Məhkəmə qərarları › İş №2(106)-1828/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1828/2025

31.03.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1828/2025 31.03.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi, X17, iddiaçı3 və onun nümayəndəsi vəkil vəkil1, cavabdeh2 və onun nümayəndəsi vəkil vəkil2, Nümayəndə Cəlal oğlunun iştirakı ilə iddiaçılar X12, X17 və iddiaçı2 cavabdehlər X9, X4, X5, X6, X7, X2 və Astara rayonu Şüvi kənd Bələdiyyəsinə qarşı yaşayış evinə gedən torpaq sahəsindən yol kimi istifadə edilməsi üçün yüklü edilmə tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsindən X9 nümayəndəsi vəkil vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: JN-148G KOD 80113038 şəhadətnamədən görünür ki, X17 və digərlərinə Astara rayonu Aqrar İslahat Komissiyasının ## ###### 1999-cu il tarixli ** saylı qərarı ilə 0.07 ha həyətyanı sahə mülkiyyətlərinə verilib. ## #### 2025-ci il tarixli **/**** nömrəli ekspert rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən araşdırma zamanı Astara rayon Aqrar İslahat Komissiyasının ## ###### 1999-cu il tarixli ** saylı qərarı əsasında JN-148G KOD ******** nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə iddiaçı1 və onun ailə üzvləri X18, X19, X13, X20, X14, X21, Lüftiyev Cavad (Cavid) Zülfüqar oğlu və X15 mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun həmin şəhadətnaməyə əsasən torpaq sahəsinin qərb istiqamətindən nəzərdə tutulması, lakin faktiki vəziyyətdə həmin yerdən gediş-gəliş yolunun mövcud olmaması müəyyən edilmişdir. Faktiki vəziyyətdə həmin yerdə dərənin (yarğanın) mövcud olması müəyyən edilmişdir. X12, X17 və iddiaçı2 tərəfindən mülkiyyətlərində olan torpaq sahəsinə gediş-gəliş üçün faktiki vəziyyətdə iddia edilən torpaq sahəsindən istifadə etmələri müəyyən olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli 3-21-3- **/*-****/**** saylı mütəxəssis rəyinə əsasən iddiaçı3, iddiaçı1 və X18 tərəfindən JN-148G KOD 8051803 nömrə Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu kimi istifadə və iddia edilən 0,0247 ha torpaq sahəsinin 0.0169 ha hissəsinin koordinatlarının (orta hesabla eni 4,8 m, uzunluğu 35 m) Astara rayon Aqrar Islahat Komissiyasının ## ###### 1999-cu il tarixli ** saylı qərarı əsasında JN-215F KOD ******** nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə X10 və onun ailə üzvləri cavabdeh2 Rufulla (Mənsum) qızı, cavabdeh8 Calal qızı, cavabdeh5 Calal oğlu, cavabdeh7 Calal qızı, cavabdeh3 Calal qızı və cavabdeh4 Calal oğlunun mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi, qalan 0,0078 ha hissəsinin (orta hesabla eni 3,8 m, uzunluğu 20 m) isə X10 və onun ailə üzvləri cavabdeh2, cavabdeh8 Calal qızı, cavabdeh5 Calal oğlu, cavabdeh7 Calal qızı, cavabdeh3 Calal qızı və cavabdeh4 Calal oğlunun faktiki istifadələrində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin koordinatları ilə üstüstə düşməsi müəyyən olunmuşdur. Araşdırma zamanı qeyd olunan 0,0169 ha torpaq sahəsinin 0,0156 ha hissəsinin faktiki vəziyyətdə cavabdehlərin faktiki istifadələrində olan torpaq sahəsinin sərhəd hüdudlarından kənarda yerləşməsi müəyyən olunmuşdur. Rəy vermiş mütəxəssis Quliyev Qiyas İmamxan oğlu apellyasiya instansiyası məhkəməsində bildirdi ki, birinci instansiya məhkəməsinin qərardadında mütəxəssis qarşısında qoyulmuş birinci suala əsasən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçıların mülkiyyətinə verilmiş şəhadətnaməyə görə torpaq sahəsinin qərb istiqamətində nəzərdə tutulan yol faktiki olaraq naturada mövcud deyildir. Həmin ərazi təxminən 4-5 metr enində, 3-4 metr dərinliyində təbii axar olan dərədir. Həmin dərə iddiaçıların torpaq sahələri boyu uzanır. Sənəddə torpaq sahəsinin qərb istiqamətində yolun mövcudluğu qeyd edilmişdir. Şəhadətnamədə yolun qərb istiqamətində nəzərdə tutulması torpaq islahatları dövrünə təsadüf edir. Həmin dövrdə şəhadətnamə qarşı tərəfə də verilmişdir. Dərənin qarşı tərəfində yerləşən torpaq sahələri yol üçün nəzərdə tutulmamış, xüsusi və ya bələdiyyə mülkiyyətində olan ərazilərdir. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: İddiaçılar X12, X17 və iddiaçı2 cavabdehlər X9, X4, X5, X6, X7, X2 qarşı servitut olaraq yüklü edilmə tələbinə dair məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyətində olan 0,20 ha torpaq sahəsinin 0,0169 ha hissəsinin (eni orta hesabla 4,8 m, uzunluğu 35 m) olan hissəsi bir hissəsindən və Astara rayonu Şüvi kənd Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin 0,078 ha hissəsindən (eni orta hesabla 3,8 m, uzunluğu 20 m) olan torpaq sahəsindən yol kimi istifadə edilməsi üçün yüklü edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar cavabdehlərlə Astara rayonu Sərək kəndi ərazisində yerləşən torpaq sahələrində qonşu olaraq yaşayırlar. Onların yaşadıqları torpaq sahəsi ulu babalarından miras qalmışdır. Həmin torpaq sahəsinə gedən yeganə yol olmuş və uzun illər boyu həmin yoldan istifadə etmişlər. Hal-hazırda isə yol cavabdehlər tərəfindən tutulmuşdur. Onlar əvvəllər də həmin yolun istifadəsinə dair məhkəmədə iddia qaldırmış və məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, yolun 0,0169 ha hissəsi (eni orta hesabla 4,8 m, uzunluğu 35 m) cavabdehlərin mülkiyyətində olan 0,20 ha torpaq sahəsinin bir hissəsidir. Qalan 0,078 ha hissə (eni orta hesabla 3,8 m, uzunluğu 20 m) isə Astara rayonu Şüvi kənd Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinə aiddir. Eləcə də, qətnamələrdə göstərilmişdir ki, ərizəçilərin mülkiyyətində olan 0,07 ha torpaq sahəsində yerləşən yaşayış evinə alternativ yol mövcud deyildir. Bu faktiki vəziyyət də belədir: ərizəçilərin mülkiyyətində olan yaşayış evinə gedən yeganə yol mövcuddur ki, həmin yol da cavabdehlər tərəfindən tutulmuşdur. Ərizəçilər vurğulayırlar ki, mülkiyyətlərində olan evə yol olmadıqda istifadə imkanı da mümkün ola bilməz. Əgər evdə hər hansı yanğın hadisəsi və ya qarşısıalınmaz digər hadisə baş verərsə, yol olmadığı halda avtomobilin hadisə yerinə daxil olması qeyri-mümkün olacaqdır. Həmçinin yol olmadıqda ərizəçilərin həmin evdə yaşaması da real olaraq mümkünsüzdür. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT: Astara Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim İlqar Məmmədov) iddia təmin edilərək cavabdehlərin mülkiyyətində olan Astara rayonu Sərək kəndində yerləşən 0,20 ha torpaq sahəsinin 0,0169 ha hissəsinin eni orta hesabla 4,8 metr, uzunluğu 35 metr olan hissəsindən və Astara rayonu Şüvi kənd Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin 0, 078 ha hissəsindən eni orta hesabla 3,8 metr, uzunluğu 20 metr olan torpaq sahəsinin iddiaçıların xeyrinə yol kimi istifadə edilməsi üçün servitutla yüklü edilməsi, bu hüququn müddətsiz müəyyən edilməsi, servitutla yüklü edilmiş hüququn Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Lənkəran ərazi idarəsində qeydə alınması qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, torpaq sahəsindən giriş-çıxışın başqa cür mümkün olmaması nəzərə alınaraq, cavabdehlərin mülkiyyətində olan Astara rayonu Sərək kəndində yerləşən 0,20 ha torpaq sahəsinin 0,0169 ha hissəsinin eni orta hesabla 4,8 metr, uzunluğu 35 metr olan hissəsindən və Astara rayonu Şüvi kənd Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin 0, 078 ha hissəsindən eni orta hesabla 3,8 metr, uzunluğu 20 metr olan torpaq sahəsi iddiaçıların xeyrinə yol kimi istifadə edilməsi üçün servitutla yüklü edilməlidir. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: X9 nümayəndəsi vəkil vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Astara Rayon Məhkəməsinin qətnaməsi tamamilə əsassızdır və mülki hüququn normalarına və prinsiplərinə ziddir. Məhkəmə cavabdeh2 qarşı iddiaçıların qanunsuz hərəkətlərini, işin faktiki hallarını və ekspert rəyini düzgün qiymətləndirməmiş və iddianı əsaslı hesab etmişdir. Məhkəmə cavabdehin konstitusion hüququnu, mülkiyyət hüququnu və mülkiyyətdən sərbəst, maneəsiz istifadəni pozan və açıq-aşkar qanunsuz nəticəyə varan qətnamə qəbul etmiş, mövcud olan situasiyada tətbiq etməli olduğu maddi hüquq normalarını tətbiq etməmişdir. Eləcə də, məhkəmə işin faktiki halları ilə bağlı mühüm əhəmiyyət kəsb edən halları müəyyən etmədən həmin hallarla əlaqəli qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə mübahisəli torpaq sahəsinə baxış keçirmədən iddiaçının ona məxsus torpaq sahəsinə gediş-gəliş yolunun digər istiqamətdə mövcud olmamasını müəyyən etmişdir. Məhkəmə burada ekspert rəyinə istinad etməmiş, iddiaçıların qərb istiqamətində gediş-gəliş yolunun olmasını nəzərə almamışdır. Məhz sadalanan hallar baxımından hesab olunur ki, qətnamə kobud pozuntularla (maddi və prosessual normalar pozulmuşdur) müşayiət edilməklə qanunsuz və əsassızdır. Astara Rayon Məhkəməsi qəbul etdiyi qətnamə ilə iddiaçıların öz yaşayış sahəsinə və mənzilinə daxil olması üçün mövcud olan alternativ yolun mövcudluğunu nəzərə almadan yekun nəticəyə gəlmiş, tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipini pozmuş, mülkiyyətçinin hüquqlarını düzgün qiymətləndirməmiş, cavabdehin hüquqlarını nəzərə almamış, onun mənafelərinə və digər bu kimi mühüm xüsusatlara adekvat hüquqi qiymət verməmişdir. Bununla da maddənin tələbləri və qanunun aliliyinin təmin olunması prinsipi də məhkəmə tərəfindən pozulmuşdur. Hazırkı iş üzrə iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, cavabdeh mülkiyyətçidir və qanuni əsaslarla sahibliyi həyata keçirir. Ekspert rəyindən də görünür ki, iddiaçıların şəhadətnaməyə əsasən müəyyən olunmuş yolu var. Həmin yolun abadlaşdırılması və normal vəziyyətə gətirilməsi mümkündür. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında lazımi qaydada həyata keçirməmiş və həqiqətə nail olmaq üçün tam və düzgün araşdırma aparmamışdır. Məhkəmə iclasında müəyyən olunmuş faktlar hüquq normalarına uyğun əsaslandırılmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ: cavabdeh2 nümayəndəsi vəkil vəkil2 məhkəmə iclasında izahat verərək bildirdi ki, qarşı tərəf qərb istiqamətində yol kimi nəzərdə tutulmuş ərazidə dərənin üzərindən körpü salmaqla yol çəkə bilər. İddiaçının qeyd etdiyi dərənin qarşı tərəfindəki mülkiyyət əvvəllər iddiaçıya məxsus olmuş, lakin mübahisələr ortaya çıxandan sonra cavabdehin ərazisindən yol tələb etmək məqsədilə başqa şəxsə satılmışdır. Ancaq bu barədə hər hansı sənəd əldə etməmişlər. Belə vəziyyətdə cavabdehin mülkiyyət hüquqları pozularaq, hüquqları məhdudlaşdırılmış olacaqdır. Buna görə, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. X9 və Nümayəndə Cəlal oğlu məhkəmə iclasında vəkil2 izahatı ilə razı olduqlarını bildirdi. iddiaçı3 nümayəndəsi vəkil vəkil1 məhkəmə iclasında izahat verərək bildirdi ki, tərəflər əvvəllər eyni həyətdə yaşamış və hazırda mübahisə predmeti olan yolu ortaq şəkildə istifadə etmişlər. Sözügedən ərazi ilkin olaraq bir babaya məxsus olmuş, sonradan yaranmış mübahisələr səbəbilə mülkiyyət bölünmüş və iki ayrı şəhadətnamə verilmişdir. Həmin şəhadətnamələrdə yol formal olaraq qeyd olunmuşdur, yəni belə bir yol faktiki olaraq naturada mövcud deyildir. Dərənin qarşı tərəfində yerləşən torpaq sahələrinin mülkiyyətçiləri ayrı şəxslər - X1 və Məmmədov İsmayıl Şaban oğludur. Cavabdehin evinin arxa hissəsindən keçid mümkün deyildir, belə ki, həmin hissə hasarlanmışdır və Qədir adlı qonşuya məxsus həyətdir. Bundan əlavə, çayın üzərindən körpü çəkilməsi texniki baxımdan mümkün hesab edilmir. Habelə dərədə və onun ətrafında adı Qırmızı kitaba düşən ağaclar bitmişdir. Beləliklə, cavabdehin evinin ön hissəsindən başqa yol kimi istifadə edilə biləcək hər hansı sahə mövcud deyildir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. X12 məhkəmə iclasında izahat verərək bildirdi ki, dərənin digər tərəfində yerləşən torpaq sahəsi mövcud torpaq sahəsinə bitişik deyildir və həmin sahələr arasından keçən dərə-yarğan vasitəsilə bir-birindən ayrılmışdır. Buna görə də, torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək üçün servitut müəyyən edilməlidir. iddiaçı1 məhkəmə iclasında izahatında vəkil1 ilə razı olduğunu bildirdi. Digər iddiaçı və cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Diqqətə çatdırılmalıdır ki, dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini X9 nümayəndəsi vəkil vəkil2 apellyasiya şikayətinin dəlilləri üzrə tam şəkildə yoxlanılmasını düzgün hesab edir. TƏLƏBİN QANUNİ ƏSASİ: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. MM-in 152.1-ci maddəsinin tələbinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 158-ci maddəsinin tələblərinə görə mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ və servitutlar. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. MM-in 255.1, 255.2 və 255.4-cü maddələrinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. MM-in 256.1-ci maddəsinə görə servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. MM-in 257-ci maddəsinin tələblərinə əsasən servitut almış şəxs (ixtiyarlı şəxs) servitutun saxlanması və həyata keçirilməsi üçün tələb olunan hər şeyi edə bilər, lakin o öz hüququndan imkan daxilində elə istifadə etməlidir ki, bu, yüklü olan mülkiyyətçinin mənafelərinə zidd olmasın və ona lüzumsuz narahatlıq yaratmasın. Servitutla yüklü olan mülkiyyətçi servitutun həyata keçirilməsinin qarşısını alan və ya onu çətinləşdirən heç bir hərəkət etməməlidir. MM-in 261-ci maddəsinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər. Haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir. MM-in 262-ci maddəsinə əsasən yüklü olan və ya ixtiyarı verilmiş daşınmaz əşya tamamilə məhv olarkən hər cür servituta xitam verilir. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Fiziki və ya hüquqi şəxsə mənsub daşınmaz əşya servitutla yüklü olma nəticəsində öz təyinatına uyğun istifadə edilə bilmədikdə mülkiyyətçi servituta xitam verilməsini məhkəmə yolu ilə tələb edə bilər. Servituta xitam verilməsi daşınmaz əmlakın dövlət reyestrində qeyd edilməlidir. Əgər ixtiyarı verilmiş daşınmaz əşyanın mülkiyyətçisi yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi olursa, o, servituta xitam verə bilər. Xitam verilənədək servitut əşya hüququ kimi saxlanılır. Əgər ixtiyarı verilmiş daşınmaz əşya üçün servituta hər cür maraq itmişdirsə, yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi ona xitam verilməsini tələb edə bilər. Əgər ixtiyarı verilmiş daşınmaz əşyanın mülkiyyətçisinin hələ də marağı varsa, lakin bu marağı yüklülüyə nisbətən cüzidirsə, onda kompensasiya müqabilində servitut qismən və ya tamamilə əvəz edilə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (TM) 54-cü maddəsinin 1-3-cü bəndinə görə servitut - bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır . Servitut - torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. TM-in 54-cü maddəsinin 4-cü bəndinə əsasən torpaq sahəsinə aşağıdakı servitutlar müəyyən edilə bilər: torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək; torpaq sahəsindən fərdi, kommunal, mühəndis, elektrik və digər xətt və şəbəkələrin çəkilməsi və təmiri üçün istifadə etmək; torpaq sahəsində drenaj işləri aparmaq; torpaq sahəsində su toplamaq və içməli su götürmək (malqaranı suvarmaq); torpaq sahəsindən mal-qaranı keçirmək; yerli şəraitə və adətlərə uyğun olaraq, özgənin torpaq sahəsində ot biçmək və mal-qara otarmaq; torpaq sahəsindən axtarış, tədqiqat və digər işlərin aparılması üçün müvəqqəti istifadə etmək; qonşu sahədə dayağı olan və ya müəyyən hündürlükdə qonşu sahəsinə keçən tikililər və qurğular ucaltmaq; qonşu sahədə müəyyən hündürlükdən artıq olan tikililərin və qurğuların ucaldılmasını qadağan etmək; torpaq sahəsində qoruyucu meşə əkinləri və zolaqları salmaq və digər təbiətqoruyucu obyektlər yaratmaq; qanunvericiliyə zidd olmayan hallarda torpaq sahəsi üzərində digər servitutlar. TM-in 54-cü maddəsinin 5, 6, 8, 9, 10 və 11-ci bəndlərinə görə servitutlar, onların müəyyən edildiyi torpaq sahəsinə mümkün qədər az məhdudiyyətlər yaradan üsullarla həyata keçirilməlidir. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, üzərində servitut müəyyən edilən torpaq sahəsinin mülkiyyətçisinin həmin servitutdan istifadə edən şəxsdən müvafiq ödəniş tələb etmək hüququ vardır. Servitutlar müvəqqəti və daimi ola bilər. Torpaq sahəsi üzərində hüququn formasından asılı olmayaraq, bütün torpaq sahəsinə servitut müəyyən edilə bilər. Servitutlar qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməlidir. Torpaq sahəsi başqa şəxslərə keçdikdə, qanunvericiliklə müəyyən edilmiş servitutlar saxlanılır. Müəyyən edilmiş servitutun əsasları sonradan aradan götürülərsə, torpaq mülkiyyətçisinin tələbinə görə həmin servitut dayandırıla bilər. Üzərində servitutun müəyyən edilməsi nəticəsində torpaq sahəsindən məqsədli təyinatına görə istifadə edilməsi mümkün olmadığı hallarda, həmin sahənin mülkiyyətçisinin bu servitutun məhkəmə qaydasında dayandırılmasını tələb etmək hüququ vardır. TM-in 82-ci maddəsinin tələbinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə, torpaq üzərində qoyulmuş servitutlara əməl etməyə borcludurlar. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Apellyasiya instansiyası məhkəməsi iş materiallarını, tərəflərin izahatlarını və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni hərtərəfli araşdıraraq hesab edir ki, məhkəmənin gəldiyi nəticə işin faktiki halları və tətbiq edilmiş maddi hüquq normaları baxımından qanuni və əsaslıdır. Belə ki, iş üzrə müəyyən edilmişdir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinə sərbəst giriş-çıxış imkanının mövcud olmaması onların həmin torpaq sahəsindən təyinatı üzrə istifadə hüququnu əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bu hal nəzərə alınaraq, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərə və bələdiyyəyə məxsus torpaq sahələrinin bir hissəsi üzərində servitut hüququnun müəyyən edilməsi mülki qanunvericiliyin tələblərinə uyğundur. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, servitutun müəyyən edilməsi üçün əsas şərt olan daşınmaz əmlakdan başqa cür istifadə imkanının olmaması iş üzrə sübutlarla təsdiqini tapmışdır. Eyni zamanda, müəyyən edilmiş servitutun ölçüləri və yerləşməsi zəruri həddən artıq olmamaqla, həm iddiaçıların hüquqlarını təmin edir, həm də cavabdehlərin mülkiyyət hüquqlarına qeyri-mütənasib müdaxilə yaratmır. Həmçinin həm mütəxəssis rəyindən, həm də iş üzrə digər sübutlardan iddiaçıların torpaq sahəsinə başqa cür giriş-çıxış imkanının olmadığı müəyyən edilir. Buna görə də, iddiaçılar üçün cavabdehlərin mülkiyyətində olan torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək üçün servitut müəyyən edilməlidir. Beləliklə, məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə məhkəmənin gəldiyi nəticəni təkzib edən hallarla təsdiq olunmur. Odur ki, apellyasiya şikayətinin dəlillləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas sayıla bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla yanaşı, MPM-in 387.1-ci maddəsinin tələbinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Bundan başqa, MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu X9 özünə aid edilməlidir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar