Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1802/2025 21.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), X8 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh X2 qarşı fərdi yaşayış evindən cavabdehin çıxarılması tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 2(055)-1355/2025 saylı qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları: Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2025-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2024-ci il tarixdə vəfat etmiş – X6 vərəsələri İddiaçı və X7 və onların hər biri miras əmlakdan ½ irs almalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına verilmiş 18 iyul 2025ci il tarixli çıxarışdan görünür ki, İddiaçı və X7 hər birinin ½ payı müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına verilmiş 18 iyul 2025ci il tarixli çıxarışdan görünür ki, Saatlı şəhəri Mehdi Hüseyn küçəsi, ev 51 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı tam xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Asan-Sabirabad tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 04 avqust 2025-ci il tarixli, ******* saylı arayışdan görünür ki, İddiaçı 20 iyul 2022-ci il tarixdən Saatlı şəhəri Mehdi Hüseyn küçəsi, ev 51 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadır. Həmin evdə X4 da qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktı: Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan Saatlı şəhəri Mehdi Hüseyn küçəsi, ev 51 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 2004-cü ildə qardaşı Azər Əsədov cavabdeh X4 ilə ailə həyatı quraraq İmişli rayonu Mirili kəndində yerləşən atası İltifat Əsədovun evinə gəlin köçmüş və nikahlarını rəsmiləşdirmişlər. Qardaşı Azərlə cavabdeh Zümrüd bir müddət İmişli rayonunda yaşamışlar, daha sonra qardaşı Azərin işi ilə bağlı Rusiya Federasiyasında yaşamışlar. X15 arasında olan narazılığa görə Zümrüd Saatlı rayonu Məzrəli kəndində yaşayan atası evinə qayıtmışdır. 2013-cü ildən valideynləri İmişli rayonundan köçərək Saatlı şəhəri Mehdi Hüseyn küçəsi, ev 51 ünvanında yerləşən fərdi yaşayış evini alıb həmin ünvanda yaşamağa başlamışlar. Bundan sonra cavabdeh Zümrüd Mirzaliyeva qardaşı Azərlə barışmaq məqsədi ilə onun valideynlərinin yaşadığı Saatlı şəhəri Mehdi Hüseyn küçəsi, ev 51 ünvanında yerləşən fərdi yaşayış evinə gələrək orada yaşamağa başlamışdır. Həmin vaxtlarda isə o ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşasa da hazırda ailəsi ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır. 2017-ci ildə atası vəfat etmiş, 2021-ci ildə anası vəfat etdikdən sonra Saatlı şəhəri Mehdi Hüseyn küçəsi, ev 51 ünvanında yerləşən fərdi yaşayış evini vərəsəlik qaydasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 18 iyul 2025-ci il tarixli çıxarışla tam xüsusi mülkiyyətinə keçirmiş və həmin vaxt ona məlum olmuşdur ki, cavabdeh həmin evdə pasport qeydiyyatındadır və yaşayır. Hal-hazırda da, qardaşı Azər Əsədovla cavabdeh Zümrüd Mirzaliyeva arasında bağlanmış nikah Saatlı Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Oğlu ailə həyatı qurmuş və Saatlı şəhəri Mehdi Hüseyn küçəsi, ev 51 ünvanında yerləşən fərdi yaşayış evində yaşamaq istəyir, amma cavabdehin həmin evdə yaşaması onun mənzil və mülkiyyət hüquqlarını pozur. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh onun fərdi yaşayış evindən çıxmır. Ona görə də, göstərdikləri nəzərə alınaraq cavabdeh X1 Saatlı şəhəri Mehdi Hüseyn küçəsi, ev 51 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh X4 iddiaya etiraz edərək göstərdi ki, 2004-cü ildə iddiaçının qardaşı X13 ilə rəsmi nikah qeydindən keçməklə evlənib ailə həyatı qurmuş və gəlin kimi ərinin valideynlərinə məxsus olan İmişli rayonunun Mirili kəndində yerləşən fərdi yaşayış evində yaşamışdır. Bir müddət əri Azərlə Rusiyada yaşamışlar, sonra öz atası evinə qayıtmış və az müddət ərzində yenidən İmişli rayonunda yaşayan qaynatasının evinə qayıdaraq orada yaşamağa başlamışdır. Daha sonra qaynatası və qaynanası ilə birlikdə İmişli rayonundan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamağa başlamışlar. 21 il qaynatasına və qaynanasına gəlin kimi qulluq etmiş, yaşadığı evin abadlaşmasında əziyyət çəkmişdir. Lakin bu müddət ərzində iddiaçı Saatlı şəhəri Mehdi Hüseyn küçəsi, ev 51 ünvanında yerləşən fərdi yaşayış evində yaşamamış, valideynləri ilə maraqlanmamışdır. Yaşadığı evə heç vaxt qeydiyyata düşmək arzusunda olmamış, lakin qaynanasının təkidi və razılığı ilə həmin evə qeydiyyata düşmüşdür. Hətta qaynanası ölməmişdən əvvəl ona demişdir ki, əziyyətlərini çox çəkdiyi üçün o öləndən sonra da evdən çıxmasın. Qaynatası və qaynanası vəfat etdikdən sonra isə iddiaçı onu həmin evdə yaşamağa imkan verməmiş, ondan evdən çıxmasını tələb etmişdir. Odur ki, evdən çıxmaq istəmir və çıxacağı təqdirdə iddiaçıya qarşı təzminat tələbi ilə məhkəməyə müraciət edəcəkdir. Ona görə də göstərdikləri nəzərə alınaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Saatlı Rayon Məhkəməsinin (hakim İxtiyar Abuşov) xx.xx.2025-ci il tarixli 2(055)-1355/2025 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konistitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 152.5-ci, 157.2-ci, 158.4-cü maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.1, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, cavabdeh iddiaçının iradəsinə zidd olaraq həmin fərdi yaşayış evində həm mülkiyyət hüququ olmadan, həm də iddiaçının ailə üzvü olmadan yaşayır. İddiaçı cavabdehə könüllü olaraq mülkiyyətində olan evdən çıxmasını təklif etmiş, lakin cavabdeh onun təklifini qəbul etməmişdir. Hal-hazırda cavabdehin iddiaçının iradəsinə zidd olaraq iddiaçıya məxsus evdə yaşaması və evdən könüllü olaraq çıxmaq istəməməsi iddiaçının mülkiyyət hüququnu pozur. İddiaçı fərdi yaşayış evinin tam hüquqlu mülkiyyətçisi kimi həmin evdən cavabdeh X1 çıxarılmasını tələb etməkdə haqlıdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh X3 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbini qəbul etmir. Bildirir ki, 2004-cü ildə İddiaçı oğlunun qardaşı X18 oğlu ilə rəsmi nikah qeydindən keçməklə evlənib ailə həyatı qurmuş və gəlin kimi ərinin valideynlərinə məxsus olan İmişli rayonunun Mirili kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. Bir müddət həyat yoldaşı Azərlə Rusiyada yaşadıqdan sonra atası evinə qayıtmışdır. Az müddət ərzində yenidən İmişli rayonunda yaşayan qayınatasının evinə qayıdaraq orada yaşamağa başlamışlar. Daha sonra qayınatası və qayınanası ilə birlikdə İmişli rayonundan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamağa başlamışlar. 21 il qayınatası və qayınanasına gəlin kimi qulluq etmiş, yaşadığı evin abadlaşmasında əziyyət çəkmişdir. Bu günə qədər İddiaçı, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşamamış və valideynləri ilə maraqlanmamışdır. Mərhum qayınanasının təklifi və razılığı ilə Saatlı şəhəri Mehdi Hüseyn küçəsi, ev 51 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata düşmüşdür. Qaıynatası və qayınanasını saxladığı və əziyyətlərini çəkmiş olduğu üçün, qayınanası öləndən sonra da evdən çıxmamasını ona vəsiyyət etmişdir. Saatlı şəhəri Mehdi Hüseyn küçəsi, ev 51 ünvanında yerləşən fərdi yaşayış evini həyat yoldaşı ilə, yəni iddiaçının qardaşı X13 ilə birgə nikahda olarkən, əldə etmişlər. Uzun müddətdir ki, o, həmin evdə qeydiyyatdadır və yaşayır. İddiaçı əldə etdiyi “çıxarış” əsassızdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Proses iştirakçılarının izahatları: Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətimin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirdi ki,cavabdeh kiçik qardaşının keçmiş arvadı olmuşdur. 2004-cü ildə evlənmiş, sonradan ayrılmışlar. Ev onun ata evi olmuşdur. Cavabdehlə qardaşı 2004-cü ildə evlənmiş, evi isə qardaşlarının köməyi ilə 2003-cü ildə o, almışdır. Atasının adına qeydiyyata aldırmışdır. İndiyə qədər Bakı şəhərində kirayədə qalmışdır. Kirayə haqqını ödəməyə maddi imkanı yoxdur. Evə köçüb öz evində yaşamaq istəyir. Ev vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. Digər mülkiyyətçilər paydan imtina ediblər. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Qətnamədən cavabdeh X3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etdiyindən, qətnamə apellyasiya icraatı qaydasında bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 152.1 Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 139.1.Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1.2-ci və 139-1.1.3.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı əsas hesab olunur. Maddə 140 Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülkiyyət hüququ hüquqi sistemin təməl institutlarından biri kimi, şəxslərin iqtisadi, sosial və hüquqi azadlıqlarının gerçəkləşdirilməsində mühüm rol oynayır. Bu hüququn mövcudluğu şəxslərə əmlak üzərində sərbəst şəkildə sahiblik etmək, ondan istifadə etmək və sərəncam vermək səlahiyyəti qazandırır. Mülkiyyət hüququnun effektiv qorunması hüquqi sabitliyi və sosial ədaləti təmin etməklə yanaşı, cəmiyyətin ümumi rifahının artmasına da şərait yaradır. Əmlaka sahib olmaq fərdin iqtisadi müstəqilliyini möhkəmləndirir, təşəbbüskarlığı və investisiya fəaliyyətini stimullaşdırır. Mülkiyyət hüququnun hüquqi təminatı, sahibkarlıq subyektlərinə və fiziki şəxslərə uzunmüddətli iqtisadi planlar qurmaq və investisiya qərarları vermək imkanı yaradır. Bu hüquqların dövlət tərəfindən etibarlı müdafiəsi ictimai etimadı artırır və qanunun aliliyinin təmininə xidmət edir. Kollegiya apellyasiya şikayətinin dəlilləri əlaqədar aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X6 qanun üzrə vərəsələri İddiaçı və X9r. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2025-ci il tarixli şəhadətnaməyə əsasən, vərəsələrin hər birinə miras əmlakdan ½ pay düşmüşdür. Bu hüquqi fakt tərəflər arasında mübahisə predmeti deyil. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına dövlət qeydiyyatına alınmış və həmin daşınmaz əmlak üzərində tam mülkiyyət hüququ iddiaçıya məxsusdur. Sözügedən çıxarış hazırda qüvvədədir. İddiaçı evin mülkiyyətçisi olduğundan müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir. Məhkəmə iddiaçının subyektiv hüququnun pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırarkən hesab etmişdir ki, hazırki iddianın hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 157.2-ci maddəsi ilə bağlı müddəaların tələbləri daxilində aparılmalıdır. İddiaçı hazırda evin tam mülkiyyətçisi olaraq mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Cavabdehin isə iddiaçıya məxsus evdə qalması onun qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Kollegiya qeyd edir ki, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan evdə yaşamasına hüquqi əsas ola biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Apellyasiya şikayəti verən cavabdeh X5 şikayətini əsaslandırarkən, mübahisəli əmlakda uzun müddət yaşadığını, qayınatası və qayınanasına qulluq etdiyini, yaşayış evinin abadlaşdırılmasında əməyi olduğunu, habelə mərhum qayınanasının ona evdən çıxmamaq barədə razılıq verdiyini bildirmişdir. Lakin qeyd olunan hallar mülkiyyət hüququnun yaranması, dəyişdirilməsi və ya tanınması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsaslar hesab edilmir və mülkiyyət hüququnun dövlət qeydiyyatı ilə təsdiq edilmiş hüquqi nəticələrini aradan qaldıra bilməz. Bir sozlə, həmin hallar iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus evdə nə istifadə, nə də digər hər hansı hüquq yaratmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, reyestrin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Bu prezumpsiya hüquqi müəyyənliyin və mülki dövriyyənin sabitliyinin təmin edilməsinə xidmət edən fundamental hüquqi mexanizmdir. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyasında dövlət reyestrindəki qeydin qeyri-dəqiq olmasını təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Belə olan halda, qüvvədə olan mülkiyyət sənədi mövcud olduğu şəraitdə iddiaçının hazırkı mülkiyyət hüququnun inkar edilməsi hüquqi baxımdan yolverilməzdir. Dövlət reyestrinin hüquqi nəticələri nəzərə alınmadan mülkiyyət hüququnun məhdudlaşdırılması və ya faktiki olaraq tanınmaması məhkəmənin səlahiyyət hüdudlarını aşan yanaşma olmaqla ultra vires xarakter daşıyır. Məhkəmə yalnız qanunla nəzərdə tutulmuş əsaslar mövcud olduqda və müvafiq hüquqi prosedur qaydasında dövlət qeydiyyatı etibarsız hesab edildikdə mülkiyyət hüququna müdaxilə edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçiyə ona məxsus əmlaka sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək səlahiyyətlərini verən, dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə isə mülkiyyətçi qanunda və ya müqavilədə nəzərdə tutulmuş məhdudiyyətlər istisna olmaqla, əmlak üzərində sərbəst şəkildə sahiblik və istifadə hüququnu həyata keçirə və üçüncü şəxslərin həmin əmlaka sahibliyinə yol verməyə bilər. Cavabdehin mübahisəli yaşayış evində qeydiyyatda olması və ya uzun müddət faktiki yaşaması mülkiyyət hüququ yaratmır və mülkiyyətçinin öz əmlakından istifadə hüququnu məhdudlaşdıra bilməz. Qeydiyyat hüququ şəxsin yaşayış yeri ilə bağlı inzibati xarakterli hüquqi vəziyyəti ifadə edir və mülkiyyət hüququnu əvəz etmir. Beləliklə, apellyasiya şikayətində irəli sürülən arqumentlər dövlət reyestrinin həqiqiliyi və tamlığı prezumpsiyasını təkzib etmir, qüvvədə olan çıxarışın hüquqi nəticələrini aradan qaldırmır və iddiaçının mülkiyyət hüququnun inkarı üçün hüquqi əsas yaratmır. Bu səbəbdən, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilməli, apellyasiya şikayəti təmin edilməməlidir. Əlavə olaraq, mülkiyyət hüququ insan hüquqlarının əsas sütunlarından biridir və Azərbaycanın da tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə uyğun olaraq, “hər bir şəxs öz mülkiyyətindən sərbəst istifadə etmək hüququna malikdir və bu hüquq dövlət tərəfindən müdafiə olunmalıdır”. AİHM-in “Kopecký Slovakiyaya qarşı” (2004) qərarında qeyd edilir ki, qanunla tanınmış mülkiyyət hüququ yalnız istisna hallarda və hüquqi dövlətin prinsiplərinə uyğun surətdə məhdudlaşdırıla və ya aradan qaldırıla bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallarını aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Saatlı Rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 2(055)-1355/2025 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 2(055)-1355/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1802/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1802/2025
21.01.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver