Məhkəmə qərarları › İş №2(106)-182/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-182/2025

21.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-182/2025 21.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əliyev Qasım Vəli oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh Səfalət oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Səfalət oğluna qarşı «Zəbt olunmuş torpaq sahəsindən çıxarılma» tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(053)- 25/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 21 iyul 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 600 m2 torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək ailə üzvlərinin sayının çoxluğu və yaşadıqları evin darısqal olması səbəbindən ona Neftçala şəhərində fərdi yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsinin ayrılması üçün 2007-ci ildə Neftçala Bələdiyyəsinə ərizə ilə müraciət etdiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, müraciətinə Neftçala Bələdiyyəsi tərəfindən baxılmış və həmin Bələdiyyənin 29 noyabr 2007-ci il tarixli, 11 saylı iclas prortokolundan çıxarışa əsasən ona fərdi yaşayış evi tikmək üçün Neftçala şəhərinin M.Ə.Sabir küçəsində yerləşən 600 m2 torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsinin satış qiymətinin 240 manat məbləğində olması müəyyənləşdirilmiş və həmin məbləğ onun tərəfindən Neftçala Bələdiyyəsinə ödənilmişdir. Bundan sonra qeyd etdiyi kimi, Neftçala şəhərinin M.Ə.Sabir küçəsində yerləşən 600 m2 torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi Bələdiyyənin əməkdaşı Şahid tərəfindən ona təqdim edilmişdir. Bundan sonra o, həmin torpaq sahəsinə təxminən 50 maşınadək əlavə torpaq daşıtdırmaqla sahəni hamar və istifadəyə yararlı vəziyyətə gətirmişdir. Yaxın zamanlarda orada inşaat işlərinin aparılması məqsədilə torpaq sahəsinə baş çəkdikdə görmüşdür ki, torpaq sahəsinin bir hissəsi Cavabdeh tərəfindən zəbt edilmiş və həmin sahəyə tikinti materialları yığılmışdır. Cavabdehlə görüşərək ona öz etirazını bildirsə də, bunun müsbət nəticəsi olmamışdır. Bununla bağlı cavabdehlə aralarında mübahisə yaranmışdır. Məsələ ilə bağlı Neftçala Bələdiyyəsinə də şifahi müraciət etmişdir. Müraciətinə cavab olaraq ona mübahisə ilə əlaqədar Neftçala Rayon Məhkəməsinə müraciət etməli olduğunu bildirmişlər. Hesab edir ki, qanunla qorunan mülkiyyət hüququ cavabdeh tərəfindən pozulmuşdur. Cavabdeh bir ildən çoxdur ki, ona mənəvi təsir göstərir. Torpağı zəbt olunub. Cavabdeh tərəfindən təzyiqə məruz qalıb. Ekspertizanın rəyi ilə razı deyil. Çünki o, bələdiyyə tərəfindən torpaq almışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, Şahid qismində dindirilməsini xahiş edir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamını cavabdeh qismində dindirilmiş Cavabdeh Səfalət oğlu iddianı qəbul etməyərək, İddiaçı Xəvair oğlu ilə heç bir qərəzliliyinin olmadığını, sadəcə həmin sözügedən torpaq sahəsinin Xeybər adlı şəxsə məxsus olduğunu bildirmişdir. Qeyd edir ki, həmin torpaq sahəsi ilə bağlı Xeybərin rəsmi sənədləri vardır. Həmçinin bildirir ki, Xeybərlə öz aralarında bu torpaq sahəsi ilə bağlı şifahi razılıq əsasında alq-satqı etmişlər. Onda həmin torpaq sahəsinə aid rəsmi sənədlər yoxdur. Növbəti məhkəmə iclasında torpağa aid sənədlərin əslini məhkəmədə sübut kimi təqdim edəcəkdir. O, Xeybər adlı şəxsin məhkəmə iclasına dəvət olunmasını xahiş edtməklə yanaşı göstərilənlərin nəzərə alınaraq iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh Səfalət oğlu gəlməmiş, məhkəməyə göndərdiyi ərizə və teleqramda məhkəmənin 09 və 11 iyul 2024-cü il tarixləri üzrə təyin olunmuş iclaslarında işi ilə əlaqədar iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə növbəti məhkəmə baxışı iclaslarında işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşin 09 iyul 2024-cü il tarixli məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, o, özünə torpaq alarkən İddiaçı ilə birlikdə eyni vaxtda almışdır. Bir dəfə ora gələndə Emin adlı şəxs demişdir ki, “gəl sənin üçün sənəd düzəldək”. Orada sonradan bələdiyyə işçisi kimi tanıdığı Emin demişdir ki, Vüqar adlı şəxs onun torpağını zəbt edib. Qeyd edir ki, Fədai həkimin orada evi yoxdur. Onun qonşuluğunda ev tikilmişdir. İşin 11 iyul 2024-cü il tarixli məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, Cavabdeh Səfalət oğlu ilə aralarında torpaq mübahisəsi vardır. Onun da torpağını Cavabdeh zəbt edib. Onun özünə aid torpaq sahəsi artıq sənədləşdirmə mərhələsindədir. Cavabdeh onun ona aid torpaq sahəsinə torpaq töküb orada özbaşına işlər görmüşdür. Vüqara bir dəfə bildirmişdir ki, 3.000 manata torpağı istəyirsə götürsün. O, razılaşmadı. O, əlində sənəd olmadan onun torpağına sahiblənmək istəyir. Üç, dörd gün bundan əvvəl Vüqar ona zəng edib bildirmişdir ki, məhkəmədə de ki, torpaq onundur. Onunla işləri olmasın. Mübahisə edilən torpaq sahəsinin yerini bilir. İşin 11 iyul 2024-cü il tarixli məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək bildirmişdir ki, həmin ərazidə İddiaçı iki yeri var. Şimal hissədə iki yer, cənub hissədə bir yer olmuşdur. X5 qonşuluğunda İddiaçı yer götürmüşdür. İddiaçı orada 6 ha torpaq sahəsi vardır. İddiaçı həyətinin üzərindən elektrik naqilləri keçir. Həmin 6 ha torpaq sahəsinin harada yerləşdiyini bilir. Vüqar adlı şəxsə yer verməmişlər. İddiaçı aid torpaq sahəsinə daşı Vüqar tökmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Neftçala Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(053)-25/2024 saylı qətnaməsi ilə (hakim Samir Quliyev) İddiaçı Cavabdeh Səfalət oğluna qarşı «Zəbt olunmuş torpaq sahəsindən çıxarılma» tələbinə dair iddiası rədd edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq dövlət nəfinə keçirilməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, şikayətində qeyd etmişdir ki, bələdiyyənin hesabına pul köçürməklə 600 kv.m torpraq sahəsi bələdiyyənin qərarı əsasında ona ayrılmış və hazırda həmin qərar qüvvədədir, ləğv olunmamışdır. O, mülkiyyətindən məhrum olunmuş, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması göstərilmişdir, halbuki, məhkəməyə alğı-satqı müqaviləsi təqdim olunmuşdur. Onun mülkiyyət hüququ vardır və hazırda cavabdeh mülkiyyətini pozur. Ekspert rəyidə qanunsuzdur, torpaq sahəsi bələdiyyə mülkiyyəti əvvəllər olmuş, onun tərəfindən alındıqdan sonra mülkiyyətinə keçmişdir, artıq 20 ilə yaxındır ki, həmin torpaq iddiaçının istifadəmdədir, lakin məhkəmə həmin halları nəzərə almamışdır. Odur ki, məhkəmə kollegiyasından Neftçala Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(053)-25/2024 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı apellyasiya icraatı zamanı verdiyi izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək, Neftçala Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(053)- 25/2024 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh Səfalət oğlu apellyasiya icraatı zamanı verdiyi izahatında iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Neftçala Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(053)-25/2024 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Neftçala Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(053)-25/2024 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Salyan Rayon Məhkəməsinin 2(057)-97/2024 saylı, 22 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. İddiaçının təqdim etdiyi sənədlərin surətlərindən görünür ki, mübahisələndirdiyi torpaq sahəsi Neftçala Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 saylı iclas protokolundan çıxarışla fərdi yaşayış evinin tikintisi məqsədilə onun adına rəsmiləşdirilmişdir. İş materiallarında olan 30 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2804 nömrəli Məhkəmə tikinti-texniki ekspetizasının rəyinin nəticə hissəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin X2 mühəndisi İbrahim Cahangirovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunmuşdir: Qərardadın birinci sualı üzrə “Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 600 m2 torpaq sahəsi Neftçala bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində yerləşir, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir, uqodiyası örüşdür. Qərardadın ikinci sualı üzrə İddiaçı mübahisələndirdiyi torpaq sahəsi ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin üst-üstə düşmə halı mövcud deyil. Qərardadın üçüncü sualı üzrə Üçüncü sualı cavablandırmaq 13 saylı Şirvan Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyil. Qərardadın dördüncü sualı üzrə Cavabdeh Səfalət oğlunun zəbt olunduğu iddia edilən 600 kv.m torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi mövcud olmadığı müəyyən edilmişdir. Qərardadın beşinci sualı üzrə İddiaçı mübahisələndirdiyi 600 kv.m torpaq sahəsi Neftçala Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11 saylı iclas protokolundan Çıxarışla fərdi yaşayış evinin tikintisi məqsədilə iddiaçının xüsusi mülkiyyətinə verilmişdir”. Qərardadın altıncı sualı üzrə Mübahisəli torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları naturada müəyyən edilmiş və plan tərtib edilərək mütəxəssiz rəyinə əlavə olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəliləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İddiaçı iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164,165, 157-ci maddələri təşkil etdiyini göstərir. İddiaçı iddiasının mahiyyətindən və apelyasiya şikayətinin dəlillərindən müəyyən edilir ki, o, iddia edir ki, Neftçala şəhərində fərdi yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsinin ayrılması üçün 2007-ci ildə Neftçala Bələdiyyəsinə ərizə ilə müraciət etdiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, müraciətinə Neftçala Bələdiyyəsi tərəfindən baxılmış və həmin Bələdiyyənin 29 noyabr 2007-ci il tarixli, 11 saylı iclas prortokolundan çıxarışa əsasən ona fərdi yaşayış evi tikmək üçün Neftçala şəhərinin M.Ə.Sabir küçəsində yerləşən 600 m2 torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsinin satış qiymətinin 240 manat məbləğində olması müəyyənləşdirilmiş və həmin məbləğ onun tərəfindən Neftçala Bələdiyyəsinə ödənilmişdir. Bundan sonra qeyd etdiyi kimi, Neftçala şəhərinin M.Ə.Sabir küçəsində yerləşən 600 m2 torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi Bələdiyyənin əməkdaşı Şahid tərəfindən ona təqdim edilmişdir. Bundan sonra o, həmin torpaq sahəsinə təxminən 50 maşınadək əlavə torpaq daşıtdırmaqla sahəni hamar və istifadəyə yararlı vəziyyətə gətirmişdir. Yaxın zamanlarda orada inşaat işlərinin aparılması məqsədilə torpaq sahəsinə baş çəkdikdə görmüşdür ki, torpaq sahəsinin bir hissəsi Cavabdeh tərəfindən zəbt edilmiş və həmin sahəyə tikinti materialları yığılmışdır. Cavabdehlə görüşərək ona öz etirazını bildirsə də, bunun müsbət nəticəsi olmamışdır. Bununla bağlı cavabdehlə aralarında mübahisə yaranmışdır. Məsələ ilə bağlı Neftçala Bələdiyyəsinə də şifahi müraciət etmişdir. Müraciətinə cavab olaraq ona mübahisə ilə əlaqədar Neftçala Rayon Məhkəməsinə müraciət etməli olduğunu bildirmişlər. Cavabdeh Səfalət oğlunun iddia tələbinə etirazından müəyyən edilir ki, o, İddiaçı Xəvair oğlu ilə heç bir qərəzliliyinin olmadığını, sadəcə həmin sözügedən torpaq sahəsinin Xeybər adlı şəxsə məxsus olduğunu bildirmişdir. Qeyd edir ki, həmin torpaq sahəsi ilə bağlı Xeybərin rəsmi sənədləri vardır. Həmçinin bildirir ki, Xeybərlə öz aralarında bu torpaq sahəsi ilə bağlı şifahi razılıq əsasında alq-satqı etmişlər. Onda həmin torpaq sahəsinə aid rəsmi sənədlər yoxdur. Növbəti məhkəmə iclasında torpağa aid sənədlərin əslini məhkəmədə sübut kimi təqdim edəcəkdir. O, Xeybər adlı şəxsin məhkəmə iclasına dəvət olunmasını xahiş edtməklə yanaşı göstərilənlərin nəzərə alınaraq iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Apelyasiya icraatı məhkəmə mühəndis-texniki və məhkəmə torpaqşünaslıq ekspertizası keçirilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 04 iyun 2025-ci il tarixli, 10/3332 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Neftçala Rayon Bələdiyyənin 29 noyabr 2007-ci il tarixli, 11 saylı iclas prortokolundan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 600 kv.m torpaq sahəsinin naturada sərhədlərini hüquqmüəyyənedici sənədlərində olan “Yerqurulu Planı”na əsasən təyin etmək mümkün olmamışdır. Belə ki, planda göstərilən torpaq sahəsinin cizgiləri ilə iddiaçının naturada iddia etdiyi mübahisəli torpaq sahəsinin yerləşmə mövqeyi arasında uyğunsuzluqların mövcud olduğu müəyyən edilmişdir. İddiaçının naturada iddia etdiyi 600 kv.m torpaq sahəsinin naturada koordinatları müəyyən edilmişdir. Cavabdeh Səfalət oğlunun istifadəsində olan torpaq sahəsinin sərhəddinin koordinatları müəyyən edilmişdir. İddiaçı naturada iddia etdiyi mübahisəli 600 kv.m torpaq sahəsinin sərhəddinin Cavabdeh Səfalət oğlunun istifadəsində olan 0.295 ha torpaq sahəsinin 0.029 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Qeyd: İddiaçı Neftçala Rayon Bələdiyyənin 29 noyabr 2007-ci il tarixli, 11 saylı iclas prortokolundan çıxarışla onun xüsusi mülkiyyətinə verilmiş 600 kv.m həyətyanı torpaq sahəsinin sənədə əsasən naturada sərhədlərini təyin etmək üçün Neftçala Bələdiyyəsi həmin torpaq sahəsinə əsas döngə nöqtələrinin koordinatlarını göstərməklə “Yerquruluşu planı” tərtib edilməlidir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi MM-in 164.1-ci maddəsi ilə bağlı aşağıdakıları qeyd edir. Əvvəla qeyd olunan bu norma sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmanın qadağan edilmiş özbaşınalıq sayıldığını nəzərdə tutur və bundan sonrakı maddələr sahibliyin müdafiəsinə dair qaydaları tənzimləyir. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Başqa sözlə, sahiblik bir əşya üzərində əməli (faktiki) hakimiyyəti iradəvi olaraq ələ keçirmiş və bunu itirməmiş olmaqdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır. Sahibliyin verilməsi isə digər şəxsin əşya üzərində faktiki hakimiyyətinin təmin edilməsi, yəni əşyanın onun birbaşa - vasitəsiz sahibliyinə verilməsi və ya əşyaya vasitəli sahibliyinin təmin edilməsi ilə mümkün olur. Beləliklə, sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün iddiaçının əşyanın (ilkin qazanma və ya sahibliyin verilməsi nəticəsində) sahibi olması və bu vəziyyətin cavabdeh tərəfindən özbaşınalıqla pozulması müəyyən edilməlidir. Hazırkı işin hallarından görünür ki, işə baxan birinci instansiya məhkəməsi iddiaçının mübahisəli torpaq sahəsinin sahibi olmasını, başqa sözlə həmin əşyanın onun sahibliyinə verilməsini müəyyən etməmiş, hətta iddiaçının özü ərizəsində göstərmişdir ki, həmin torpaq sahəsi Bələdiyyənin əməkdaşı Şahid tərəfindən ona təqdim edilmişdir. Bundan sonra o, həmin torpaq sahəsinə təxminən 50 maşınadək əlavə torpaq daşıtdırmaqla sahəni hamar və istifadəyə yararlı vəziyyətə gətirmiş, lakin İddiaçı Neftçala Rayon Bələdiyyənin 29 noyabr 2007-ci il tarixli, 11 saylı iclas prortokolundan çıxarışla onun xüsusi mülkiyyətinə verilmiş 600 kv.m həyətyanı torpaq sahəsinin sənədə əsasən naturada sərhədlərini təyin etmək üçün Neftçala Bələdiyyəsi həmin torpaq sahəsinə əsas döngə nöqtələrinin koordinatlarını göstərməklə “Yerquruluşu planı” tərtib edilməmiş və Neftçala Bələdiyyəsi torpaq sahəsinin ona verilməsini təmin etməmişdir. İkincisi qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, mövcud vəziyyətdə iddianın sahibliyin müdafiəsinə dair normalar çərçivəsində təmin edilməsi lazımi şəkildə əsaslandırılmamışdır. MM-in 157.2 və 157.4-cü maddələri isə öz əşyasından məhrum olan və ya məhrumetmə olmadan qəsdə məruz qalan mülkiyyətçinin hüquqlarının qorunması ilə bağlı vindikasiya və neqator iddiaları nəzərdə tutur. Vindikasiya və ya neqator tələbin təmin olunması üçün iddiaçı əşyanın mülkiyyətçisi, cavabdeh isə əşyanın sahibi olmalı, yaxud onun tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməli, habelə cavabdehin sahibliyi və ya müdaxiləsi qanunsuz olmalıdır. Bu normalara söykənən tələbin haqlı sayılması üçün həmin ünsürlərin hər biri müəyyən edilməlidir. Başqa sözlə, iddiaçının bildirdiyi hallar (və işin müəyyən edilən halları) göstərilən dispozisiya şərtləri ilə uzlaşdıqda iddia əsaslı sayıla və təmin edilə bilər. Onlardan biri aşkar olunmadıqda sonrakı ünsürlərin araşdırılmasına gərək qalmadan həmin normaya söykənən iddia rədd olunmalıdır. Hazırkı işə mahiyyəti üzrə baxmış Neftçala Rayon Məhkəməsi bu qaydada hüquqi dəyərləndirmə aparmış, normanın birinci dispozisiya şərtini - iddiaçının mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olduğunu müəyyən etmişdir. Belə olan halda, həmin normaların müstəqil əsas kimi işə tətbiq edilməsi qanuni olmuşdur. Bununla belə sözügedən normaların tətbiqinin MM-in 157.8-ci maddəsi ilə əlaqəli şəkildə nəzərdən keçirilməsi mümkündür. Bu maddəyə əsasən, mülkiyyət hüququnun müdafiəsinə dair hüquqlar mülkiyyətçi olmasa belə, əşyaya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid təcrübə yaradan qərarlarında qeyd olunmuşdur ki, bu normalarda müqavilədən irəli gələn tələb hüquqları (şəxsi hüquqlar) deyil, məhdud əşya hüquqlarından (məsələn servitut, uzufrukt, girov və s.) irəli gələn sahiblik və istifadə nəzərdə tutulmuşdur. Əmlak hüquqlarının iki ayrı növü olan əşya və tələb hüquqları isə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Əşya hüquqları, başqa bir şəxsin vasitəçiliyinə gərək duyulmadan, müəyyən bir əşya üzərində birbaşa hakimiyyət təmin edən və hər kəsə qarşı irəli sürülə bilən (məsələn, mülkiyyət hüququ, servitut, ipoteka və s.) hüquqlardır. Bu səbəbdən əşya hüquqları mütləq hüquqlar sayılır. Tələb hüquqları isə sahibinə borcludan hər hansı bir hərəkəti yerinə yetirməyi tələb etmək imkanı verir. Hətta kreditorun tələb hüququnun predmeti bir əşya olduqda belə vəziyyət dəyişmir (məsələn, alqı-satqı müqaviləsi üzrə alıcının əşyanın onun mülkiyyətinə verilməsini satıcıdan tələb etmək hüququ – MM, m.567; kirayə müqaviləsi üzrə kirayəçinin əşyanın onun istifadəsinə verilməsini kirayəyə verəndən tələb etmək hüququ – MM, m. 675). Bu tələblər üzrə hərəkəti yerinə yetirmək öhdəliyi yalnız borcluya aiddir, digər şəxslərə aidiyyəti yoxdur. Ona görə də kreditor müqavilədən irəli gələn tələb hüququnu müqavilənin tərəfi olmayan üçüncü şəxslərə qarşı irəli sürə bilməz. Bu xüsusiyyətlərinə görə tələb hüquqları nisbi hüquqlar sayılır. Beləliklə, tələb hüququ öhdəlik münasibətlərində kreditorun borcludan bir hərəkəti yerinə yetirməsini tələb etmək səlahiyyətini özündə ehtiva edirsə, əşya hüququnun özü əşya üzərində birbaşa hakimiyyət təmin edir və hər kəs bu hüququ pozmamaq öhdəliyi daşıyır. Əşya hüququ mövcud və müəyyən bir əşya üzərində qurula biləcəyi halda, mövcud olmayan və gələcəkdə orataya çıxa biləcək bir əşya (məsələn, podratda hər hansı məmulatın hazırlanması) tələb hüququnun predmeti ola bilər. Qanunverici, MM-in 157.8-ci maddəsində məhz məhdud əşya hüquqlarını (servitut, tikintiyə vərəsəlik hüququ və s.) tam əşya hüququ olan mülkiyyət hüququ ilə eyni səviyyədə qoruma altına almışdır. Bununla da, məhdud əşya hüququna sahib olan şəxs, MM-in 157-ci maddəsinə istinad etməklə öz hüququnu hər kəsə qarşı qoruya bilər. Normanın bu cür təfsirinə və tətbiqinə dair qənaət ondan irəli gəlir ki, əvvəla, sözügedən müddəa Mülki Məcəllənin “Əmlak və Əşya hüququ” bölməsində yer alan “Mülkiyyət hüququnun ümumi müddəaları” adlı 6-cı fəslindəki “Mülkiyyətin müdafiəsi”nə dair 157-ci maddənin tərkibində nəzərdə tutulmuşdur. Yəni, məsələyə normaların sistematik təfsiri baxımından yanaşdıqda Məcəllənin Xüsusi Hissəsində tənzimlənən tələb hüquqlarına (7-ci bölmədəki müqavilədən əmələ gələn öhdəliklərə) aid bir qaydanın tam əşya hüququ sayılan mülkiyyət hüququna aid fəsildə və normada yer alması ağlabatan deyil. Bundan əlavə, mülkiyyət hüququnun müdafiəsinə dair qaydaların müqavilədən irəli gələn tələb hüquqlarına da şamil edilməsi, bu hüquqları eyniləşdirmək anlamına gəlir. Halbuki, yuxarıda göstərilən əlamətləri baxımından mahiyyətcə fərqli olan həmin hüquqlara (əşya və tələb hüquqlarına) eyni yanaşma sərgilənə bilməz. Əks halda, bu hüquqlar arasındakı fərqləndirmənin bir mənası qalmazdı. Hazırkı işdə cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb edən iddiaçının hər hansı məhdud əşya hüququna malik olması müəyyən edilməmişdir. Belə olan halda, iddianın MM-in 157.8-ci maddəsi ilə təmin edilməsi qanuni və əsaslı yanaşma sayıla bilməz. İşin müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçının tələbi Neftçala Rayon Bələdiyyənin 29 noyabr 2007-ci il tarixli, 11 saylı iclas prortokolundan çıxarışa əsasların və həmin çıxarışla İddiaçı mülkiyyətində olan 600 kv.m torpaq sahəsinin əsaslanır. Eyni zamanda Bələdiyyə tərəfindən torpaq sahəsi iddiaçıya naturada təhvil verilməmişdir. (məhz bu səbədən də ekspert verdiyi rəyində “Qeyd: İddiaçı Neftçala Rayon Bələdiyyənin 29 noyabr 2007-ci il tarixli, 11 saylı iclas prortokolundan çıxarışla onun xüsusi mülkiyyətinə verilmiş 600 kv.m həyətyanı torpaq sahəsinin sənədə əsasən naturada sərhədlərini təyin etmək üçün Neftçala Bələdiyyəsi həmin torpaq sahəsinə əsas döngə nöqtələrinin koordinatlarını göstərməklə “Yerquruluşu planı” tərtib edilməlidir.” Mövqeyini sərgiləmişdir. Beləliklə, iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüququ həmin müqavilədən irəli gələn tələb hüququdur. Bu hüquq üçüncü şəxslərə qarşı deyil, müqavilə tərəfinə qarşı irəli sürülə bilər. Hazırkı işdə iddia müqavilənin tərəfi (icarəyə verən) Neftçala Rayon Bələdiyyəsinə qarşı deyil, üçüncü şəxslər olan cavabdehə qarşı qaldırılmışdır. Belə ki, Neftçala şəhərinin inzibati ərazisində, M.Ə.Sabir küçəsində yerləşən 600 m2 torpaq sahəsinə münasibətdə dövlət tərəfindən tanınan hüququ sənədi Neftçala Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 saylı iclas protokolundan çıxarışdır. Həmin torpaq sahəsi Neftçala Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində yerləşir, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh Səfalət oğlunun zəbt olunduğu iddia edilən 600 kv.m torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi mövcud deyil. İddiaçı mübahisələndirdiyi 600 kv.m torpaq sahəsi Neftçala Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli ,11 saylı iclas protokolundan Çıxarışla fərdi yaşayış evinin tikintisi məqsədilə iddiaçının xüsusi mülkiyyətinə verilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hər hansı məhdud əşya hüququna malik olması müəyyən edilmədiyindən, həmçinin iddiaçının tələbinin Neftçala Rayon Bələdiyyəsinə ilə bağladığı müqaviləsinə əsaslanıb üçüncü şəxslərə qarşı deyil, müqavilə tərəfinə qarşı irəli sürülə bildiyindən hazırkı vəziyyətdə iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası yekun olaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. İddiaçının apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Neftçala Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(053)-25/2024 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(053)-25/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pul İddiaçı alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar