Məhkəmə qərarları › İş №2(106)-1822/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1822/2024

28.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1822/2024 28.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh1, Cavabdeh3 (eyni zamanda digər Cavabdeh2 nümayəndəsi (qardaşı) oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «vurulmuş ziyanın ödənilməsi və özbaşınalıq hərəkətlərə son qoyulması tələbinə» dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2(018)-781/2024 saylı qətnaməsindən (hakim Zamin İbrahimov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı 23 may 2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddia ərizəsi əsasında hazırkı icraat başlanmışdır. İddia cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qaldırılmışdır. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən vurulmuş 800 (səkkiz yüz) manat ziyanın, 31 (otuz bir) manat dövlət rüsumunun ona ödənilməsinə və cavabdehlər tərəfindən edilən özbaşınalıqlara son qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Astara rayonu Tüləgüvan kəndində yaşayır. Astara rayonu Tüləgüvan kəndi ərazisində 0.20 hektar torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsini tikanlı məftillə çəpərə almışdır. Cavabdelılər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən torpaq sahəsini çəpəri sökülmüş, çəpərin salınmasında istifadə edilmiş məftili və dirəkləri yararsız vəziyyətə salmışlar. Bu barədə Astara rayon polis şöbəsinə müraciət edilmiş, Astara rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən araşdırma aparılmış, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 14 aprel 2024-cü il tarixli qərar çıxarılmışdır. Ərizəsi üzrə aparılmış araşdırma zamanı cavabdehlərin verdiyi izahatlarda çəpərin onlar tərəfindən söküldüyü təsdiq etmişdir. Bütün bunlar cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 14 aprel 2024-cü il tarixli qərarda əksini tapmışdır. Həmin qərara görə tikanlı məftillə çəpərə salınmış çəpərin cavabdehlər tərəfindən söküldüyü və vurulmuş ziyanın 600 manat təşkil etdiyi müəyyən edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 aprel 2024-cü il tarixli qərarda dəymiş ziyanın ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi göstərilmişdir. Torpaq sahəsini çəpərə salınması üçün 800 (səkkiz yüz) manat xərc çəkmişdir. Belə ki, çəpərin uzunluğu 50 metr olmaqla beş cərgə tikanlı məftillə çəkilmişdir. Torpaq sahəsinin çəpərə salınmasında tikanlı məftildən və ağac dirəklərdən istifadə edilmişdir. İstifadə edilmiş tikanlı məftilin bir topun (hər topda 120 metr olmaqla) qiyməti 65 manatdan 4 topun qiyməti 260 manat, dirəklərin qiyməti isə 330 manat, istifadə edilmiş mismarın dəyəri 10 manat və 200 manatda çəpəri inşa etmiş fəhələrə verilmiş puldur. Bütün bunlarla bərabər, ümumilikdə 800 manat xərc çəkmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alıb cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən 800 (səkkiz yüz) manat ziyanın, 31 (otuz bir) manat dövlət rüsumunun ona ödənilməsinə və cavabdehlər tərəfindən özbaşınalıqlara son qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh1 məhkəmədə ona qarşı qaldırılmış iddia tələbini rədd edərək, məhkəmə baxışı zamanı ifadə verərək göstərmişdir ki, Astara rayonu Tüləgüvan kəndində özünə məxsus evdə ailəsi ilə birlikdə yaşayır. Mərcan Əliya onun qonşusudur. Bir müddətdir ki, qonşusu İddiaçı onunla və ailə üzvləri ilə aralarında torpaq sahəsi ilə bağlı mübahisələri vardır. Belə ki, onun pay torpaq sahəsi Mərcan Əliyavanın torpaq sahəsi ilə qonşuluqda yerləşir. 2024-cü il fevral ayından İddiaçı ona məxsus pay torpaq sahəsini qanunsuz olaraq çəpər almış və zəbt etmişdir. Bir neçə dəfə Məcar Əliyevaya onun torpaq sahəsini buraxmasını tələb etsə də, İddiaçı ona əhəmiyyət verməmişdir. İddiaçı iddiası əsassızdır, heç bir vaxt Mərcanın torpaq sahəsində yerləşən çəpərləri və məftilləri sökməmiş və ona heç bir maddi ziyan vurmamışdır. İddiaçı ona böhtan atır. Odur ki, iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh, eyni zamanda Cavabdeh2 nümayəndəsi (qardaşı) Cavabdeh3 Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2(018)-781/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Apellysiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə, həmçinin verilən suallara cavab olaraq göstərmişdir ki, cavabdehlər tərəfindən onun çəpər üçün basdırdığı ağac dirəklərin və məftillərin dəyəri barədə birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim etməyib. Çünki vurulmuş ziyan məbləğı “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 14 aprel 2024-cü il tarixli qərarla müəyyən edilib. Həmin qərarda vurulmuş ziyan 600 manat göstərilsə də əslində ziyan 800 manat təşkil edir. Cavabdeh1, Cavabdeh3 (eyni zamanda digər Cavabdeh2 nümayəndəsi) oğlu apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Həmçinin göstərmişlər ki, onlarla iddiaşılar arasında uzun müddətdir ki, torpaqla bağlı mübahisə vardır. Onlar iddiaçıya məxsus torpaq sahəsində hər hansı ağac dirəkləri və məftilləri sökməmişlər. Bildirmişlər ki, işə əlavə etdikləri fotoşəkillərdən də görünür ki, ağac dirəkləri və tikanlı məftillə çəpərlənmiş çəpər yerindədir və mövcuddur. Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam olaraq apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1 -ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından verdikləri apellyasiya şikayətlərində göstərdikləri dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş 16 avqust 2019-cu il tarixli ********** saylı çıxarışdan görünür ki, Astara rayonu, Tüləgüvan kəndində yerləşən 0,1956 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsi İddiaçı məxsusdur. İşdə olan 80102038 KOD seriyalı, JN 1251 nömrəli Torpağın Mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, İddiaçı və ailə üzvlərinə Astara rayon Aqrar islahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli, 28 saylı qərarı ilə Astara rayonu Tüləgüvan kəndi ərazisində 0.20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan 80102038 KOD seriyalı, JN 145 nömrəli Torpağın Mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və onların ailə üzvlərinə Astara rayon Aqrar islahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli, 28 saylı qərarı ilə Astara rayonu Tüləgüvan kəndi ərazisində 0,24 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 14 aprel 2024-cü il tarixli qərardan görünür ki, İddiaçı polis şöbəsinə ərizə ilə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və X3 ona məxsus torpaq sahəsini zəbt etmələri, ona məxsus tikanlı məftillə olan çəpəri sökmələrini bildirərək, onlar barədə araşdırma aparılmasını xahiş etmişdir. Həmin qərardan görünür ki, müvafiq araşdırma aparılmış, qeyd olunan faktlar öz təsdiqini tapmadığı üçün İddiaçı ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 80102038 KOD seriyalı, JN 1251 nömrəli Torpağın Mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinə Astara rayonu Tüləgüvan kəndi ərazisində 0.20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 80102038 KOD seriyalı, JN 145 nömrəli Torpağın Mülkiyyət hüququna dair Dövlət Aktı ilə iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və onların ailə üzvlərinə Astara rayonu Tüləgüvan kəndi ərazisində 0,24 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələri qonşu sahələrdə yerləşməklə, iki qonşu kimi aralırnda torpaqla bağlı mübahisə olmuş, buna görə də iddiaçı şikayət ərizəsi ilə polis şöbəsinə müraciət etmiş, Cavabdeh1, Cavabdeh2 və X3 İddiaçı məxsus çəpəri sökmələri və ona maddi ziyan vurmaları öz təsdiqini tapmadığı üçün material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı rədd etmişdir. Qətnamədən iddiaçı narazı qalmış və apellyasiya şikayəti vermişdir. Şikayətin əsas dəlili ondan ibarətdir ki, cavabdehlər ona məxsus çəpərin ağac dirəklərini və tikanlı məftillərini sökməklə ona 800 manat ziyan vurmasını bildirir. Lakin iddiaçı birincisi, məhz ona məxsus torpaqda çəkilmiş çəpərin, həmin çəpərin cavabdehlər sökülməsi ilə bağlı hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. İkincisi, əgər ona məxsus olmuş çəpər sökülmüş olsa belə iddiaçı həmin sökülmüş ağac dirəkləri və tikanlı məftillərin ziyan çəkməsi ilə bağlı hansı məhkəməyə hansı məbləğdə ziyan dəyməsi ilə bağlı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan fotoşəkillərdən müəyyən olunur ki, çəpər səliqəli şəkildə çəkilmiş və onun hər hansısa bir hissəsi zərər görməklə sökülməmişdir. İddiaçı «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 14 aprel 2024-cü il tarixli qərarında öz ifadəsində yer almış 600 manat ziyanə həmin qərarda ziyan məbləğinin müəyyən edilməsi kimi qəbul etmişdir. Bu isə əsassızdır. Bundan başqa iddiaçının “cavabdehlər tərəfindən edilən özbaşınalıqların” nədən ibarət olması iddia ərizəsində əsaslandırılmamışdır. Buna görə də kollegiya iddianı həmin hissədə də əsassız hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, idddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yaxud da, dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilə bilməz. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2(018)-781/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar