Məhkəmə qərarları › İş №2(106)-1821/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1821/2024

21.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1821/2024 21.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X1 və iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil2, Cavabdeh2 (eyni zamanda Cavabdeh1 nümayəndəsi), Cavabdeh1 və onun nümayəndəsi Vəkil1 iştirakları ilə, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1469/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 qarşı evə köçürülmə və həmin evdən istifadə hüququ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan uşaqları 02 iyun 2007-ci il təvəllüdlü X5, 11 fevral 2009-cu il təvəllüdlü X4 ilə birlikdə Cavabdeh1 yaşadığı Cəlilabad rayonunun Maşlıq kəndində 0.60 ha torpaq sahəsində yerləşən iki mərtəbəli evə köçürülmələrinə və həmin evdən istifadə etmələrinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1469/2023 saylı qərardadı ilə Cavabdeh2 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 2006-cı il tarixdə faktiki evlənmişlər, nikahlarını isə 15 yanvar 2008-cı il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 02 iyun 2007-ci il təvəllüdlü Səma və 11 fevral 2009-cu il təvəllüdlü Aydın adlı uşaqları doğulmuşdur. Aralarında yaranmış mübahisələrə görə cavabdehlə ayrılmışlar və hazırda azyaşlı uşaqları ilə birlikdə başqa ünvanda yaşayır. Ailə quran zaman Cavabdeh2 Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və 2012-ci ilədək həmin evdə yaşamışdır. 2011-2012-ci illər ərzində, yəni Cavabdeh1 ilə birgə nikah dövründə olarkən Cavabdeh1 məxsus Cəlilabad rayonu Maşlıq kəndində 0.60 ha torpaq sahəsində öz vəsaitləri hesabına iki mərtəbəli fərdi yaşayış evi inşa etdirmişlər və köçüb həmin evdə yaşamağa başlamışlar. Həmin evə işıq, su və qaz xətti çəkilmiş və Cavabdeh1 adına qeydiyyata alınmışdır. 25 noyabr 2022-ci il tarixdə Cavabdeh1 onu (iddiaçını) aldadaraq iki azyaşlı uşağı ilə birlikdə valideynlərinə (iddiaçının) məxsus evə gətirmiş, inşa etdirdikləri evin qapılarının qıfıllarını dəyişmiş, onu (iddiaçını) əzab-əziyyətlə tikdiyi evdə uşaqları ilə birgə yaşamağa qoymamışdır. Öz tikdiyi evə getmək və orada yaşamaq üçün Cavabdeh1 ilə dəfələrlə əlaqə saxlamağa çalışmış, lakin cavabdeh onu (iddiaçını) evə buraxmamışdır. Cavabdeh nikahın pozulmasına dair Cəlilabad Rayon Məhkəməsində iddia qaldırmış və həmin məhkəmənin 2 (073)-443/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Ona məxsus cehiz əmlakı və qızıl-zinət əşyaları, həmçinin uşağına məxsus qızıl qolbağı təzə inşa etdirdikləri evdə qalmışdır. Cavabdeh mübahisəli evə qaytmağına və uşaqları ilə birlikdə həmin evdə yaşamağına imkan vermədiyinə görə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1469/2023 saylı qətnaməsi ilə (hakim Q.Paşayev) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı ilə Cavabdeh1 2006-cı il tarixdə faktiki evlənmişlər, nikahlarını isə 15 yanvar 2008-cı il tarixdə rəsmiləşdirmişlər. Ailə quran zaman İddiaçı Cavabdeh2 mülkiyyətində olan Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən 0.1803 ha torpaq sahəsində inşa etdirilmiş 138.2 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə gəlin köçmüşdür. Aralarında yaranmış narazılıqlara görə Cavabdeh1 ilə İddiaçı ayrılmışlar və Cəlilabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. İddiaçının uşaqları ilə birlikdə köçürülməsini və istifadə hüququnun tanınmasını tələb etdiyi fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətində olan Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən 0.5919 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşir və həmin tikili özbaşına tikilidir. İddiaçı həmin fərdi yaşayış evində yaşasa da, sonradan Cavabdeh1lə aralarında olan narazılıqlara görə həmin evdən çıxmışdır. Hazırda iddiaçı yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə həmin evə köçmək və istifadə hüququnun tanınmasını istəyir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Hazırkı iş üzrə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olduğu, heç bir hüquq müəyyənedici sənədi olmadığı və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən mülki dövriyyənin predmeti olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci, Mənzil Məcəlləsinin 16-cı maddələrinə və AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu cür tikililər yaşayış sahəsi hesab edilmədiyindən həmin tikiliyə köçürülmə tələbi də təmin oluna bilməz. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139,146 və 180-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməli, apellyasiya şikayətinin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, iş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Ev yaşayış sahəsidir. Zorla qovulana qədər iddiaçı həmin evdə yaşamış və iddiaçının əşyalarıda hazırda həmin evdədir. Göründüyü kimi mübahisə predmeti olan tikili yaşayış üçün nəzərdə tutulmuş tələblərə tam olaraq cavab verir. Eyni zamanda həmin evin komunal xətləri ( elektrik,qaz və digər) mövcuddur. Cəlilabad rayon məhkəməsi iddiacının həmin evdə 17 ildən artıq müddətdir ki, yaşamasını, evin birgə nigah dövründə birgə vəsait hesabına inşa edilməsini, həmin evin faktiki olaraq cavabdehin istifadəsində olmasını nəzərə almamışdır. Ona görə də, o, məhkəmə kollegiyasından Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(073)-1469/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, mübahisəli evdə 2012-2023-cü illərdə yaşamışdır. Evin birgə nikah dövründə birgə vəsaitləri hesabına tikildiyini təsdiq edən şahidləri var. Keçmiş yoldaşı Şahinlə həmin evə köçməzdən əvvəl orada ev olmamışdır. Həmin evi özləri tikmişlər. Özü heç bir yerdə işləmir. 0,30 ha pay torpaq sahələri olmuş, həmin torpaq sahəsini əkib becərmiş, qazanc əldə etmiş və mübahisəli evin tikintisinə əsaslı vəsait qoymuşdur. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1469/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, iddiaçının qardaşıdır. Bacısı ailə həyatı qurduqdan sonra ilk olaraq qayınatasının evinə gəlin köçmüşdür. Bir müddət sonra yoldaşı ilə mübahisəli fərdi yaşayış evini tikərək ora köçmüşlər. Evin tikintisində şəxsən özü də, həmçinin iddiaçının qayınatasının gətirdiyi fəhlələr də iştirak etmişdir. Mübahisəli fərdi yaşayış evi Cavabdeh2 torpaq sahəsində tikilmiş olsa da, iddiaçı və Cavabdeh1 üçün tikilmişdir. Qeyd edir ki, 1996-1998-ci illərdə Aqrar islahat zamanı ailəsinə torpaq sahəsi verilmişdir. Ailəsinin paylı mülkiyyətində olan torpaq sahəsinin 0.30 ha hissəsini bacısı üçün ayırmışdır. Mübahisəli fərdi yaşayış evi Cavabdeh2 torpaq sahəsində tikildiyi üçün İddiaçı mülkiyyətində olan 0,30 ha torpaq sahəsi əvəz olaraq Cavabdeh2 istifadəsinə verilmiş və o da həmin torpaq sahəsini özü üçün əkib beçərmişdir. Bacısı qanunsuz şəkildə yaşadığı evdən 2 uşağı ilə birlikdə qovulmuşdur. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 izahat verərək bildirmişdir ki, iddiaçı evdən zorla çıxarılanadək, 2012-ci ildən 2023-cü ilədək həmin evdə yaşamışdır. Bu gün də ona məxsus əşyalar həmin evdədir. Ev rəsmi qeydiyyata alınmasa da, kommunallar cavabdehin adınadır. Bu fakt da onu təsdiq edir ki, onlar həmin evdə yaşamışlar. Ev tərəflərin birgə vəsaiti hesabına tikilmişdir. İddiaçının evdən istifadə hüququ var və oradan çıxarılması qanunsuzdur. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1469/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirmişdir ki, mübahisəli fərdi yaşayış evinin tikintisini şəxsə özü həyata keçirmişdir. Bunu orada işləyən ustalar da təsdiq edə bilər. İddiaçı gəlin gələrkən ilk olaraq onun birinci evinə köçmüşdür. Öz evi yarasız vəziyyətdə olmuş və çiy kərpicdən tikilmişdi. Özü üçün ona məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yaşamağa yeni bir ev tikməyə başlamış, sonra isə həmin evi oğluna yaşamaq üçün vermişdir. Həmin evin tikintisində iddiaçının heç bir vəsaiti olmamışdır. Oğlu Şahin İİ qrup əlildir. Heç yerdə işləməmişdir. Əvvəllər təsərrüfatla məşğul olmuş, lakin o, evin tikintisində iştirak etməmişdir. İddiaçı oğluna xəyanət etmişdir. Ona görə də, onun həmin evə köçürülməsinə razı deyil. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, mübahisəli fərdi yaşayış evini atası özü üçün tikmiş, sonra yaşamağa onlara vermişdir. O özü evin tikintisinə heç bir vəsait qoymamışdır. Heç bir yerdə işləməmişdir. Aylıq 220 manat məbləğində pensiya alır. Öz təsərrüfatı olmuş və aylıq 500 manata yaxın qazanc da oradan əldə etmişdir. İddiaçı mülkiyyətində olan 0,30 ha torpaq sahəsi əvəz olaraq atası Cavabdeh2 istifadəsinə verilmiş və o da həmin torpaq sahəsini əkib beçərmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil1 izahat verərək bildirmişdir ki, apellyasiya şikayəti tamamilə əsassızdır. İddiaçının tələbi Mülki Məcəlləninin 228-ci maddəsinin tələblərinə ziddir. Belə ki, onun həmin evdən istifadə hüququnun yaranması üçün belə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması lazım idi. Torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və orada yerləşən evin qeydiyyatı yoxdur. Torpaq sahəsi cavabdeh Əyarın pay torpağıdır və o, həmin torpaq sahəsində özü üçün həmin evi tikmiş, dah sonra evi oğluna yaşamağa vermişdir. İddiaçının ailə qurarkən bu evə yox, Əyarın birinci evinə gəlin köçmüşdür. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1469/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Həmin qanunun 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə kollegiyası qeyd edilə maddi hüquq normasını müqayisəli təhlil edərək qeyd edir ki, iddiaçının bir övladı azyaşlı olmaqla onların yaşayış yeri valideynlərinin yaşayış yeri onların yaşayış yeri sayılır. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsində göstərilir ki, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reystrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152-ci maddəsinə əsasən, sahiblik, istifadə və sərəncam hüququ mülkiyyət hüqqunun məzmununu təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1469/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də, məhkəmə tərkibi Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1469/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas olsa da, iddia tələbinin tam təmin edilməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, maddi hüquq normalarını düzgün təfsir etməmiş, eyni zamanda iddia tələbinin mübahisəli evə istifadə hüququnun tanınması hissəsinə münasibət bildirməmiş və iddia tələbini tam rədd etmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1469/2023 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, işin halları barədə məhkəmənin nəticələrinin əsaslandırıldığı sübutlar, məhkəmənin bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlillər və rəhbər tutduğu qanunlar göstərilməklə hüquqi cəhətdən əsaslandırılmalıdır. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Qətnamənin əsaslandırıcı hissəsində, məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad edilən qanunun adı, maddəsi, bəndi, hissəsi dəqiq göstərilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə qismən razılaşsa da bu, iddianın tam təmin edilməsi üçün əsas deyildir. Məhkəmə tərkibinin qənaətinə əsasən apelyasiya şikayəti və iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. İşdən görünür ki, iddiaçının cavabdehə qarşı iddia tələbi iki hissədən ibarətdir: mübahisəli tikiliyə istifadə hüququnun tanınması və evə köçürülmə. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olduğu, heç bir hüquq müəyyənedici sənədi olmadığı və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən mülki dövriyyənin predmeti olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci, Mənzil Məcəlləsinin 16-cı maddələrinə və AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu cür tikililər yaşayış sahəsi hesab edilmədiyindən həmin tikiliyə köçürülmə tələbi də təmin oluna bilməz. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. İşin apellyasiya baxışı iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 2006-cı il tarixdə faktiki evlənmişlər, nikahlarını isə 15 yanvar 2008-cı il tarixdə rəsmiləşdirmişlər. Ailə quran zaman İddiaçı Cavabdeh2 mülkiyyətində olan Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən 0.1803 ha torpaq sahəsində inşa etdirilmiş 138.2 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə gəlin köçmüşdür. Daha sonra 2012-ci ildən isə Cəlilabad rayonu Maşlıq kəndində 0.60 ha torpaq sahəsində tikilən iki mərtəbəli fərdi yaşayış evinə köçüb həmin evdə yaşamağa başlamışlar. 25 noyabr 2022-ci il tarixdə Cavabdeh1 onu və iki azyaşlı uşağı ilə birlikdə valideynlərinə (iddiaçının) məxsus evə gətirmiş, onu həmin evdə uşaqları ilə birgə yaşamağa qoymamışdır. Aralarında yaranmış narazılıqlara görə Cavabdeh1 ilə İddiaçı ayrılmışlar və Cəlilabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. İddiaçının uşaqları ilə birlikdə köçürülməsini və istifadə hüququnun tanınmasını tələb etdiyi fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətində olan Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən 0.5919 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşir və həmin tikili özbaşına tikilidir. İddiaçı həmin fərdi yaşayış evində yaşasa da, sonradan Cavabdeh1lə aralarında olan narazılıqlara görə həmin evdən çıxarılmışdır. Hazırda iddiaçı yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə həmin evə köçmək və istifadə hüququnun tanınmasını istəyir. Məhkəmə tərkibi ilk növbədə iddia tələbinin qanunsuz tikiliyə köçürülmə hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. İşin mübahisəsiz halları bundan ibarətdir ki, iddiaçının hazırda köçürülməsini tələb etdiyi fərdi yaşayış evi özbaşına tikilidir və həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli ev onunla keçmiş əri tərəfindən birgə nikah müddətində tikilmişdir. Ona görə də o, azyaşlı uşaqları ilə həmin evə köçürülməlidir. Məhkəmə tərkibi bununla bağlı qeyd edir ki, işin apellyasiya baxışının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, mübahisəli fərdi yaşayış evi Cavabdeh2 torpaq sahəsində tikilmiş olsa da, iddiaçı və Cavabdeh1 üçün tikilmişdir. Belə ki, ev Cavabdeh2 torpaq sahəsində tikildiyi üçün İddiaçı mülkiyətində olan 0,30 ha torpaq sahəsi əvəz olaraq Cavabdeh2 istifadəsinə verilmiş və oda həmin torpaq sahəsini özü üçün əkib beçərmişdir. İşin bu halını məhkəmə iclasında iştirak edən Cavabdeh1 da təsdiq etmişdir. Belə ki, o izahat verərək bildirmişdir ki, həqiqətən İddiaçı mülkiyətində olan 0,30 ha torpaq sahəsi əvəz olaraq cavabdeh atası Cavabdeh2 istifadəsinə verilmiş və oda həmin torpaq sahəsini əkib beçərmişdir. İşdə olan Torpağa Mülkiyyət Hüququna X8 görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə 1,37 ha torpaq sahəsi mövcuddur. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, işin bu halı mübahisəli evin iddiaçı və onun keçmiş əri Cavabdeh1 üçün tikilməsi barədə məhkəmədə daxili inam doğurur. Ona görə məhkəmə tərkibi hesab edir ki, iddiaçının tələbi mənzilə köçürülmə hissəsində açıq-aşkar əsassız olmamışdır. Bundan başqa Cavabdeh2 iddiaya qarşı etirazında bildirmişdir ki, mübahisəli ev onun tərəfindən tikilmişdir. 2012-ci ildən həmin evi oğlu ilə gəlininə müvəqqəti yaşamaq üçün vermişdir. Ancaq cavabdeh mübahisəli evin özü tərəfindən tikilməsinə dair hər hansı bir sübut növü təqdim edə bilməmişdir. İşdə olan Cəlilabad rayon Muğan kənd İƏDN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışı ilə bağlı qeyd edilməlidir ki, həmin arayış sübut kimi qiymətləndirilə bilməz. Cəlilabad rayon Muğan kənd İƏDN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cəlilabad rayonu Maşlıq kəndində Cavabdeh2 mülkiyyətində olan (qeydiyyat nömrəsi ********** olan) 0.5919 hektar kənd təsərrüfatı təyinatı torpağın üzərində qanunsuz ev inşa edilmişdir. Maşlıq kənd sakinlərinin dediyinə görə həmin ev Maşlıq kənd sakini Cavabdeh2 tərəfindən inşa edilmişdir. Göründüyü kimi həmin arayış ehtimallar əsasında verilmişdir. Yəni mübahisəli evin bilavasitə Cavabdeh2 tərəfindən tikildiyini təsdiq etmir. Məhkəmə tərkibi hesab edir ki, işin bu halları iddiaçının mübahisəli evə köçürülməsi barədə iddia tələbinin təmin edilməməsinə əsas ola bilməz. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının başqa yerdə mənzil tələbatını ödəməyə imkanı olmadığı halda mübahisəli evə köçürülməsi tələbinin təmin edilməməsi qanunvericiliyə və ədalət prinsipinə uyğun olmazdı. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiyası məhkəməsi mübahisəli evdə ötən 10 il müddət ərzində fasiləsiz və etirazsız olaraq iddiaçının və uşaqlarının yaşadığını nəzərə almadan, iddianı evə köçürülmə hissəsində rədd etməklə, əslində iddiaçını uzun müddət yaşıdığı evdən qanunsuz məhrum etmişdir. Halbuki, Konstitusiyanın 43-cü maddəsinin 1 -ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Yəni, şəxsin yaşadığı evdən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsi bütün şəxslərə qadağan edilir. Normanın mənasına görə hüquqi dövlətdə bütün məhrum etmələrin əsasında qanun dayanmalıdır. Formalaşmış məhkəmə təcrübəsinə görə evə, özbaşına tikiliyə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır: birincisi, şəxs köçmək istədiyi evdə yaşayıbmı; ikincisi, şəxs yaşadığı evdən məhrum edilibmi; üçüncüsü, məhrum edilmə qanunidirmi. Hazırkı işdə, hər üç hall mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və 10 il müddət ərzində yaşadığı evdən qanunsuz məhrum edilib. Belə ki, ailədə gərgin münasibətlər yarandığı və cavabdehlə nikahı pozulduğu üçün o, iki uşağı ilə birlikdə hazırda başqa evdə, yəni valideynlərinə məxsus olan evdə yaşamaq məcburiyyətində qalıb. Bu baxımdan məhkəmə tərkibi apelyasiya şikayətinin dəlillərini tikiliyə köçürülmə hissəsində əsaslı sayıb hesab edir ki, yaşadığı evi müvəqqəti olaraq tərk etdikdən sonra iddiaçının həmin evə qayıtmasına və yaşamasına cavabdehin imkan verməməsi və sair hallar əslində məhrumetmə hesab olunur. Məhkəmə tərkibi həmçinin hesab edir ki, məhrumetmə o, halda qanuni sayıla bilər ki, məhrumedilmə ilə nəticələnən hərəkətlərə (evdən çıxarma, evə buraxılmama və sair) yol verən şəxsin həmin ev üzərində hər hansı hüququ əmələ gəlmiş olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Hazırkı halda da cavabdehlərin həmin ev üzərində hər hansı hüququnun əmələ gəlməsi ehtimalı yoxdur. Ona görə də, açıq-aşkar əsassız və ədalətsiz olduğundan birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmaq olmaz. Eyni zamanda nəzərə almaq lazımdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir və başqa cür təfsir oluna bilməz. Həmçinin qeyd olunmalıdır ki, özbaşına tikiliyə münasibətdə tərəflər bərabər statusda olduqları üçün, iddiaçının məruz qaldığı məhrum etmə (evə buraxılmaması) ilk vaxtdan qanunsuz olub. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, cavabdehlə yanaşı iddiaçı da son 10 il müddət ərzində sözügedən evə faktik sahibliyə nail olmaqla sahiblik etdiyindən iddiaçının tələbi mənzilə köçürülmə hissəsində açıq-aşkar əsassız olmamışdır. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının başqa yerdə mənzil tələbatını ödəməyə imkanı olmadığı halda mübahisəli evə köçürülməsi tələbinin təmin edilməməsi qanunvericiliyə və ədalət prinsipinə uyğun olmazdı. Çünki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibi nəzərə alır ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Bu baxımdan tərəflərin uzun illər ərzində orada birgə yaşamaqla bağlı formalaşmış maraqları eynidir. Həmin ev qeydiyyatdan keçmədiyinə görə tərəflərin hər hansı birinin ona münasibətdə əşya (mülkiyyət və s.) hüququ yoxdur. Həmin evə buraxılmayan iddiaçının mənzil şəraitində yaşama ehtiyacını təmin edəcək başqa yaşayış sahəsi olmadığı təqdirdə onun digərləri kimi sözügedən evdə yaşamaq hüququ istisna olunmur. Cavabdeh1 mübahisəli evdə yaşayaraq bir iqtisadi dəyər kimi ondan yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq iddiaçı da eyni imkana malik olmalıdır. Başqa sözlə, iddiaçının faktiki vəziyyətə uyğun olaraq, evdən cavabdehlə birlikdə yararlanmaq, yəni orada yaşamaq hüququnun təmin olunmaması bərabərlik prinisipinin pozulmasına səbəb olardı. Məhkəmə tərkibi qanunsuz tikiliyə istifadə hüququnun tanınması barədə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir; Sahiblik, istifadə və sərəncam hüququ mülkiyyət hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reystrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152-ci maddəsinə əsasən, sahiblik, istifadə və sərəncam hüququ mülkiyyət hüququnun məzmununu təşkil edir. İş materialları ilə müəyyən edilmişdir ki, mübahisəli tikili dаşınmаz əmlаkın dövlət rеyеstrində xüsusi mülkiyyət kimi qеydiyyаtа аlınmаmışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların əmələ gəlməsi isə dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatına alınmamış əmlaka dair hər hansı hüququn əldə edilməsi və ya tanınması isə istisna edilir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, iddia tələbi qanunsuz tikiliyə istifadı hüququnun tanınması hissədə təmin edilə bilməz. Məhkəmə tərkibi yuxarıda qeyd olunanları birlikdə qiymətləndirərək bu qənaətə gəlir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və bu da düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir. Bu hallar isə qətnamənin ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə tərkibi hesab edir ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas olsa da, iddia tələbinin tam təmin edilməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmadan iddia tələbini tam rədd etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1469/2023 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia ərizəsi qismən təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1469/2023 saylı qətnaməsi tamamilə ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi qismən təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmayan uşaqları 02 iyun 2007-ci il təvəllüdlü X5, 11 fevral 2009-cu il təvəllüdlü X4 ilə birlikdə Cavabdeh2 mülkiyyətində olan Cəlilabad rayonunun Maşlıq kəndindəki 0.5919 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən, Cavabdeh1 yaşadığı iki mərtəbəli evə köçürülsün. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar