Məhkəmə qərarları › İş №2(106)-181/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-181/2025

23.12.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-181/2025 23.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, Əliyev Qasım Vəli oğlu və X3 ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə2 və vəkili Vəkil2 iştirakları ilə, ilkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Sahibəli oğlu, İddiaçı5, İddiaçı6, İddiaçı8 və İddiaçı7 ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin qaytarılması və 140318 manat dəymiş ziyanın ödənilməsi, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Sahibəli oğlu, İddiaçı5, İddiaçı6, İddiaçı8 və İddiaçı7 qarşı pul tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(055)-46/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İlkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Sahibəli oğlu, İddiaçı5, İddiaçı6, İddiaçı8 və İddiaçı7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək zəbt olunmuş torpaq sahəsinin qaytarılması və həmin torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Sahibəli oğlu, İddiaçı5, İddiaçı6, İddiaçı8 və İddiaçı7 iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək zəbt olunmuş torpaq sahəsinin qaytarılması və həmin torpaq sahəsindən cavabdehin çıxarılması, 140318 manat dəymiş ziyanın Cavabdeh alınıb onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Saatlı rayon AİK-nın 27 iyul 1999-cu il tarixli 03 saylı qərarı ilə cavabdehlərin və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 8.74 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən həmin torpaq sahəsi cavabdehlərin xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin 4.42 ha hissəsi 20 ildir ki, cavabdehin qanunsuz istifadəsidədir. Dəfələrlə cavabdehdən torpaq sahəsindən qanunsuz istifadəsini dayandırmasını tələb etsələr də nəticəsi olmamışdır. Onların hesablamalarına görə torpaq sahəsinin qanunsuz istifadəsi nəticəsində onlara 140318 manat məbləğdə ziyan dəymişdir. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4.42 hektar torpaq sahəsinin real bazar dəyəri olan 15000 manat pulun, sözügedən torpaq sahəsinin abadlaşdırılması üçün çəkdiyi 5000 manat xərcin cavabdehlərdən tutulub ona ödənilməsi, həmçinin torpaq sahəsindən çıxarılma ilə zərərin ödənilməsinin eyni vaxtda icra olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçılara məxsus 8.74 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 4.42 ha hissəsi cavabdeh tərəfindən pul müqabilində satın alınmışdır. Hazırda cavabdeh torpaq sahəsindən çıxmağa razıdır. Lakin, cavabdeh ilk iddianın 140318 manat dəymiş ziyanın ödənilməsi barədə hissəsini qəbul etmir. Eyni zamanda torpaq sahəsinin hazırkı bazar qiyməti 15000 manat təşkil edib. Bununla yanaşı, cavabdeh həmin torpaq sahəsinin abadlaşdırılması üçün 5000 manat vəsait xərcləmişdir. Odur ki, 4.42 hektar torpaq sahəsinin real bazar dəyəri olan 15000 manat pul, sözügedən torpaq sahəsinin abadlaşdırılması üçün çəkilmiş 5000 manat pul qarşılıqlı iddia üzrə cavabdehlərdən tutulub ona ödənilməlidir. Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(055)-46/2023 saylı qətnaməsi ilə (hakim Mirlətif Sadıqov) ilkin iddia qismən təmin edilmiş, Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli 03 saylı qərarı əsasında JN 105, KOD 90803028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə X5, İddiaçı2, İddiaçı3, İddiaçı1, X7, İddiaçı4 Sahibəli oğlu, X4, X8, X6 və İddiaçı7 ümumi birgə mülkiyyətinə verilmiş 8,74 ha torpaq sahəsinin 4,42 ha hissəsindən ilkin iddia üzrə Cavabdeh qanunsuz istifadəsinin dayandırılması və onun həmin torpaq sahəsindən çıxarılması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, ilkin iddia üzrə İddiaçı1 tərəfindən ödənilmiş 530,32 manat dövlət rüsumunun 100 manatının ilkin iddia üzrə Cavabdeh alınaraq İddiaçı1 Sahibəli qızına verilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 180 manat, İddiaçı3 234 manat və İddiaçı6 80 manat, cəmi 494 manatın alınıb qarşılıqlı iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 150 manat dövlət rüsumunun 30 manatının qarşılıqlı iddia üzrə cavabdehlərdən alınıb Cavabdeh verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ilkin iddianın təmin edilmiş hissəsində və qarşılıqlı iddianın təmin edilməmiş hisssində ləğv edilməsini və qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 mart 2024-cü il tarixli 2(106)- 395/2024 saylı qətnaməsi ilə (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Samir Mayılov) apellyasiya şikayəti qismən təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin iş üzrə 30 mart 2023-cü il tarixli 2(055)-46/2023 saylı qətnaməsinin qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilməsi, İddiaçı3 1029,60 manat, İddiaçı6 352 manat, X2 vərəsələri olan cavabdehlərdən və İddiaçı2 birgə 1.144 manat (cəmi 2525,60 manat) alınıb qarşılıqlı iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı8 və İddiaçı7 birgə 100 manat tutulub Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh (vəkil Nümayəndə4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilərək, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-2395/2024 saylı qərarı ilə Cavabdeh kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 mart 2024-cü il tarixli 2(106)-395/2024 saylı qətnaməsinin qismən - qarşılıqlı iddianın İddiaçı3 1029,60 manat, Əliyeva (Məmmədova) Arzu Sahibəli qızından 352 manat, X2 vərəsələri olan cavabdehlərdən və İddiaçı2 birgə 1144 manat, cəmi 2525,60 manat pulun tutulub Cavabdeh verilməsi hissəsində ləğv edilməsi, mülki iş həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması, qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, kollegiya qarşılıqlı iddianın - 4.42 ha torpaq sahəsinin hazırkı real bazar dəyəri olaraq 15000 manat pul tələbinə aid hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, bu hissədə məhkəmənin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun deyil. Belə ki, işin mübahisə olunmayan hallarına görə Saatlı rayonu Heydərabad bələdiyyəsi tərəfindən təsdiq edilmiş 06 sentyabr 2000-ci il tarixli “izahata” əsasən X8 0.68 ha torpaq sahəsini 400000 manata (AZM) cavabdehə satıb. Həmçinin Saatlı rayonu Heydərabad bələdiyyəsi tərəfindən təsdiq edilmiş 22 dekbar 2000-ci il tarixli “izahata” əsasən İddiaçı3 0,68 ha torpaq sahəsini ******* manata (AZM) cavabdehə satıb. Eyni zamanda Saatlı rayonu Heydərabad kənd sakinləri X5, arvadı İddiaçı2 və cavabdeh tərəfindən imzalanmış “izahata” əsasən X5 2.0 ha torpaq sahəsini arvadı İddiaçı2 razılığı ilə ******* manata (AZM) cavabdehə satıb. Saatlı rayonu Dədə Qorqud kənd sakini X7 tərəfindən imzalanmış 10 noyabr 2007-ci il tarixli “izahata” əsasən X7 0,68 ha torpaq sahəsini ******* manata (AZM) cavabdehə satıb. Həmçinin işin mübahisələndirilməyən digər hallarından, habelə qanuni qüvvəyə minmiş məhkəmə aktından görünür ki, iddiaçılara məxsus 8.74 ha torpaq sahəsinin 4.4209 ha hissəsinə cavabdehin mülkiyyət hüququ məhkəmənin qiyabi qətnaməsinə əsasən tanınsa da, sonradan həmin qətnamə ləğv edilərək, Cavabdeh “əqdin bağlanmış hesab edilməsi” barədə iddiası rədd edilib. Hazırda cavabdeh qeyd olunan 4.4209 ha torpaq sahəsini iddiaçılara qaytardığı üçün sözügedən yazılı izahatlara əsaslanaraq həmin torpaq sahəsinin hazırkı real bazar dəyərinə uyğun olaraq onlardan 15000 manat pul tələb edir və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə DƏDRX-nin 13 saylı Ərazi İdarəsinin 25 dekabr 2017-ci il tarixli “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” arayışını və Saatlı rayonu Dədə Qorqud bələdiyyəsinin 24 noyabr 2022-ci il tarixli arayışını təqdim edib. Həmin arayışlardan isə görünür ki, Saatlı rayonu Heydərabad kəndində yerləşən 4.4209 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 18 dekabr 2017-ci il tarixə bazar dəyəri 15500 manat təşkil edir və yerləşdiyi yerdən və kateqoriyasından asılı olaraq həmin ərazidə torpaq sahəsinin hektarının alqı-satqı qiyməti 1000 manatdan 5000 manatadək civarındadır. Göründüyü kimi, torpaq sahəsinin alqı-satqısı qanunla müəyyən edilmiş qaydada və formada rəsmiləşdirilməyib və sonradan torpaq sahəsi iddiaçılara (mülkiyyətçilərə) qaytarılıb. Lakin bütün bunlara baxmayaraq sözügedən torpaq sahələrinin alqı-satqısı üçün cavabdehdən 2000-ci ildə İddiaçı3 1.170.000 manat (AZM); Əliyeva (Məmmədova) Arzu Sahibəli qızı 400000 manat; X5 və İddiaçı2 ******* manat; 2007-ci ildə isə X7 ******* manat pul alıb. Birinci instansiya məhkəməsi qeyd olunan torpaq sahələrinə görə cavabdehin 2000-ci ildə ödədiyi pul vəsaitinin nominal dəyərini və qiymətlər miqyasının dəyişməsini (denominasiyasını) nəzərə alaraq qarşılıqlı iddianı mübahisələndirilən hissədə qismən təmin edib. Apellyasiya instansiyası məhkəməsi isə bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edib ki, sözügedən pul məbləğlərinin verilməsi faktını və miqdarını (nominal olaraq) iddiaçılar mübahisələndirmir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd edib ki, 2000-ci ildən sonra Azərbaycan manatının alıcılıq dəyəri müəyyən dəyişikliyə uğrayıb, infilyasiya və digər iqtisadi təsirlərə məruz qalıb. Belə ki, Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə 2023-cü ildə 2000-ci ilə nisbətən istehlak qiymətləri indeksi 435,4 faiz təşkil edib, yəni qiymətlərin səviyyəsi 4,4 dəfə artıb. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilməli, İddiaçı3 1029,60 manat, Əliyeva (Məmmədova) Arzu Sahibəli qızından 352 manat və X2 vərəsələri olan cavabdehlərdən və İddiaçı2 birgə 1144 manat tutulub Cavabdeh verilməlidir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın 4.4209 ha torpaq sahəsinin hazırkı real bazar dəyəri olaraq 15000 manat pul tələbi ilə bağlı hissəsi üzrə lazımi araşdırma aparmayıb və cavabdehin bununla bağlı məhkəməyə təqdim etdiyi sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından qiymət verməyib. Halbuki, sözügedən normanın mənasına görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, qarşılıqlı iddianın qanuni əsası kimi Mülki Məcəllənin 21.1, 21.2-ci maddələrinin tələbləri nəzərdən keçirilə bilər. Məlum olduğu kimi Mülki Məcəllənin 21.2-ci maddəsində zərərin anlayışından söhbət açılır. Bu anlayış həm də zərərin növlərini müəyyən edir və normada zərərin iki növü fərqləndirilir: real zərər və əldən çıxmış fayda. Normanın mənasına görə real zərərin tərkibinə də aşağıdakılar aiddir: pozulmuş hüququn bərpası üçün çəkilmiş xərclər; pozulmuş hüququn bərpası üçün çəkiləcək xərclər; əmlakdan məhrum olma və ya əmlakın zədələnməsi nəticəsində yaranan zərər. Əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edicəyi gəlirlər başa düşülür. Adi mülki dövriyyə şəraiti dedikdə isə öncədən görülməsi mümkün olmayan halların və ya qarşısıalınmaz qüvvələrin təsir etmədiyi bazarın tipik fəaliyyət şəraiti nəzərdə tutulur. Bir qayda olaraq, real zərərlə müqayisədə gələcəkdə çəkiləcək xərclərin zəruriliyini və məbləğini müəyyən etmək bəzi çətinliklər törədir. Lakin ödənilməli olan zərərin məbləğinin müəyyən edilməsi üçün daha iki prinsipial müddəa Mülki Məcəllənin 443-cü maddəsində nəzərdə tutulub. Belə ki, Mülki Məcəllənin 443.3-cü maddəsinə əsasən Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda yoxdursa, zərər müəyyən edilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Eyni zamanda, Mülki Məcəllənin 21.3-cü maddəsi zərərin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyən edilməsi qaydalarını müəyyən edir. Normanın mənasına görə, bu zaman zərərçəkəninin, qanunverciliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 575.2-ci maddəsinə əsasən satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı həmin Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Həmin Məcəllənin 452.2-ci maddəsinin mənasına görə fərdi-müəyyən əşyanı vermək üzrə öhdəlik icra edilmədikdə kreditor əşyanın ona verilməsini tələb etmək hüququndan imtina edərək, ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İşə əlavə edilmiş yazılı sübutlardan görünür ki, cavabdeh mübahisəli 4.4209 ha torpaq sahəsini satın almaq üçün iddiaçılara 2000-2007-ci illərdə cəmi ******* manat (AZM) pul ödəyib. Cavabdeh həmin pul vəsaitinin nominal dəyərinin dəyişməsi nəzərə alınmaqla sözügedən pul vəsaiti hesabına 4.4209 ha torpaq sahəsi ala bilməyəcəyini göstərib, həmin torpaq sahəsinin hazırkı real bazar dəyərinə görə ilk iddiaçılardan 15000 manat pul tələb edir. Apellyasiya instansiyası məhkəməsi 2000-ci ildən sonra Azərbaycan manatının alıcılıq dəyərinin müəyyən dəyişikliyə uğramasını, habelə infilyasiya və digər iqtisadi təsirlərə məruz qalmasını nəzərə alıb, Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsaslanıb, qarşılıqlı iddianı cəmi 2525,60 manat məbləğdə təmin edərkən gəldiyi nəticəni yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından tam, hərtərəfli və obyektiv araşdırmayıb və cavabdehin qarşılıqlı iddia ərizəsində ilk iddiaçılardan 4.4209 ha torpaq sahəsinin hazırkı real bazar dəyərinə görə 15000 manat tələb etməsini nəzərə almayıb. İŞİNHALLARİ: Torpağın mülkiyyət hüququna dair Dövlət aktının (JN 105, KOD 90803028 saylı) surətindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli 03 saylı qərarı ilə X5, İddiaçı2, İddiaçı3, İddiaçı1, X7, İddiaçı4 Sahibəli oğlu, X4, X8, X6 və İddiaçı7 ümumi birgə mülkiyyətinə 8.74 ha kənd təsərrüfatlı təyinatı torpaq sahəsi verilmişdir. Saatlı rayonu Heydərabad kənd bələdiyyəsi tərəfindən təsdiq edilmiş xx.xx.2000-ci il tarixli “izahat”dan görünür ki, İddiaçı3 0.68 ha torpaq sahəsini həmişəlik olaraq Cavabdeh köhnə məzənnə ilə 1.170.000 manata satmışdır. Saatlı rayonu Heydərabad kənd bələdiyyəsi tərəfindən təsdiq edilmiş xx.xx.2000-ci il tarixli “izahat”dan görünür ki, X8 0.68 ha torpaq sahəsini Cavabdeh köhnə məzənnə ilə 400.000 manata satmışdır. X5 və İddiaçı2 adından verilmiş və əsli məhkəməyə təqdim olunmuş “izahat”dan görünür ki, X5 və İddiaçı2 2.0 ha torpaq sahəsini Cavabdeh köhnə məzənnə ilə 1.300.000 manata satmışlar. Saatlı DAİM-in bitkiçilik sektorunun müdiri mütəxəssis X1 rəyindən görünür ki, 2000ci ildən hal-hazıradək olan müddətdə torpaq sahəsində yetişdirilən bitkilər, görülmüş abadlaşdırma işləri və digər tədbirlər barədə məlumatlar olmadığından və 2022-ci ildə həmin torpaq sahəsinə əkilmiş bitkilərin vegetasiya dövrü başa çatdığı üçün gəlir və digər işlərlə bağlı xərcləri müəyyən etmək mümkün olmamışdır. "xxxx" MMC-nin 06 noyabr 2025-ci il tarixli 0027/25 saylı qiymətləndirmə hesabatından görünür ki, Saatlı rayon Heydərabad kəndində yerləşən 8,74 ha torpaq sahəsinin real bazar dəyəri cəmi 61,180 (altmış bir min yüz səksən) manat, Saatlı rayon Heydərabad kəndində yerləşən 8,74 ha torpaq sahəsinin bir sotunun qiyməti təxminən 70 manat təşkil edir. Mübahisəli 4,4209 ha torpaq sahəsinin real bazar dəyəri 442 (dörd yüz qırx iki) sot X 70 (yetmiş) AZN = 30940 (otuz min doqquz yüz qırx) AZN təşkil edir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 4.42 ha hissəsini təxminən 23 il bundan əvvəl torpaq mülkiyyətçiləri ilə razılaşaraq dəyərini ödəməklə birdəfəlik satın almışdır. Həmin vaxt cavabdehlər torpağa mülkiyyət hüququna dair dövlət aktının əslini də ona vermişlər. Bundan bir neçə il sonra isə torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün torpaq mülkiyyətçilərinə onunla birlikdə notariusa getmələrini bildirsə də, torpaq mülkiyyətçiləri notariusa getməkdən yayındıqları üçün 2017-ci ildə torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün məhkəməyə müraciət etmişlər. Saatlı Rayon Məhkəməsinin 24 iyul 2017-ci il tarixli 2(055)-1595/2017 saylı qiyabi qətnaməsi ilə torpaq sahəsinə dair DƏDRX-dən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Hazırda həmin torpaq sahəsindən uzun illərdir ki, heç bir maneə olmadan istifadə edir. Qarşılıqlı iddia ərizəsi üzrə cavabdehlər bu müddət ərzində torpaq sahəsinə dair ona hər hansı etiraz bildirməmiş, heç bir tələb irəli sürməmiş və bu müddət ərzində torpağın alğı-satqısına dair aktı etibarlı əqd kimi qəbul etdiklərini öz davranışları ilə nümayiş etdirmişlər. Bundan əlavə, cavabdehlərlə arasında olan hüquq münasibətləri 2000-ci ildə yaranmışdır. Torpaq sahəsini aldıqdan sonra torpağı münbitləşdirmək üçün külli miqdarda xərc çəkmişdir. Onun adına olan çıxarış iddiaçılar tərəfindən ümumiyyətlə mübahisləndirilməmiş və hazırda qüvvədədir. DƏDRX tərəfindən onun adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edildikdən sonra iddiaçılar hazırkı iddianı qaldıra bilərdirlər. Belə ki, hazırda qüvvədə olan çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsini cavabdehlərə qaytarması qanuni olmamışdır. Bundan başqa qarşılıqlı iddia tələbi ilə bağlı olan torpağın real bazar dəyərini və həmin torpağın abadlaşdırılmasına çəkdiyi xərcləri təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etsə də birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Qarşılıqlı iddia üzrə cavabdehlər hazırda torpağın bazar qiymətini, yəni 15000 manat və həmin torpağın münbitləşdirilməsinə dair xərclədiyi 5000 manat mənləğdə pul vəsaitini ona verərlərsə, torpaq sahəsini boşalda bilər. Cavabdeh nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahat verərək bildirdi ki, qarşılıqlı iddia tələbi tam əhatə etdiyi üçün verilmiş mütəxəssis rəyi ilə razıdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında Vəkil2 izahatı ilə razı olduğunu və əlavələrinin olmadığını bildirdi. İşdə iştirak edən digər şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən işdə iştirak edən digər şəxslərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM)-in 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 443.3-cü maddəsinə əsasən Məcəllədə və ya müqavilədə ayrı qayda yoxdursa, zərər müəyyən edilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. MM-in 452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. MM-in 575.2-ci maddəsinə əsasən satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə, alıcı satıcıya qarşı həmin Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. İşin mübahisəsiz halları kimi məhkəmə tərkibi qeyd edir ki, mübahisəli torpaq sahəsinin alğı-satqısı qanunla müəyyən edilmiş qaydada və formada rəsmiləşdirilməmiş, bununla belə cavabdehdən sözügedən torpaq sahəsinin alğı-satqısı üçün 2000-ci ildə İddiaçı3 1.170.000 manat (AZM); Əliyeva (Məmmədova) Arzu Sahibəli qızı 400.000 manat; X5 və İddiaçı2 1.300.000 manat; 2007-ci ildə isə X7 1.400.000 manat pul vəsaiti alınmış və sonradan torpaq sahəsi iddiaçılara (mülkiyyətçilərə) qaytarılmışdır. Beləliklə, işə əlavə edilmiş yazılı sübutlardan görünür ki, cavabdeh mübahisəli 4.4209 ha torpaq sahəsini satın almaq üçün iddiaçılara 2000-2007-ci illərdə cəmi 4.270.000 manat (AZM) pul ödəmişdir. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, tərəflər arasında alğı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq notariat qaydasında təsdiq olunmadığından, sonradan torpaq sahəsi iddiaçılara (mülkiyyətçilərə) qaytarıldığından iddiaçılar Cavabdeh aldıqları pul vəsaiti hesabına əsassız varlanmışlar. Belə ki, MM-in 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmçinin MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edilməlidir ki, işin apellyasiya baxışı zamanı təyin edilmiş qiymətləndirmə nəticəsində tərtib edilmiş "xxxx" MMC-nin 06 noyabr 2025-ci il tarixli 0027/25 saylı hesabatından görünür ki, Saatlı rayon Heydərabad kəndində yerləşən 8,74 ha torpaq sahəsinin real bazar dəyəri cəmi 61,180 (altmış bir min yüz səksən) manat, 4,4209 ha torpaq sahəsinin real bazar dəyəri isə 30940 (otuz min doqquz yüz qırx) manat təşkil edir. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, "xxxx" MMC-nin 06 noyabr 2025-ci il tarixli 0027/25 saylı qiymətləndirmə hesabatında müəyyən edilmiş məbləğlər irəli sürülmüş 15000 (on beş min) manat məbləğində tələbdən artıqdır. Bu baxımdan, məhkəmə tərkibi Cavabdeh tələbindən kənara çıxmayaraq və qiymətləndirmə rəyinin hazırkı iddia tələbini tam əhatə etdiyini nəzərə alaraq apellyasiya şikayətində göstərilən 15000 manat məbləğində tələbin təmin edilməsini əsaslı hesab edir. Belə ki, MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Habelə Cavabdeh nümayəndəsi Nümayəndə2 və vəkili Vəkil2 məhkəmə iclasında izahat verərək qiymətləndirici rəyi ilə razı olduqlarını bildirmişlər. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvəfiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Mülki Prosessual Məcəllənin 14.2, 88 və 217.4-cü maddələri). MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət prinsipinə istinadən Cavabdeh qarşılıqlı iddiasının qismən – 15000 (on beş min) manat hissədə təmin edilməsi üçün kifayət qədər əsasların olduğu iş materialları ilə təsdiq edilmişdir. Habelə MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan başqa, MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Yuxarıda qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(055)-46/2023 saylı qətnaməsi qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 180 manat, İddiaçı3 234 manat və İddiaçı6 80 manat, cəmi 494 manatın alınıb qarşılıqlı iddiaçı Cavabdeh verilməsi hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi apellyasiya baxışının predmeti olan hissədə təmin edilməli və Torpağın mülkiyyət hüququna dair JN-105 saylı Dövlət Aktına əsasən Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli 3 saylı qərarına əsasən X5, İddiaçı2, İddiaçı3, İddiaçı1, X7, İddiaçı4 Sahibəli oğlu, İddiaçı5, X8, X6 və İddiaçı7 ümumi birgə mülkiyyətinə verilmiş Saatlı rayonu Heydərabad kəndində yerləşən 8.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 4.4209 ha hissəsinin hazırkı real bazar dəyərinə uyğun olaraq 15000 (on beş min) manat məbləğində pul vəsaiti İddiaçı3, Əliyeva (Məmmədova) Arzu Sahibəli qızı, İddiaçı1, İddiaçı2, İddiaçı4 Sahibəli oğlu, İddiaçı5, İddiaçı8 və İddiaçı7 birgə tutularaq Cavabdeh verilməlidir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. "xxxx" MMC-nin 05 noyabr 2025-ci il tarixli 0027/25 saylı qiymətləndirmə rəyinə görə ödənilmiş 600 (altı yüz) manat məbləğində pul vəsaiti İddiaçı3, Əliyeva (Məmmədova) Arzu Sahibəli qızından, X2 vərəsələri olan cavabdehlərdən və İddiaçı2 birgə qaydada tutularaq Cavabdeh ödənilməlidir. Qeyd edilməlidir ki, MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405-ci maddələrini rəhbər tutub QƏTETDİ: Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(055)-46/2023 saylı qətnaməsi qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 180 manat, İddiaçı3 234 manat və İddiaçı6 80 manat, cəmi 494 manatın alınıb qarşılıqlı iddiaçı Cavabdeh verilməsi hissədə ləğv edilsin, həmin hissədə iddia tələbi apellyasiya baxışının predmeti olan hissədə təmin edilsin və Torpağın mülkiyyət hüququna dair JN-105 saylı Dövlət Aktına əsasən Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli 3 saylı qərarına əsasən X5, İddiaçı2, İddiaçı3, İddiaçı1, X7, İddiaçı4 Sahibəli oğlu, İddiaçı5, X8, X6 və İddiaçı7 ümumi birgə mülkiyyətinə verilmiş Saatlı rayonu Heydərabad kəndində yerləşən 8.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 4.4209 ha hissəsinin hazırkı real bazar dəyərinə uyğun olaraq 15000 (on beş min) manat məbləğində pul vəsaiti İddiaçı3, Əliyeva (Məmmədova) Arzu Sahibəli qızı, İddiaçı1, İddiaçı2, İddiaçı4 Sahibəli oğlu, İddiaçı5, İddiaçı8 və İddiaçı7 birgə tutularaq Cavabdeh verilsin. "xxxx" MMC-nin 05 noyabr 2025-ci il tarixli 0027/25 saylı qiymətləndirmə rəyinə görə ödənilmiş 600 (altı yüz) manat məbləğində pul vəsaiti İddiaçı3, Əliyeva (Məmmədova) Arzu Sahibəli qızından, X2 vərəsələri olan cavabdehlərdən və İddiaçı2 birgə tutularaq Cavabdeh ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar