Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1800/2024 28.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2(049)-2383/2024 saylı qətnaməsindən (hakim A.Pənahov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh, Cavabdeh xidmət müqaviləsi üzrə yaranmış əsas borc 500 ( beş yüz) manat və əsas öhdəliyin gecikdirilməsi səbəbindən yaranmış 1.305 ( min üç yüz beş ) manat cərimə məbləğinin, ümumillikdə 1.805 ( min səkkiz yüz beş) manat pul vəsaitinin ondan tutularaq, iddiaçı “AZSTUDY" MMC -yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixində təhsil ilə bağlı müqavilə üzrə müəyyən edilmiş xidmərlərin həyata keçirilməsinə dair TR- 120101 saylı xidmət müqaviləsi bağlanılmışdır. Bağlanılmış xidmət müqaviləsi üzrə iddiaçı öz üzərinə düşən öhdəlikləri vaxtlı - vaxtında icra etməyinə baxmayaraq cavabdeh xidmət müqaviləsi üzrə müəyyən edilmiş 1500 ( min beş yüz ) manat pul vəsaitindən yalnız 1000 (bir min ) manatını ödəmiş ve geridə qalan 500 ( altı yüz ) manat xidmət haqqını ödəməkdən imtina edir ki, hazirki iddia tələbinin təqdim edilməsinin səbəbi bu hal olmuşdur. Eyni zamanda cavabdeh ali təhsil müəssisəsinə qəbul tarixi elan olunan yəni faktiki olaraq iddiaçı xidmət müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəlikləri yerinə yetirdiyi gündən etibarən 3 (üç) gün müddətində ödənilməli olan xidmət müqaviləsinin 500 ( beş yüz ) manat dəyərini hazirki tarixədək ödəmədiyinə görə xidmət müqaviləsinin 3.2.2. bəndinə görə gecikdirilmiş hər gün üçün müqavilənin ümumi dəyərinin 1% midqarında cərimə ödəməlidir ki, hazirki tarixə bu cərimə məbləği 1.305 ( min üç yüz beş ) manat təşkil edir. Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; Mülki Məcəllənin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh Məhkəmə iclasında iştirak edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, İddiaçı ilə arasındna bağlanmış müqaviləyə əsasən, o, iddiaçıya 1500 manat vəsait ödəməli idi. Müqavilə bağlandıqdan sonra onun tərəfindən iddiaçıya ilkin olaraq 500 manat, sonradan isə 500 və 250 manat məbləğində pul vəsaiti ödəmişdir. Belə ki, ilk 500 və 500 manat vəsaitləri şirkətin özünə şəxsən ödəmişlər. Sonuncu 250 manatı isə anası ödəniş terminalı vasitəsilə şirkətin rəhbəri X1 hesabına ödəmişdir. Belə ki, İddiaçı MMC-nin istifadəsində olan mobil nömrələrin birindən onun anasına X1 hesabı barədə məlumatlar təqdim edilərək, ödəniş barədə məlumatı şirkətə təqdim etmək bildirilmişdir. O, özü təhsillə əlaqadar Türkiyə Respublikasına getdikdən sonra anası tərəfinfən şirkətə sonuncu 250 manat ödəniş xx.xx.2023-cü il tarixdə saat 14:23-də ödənilmişdir. Anası ödəniş qəbzinin surətini iddiaçı şirkətə təqdim etmişdir. Hazırda şirkət onlara sonuncu 250 manat ödənişi danır. Bundan əlavə olaraq məhkəməyə bildirir ki, İddiaçı MMC onunla bağladığı müqaviləyə əsasən öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, aralarında olan razılığa əsasən, şirkətin nümayəndələri Türkiyədə onu qarşılayacağı, qeydiyyatdan keçirəcəyi və yataqxanada yerləşdirəcəyi barədə öhdəliklərin icrasından yınmışdır. O, Türkiyəyə çatdıqdan sonra onu heç kəs qarşılamamışdır, 1 aya yaxın küçələrdə skamyada yatıb qalmış və bütün həmin prosedurları özü etmişdir. Hazırda ailəsinin maddi durumu olduqca acınacaqlı vəziyyətdədiir. Üstəlik də iddiaçı öz müqavilə öhdəliklərini yerinə yetirmədiyi halda ondan belə bir yüksək məbləğdə pul tələb edir. İddia tələbinin qismən, yəni 250 manat həddində təmin edilməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2(049)-2383/2024 saylı qətnaməsi ilə Cavabdeh TR-120100 nömrəli, xx.xx.2023-cü il tarixli Xidmət müqaviləsinə əsasən 250 (iki yüz əlli) manat əsas borc və 20 (iyirmi) manat cərimə, cəmi, 270 (iki yüz etmiş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı MMC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam həcmdə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənəd-sübütları, xidmət müqaviləsi üzrə tərəflərin üzərinə qötürmüş olduğu öhdəlikləri nəzərə almadan bir tərəfli mövqe nümayiş etdirərək hesab edirlər ki, tamamilə qanunsuz, əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə qətnamə üzrə cavabdehdən cəmi 270 manat pul vəsaiti alınaraq, iddiaçıya ödənilməsi qeyd edilmişdir, halbuki cavabdehdən tutularaq ödənilməli olan məbləğ 1.805 (min səkkiz yüz beş) manat olaraq müəyyən edilmişdir. Eyni zamanda tərəflərindən ödənilmiş 38.50 ( otuz səkkiz manat, əlli qəpik ) manat dövlət rüsumununda iddiaçıya ödənilməsi qeyd edilməmişdir. İstər mülki qanunvericilik baxımında istərsə də cavabdeh ilə aralarında bağlanılmış xidmət müqavilə üzrə məlumdur ki, tərəflər arasında bağlanılmış müqavilə üzrə öhdəlik tam həcmdə icra edilməlidir. Qətnamənin ləğv edilərək, iddia tələblərinin tam həcmdə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh kollegiyanın iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etməklə o qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». MM-nin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində göstərilir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 740-cı maddəsinin tələbinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yeksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış TR-120100 nömrəli, xx.xx.2023-cü il tarixli Xidmət müqaviləsindən və ona əlavədən görünür ki, müqavilədə nəzərdə tutulmuş xidmətin məbləği 1.500 manat məbləğində nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən imzalanmış iltizamlardan görünür ki, müqavilədə qeyd edilmiş məbləği ödəməyi öz üzərinə götürmüşdür. Ödəniş qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə TR-120100 nömrəli müqavilə üzrə İddiaçı MMC-yə Cavabdeh tərəfindən 500 manat ödəniş edilmişdir. Ödəniş qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə TR-120100 nömrəli müqavilə üzrə "AZSTUDY” MMC-yə Cavabdeh tərəfindən 500 manat ödəniş edilmişdir. Ödəniş terminalı vasitəsilə ödənişə dair ödəniş qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:23:15-də F... R.....F...adlı bank kartı sahibinə 250 manat məbləğində pul vəsaiti ödənilmişdir. Qəbzdə pulun ödənildiyi kartın nömrəsi "416973---2369” kimi qeyd edilmişdir. "AZSTUDY” MMC ilə Cavabdeh arasında bağlanmış TR-120100 nömrəli, xx.xx.2023-cü il tarixli Xidmət müqaviləsində "AZSTUDY” MMC-ni təmsil edən şəxs kimi "X3” göstərilmişdir. Həmçinin idiaçı tərəfindən məhkəməyə sübut kimi Whatsapp ani mesajlaşma sistemi ilə ödəniş barədə ona göndərilən şəkildə də 4169-7388-1237-2369 saylı bank kartının Ramil Fərzəliyevə aid olduğu qeyd edilmiş və ödəniş edildikdən sonra qəbzin şəklinin göndərilməsi tələb edilmişdir. İddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi vizit kartda da Ramil Fərzəliyevin "AZSTUDY” MMC-nin direktoru olduğu qeyd edilmişdir. Müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında xidməti müqavilə olmuşdur. İddiaçı cavabdehin xidməti müqavilə üzrə borcunu tam yerinə yetirmədiyini iddia edərək xidmət müqaviləsi üzrə 500 manat və əsas öhdəliyin gecikdirilməsi səbəbindən yaranmış 1.305 manat cərimə olmaqla ümumillikdə 1.805 manat borcun tutulması ilə bağlı məhkəməyə müraciət edir. Cavabdeh məhkəmə iclasında iştirak edir və iddiaçının tələb etdiyi 500 manat əsas borcdan 250 manatın iddiaçıya ödədiyini, 250 manat isə borcunun qaldığını bildirmişdir. Cavabdeh birinci instansiya məhkəməsi zamanı iddiaçıya əlavə 250 manat xidmət haqqı ödəməsi ilə bağlı sübut təqdim etmişdir. Lakin iddiaçı bunun əksini sübut edəcək hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmiş və ya edə bilməmişdir. Həmçinin iddiaçı apellyasiya şikayətində də bu sübutu birbaşa olaraq mübahisələndirməmişdir. Qətnamədən iddiaçı narazı qalaraq onu mübahisələndirmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı tələb üzrə iddianın qiyməti 5000 manatdan çox deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2(049)-2383/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1800/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1800/2024
28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver