Məhkəmə qərarları › İş №2(106)-1798/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1798/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1798/2024 10.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X4 ibarət tərkibdə, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil3, Cavabdeh və onun nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli 2(050)-1130/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsassız varlanmaya görə 44695 manat və dövlət rüsumuna görə 224 manat 8 qəpik məbləğdə vəsaitin alınaraq ona verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci ildə X3 ilə ailə qurmuş, birgə yaşadıqları müddət ərzində iki uşaqları olmuşdur. Əri hərbçi olmuş, hərbi xidmət zamanı avtoqəza nəticəsində 4 fevral 2022-ci ildə vəfat etmişdir. Ona birdəfəlik 7178 manat müavinət və hər ayda da 1300 manat pul ödənilməsi nəzərdə tutulmuşdur. Qayınatası Cavabdeh qadın olduğundan həmin pulu almaq və bütün işləri özü icra etməsi üçün sənədləşmə işlərinə görə ona etibarnamə verməsini bildirmişdir. O da qayınatasına inanaraq etibarnamə vermiş, həmin pulu almaq üçün kart açılmışdır. Sonra qayınatası ona bildirmişdir ki, uşaqlar üçün hesab açaq və həmin pulu uşaqların hesabına yerləşdirək ki, gələcəkdə uşaqlar əziyyət çəkməsin. Bu səbəbdən də, kartı qayınatasında saxlamışdır. Həmin vaxtdan qayınatası ona cəmi 1000 manat məbləğdə pul vermiş, qalan pulları əsassız olaraq mənimsəmişdir. Halbuki, həmin pullar uşaqların payıdır və onlara çatan puldur. Bundan başqa, mərhum əri Rəvan Muxtarov 6800 manata onun qardaşı Şahid1 adına etibarnamə ilə avtomobil almışdır. Həmin maşını cavabdeh tanımadığı Musaküçə kənd sakininə satmış, 6500 manatı mənimsəmişdir. Həyat yoldaşının ölümünə görə birdəfəlik müavinət kimi 7178 manat, aylıq müavinətə görə cəmi 31017 manat, maşını satdığına görə isə 6500 manat pulu mənimsəmiş, ona verməmişdir. Cavabdeh ona və uşaqlarına məxsus ümumilikdə 44695 manat pulu mənimsəmiş, onları puldan qanunsuz olaraq məhrum etmişdir. Cavabdehə verdiyi etibarnaməni ləğv elətdirmiş, sonuncu dəfə ona məxsus kartdan razılığı olmadan xx.xx.2024-cü il tarixdə 1630 manat məbləğdə pul çıxarmışdır. Bunu bildikdən sonra kartı bağlatdırmışdır. Əri öləndən təxminən 1 il 2 ay sonra qayınatası və qayınanası ilə birlikdə onlara məxsus evdə yaşamış, sonra uşaqlarını da götürüb atası evinə getmişdir. O, elə bilirmiş ki, cavabdeh ərinin ölümünə görə verilmiş pulu uşaqlar üçün karta yığır. Lakin, sonradan məlum olmuşdur ki, cavabdeh oğlunun ölüm pulunu və müavinatı mənimsəmişdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Masallı Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli 2(050)-1130/2024 saylı qətnaməsi ilə (hakim Firdovsi Əliyev) iddia qismən təmin edilmiş Cavabdeh 13618,47 manat və ödənilmiş dövlət rüsumuna görə 130,85 manat, cəmi 13749 manat 32 qəpik məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən, iddia tələbinin təmin еdilmədiyi hissədə ləğv еdərək, iddanın tam təmin еdilməsi barədə qətnamə çıхarılmasını xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iş materialları ilə cavabdehin birdəfəlik müavinət kimi 7178 manat pulu və aylıq müavinət kimi 31017 manat pulu əldə etməsinin müəyyən edilməsinə və cavabdehin həmin pulların hamısını iddiaçı və uşaqlarının saxlanılmasına sərf etməsi barədə sübut təqdim etməməsinə baxmayaraq yalnız cavabdehin sözlərinə əsasən birgə yaşadıqları dövrdə alınmış pulların dəfn mərasiminə və iddiaçı ilə uşaqların saxlanılması qənaətinə gəlinmişdir. Cavabdehin plastik kart vasitəsilə əldə etdiyi pul isə hər ay üçün 1300 manat olmuşdur. Bu isə iddiaçı və uşaqlarının ehtiyac meyarından 560 manat çoxdur. Cavabdeh həmin pulu da iddiaçı və uşaqlarının saxlanılmasına xərclənməsi barədə hər hansı sübut təqdim etməmişdir. Lakin birinci instansiya məhkəməsi cavabdehin iddia tələbinə etirazının əsası kimi istinad etdiyi tələb olunan pulun birgə yaşanan dövrdə əldə olunan hissəsinin yas mərasiminə və iddiaçı ilə uşaqlarının saxlanılmasına sərf edilməsini, ümumiyyətlə bu məqsədlə nə qədər pul xərclənməsini təsdiq edən hər hansı sübut təqdim etmədiyi halda, iddianın bu hissəsini rədd etməklə prоsеssual hüquq nоrmalarını pоzmuşdur ki, bu da düzgün оlmayan qətnamə qəbul еdilməsi ilə nəticələnmişdir. Birinci instansiya məhkəməsi tələb olunan pulun tərəflərin birgə yaşadıqları dövrə aid hissəsini yalnız cavabdehin həmin pulu dəfn mərasiminə, evin təmirinə, iddiaçı və uşaqların saxlanılmasına sərf edilməsi barədə izahatına istinad edərək təmin etməsə də, iddiaçı və uşaqların saxlanılmasına, yas mərasiminə və evin təmirinə ayrı-ayrılıqda nə qədər pul sərf edilməsini araşdırmamış, cavabdehin uşaqlar üçün ayrılmış müavinət pulunu özünün yaşadığı evin təmirinə sərf etməsinə qiymət verməmişdir. Birinci instansiya məhkəməsi tələb edilən pulun bir hissəsinə münasibətdə iddianı rədd еdərkən həmin pulun tamamilə dəfn mərasiminə və tərəflərin birgə yaşadığı dövrdə iddiaçı ilə uşaqların saxlanılmasına xərclənməsi qənaətinə gəlmiş, lakin bu nəticə iş matеriallarında оlan hеç bir sübutla təsdiqlənməmişdir. Bu isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən еdilən iş üçün əhəmiyyəti оlan yuхarıdakı хüsusatın sübut еdilməməsini göstərir. İddiaçının nümayəndəsi Vəkil3 məhkəmə iclasında bildirmişdir ki, iddiaçı ilə cavabdeh birgə yaşadıqları dövr ərzində dəfn xərcinə görə müvafiq ödənişlər edilmişdir. O, qeyd etmişdir ki, cavabdeh isə mübahisə predmeti olan pul vəsaitini evin təmiri üçün və evin ümumi tələbatı üçün xərclədiyini bildirmişdir. Lakin həmin pul uşaqlara görə verilməsinə baxmayaraq, uşaqların ayrıca bank hesabı olmamış, onlar hansısa əyləncə mərkəzinə aparmamışdır. Cavabdeh mərhum X2 avtomobilin üçün kredit borcunu ödəsə də, o, həmin pulu öz hesabına etməmişdir. Belə ki, onun mərhum oğlunun ölümü ilə əlaqədar verilmiş müavinətləri, o cümlədən avtomobili də satmış və əldə etdiyi pul vəsaitini öz maraqları naminə istifadə etmişdir. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, 2023-cü ilin aprel ayından etibarən mərhum ərinin valideynlərindən ayrı yaşayır. Kart 2024-cü ilin fevral ayına qədər cavabdehdə olmuşdur. Dəfn xərclərini keçmiş qayınatası qarşılamışdır. O, qeyd edir ki, qayınatası həmin dövrdə işləmirdi. Mərhum əri vəfat etməzdən 1 il öncə birgə yaşadığı dövrdə 4000 manat məbləğində kredit götürərək 6600 manat dəyərində öz adına avtomobil almışdır. O, öldükdən sonra həmin avtomobilin borcunu hazırda cavabdeh ödəyir. Əri ilə birgə Bakı şəhərində yaşasa da, o öldükdən sonra ərinin valideynləri ilə birgə yaşamaqdadır. Dövlət tərəfindən verilən müavinət üçün sənədləşdirmə işlərinin aparılması ilə bağlı qaynatasına etibarnamə vermişdir. Cavabdeh ona bildirmişdir ki, pulları uşaqların adına bank hesabı açıb ora köçürəcəyini vəd vermişdir. O da cavabdehi böyük kimi gördüyü üçün həmin pulların hesabatını aparmamışdır. Etibarnaməni də o səbəbdən vermişdir. Evin təmiri o həmin evə köçməzdən əvvəl başlamışdır. Onun qızıl-zinət əşyaları cavabdehdə qalsa da, həmin əşyaları istəmir. Əri vəfat edənə qədər ayrı yaşamışlar. Hazırda da mərhum ərinin valideynləri ilə yaşamaq istəmir. Lakin müavinətlər köçürülın zaman cavabdehin özü həmin vəsaitləri əldə etmişdir. Cavabdehin maddi imkanı elə də pis olmamışdır. 2023-cü ilin sentyabr ayında etibarnamə ləğv edilmişdir. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Vəkil2 məhkəmə iclasında bildirmişdir ki, həmin avtomobil iddiaçının qardaşının olmuşdur. Avtomobili də iddiaçının qardaşı özü satmışdır. Əvvəllər iddiaçı ilə cavabdehin münasibətləri yaxşı olsa da, sonradan iddiaçı ayrı yaşamaq istəmişdir. O, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, ona qarşı olan iddiaları qəbul etmir. Qeyd etmişdir ki, onun başqa övladı və nəvələri yoxdur. Ona görə də o, bütün pulları gəlninin və nəvələrinin güzəranını yaxşı etmək üçün xərcləmişdir. İddiaçı namaz qıldığı üçün evinin pəncərə olan hissələrini dərhal bağlatdırmış, evin hər tərəfini hasarlatdırmış və evini təmir etdirmişdir. Təmirə çəkilən xərcləri verilən müavinət pulu ilə ödəmişdir. Ailə kimi birgə yaşadıqları üçün ailə büdcələri eyni olmuşdur. Hər ay müavinət qismində təxminən 1130 manat məbləğdə pul almışdır. Nəvələrinin adına bank hesabı açılmamışdır. İddiaçıya və nəvələrinə aylıq nə qədər xərc çəkdiyi barədə məlumat verə bilmir. Evin təmir edilməsi barədə iddiaçının məlumatı olmuş və etiraz etməmişdir. Evin təmirinə 16000-17000 manat məbləğində xərc çəkmişdir. Bank hesabının açılmasında məqsədləri sığorta pulunu əldə etmək olmuşdur. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasında bildirmişdir ki, əldə edilən pulların hamısı iddiaçıya və nəvələrinə xərclənmişdir. İ Ş İ N H A L L A R İ: İşdə olan: Nikah haqqında arayışdan görünür ki, X3 ilə İddiaçı arasında nikah qeydi Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən 24 dekabr 2015-ci il tarixdə 702 sayla qeydə alınmışdır. Doğum haqqında arayışlardan görünür ki, X3 ilə İddiaçı birgə nikahından 14 iyun 2016-cı ildə X8 və 15 avqust 2019-cu ildə X9 adlı uşaqları doğulmuşdur. Ölüm haqqında şəhadətnamədən görünür ki, X3 04 fevral 2022-ci ildə Bakı şəhəri Xəzər rayonunda baş beynin ocaqlı travması səbəbindən ölmüşdür. Ödəniş kartı üzrə çıxarışa əsasən İddiaçı məxsus karta 27 may 2022-ci il tarixdən 15 fevral 2024-cü il tarixədək olan dövr üzrə 31017,80 manat mədaxil, 31022.00 manat məxaric olunub. 11 aprel 2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən borclu X2 "xxxx" ASC-yə olan 3991,63 manat məbləğində kredit borcu tam ödənilmişdir. Orxan-El” MMC-nin direktoru E.Tağıyev tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh tərəfindən 04 fevral 2022-ci ildə vəfat etmiş oğlu X2 məzarüstü abidəsinin hazırlanması üçün 3200 manat xərclənmişdir. H Ü Q U Q İ M Ə S Ə L ƏL Ə R : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdehin oğlu Rəvan Muxtarov rəsmi nikaha daxil olub evlənmiş və birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Rəvan Muxtarov 04 fevral 2022-ci ildə N saylı hərbi hissədə xidmətdə olduğu vaxt avtoqəza nəticəsində vəfat etmişdir. Həmin vaxtdan sonra iddiaçı azyaşlı uşaqları ilə birlikdə cavabdehə məxsus Masallı rayonu Yeddioymaq kəndində yerləşən evində yaşamağa başlamışdır. X11 vəfatı ilə əlaqədar iddiaçıya birdəfəlik və aylıq müavinatlar ayrılmışdır. Bütün bunları sənədləşdirmək və müvainatları almaq üçün iddiaçı tərəfindən cavabdehə etibarnamə verilmişdir. 2023-cü ilin aprel ayının sonlarına kimi iddiaçı cavabdehlə birlikdə sonuncuya məxsus evdə yaşayaraq təsərrüfatı birgə idarə etmişlər. Qeyd olunan müavinatlar tərəflərin qarşılıqlı razılığı əsasında mərhum R.Muxtarovun yas mərasiminə, baş daşına, onun bankdan götürdüyü kreditlərin ödənilməsinə, yaşadıqları evin təmirinə və evin gündəlik tələbatına xərclənmişdir. Eyni zamanda cavabdeh həmin puldan iddiaçıya şəxsi ehtiyacları üçün ümümilikdə 1000 manat vermişdir. İddiaçı cavabdehin evində təxminən 1 il 3 ay yaşadıqdan sonra 2023-cü ilin aprel ayının sonlarında valideynlərinin evinə getmiş və hal-hazırda da orada yaşayır. Həmçinin müəyyən edilmişdir ki, X11 aldığı “Vaz 2107” markalı avtomobil etibarnamə ilə idarə olunmuş və etibarnamənin biri də iddiaçının qardaşı Şahid1 adına olmuşdur. Rəvan Muxtarov vəfat etdikdən sonra həmin avtomobil Şahid3 vasitəsi ilə Fərid Manaflıya 6600 manata satılmış və sənədləşmə işləri iddiaçının qardaşı Samir tərəfindən aparılmışdır. Avtomobilin satışından əldə olunmuş pul vəsaitinin isə cavabdehə verilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf öz tələbində göstərdiyi kimi cavabdehin ona ayrılmış birdəfəlik və aylıq müavinatı, həmçinin avtomobilin satışından əldə olunmuş pul vəsaitini mənimsədiyini və onu puldan qanunsuz olaraq məhrum etdiyini sübut etməlidir. Göründüyü kimi, mülki işin mübahisəsiz halları ilə təsdiq olunur ki, iddiaçının əri vəfat etdikdən sonra sonuncu 1 il 3 ay, yəni 2023-cü ilin aprel ayının sonlarına kimi cavabdehə məxsus evdə yaşayaraq təsərrüfatı birgə idarə etmiş və həmin vaxtadək alınmış birdəfəlik və aylıq müavinatlar iddiaçının öz razılığı ilə ailənin ehtiyacları üçün sərf olunmuşdur. Həmin vaxtdan sonra isə, yəni 2023-cü ilin may ayından 2024-cü ilin mart ayınadək iddiaçıya çatası aylıq müavinətlar (10 ay üçün 13618,47 manat) cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan əldə olunaraq şəxsi ehtiyacları üçün xərclənmişdir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan başqa, MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Yuxarıda qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Kollegiya mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli 2(050)-1130/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar