Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1832/2024 03.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi iştirakı ilə, Ağcabədi Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, tələbini aşağıdakı kimi əsaslandırmışlar: Ağcabədi şəhəri, Heydər Əliyev prospekti ev 295 (yeni qaydalarla: AZ0404 Ağcabədi rayonu, Ağcabədi şəhəri, Sadıq Hüseynov küçəsi ev 57) ünvanda yerləşən ümumi sahəsi 223,6 kv.m olan fərdi yaşayış evi iddiaçıların mülkiyyətindədir. Qeydiyyatda olan şəxslər barəsində arayış alan zaman iddiaçılara məlum olmuşdur ki, İddiaçı3 keçmiş arvadı hazırkı iş üzrə Cavabdeh və onların birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X8 onlara məxsus fərdi yaşayış evində yaşamasalar da qeydiyyatda qalmışlar. Cavabdeh İddiaçı3 ilə 2006-cı ildə nikaha daxil olmuş və fərdi yaşayış evinə gəlin köçmüşdür. 3 ay mübahisəli ünvanda yaşadıqdan sonra İddiaçı3 işi ilə əlaqədar Rusiya Federasiyasına köçmüşlər. Bir müddət bir yerdə yaşamışlar, uşaq doğulduqdan 2 ay sonra onların ər-arvad münasibətləri kəsilmiş, Vüsalə uşağı da götürüb getmişdir. Təxminən 2009-cu ildə cavabdeh öz cehizlərini də mübahisəli evdən aparmışdır. Bundan sonra Binəqədi rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə Vüsalə ilə Natiqin nikahları pozulmuş, birgə nikahdan doğulmuş X8 anasının yanında saxlanmışdır. Cavabdeh iddiaçılara məxsus evdə bir neçə ay yaşamış, azyaşlı Fərid isə ümumiyyətlə həmin evdə yaşamamışdır. Lakin cavabdeh bir daha iddiaçılara məxsus evə qayıdıb yaşamamasına baxmayaraq onun evdən istifadə hüququna qanunla müəyyən edilmiş qaydada xitam verilmədiyinə görə evdən qeydiyyatdan çıxmamış, xüsusi mülkiyyətdə qeydiyyatda olmaqla hələ də istifadə hüququ saxlanılır. Buna görə də iddiaçılar xüsusi mülkiyyətlərində olan mənzilindən öz istədikləri kimi sərbəst istifadə edə bilmirlər. Həmçinin, mülkiyyətdə olan mənzilindən öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətlərini həyata keçirə bilmirlər. Cavabdehin mənzildə istifadə hüququnun saxlanması iddiaçıların mülkiyyət hüquqlarını məhdudlaşdırır. İddiaçılar mülkiyyətlərinə olan, ümumi sahəsi 223,6 kv.m olan fərdi yaşayış sahəsindən Cavabdeh və yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X4 istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsiya məhkəməsində Cavabdeh iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Ağcabədi Rayon Məhkəməsinin (hakim E.Quliyev) 08 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh və yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X4 iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 mülkiyyətlərində olan Ağcabədi şəhəri, Heydər Əliyev prospekti ev 295-də (yeni qaydalarla: AZ0404 Ağcabədi rayonu, Ağcabədi şəhəri, Sadiq Hüseynov küçəsi, ev 57) yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, cavabdeh olaraq məhkəmə tərəfindən ona heç bir bildiriş göndərilməyib. Telefon nömrələri işlək vəziyyətdə olsa da məhkəmə bilərəkdən telefon nömrəsinə də elektron bildiriş göndərməyib. İddiaçılardan biri onun keçmiş həyat yoldaşıdır. Həmin əmlakın mülkiyyətçilərindən biridir. Onunla bağlı məhkəməyə yalnış məlumat verərək guya onun 2006-cı ildən orda yaşamadığını bildirmişdir. Bundan başqa məhkəmə əsassız yerə 18 yaşın içərisində olan oğlunun həmin evdən istifadə hüququna xitam vermişdir. Qətnamənin mövcudluğundan onun xəbəri avqust ayının sonlarında olmuşdur. Belə ki, oğlu ali təhsil müəsisəsinə daxil olub, onun sənədləşmə işləri ilə bağlı bankda xidmət haqqı köçürdəndə bankda bildirdilər ki, sizin və uşağınızın şəxsiyyət vəsiqəsi keçərsizdir, çünki qeydiyyatdan çıxarılmısız. 08 iyul tarixində çıxan qətnamə dərhal yazılıb, dərhal icraya göndərilib, dərhal da polis tərəfindən qeydiyyatdan çıxarılmışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq uşaq valideyinlərdən birinin qeydiyyatda olduğu ünvanda qeydiyyatda olmalıdır. Amma məhkəmə bu halı da nəzərə almayaraq əsassız yerə uşağında istifadə hüququna xitam vermişdir. Məhkəmə tərəfindən qanunvericilik normaları səhv tətbiq və təfsir edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və nəticədə ədalətsiz qətnamə qəbul edilmişdir. Prosessualməsələlər İddiaçılar və cavabdeh apellyasiya baxışında iştirak etməmişlər. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, əməliyyat olunmuşdur. Bu səbəbdən məhkəmə prosesinə gələ bilmir, işə iştirakı olmadan baxılmasını, şikayətinin təmin edilməsini xahiş etmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini dinləyib apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia yeni əsaslarla təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, Ağcabədi şəhəri, Heydər Əliyev prospekti ev 295 (yeni qaydalarla: AZ0404 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 ümumi birgə mülkiyyətindədir. Mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı3 ilə Cavabdeh xx.xx.2006-cı ildən nikahda olmuş, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş, birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X8 anası X2 yanında saxlanmışdır. xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh və xx.xx.2007-ci il təvəllüdlü X1 şəhəri, Heydər Əliyev prospekti ev 295-də (yeni qaydalarla: AZ0404 Ağcabədi rayonu, Ağcabədi şəhəri, Sadıq Hüseynov küçəsi ev 57) qeydiyyatdadır. İddiaçılar cavabdeh yaşayış evinə olan istifadə hüquqlarının itirilməsi barədə ərizə ilə müraciət etmiş, məhkəmədə cavabdeh istifadə hüquqlarına xitam verilməsini xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, cavabdeh uzun müddətdir orada yaşamır. Sübut olaraq təqdim etdikləri Ağcabədi rayon şəhər İƏD nümayəndəliyində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 2006-cı ildən Səfərova X5 şəhəri, Heydər Əliyev prospekti ev 295- də yerləşən ünvanda yaşamamışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 2006-cı ildə Cavabdeh iddiaçılara məxsus Ağcabədi şəhəri, Heydər Əliyev prospekti ev 295-də (yeni qaydalarla: AZ0404 Ağcabədi rayonu, Ağcabədi şəhəri, Sadıq Hüseynov küçəsi ev 57) yerləşən yaşayış sahəsindən daimi yaşamaq üçün Rusiya Federasiyasına getmiş, bir müddət RF-da yaşadıqdan sonra 1 uşaqları olmuş, bundan bir neçə ay sonra Cavabdeh İddiaçı3 ayrılmış, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən İddiaçı3 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X8 anası Cavabdeh yanında saxlanmışdır. Cavabdeh bir daha mübahisəli fərdi yaşayış evinə qayıtmamışdır. Buna baxmayaraq Cavabdeh Ağcabədi şəhəri, Heydər Əliyev prospekti ev 295-də (yeni qaydalarla: AZ0404 Ağcabədi rayonu, Ağcabədi şəhəri, Sadıq Hüseynov küçəsi ev 57) yerləşən yaşayış sahəsindən qeydiyyatdan çıxmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarlarına əsaslanmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının belə tələblə çıxış etməsi həmin hüququn yarandığına (mövcudluğuna) dəlalət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İddiaçı cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsini və bu hüquqa xitam verilməsini cavabdehlərin orada yaşamadığına, onların formal qeydiyyatda olduğuna əsaslanmışdır. Cavabdeh tərəf apellyasiya şikayətində iddiaya etiraz etmişdir. Apellyasiya şikayətinə görə, məhkəmə tərəfindən qanunvericilik normaları səhv tətbiq və təfsir edilmişdir. Kollegiya hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Bununla yanaşı, müəyyən edilir ki, iddiaçıların mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə qeydiyyatdan keçmişdir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında deyilir ki, ...tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumu 11 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Müəyyən edilir ki, sözügedən yaşayış evinə dair iddiaçıların mülkiyyət hüququ xx.xx.2024-cü ildən qeydiyyatdan keçmişdir. Kollegiya qeyd edir ki, iddiaçıların xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan (hüququ olan) şəxslər ilə mülkiyyətçilər arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olmuşdur. Tərəflər arasında ailə münasibətlərinə 2014-cü ildən xitam verildiyindən cavabdehin mənzildən istifadə hüququna Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iddianı təmin etsə də qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Bu isə məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Kollegiya hesab edir ki, iddia yuxarıda göstərilən əsaslara görə təmin edilməlidir. Beləliklə, Kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, Cavabdeh və yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X4 iddiaçıların mülkiyyətində olan Ağcabədi şəhəri, Heydər Əliyev prospekti ev 295-də (yeni qaydalarla: AZ0404 Ağcabədi rayonu, Ağcabədi şəhəri, Sadiq Hüseynov küçəsi, ev 57) yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməlidir. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçiyə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2(017)-1205/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Cavabdeh və yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X4 iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 mülkiyyətlərində olan Ağcabədi şəhəri, Heydər Əliyev prospekti ev 295-də (yeni qaydalarla: AZ0404 Ağcabədi rayonu, Ağcabədi şəhəri, Sadiq Hüseynov küçəsi, ev 57) yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1832/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1832/2024
03.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver