “X11 Xidməti” publik hüquqi şəxsin Kürdəmir Su X1 İdarəsinə o əsasla yönəldir ki, o, Kürdəmir Su X1 İdarəsində müxtəlif vəzifələrdə işləməklə sonuncu dəfə “Mühəndis hidrotexnik” vəzifəsində çalışmışdır, xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bununla bağlı o dəfələrlə cavabdeh idarəyə müraciət edərək işinə bərpa olunmağını xahiş etmiş, lakin ona imtina etmişlər. İşlədiyi müddətdə heç bir intizam məsuliyyətinə cəlb edilməmiş və heç bir qanun pozuntusuna yol verməmişdir. Kollegiya ilk əvvəl qeyd edir ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, asılılıq baxımından işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterik haldır. İşəgötürən, işçi ilə əmək müqaviləsinin rəsmiləşdirilməsi, onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də bilavasitə işəgötürənin üzərinə düşür. Məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibarətdir ki, İddiaçı cavabdeh Azərbaycan Dövlət X7 tabeliyində “X11 Xidməti” publik hüquqi şəxsin Kürdəmir Su X1 İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinin hüquqi əsasını “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi təşkil etsə də, iddia tələbinin yönəldiyi cavabdeh iddiaya cavab verməli olan təşkilat deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 22 fevral 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə uyğun olaraq, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Göründüyü kimi, işdə iştirak mülki prosessual fəaliyyət qabiliyyətinin olması ilə şərtləndirilməklə fiziki şəxslərdə yetkinlik yaşına çatma halında yaranmış hesab olunur. Hüquqi şəxslərə gəldikdə isə onların mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti eyni anda, hüquqi şəxsin dövlət qeydiyyatına alındığı andan yaranır. Yəni, hüquqi şəxsin mülki prosessual hüquq qabiliyyəti onun maddi hüququn subyekti olduğu andan əmələ gəlir. Hüquqi şəxsin struktur vahidlərinə münasibətdə isə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 53.1 və 53.2-ci maddələrinə görə, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi isə filial sayılır. Mülki Məcəllənin 53.3 və 54.2-ci maddələrinə əsasən, hüquqi şəxsin nümayəndəlikləri, filiallar, eləcə də idarələri hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Beləliklə, hüquqi şəxsin filial və nümayəndəlikləri hüquqi şəxsin təsdiq etdiyi əsasnamədə əks olunmuş hüquqları əldə edir və vəzifələr daşıyır, idarələri də Mülki Məcəllənin 54.3 və 54.4cü maddələrinə uyğun olaraq, ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Qeyd edilməlidir ki, hüquqi şəxsin filial və ya nümayəndəliyinin, eləcə də hər hansı struktur vahidinin əmək münasibətlərində tərəf (işəgötürən) olaraq çıxış edə bilmə imkanı onun mülki prosessual fəaliyyət qabiliyyətli olmasını ifadə etmir. Mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti yalnız mülki prosessual qanunvericilikdə müəyyən edilmiş subyektlərə münasibətdə tanınır. Yuxarıda da qeyd olunduğu kimi, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq mülki prosesin tərəfi olmaq mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmaqla şərtlənir. Müstəqil şəkildə hüquqlar əldə edə və maddi hüququn subyektinə çevrilə bilməyən, yəni mülki hüquq qabiliyyətinə malik olmayan hüquqi şəxsin struktur bölməsinin müvafiq olaraq müstəqil şəkildə mülki prosessual fəaliyyət qabiliyyəti əldə edə bilməsi və mülki prosesin tərəfi olması da istisna edilir. İş materiallarına əlavə edilmiş “X11 Xidməti” PHŞ-nin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 aprel tarixli 232 nömrəli Qərarı ilə təsdiq edilmiş Nizamnaməsindən müəyyən edilir ki: 1.1 X11 Xidməti (bundan sonra – Xidmət) meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərləri (bundan sonra – iri şəhərlər) istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması (bundan sonra – müvafiq sahə) xidmətlərini göstərən publik hüquqi şəxsdir 1.2. Xidmət Azərbaycan Dövlət X7 (bundan sonra – Agentlik) tabeliyində fəaliyyət göstərir. 1.3. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarlarını, həmçinin sərəncamlarını, digər normativ hüquqi aktları və Agentliyin sədrinin əmr və sərəncamlarını rəhbər tutur. 1.7. Qanuna uyğun olaraq, Xidmətin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Xidmət məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər. 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.57. strukturuna daxil olan idarələrin və digər struktur bölmələrin və tabeliyində olan hüquqi şəxslərin fəaliyyətini təşkil etmək və işinə nəzarəti həyata keçirmək 4.1. Xidmət öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir. 4.2. Xidmətin strukturu, ştat cədvəli, gəlir və xərclər smetası Agentliyin sədri tərəfindən təsdiq edilir. 4.3. Xidmətin struktur bölmələrinin rəhbərləri, habelə onun idarə, filial və nümayəndəliklərinin, tabeliyindəki digər qurumların rəhbərləri, onların müavinləri, baş mühəndisləri, baş mühasibləri Agentliyin sədri ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad olunurlar. 4.4. Xidmətin idarəetmə orqanı onun İdarə Heyətidir. 4.7. İdarə Heyətinin vəzifələri aşağıdakılardır: 4.7.5. Agentliyin razılığı ilə Xidmətin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, Xidmətin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək 4.7.7. Xidmətin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), Xidmətin struktur bölmələrinin, idarə, filial və nümayəndəliklərinin əsasnamələrini və Agentliklə razılaşdırmaqla təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək 4.12. İdarə Heyətinin sədri 4.12.9. Xidmətin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin, (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin, onların müavinlərinin, baş mühəndislərinin və baş mühasiblərinin) Nizamnamənin 4.3-cü bəndini nəzərə alaraq, vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir 4.12.11. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Xidmətin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir Yuxarıda qeyd olunanlardan görünür ki, hazırki iddia üzrə Kürdəmir Su X1 İdarəsi cavabdeh qismində cəlb edilsə də, iddiaya cavab verməli olan orqan qismində həmin idarə yox, onu yaratmış hüquqi şəxs, yəni Azərbaycan Dövlət X7 tabeliyində “X11 Xidməti” PHŞ çıxış edə bilər. Birinci instansiya məhkəməsi tərəfindən bu hal araşdırılmamış və cavabdehi əsl cavabdehlə əvəz etməyi iddiaçıya təklif edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPMnin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Qeyd edilən prosessual hüquq normasının mənasından da göründüyü kimi, birinci instansiya məhkəməsi ona verilmiş hüququndan istifadə etməməklə, mülki icraatı iddiaya cavab verməli olmayan cavabdehlərin iştirakı ilə davam etdirmiş, nəticədə də iddiaçının məhkəmə müdafiəsi hüququnu pozmaqla əsl cavabdehi işə cəlb etmədən faktiki halları müəyyən etmiş iddia tələblərini rədd etmişdir. Azərbaycan Respublikası MPM-nin 54.4-cü maddəsinə əsasən, əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Prosessual hüquq normasının mənasından da göründüyü kimi, qanunverici hətta birinci instansiya məhkəməsində əsl olmayan tərəfin iştirakı olmadan aparılmış hər hansı bir prosessual hərəkətin nəticələrini də tanımadan, əsl tərəf əvəz edildikdən sonra mülki icraatın yenidən başlanmalı olmasını nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyasında əsl cavabdehin əvəz edilməsinin iddiaçıya təklif edilməsi və bu barədə qərar qəbul edilməsi onun birinci instansiya məhkəməsində özünü müdafiə - iddiaya qarşı etiraz vermək, qarşılıqlı iddia vermək, məhkəmə aktını mübahisələndirmək və.s hüququnun pozulması nəticələndiyi üçün qanunsuzdur. Beləliklə məhkəmə kollegiyasının iddiaçının iddia tələbi ilə bağlı yekun hüquqi mövqeyi ondan ibarətdir ki, iddiaçı tələblərini cavabdeh Kürdəmir Su X1 İdarəsi yönəltməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi də maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Halbuki, məhkəmə iddia ərizəsini öz icraatına qəbul edərkən işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçıya cavabadehin əsl cavabdehin əvəz edilməsi təklifi etməli idi. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərində qeyd edildiyi kimi maddə və prosessual məcəllənin pozulması ilə çıxarıldığından ləğv edilməli, məhz yuxarıda qeyd edilən əsasa görə yəni iddia ona cavab verməli olmayan şəxsə qarşı yönəldiyi əsasına görə təmin olunmamalıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara, maddi və prosessual hüquq normalarına əsasən yekun nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1621/2025 saylı, 11 avqust 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh Kürdəmir Su X1 İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1621/2025 saylı, 11 avqust 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Kürdəmir Su X1 İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar