Məhkəmə qərarları › İş №2(106)-1825/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1825/2024

20.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1825/2024 20.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə Astara Rayon Məhkəməsinin 2(018)-698/2024 saylı, 29 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İş materiallarında olan MH seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış sənədinin surətindən görünür ki, Astara şəhəri Nizami küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 12 otaqlı 199,1 kv.m yaşayış, 247,6 kv.m köməkçi sahədən ibarət 230a nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1947-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Astara RPŞ-nin xx.xx.2024-cü il tarixli sənədindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Astara rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Astara şəhəri, Nizami küçəsi ev 230A-da yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdehun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Ona yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmanın "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə zidd olduğu üçün mümkün olmaması, qanunun tələblərinə uyğun olaraq aidiyyatı üzrə məhkəməyə müraciət etməsinin məqsədə müvafiq olması bildirilmişdir. İş materiallarında olan Astara RİHB-nın Astara şəhər İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 467 nömrəli arayışından görünür ki, Cavabdeh Astara şəhəri, Nizami küçəsi ev 230A ünvanında olan fərdi yaşayış evində qeydiyyatdadır. Cavabdeh 2011-ci il tarixdən hal-hazıradək göstərilən ünvanda yaşamamışdır. İş materiallarında olan Astara RİHB-nın Astara şəhər İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 466 nömrəli arayışından görünür ki, İddiaçı Astara şəhəri, Nizami küçəsi ev 230A ünvanında yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Astara şəhəri Nizami küçəsi ev 230a ünvanında yerləşən 2 mərtəbəli, 12 otaqlı fərdi yaşayış evində olan istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı göstərmişdir ki, Astara şəhəri Nizami küçəsi ev 230a ünvanında mülkiyyətində olan evdə yaşayır. ünvan 4 torpaq sahəsində yerləşən 2 mərtəbəli, 12 otaqlı, 199.1 kv.m yaşayış, 247,6 kv.m köməkçi sahədən ibarət 230a nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin ev 19 may 2009-cu il tarixdə qeydiyyata alınmışdır. Oğlu Cavabdeh həmin evdə qeydiyyatda olsa da o, 2011-ci il tarixdən hal-hazıra kimi həmin evdə yaşamır. Bu barədə Astara şəhər İcra nümayəndəliyindən verilmiş arayış məhkəməyə təqdim edilir. O, oğlu Cavabdeh hərəkətləri nəticəsində mülkiyyətçi kimi ona məxsus olan hüquqlarından istifadə edə bilmir. Belə ki, Cavabdeh həmin hüquqların həyata keçirilməsinə mane olur. Oğlu Cavabdehla ailə münasibətlərinə 2011-ci ildən xitam verilmişdir. Lakin oğlu onun evində qeydiyyatda olduğu üçün ona öz mülkiyyət hüquqlarını həyata keçirməyə imkan vermir. Onunla oğlunun başqa hər hansı bir razılaşması yoxdur. Ona görə də o, oğlunun həmin mənzildən istifadə hüququna xitam verilməsini istəyir. Oğlunun maddi vəziyyəti özünü digər mənzillə təmin etmək və ya kirayədə yaşamağa imkanı vardır. Hal-hazırda oğlu onunla yaşamır, hardasa ona məlum olmayan yerdə kirayədə yaşayır və ona həmin mənzilin saxlanmasında heç bir köməklik göstərmir. Halbuki qanun belə halı onun vəzifəsi sayır. Cavabdeh onun mülkiyyətində olan Astara şəhəri Nizami küçəsi ev 230a ünvanında yerləşən 2 mərtəbəli, 12 otaqlı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, 1988-ci ildən qeyd olunan evin tikintisinə başlamış 2009-cu ilədə tikintini başa çatdırmışdır. Həmin yaşayış sahəsinin onun mülkiyyətində olmasına baxmayaraq, oğlu Cavabdeh hərəkətləri nəticəsində mülkiyyətçi kimi ona məxsus olan hüquqlarından istifadə edə bilmir. Ona görə də, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, həmin evin tikintisinə o da maddi yardım etmiş və birlikdə həmin evi tikmişlər. Hal-hazırda qeydiyyatda olmasına baxmayaraq İddiaçı onun istifadə hüququnu həyata keçirməyə mane olur. Buna görə də, ona qarşı verilmiş iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli 2(018)-698/2024 saylı qətnaməsi ilə iddiaçının İddiaçı Cavabdeh qarşı “evdən istifadə hüququna xitam verilməsi barədə” iddia tələbi təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 228.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 88-ci maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, İddiaçı Cavabdeh yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini tələb etsə də, cavabdehə hər-hansı bir məbləğdə kompensasiya ödəməsini göstərməmişdir. Buna görə də, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası əsassızdır, təmin oluna bilməz. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Belə ki o, iddia ərizəsində və məhkəmədə vermiş olduğu izahatında göstərmişdir ki, o, İddiaçı Astara şəhəri Nizami küçəsi ev 230a ünvanında mülkiyyətində olan evdə yaşayır. ünvan 5a torpaq sahəsində yerləşən 2 mərtəbəli, 12 otaqlı, 199.1 kv.m yaşayış, 247,6 kv.m köməkçi sahədən ibarət 230 a nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Həmin ev 19 may 2009-cu il tarixdə qeydiyyata alınmışdır. Oğlu Cavabdeh həmin evdə qeydiyyatda olsa da, onun qeydiyyatı formal xarakter daşımışdır, belə ki o, 2011-ci il tarixdən hal-hazıra kimi həmin evdə yaşamır. Bu barədə Astara şəhər İcra nümayəndəliyindən verilmiş arayış sübut kimi məhkəməyə təqdim edilmişdir. Oğlu Cavabdeh hərəkətləri nəticəsində mülkiyyətçi kimi ona məxsus olan hüquqlarından istifadə edə bilmir. Oğlunun maddi vəziyyəti özünü digər mənzillə təmin etmək və ya kirayədə yaşamağa imkanı vardır. Hal-hazırda oğlu onunla yaşamır, hardasa ona məlum olmayan yerdə kirayədə yaşayır və ona həmin mənzilin saxlanmasında heç bir köməklik göstərmir. Halbuki qanun belə halı onun vəzifəsi sayır. Oğlu polis orqanlarında işləmişdir, hal-hazırda təqaüddədir, aldığı təqaüd ona kifayət qədər bəs edir. a) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdı. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, Astara şəhəri Nizami küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 230a nömrəli fərdi yaşayış evi onun mülkiyyətindədir, həmin evdə qızı və özü yaşayır, cavabdeh onun oğludur, o, bir neçə dəfə ailə qurmuş, hər dəfə ailə qurduğu qadının evində yaşamışdır. Uzun illərdir ki, həmin evdə yaşamır, hazırda kirayədə yaşayır. Buna görə də, onun istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən cavabdeh bildirmişdir ki, verilmiş apellyasiya şikayətini qəbul etmir, özünün qeydiyyatda olduğu həmin evə dəfələrlə getsə də, atası tərəfindən ona maneələr yaradılmış, onun həmin evdə yaşamasına icazə verməmişdir. Müxtəlif rayonlarda polis orqanlarında işlədiyi üçün evə köçürülmə ilə bağlı iddia qaldırmamışdır. Onun istifadə hüququna xitam verilməsi ilə razı deyil, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarına görə, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur...Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür; Mülki Prosessual Məcəllə: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının rədd olunması ilə bağlı gəldiyi nəticəsi düzgün olmuşdur. İşin mübahisəsiz halları ilə müəyyən olunur ki, Astara şəhəri Nizami küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 12 otaqlı 199,1 kv.m yaşayış, 247,6 kv.m köməkçi sahədən ibarət 230a nömrəli fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir, hər iki tərəf həmin evdə pasport qeydiyyatındadır, iddiaçı həmin evdə yaşayır, cavabdeh həmin evdə 2011-ci ildən sonra yaşamır, cavabdeh tərəfə məxsus yaşayış yeri mövcud deyil, o, hazırda kirayədə yaşayır. Cavabdehin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququnun yaranması işin mübahisə edilməyən halıdır. Odur ki, bu məsələ ilə bağlı hüquqi qiymət verilməsinə zərurət yoxdur. Mübahisələndirilən məsələ həmin hüquqa kompensasiya verilmədən xitam verilməsinin mümkünlüyüdür. Belə ki, kollegiya qeyd edir ki, Cavabdeh istifadə hüququna xitam verilə bilməz. Qeyd olunmalıdır ki, Cavabdeh ailə üzvü olaraq evdən istifadə hüququnun yaranmış olduğu mübahisəli deyildir. İddiaçı onun sözügedən evdə yaşamadığını irəli sürərək evdən istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Lakin mülki iş materialları və tərəflərin məhkəmə iclasında verdiyi izahatlar əsasında müəyyən edilir ki, iş üzrə Cavabdeh daimi yaşayış yeri yoxdur, buna dair iddiaçı tərəf məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Eyni zamanda, iddiaçı özü də iddia ərizəsinin əsaslandırma hissəsində Cavabdeh 2011-ci il tarixdən həmin evi tərk etdiyini bildirmişdir. Bu baxımdan, iddianın təmin edilməsinin mümkünlüyü yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacının aradan qalxmasının müəyyən edilməsindən asılıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5- ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarı hazırkı mübahisəyə tətbiq edilə bilməz. Belə ki, həmin Qərarda hüquqi mövqe ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Hazırki iş üzrə cavabdehin mülkiyyətində başqa yaşayış sahəsinin olması və onun məhz həmin yaşayış sahəsindən istifadə etməsi, bununla da onun iddiaçının mülkiyyətində olan mənzildən ehtiyacı aradan qalxması iş üzrə müəyyən olmur. Bu zaman cavabdehin hansı müddətdə iddiaçının mülkiyyətində olan mübahisəli yaşayış sahəsindən istifadə etməməsi əhəmiyyət kəsb etmir, yəni hazırkı halda cavabdehin istifadə hüququna kompensasiya vermədən xitam verilə bilməz. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçiyə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 2(018)-698/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar